Məhkəmə qərarları › İş №2-2(104)-67/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-67/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-67/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1486/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1486/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 6071 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 6171 manat məbləğində borcun Cavabdeh iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, ödənilməli olan 81 manat 71 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(115)-1486/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 6071 manat, cərimə borcuna görə 1214 manat və ödənilmiş dövlət rüsumuna görə 92 manat 85 qəpik olmaqla cəmi 7377 manat 85 qəpik pulun cavabdehdən alınaraq “X4 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X6 və Tədarük Məntəqəsi” filialı və istehsalçı - fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 12226 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 6155 manat dəyərində xam pambıq təhvil verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 6071 manat borcu qalmışdır. Bundan əlavə müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1ci növ qiyməti ilə 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1214 manat təşkil edir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, o, “X4 Kompleksi” MMC-nin Bərdə rayon filialı ilə 2021-ci mövsüm ili üçün 7.84 ha torpaq sahəsində əkin aparılması məqsədi ilə müqavilə bağlayaraq pambıq əkmiş və bütün aqrotexniki qaydalara əməl edərək pambıq becərmişdir. Lakin “Qarabağ” kanal İdarəsənin Lənbəran kəndinə ayrılan R13 saylı su kanalına ayrılan suyun miqdarı ciddi şəkildə azaldığı üçün ərazidə su qıtlığı yaranmış, buna görə də 7.84 ha torpaq sahəsinin 3.50 ha hissəsində suyun qıtlığından pambığa ciddi ziyan dəymişdir. Bu barədə xx.xx.2021-ci il tarixində akt tərtib edilmiş və aidiyyəti orqan və şəxslərə müraciət edilmişdir. Bundan əlavə 4.34 ha torpaq sahəsini icarəyə götürmüş və pambıq əkilmiş, lakin pambıq toxumu nəzarətsiz və normadan dərin (12 sm) səpildiyindən məhsuldarlıq olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, “X4 Kompleksi” MMC-nin Bərdə rayon filialı ilə 2021-ci mövsün ili üçün 7.84 ha torpaq sahəsində əkin aparılmas ıməqsədi ilə müqavilə bağlayaraq pambıq əkmiş və bütün aqrotexniki qaydalara əməl edərək pambığı becərmişdir. Lakin “Qarabağ” kanal idarəsinin Lənbəran kəndinə ayrılan R13 saylı su kanalına ayrılan suyun miqdarının ciddi şəkildə azaldılığı üçün ərazidə su qıtlığı yaranmış və bu səbəbdən də 7.84 ha torpaq sahəsinin 3.50 ha hissəsinə suyun qıtlığından həmin hissədə pambığa ciddi ziyan dəymişdir. Bu barədə "xxxx" MMC-nin aparıcı regional aqronomu Hacıyev Məzahirin, "xxxx" MMC-nin Bərdə PİEZ-nin aparıcı aqronomu səlahiyyətlərini müvəqqəti icra edən Eyvazov Səyyafın, "xxxx" MMC-nin Bərdə PİEZ-nin Eyvazov Səyyafın, "xxxx" MMC-nin Bərdə PİEZ-nin Lənbəran kəndi üzrə Ərazi nümayəndəsi İsmayılov İlqarın və onun iştirakı ilə xx.xx.2021-ci il tarixdə “AKT” tərtib edilmişdir. Sözügedən məsələ ilə bağlı ərizə ilə həmin dövrdə X5 işləmiş İnam Kərimova, "xxxx" ASC-nin rəhbəri Zaur Mikayılova, "xxxx" MMC-nin direktoru Bəhruz Camalova”, "xxxx" ASC-nin rəhbəri Kamran Nəbizadəyə müraciət etmişdir. Bundan əlavə 4.34 ha torpaq sahəsini icarəyə götürmüş və pambıq əkilmiş, nəzarətsiz səpildiyindən və normadan dərin səpidiyindən (12 sm) dərinlikdə olduğundan pambıq bitməmiş, 25 gün sonra təkrar səpin aparılmış ancaq pambıq toxumu gözlənilən məhsuldarlığı verməmişdir. Pambığın 2-ci suvarılması zamanı su problemi yarandığı üçün suvarma 25 gün gecikmişdir. Bu yaranmış vəziyyət barədə iddiaçıya məlumat vermiş, lakin onlar tərəfindən heç bir tədbir görülməmişdir. Borcu da bu səbəbdən yaranmışdır. 2017-ci ildən pambıq əkini ilə məşğuldur. Qarşı tərəflə üç tərəfli müqavilə bağlamışdır. Bundan başqa, iddiaçının nümayəndəsi səpin vaxtı orada olmalı idi. 4 ha 30 sot ərazidə səpin düzgün həyata keçirilməmişdir. Səpin zavodun texnikası vasitəsi ilə edilmişdir. Həmin ərazidə səpin 3-4 sm dərinlikdə əkilməli olduğu halda, 12 sm dərinlikdə əkilmişdir. Traktoristi zavod göndərmişdir. 3,5 ha ərazini suvara bilməmişdir. İkinci il idi ki, həmin ərazidə pambıq əkmişdir. Bu yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciət etmiş, lakin ona heç bir köməklik göstərilməmişdir. Ona verilən toxum və digər məhsullar keyfiyyətsiz olduğu üçün yüksək məhsul əldə edə bilməmişdir. Bundan əlavə səpin düzgün aparılmayıb və torpaq sahəsi vaxtlı-vaxtında suvarılmayıb. Suyun verilməsi ilə bağlı Su İdarəsi ilə arasında müqavilə olmamışdır. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Məhsuldarlığın aşağı olması səbəbindən üzərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Həmçinin zavod tərəfindən ona verilən yardım əkinlə bağlı xərcləri tam ödəməmişdir. Hazırda ona qarşı qaldırılan iddia üzrə əsas borclu və günahkar suvarmanın vaxtlı-vaxtında aparılmadığı üçün X3 İdarəsi olduğu halda cavabdeh kimi onun əleyhinə qətnamə qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş alıcı qismində “X4 Kompleksi” MMC, tədarükçü qismində “X4 Kompleksi” MMC-nin “X6 və Tədarük Məntəqəsi” filialı və istehsalçı - fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xam pambığın istehsalı və tədarükünə dair xx.xx.2021-ci il tarixli 091 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı “X4 Kompleksi” MMC-yə 12226,40 manat avans borcu yaranmış, yaranmış avans borcdan 6155.35 manat dəyərində xam pambıq verilməklə Cəmiyyətə 6071 manat 03 qəpik məbləğində borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, “X4 Kompleksi” MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, fermer Cavabdeh 2-ci suvarma suyunun vaxtında verilməməsi səbəbindən fermerə 4975 manat ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 091 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüş, müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 12226 manat məbləğində avans vəsait (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 6155 manat dəyərində xam pambıq təhvil vermiş, götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 6071 manat borcu qalmışdır. Bundan əlavə müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1214 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Cavabdeh etirazında ərazidə su qıtlığının yaranması səbəbindən pambığa ciddi ziyan dəyməsi bildirilsə də, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndində qeyd edildiyi kimi pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətdə və keyfiyyətdə həyata keçirilməsini fermer təmin edir, həmçinin həmin müqavilənin 2.1.12-ci bəndində pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyətini fermer üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.2.2-ci bəndində pambıq sahəsində görülən işlərə nəzarət edilməsi alıcının deyil, müqavilənin 3-cü tərəfi olan tədarükçünün öhəliklərinə aid edilmişdir. Məhkəmə hesab edir ki, su qıtlığı və səpinin düzgün həyata keçirilməməsi nəticəsində cavabdehə vurulmuş zərərlə əlaqədar iddiaçı təqsirli olmadığından, cavabdeh ona zərər vurmuş şəxs və ya şəxslərə qarşı müvafiq tələblə məhkəmə müdafiəsindən istifadə edə bilər. Ona görə də, cavabdehin iddia tələbinə etirazı əsassız sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, iddiaçı tələbində ödənilmiş dövlət rüsümuma görə 92 manat 85 qəpik məbləğində pul tələb etsə də, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq, iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı mediasiya xərcini ödədiyi üçün dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz. Birinci instnasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən göründüyü kimi tərəflərin arasında birgə fəaliyyət və məhsulun alğı-satqısı müqavilələr imzalanmış, həmin müqavilələrin şərtlərinə əsasən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin hallarından görünür ki, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində müqqavilə şərtlərinə əməl edə bilməməsini bir tərəfdən səpinin 3-4 sm dərinlikdə əkilməli olduğu halda, 12 sm dərinlikdə əkilməsi, su olmadığına görə 3,5 ha ərazini suvara bilməməsi, digər tərəfdən ona verilən toxum və digər məhsulların keyfiyyətsiz olması ilə əsaslandırmışdılr. Kollegiya apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, iddiaçı fermerlə müqavilə bağlayanda fermerin müvafiq təcrübəyə malik olduğunu, həmçinin ona müvafiq məsləhətləri ilə köməklik edən aqronom verildiyini nəzərə alır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndindən də görünür ki. fermer istifadəsində olan torpaq sahəsinə öz işçi qüvvəsi ilə pambıq əkib, yetişdirməyi və hər hektardan 30,0 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh həm də işlərin optimal müddətdə və keyfiyyətlə aparılması öhdəliyini öz üzərinə götürmüşdür. Səpinin hansı dərinliyə aparılmasına isə cavabdein özü nəzarət etməli idi. Odur ki. kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Kollegiya apellyasiya şikayətinin digər dəlili - 3,5 ha ərazini suvara bilməməsi dəlili ilə bağlı qeyd edir ki, yenə də pambıq yetişdirərək təhvil verilməsi vəzifəsini öz üzərinə götürmüş istehsalçı əkin sahəsinin su ilə təmin edilməsini üçün də tədbir görməli, müvafiq su idarəsi ilə öncədən müqaviləsi olmalı, müqavilə şərtləri pozulduğu halda təsərrüfatı su ilə təmin etməni üzərinə götürmüş su idarəsinə qarşı reqres iddia ilə müraciət etmək hüququ yaranacaqdı. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Şikayətin toxum və digər məhsulların keyfiyyətsiz olması dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, həmin dəlil məhkəməyə təqdim edilmiş hər hansı sübutla təsdiq olunmur. Digər tərəfdən cavabdehin həmin dəlili əvvəlki iki dəlili ilə uyğunluq təşkil etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Məhkəmə kollegiyası cərimə borcu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qətnamədən görünür ki, Məhkəmə işin hallarını nəzərə alaraq cavabdehdən ödənilməsi tələb olunan cərimə borcunu azaltmış və cavabdehin üzərində ödənilməsi üçün cəmi 100 manat cərimə borcu saxlamış, iddiaçı iddianı həmin hissədə qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə həmin hissədə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1486/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1486/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar