Məhkəmə qərarları › İş №2-2(104)-67/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-67/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-67/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2169/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2024-cü il tarixli 02/03324 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən, iddiaçı buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC- 5050 adlı bir ədəd taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə vermiş, sonuncu isə texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək texnikadan istifadəyə görə 5500 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmeti xx.xx.2024-cü il tarixli aktla saz vəziyyətdə cavabdehə təhvil verilmiş və xx.xx.2024-cü il tarixli aktla saz vəziyyətdə geri alınmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, 5500 manat məbləğində olan öhdəliyindən 3498 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal iddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2024-cü il tarixli 02/03324 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3498 manat borc və 54,98 manat dövlət rüsumu olmaqla, cəmi 3552,98 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 aprel 2024-cü il tarixli 02/03324 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən cavabdeh 5500 manat məbləği ödəməli olduğu halda, həmin texnikanın istifadəsinə görə 2002 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3498 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat vreməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2169/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilmiş və cavabdehdən borcun tutulması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 30 aprel 2024-cü il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmış, müqaviləyə əsasən buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 adlı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 5500 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kombaynı lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 747.1, 748-10.1, 748-10.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, biçin dövrünün 4-cü günü, yəni 04 iyun 2024-cü il tarixdə operativ lizinq müqaviləsinə əsasən istifadəsində olan TC-5050 markalı taxılyığan kombayn Goranboy rayonunun Xasadarlı kəndində fermer X2 təsərrüfatında bilinməyən səbəbdən alışaraq yandı. “Lizinq verən” tərəfindən kombayn odsöndürən və qığılcımsöndürənlə təmin edilmədiyindən kənd əhalisinin köməkliyi ilə çox çətinliklə kombaynda alovu söndürə bildilər, lakin kombayna 5000 manatadək ziyan dəymişdir. Kombaynın alovu söndürüldükdən sonra o, dərhal baş vermiş hadisə ilə bağlı İddiaçı ASC -nin rəhbəri Dünyamin müəllimə, İddiaçı ASCnin Baş ofisinə Aqşin Balabəyova telefonla məlumat vermişdir. Onun məlumat verməyinə baxmayaraq, İddiaçı ASC-dən heç kim bu hadisə və texnikanın vəziyyətilə maraqlanmadı. Bu hadisədən sonra xx.xx.2024 -cü il tarixdə kombaynda istifadə etmək üçün odsöndürmə və qığılcımsöndürmə balonları paylandı. Kombaynda yanğın söndürüldükdən sonra, o, yanğın nəticəsində sıradan çıxmış kombaynı İxtisaslaşdırılmış nəqliyyat vasitəsi evakuatorla hadisə yerindən Goranboy rayonunun Goranlı kəndinə öz həyətyanı sahəsinə gətirdi və onu xərcə düşüb 5000 manatdan çox vəsait hesabına 20 gün ərzində yenidən əvvəlki işlək vəziyyətinə gətirib tam bərpa etdi. Onun göstərilən vəziyyətə düşdüyünə, 20 gün heç bir işlə məşğul ola bilmədiyinə, borc - xərc aldığına görə, olan borcları ödəməyinə imkan verilməsi üçün əlavə 20 gün vaxtın uzadılmasını İddiaçı ASC-də rəhbərlikdən xahiş etdi, lakin mənə vaxt verilmədi, xx.xx.2024-cü il tarixdə kombayn İddiaçı ASC- yə geri çağırıldı xx.xx.2024-cü il tarixdə texnika rayon bölməsinə tam saz vəziyyətdə təhvil verildi, 3498 manat borc isə ödənməmiş qaldı. Qanunvericiliklə lizinq müqaviləsində lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək möhlət verilməsi nəzərdə tutula bilər. Göründüyü kimi olan hadisələr onun təqsirli hərəkətləri, səhvi, laqeydliyi nəticəsində baş verməmiş, onun iradəsindən asılı olmayan, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan halda baş vermişdir. O, bütün nəticələrin aradan qaldırılmasına çalışmışdır. İddiaçı ASC lizinqlə texnikanı sahiblik və istifadəyə verir ki, müəyyən lizinq ödənişi əldə etsin, vətəndaş isə texnikanı istifadəyə götürür ki, həm özü qazanc əldə etsin, həm də texnika sahibinə lizinq ödənişi versin, gözlənilməz hadisələrin baş verməsi bu imkanları əldən alanda birtərəfli məsuliyyət daşımaq qanunsuz, ədalətsiz olur. İddiaçı ASC-in ona qarşı olan münasibəti nə vicdana, nə qanuna, nə də ki, insafa uyğun gəlmir. Öhdəlik müqavilədən və qanundan irəli gəlir, lakin fors - major hallarında məsuliyyətdən azad olma halları da mövcuddur. Praktikada əksər fors – major müddəaları tərəfin fəaliyyət göstərməməsinə tamamilə bəraət qazandırmır, lakin – fors majorun müddəti ərzində onu dayandırır. Biçin mövsümündə havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq, Yevlax Regional İddiaçı ASC-nin rəhbərliyi tərəfindən yağmurlu keçmiş günlərin əvəzləşdirilməsi məqsədilə biçin günlərinin müddəti bəzi şəxslər üçün 1 ay artlrıldı. Lakin bu ona tətbiq edilmədi, icazə verilmədi, kombayn geri çağırıldı. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, kombaynın yanması və yanğın söndürən balonların olmamasından işi 20 gün gecikmişdir. Kombayn yanandan sonra məlumat verməyinə baxmayaraq gəlib kombayna baxmamışlar. Kombayna dəyən zərəri özü ödəmişdir. Boş dayanma müddətinin ona verilməsini xahiş etsə də boş dayandığı müddəti ona əlavə verməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh tərəfindən müqaviləöhdəliyi yerinə yetirilməmişdir. Kombaynın yanması fors major hal deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(115)-2169/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsinə dair müqavilə bağlanmışdır. Tərəflər arsında bağlanmış müqavilə etibarsız olmamış, qanunvericiliyin tələblərinə uyğun bağlanmış və tərflərin həqiqi istəklərinə uyğun bağlanmaqla həqiqi hüquqi nəticələr yaratmışdır. İddiaçı müqaviləyə əsasən bir ədəd taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə vermiş, sonuncu isə texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək texnikadan istifadəyə görə 5500 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmeti xx.xx.2024-cü il tarixli aktla saz vəziyyətdə cavabdehə təhvil verilmiş və xx.xx.2024-cü il tarixli aktla saz vəziyyətdə geri alınmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən onun lizinq müqaviləsi üzrə iddiaçıya 3498 manat borcu yaranmışdır ki, cavabdeh bu halı inkar etmir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, kombayn yanmış və kombayna dəyən zərər onun tərəfindən aradan qaldırılsa da ona güzəşt olunmamış və fors major hal halı nəzərə alınmamışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsindən irəli gələrək Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Eyni zamanda qanunvericiliyin tələbindən çıxaış edərək tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində cavabdeh texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək texnikadan istifadəyə görə 5500 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, istər qanunvericilik istərsə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən lizinq alanın məsuliyyətdən azad edilməsi və ya məsuliyyətin azaldılması ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Cavabdeh müqavilənin 1.2-ci bəndində texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək texnikadan istifadəyə görə 5500 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür ki, bağladığı müqavilə şərtləri özünün apellyasiya şikayətinin dəlillərini təkzib edir. Bundan başqa baş vermiş yanğın hadisəsinin fors major hal olmasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, lizinq predmetinin yanması fors major hal deyildir. Belə ki, fors major dedikdə tərəflərin iradəsindən asılı olmayaraq baş verən və inkişaf edən, onların və ya onlardan birinin Müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur: hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam etdirilməsinə mane olan dövlət orqanının qərarı və s. bu kimi hadisələr; təbii qəzalar (ildırım, zəlzələ, yer sürüşməsi, sunami, daşqın və s.); texnogen qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və s.). Göründüyü kimi, fors major hal fövqəladə və qarşısıalınmaz elə hadisələrdir ki, bu hadisələrin baş verməsi müqavilə iştirakçılarının kontrolundan kənar olan, öncədən təxmin edilməyən və qarşısıalınmaz hadisələri ifadə edir. Lizinq predmetinin yanması öncədən təxmin edilməsi mümkün olan haldır ki, tərəf bu halı nəzərə almayaraq hansısa hüquq münasibətlərinə girməsi və bunun nəticəsində zərərə uğramasının məsliyyətini özü daşıyır. Belə ki, lizinq predmetinin yanması fors major hal deyildir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, tələb olunan məbləğ 5000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-2169/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar