Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-68/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair İş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1506/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 296 nömrəli xampambığın alğı-satqı müqaviləsinə görə cavabdeh öhdəsində olan 24 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə ilə xx.xx.2022-ci il tarixli müqavilədə dəyişiklik edilərək cavabdeh tərəfindən pambıq əkiləcək torpaq sahəsi 95 ha müəyyən olunmuşdur. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında ümumilikdə 166850.90 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 99837.91 manat məbləğində xam pambıq təhvil vermiş və çəkilmiş xərclərdən hazırkı dövrə kimi ümumilikdə 67012,19 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 67012,19 manat, hesablanmış cərimə borcuna görə 13402,58 manat, ödənilmiş dövlət rüsumuna görə 331, 24 manat olmaqla, cəmi 80746,01 manat pulun Cavabdeh tutularaq “X1 Kompleksi” MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 296 nömrəli xam-pambığın alğısatqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 24.0 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 166850.90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) almış, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 99837.91 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2022-ci il mövsümü üzrə xx.xx.2022-ci il tarixli 296 nömrəli müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 67012.91 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 13402,58 manat təşkil edir. Eyni zamanda borclu Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşmə aktında xx.xx.2022-ci il tarixli, 296 nömrəli xam pambığın alqı-satqı müqaviləsini pozaraq öhdəliyində olan 67012,99 manat məbləğində borcu qaldığını təsdiq etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan məbləğdə işlər görülmüş, xidmətlər göstərilmiş və avans vəsait verilmişdir. Lakin əkin sahələrinin suvarılmasında çətinliklər olduğundan və vaxtında suvarılma aparılmadığından bol məhsul əldə edə bilməmişlər. Cərimə məbləğinin çox hesablandığını bildirmiş və həmin məbləğin silinməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1506/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 67012,19 manat məbləğində borc, 100 manat cərimə olmaqla, ümumilikdə 67112,19 manat məbləğində pul və 291,34 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Müqavilənin icrası ilə əlaqədar cavabdehə 166850.90 manat məbləğində avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, dərman, toxumluq çiyid, gübrələr və s.) verilmiş, işlər görülmüş və müxtəlif xidmətlər göstərilmişdir Müqavilə şərtlərinə əsasən, cavabdeh iddiaçı tərəfindən verilmiş avans vəsaitlərin, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərini istehsal etdiyi xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, avans məbləğindən artıq təhvil verdiyi xam-pambığın dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 166850.90 manat avans borcundan 99837.91 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 166850.90 manat avans verildiyi və cavabdeh tərəfindən 99837.91 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 67012,19 manat əsas borcunun olduğu müəyyən olunur. Cavabdehin 67012,19 manat borcunun olması tərəflər arasında imzalanmış üzləşmə aktı, bank köçürmələri barədə sənəd, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 567, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsində izahatında bildirmişdi ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan məbləğdə işlər görülmüş, xidmətlər göstərilmiş və avans vəsait verilmişdir. Lakin əkin sahələrinin suvarılmasında çətinliklər olduğundan və vaxtında suvarılma aparılmadığından bol məhsul əldə edə bilməmişdir. Müqavilə öhdəliklərində fors major hallar nəzərdə tutulmuşdur. Onun iradəsindən asılı olmayaraq baş vermiş aqrotexniki səbələrə görə müqavilə ilə nəzərdə tutulmuş şərtlərdən irəli gələn məsələlərin icrasının gecikdirilməsi ilə bağlı iddiaçı tərəf güzəştlər tətbiq etməli idi. Adıçəkilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məlum hüquq praktikasına əsasən əgər fermer məhsulun satışı üçün müqavilə bağlamışsa, lakin əkinlərin suvarılması üçün su çatışmazlığı səbəbindən öz öhdəliklərini yerinə yetirə bilmirsə, vətəndaş hüququ prinsiplərinə və müqavilənin özünün şərtlərinə əsaslanan hadisələrin inkişafının bir neçə ssenarisi mümkündür. Öhdəliklərdən azad olmağın mümkün ssenariləri: Fors-major müqavilə tərəfləri tərəfindən gözlənilə bilməyən və qarşısını ala bilməyən hallardır (məsələn, təbii fəlakətlər, quraqlıq da daxil olmaqla).Müqaviləyə daxil edilmə: Müqavilədə fors-major halları baş verdikdə öhdəliklərdən azad edilməsi şərtləri yazılıbsa, fermer məsuliyyətdən azad edilə bilər. Sənədli təsdiq: Adətən fors-major hallarının rəsmi təsdiqlənməsi tələb olunur (məsələn, meteoroloji xidmətdən və ya digər səlahiyyətli orqandan). Şərtlərdə əhəmiyyətli dəyişiklik: Müəyyən:Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər öhdəliklərin yerinə yetirilməsi müqavilənin bağlanması zamanı nəzərdə tutulandan daha ağır olarsa, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilər. Hüquqi prosedurlar: Bu səbəbdən müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün tərəflər arasında danışıqlar və lazım olduqda məhkəmə proseduru tələb edilə bilər. Müqavilə şərtləri: Müqavilədə birbaşa göstəriş: Müqavilədə ehtiyatlar (məsələn, su) çatışmazlığında hərəkət qaydaları haqqında xüsusi müddəalar ola bilər. Fermerlərlə bağlanmış müqavilələrdən irəli gələn işlərə baxarkən məhkəmə fermerlərin iradəsindən asılı olmayan halları (məsələn, suvarma üçün su çatışmazlığı) müxtəlif hüquqi prinsiplər və müddəalar əsasında qiymətləndirir. Məhkəmənin nəzərə aldığı əsas cəhətlər bunlardır: Forsmajor halları Fors-major (ötürülməz güc) - müqavilə tərəfləri tərəfindən gözlənilə bilməyən və qarşısını ala bilməyən hallardır. Nümunələrə quraqlıq, daşqın və digər fövqəladə hadisələr kimi təbii fəlakətlər daxildir. Vəziyyətdə əhəmiyyətli dəyişiklik Əgər müqavilənin icrası şərtləri o qədər dəyişibsə, öhdəliklərin yerinə yetirilməsi fermer üçün son dərəcə çətin və ya mümkün deyilsə, məhkəmə bunu vəziyyətin əhəmiyyətli dəyişməsi kimi qəbul edə bilər. Gözlənilməzlik: Məhkəmə dəyişikliklərin gözlənilməz və gözlənilməz olub olmadığını qiymətləndirir.Yükümlülük: Məhkəmə fermer üçün öhdəliklərin yerinə yetirilməsinin nə qədər ağır olduğunu nəzərdən keçirir. Fermerin hərəkətləri və tədbirləri Məhkəmə eləcə də fermerin əlverişsiz halların nəticələrini minimuma endirmək üçün hansı hərəkətləri etdiyini nəzərə alır. Nəticələrin yüngülləşdirilməsi tədbirləri: Məhkəmə qiymətləndirir ki, fermer su çatışmazlığının nəticələrini yumşaltmaq üçün bütün mümkün tədbirləri görməyə cəhd edibetməyib (məsələn, alternativ su mənbələrindən və ya suvarma üsullarından istifadə).Bildirişin vaxtında: Məhkəmə fermerin yaranmış problemlər barədə müqavilənin digər tərəfinə ağlabatan müddətdə məlumat verib-verməməsinə baxır. Həmçinin, məhkəmə fermer ilə alıcı arasındakı müqavilənin şərtlərini diqqətlə araşdırır .Fors-major müddəaları:Müqaviləyə fors-major halları ilə bağlımüddəalar daxil edilib? Xüsusi şərtlər: Müqavilədə gözlənilməz hallar baş verdikdə müqavilənin dəyişdirilməsi və yaləğviilə bağlı xüsusi şərtlər varmı? Məhkəmənin nəticələri yuxarıda göstərilən amillər əsasında məhkəmə aşağıdakı qərarlardan birini qəbuledə bilər: Məsuliyyətdən azad edilməsi: Əgər məhkəmə fors-major hallarını tanısa, fermer öhdəliklərini yerinə yetirmədiyinə görə məsuliyyətdən azad edilə bilər. Müqavilə şərtlərinin dəyişdirilməsi: Məhkəmə dəyişən halları nəzərə alaraq müqavilə şərtlərini dəyişə bilər.Tələblərin ödənilməsindən imtina:Əgər məhkəmə fors-major hallarının tanınması və ya vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi üçün kifayət qədər əsas tapmasa, fermer müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilər. Bütün bu qeyd edilən mövcüd hüquq praktikası ilə onun hazırkı iş üzrə bu ərizəsində qeyd etdiklərini qarşılaşdırdıqda bir daha aydın olur ki, iddiaçı MMC-nin ona qarşı tələbi əsassız tələbdir. Belə olduqda müqavilə öhdəlikləri ilə əlaqədar ona qarşı irəli sürülən hazırkı iddianın rədd edilməsi barədə qətnamə qəbulunu əsaslı və qanuni hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim edilməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans və xidmətlərin dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanmış, həqiqi hüquqi nəticələr yaratmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında xam-pambığın alğı-satqısına dair xx.xx.2022- ci il tarixli, 296 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh öhdəsində olan 24 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə ilə xx.xx.2022-ci il tarixli müqavilədə dəyişiklik edilərək cavabdeh tərəfindən pambıq əkiləcək torpaq sahəsi 95 ha müəyyən olunmuşdur. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında ümumilikdə 166850.90 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 99837.91 manat məbləğində xam pambıq təhvil vermiş və çəkilmiş xərclərdən hazırkı dövrə kimi ümumilikdə 67012,19 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması eyni zamanda cavabdeh tərəfindən birinci instasniyası məhkəməsində verdiyi izahatı və apellyasiya şikayətinin məzmunu ilə öz təsdiqini tapır. ilə də təsdiq olunur. Velə ki, cavabdeh birinci instansiyası məhkəməsində izahatında göstərmişdir ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan məbləğdə işlər görülmüş, xidmətlər göstərilmiş və avans vəsait verilmişdir. Göründüyü kimi cavabdeh görülmüş işlərin, göstərilmiş xidmətlərin və verilmiş avansın məbləğini etiraf edir. Təhvil verilmiş xam pambığın dəyəri isə iddiaçı tərəfindən etiraf edilir ki, 166850.90 manat məbləğində görülmüş işlərin, göstərilmiş xidmətlərin və avansın dəyərindən təhvil verilmiş xam pambığın dəyəri olan 99837.91 manat çıxıldıqda cavabdehin iddiaçıya 67012,19 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd olunmalıdır ki, cərimənin ödənilməsi tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndlərində nərdə tutulmuşdur ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsi ilə ona verilmiş səlhaiyyətdən çıxış edərək cərimə məbləğini 100 manatadək azaltmış və iddiaçının cərimə məbləğinin azaldlmasından şikayəti olmamışdır. İddiaçı birinci instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə cərimə məbləğinin tutulmasının qanuniliyinə qiymət verərək qeyd edir ki, cərimənin tutulması tərəflər arasında bağlanmış müqavilənin tələbidir ki, birinci instansiyası məhkəməsi tərəfindən tutulan 100 manat cərimə borcu əsas borca münasibətdə yüksək deyildir. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondn ibarətdir ki, əkin sahələrinin suvarılmasında çətinliklər olduğundan və vaxtında suvarılma aparılmadığından bol məhsul əldə edə bilməmiş və bu hal fors-major hal olmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsinin hüquqi təbiətindən irəli gələrək tərəflər azad şəkildə müqavilə bağlama bilər və müqavilə şərtlərini müəyyən edə bilərlər. Hazırki iddianın əsası kimi qeyd olunan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 296 nömrəli müqavilədə fermerin öhdəliklərinin icrasını istisna edən və ya digər istisnalar nəzərdə tutan fors major hallar müəyyən edilməmişdir. Habelə, müqavilənin 2.1.3-cü maddəsinə əsasən fermer işləri vaxtında, qüsursuz, aqrotexniki şərtlərə uyğun yerinə yetirərək məhsulu alıcı iddiaçıya satılması ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Apellyatorun qeyd etdiyi suvarma sisteminin nasazlığı və çatışmazlığı halının fors major hal kimi qiymətləndirilməsi mülki dövriyyə iştirakçılarının bərabərliyinin təmini prinsipinə zidd olmaqla yanaşı bu halların mövcudluğu həqiqət olsa belə fors major hal deyildir. Belə ki, fors major dedikdə tərəflərin iradəsindən asılı olmayaraq baş verən və inkişaf edən, onların və ya onlardan birinin Müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur: hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam etdirilməsinə mane olan dövlət orqanının qərarı və s. bu kimi hadisələr; təbii qəzalar (ildırım, zəlzələ, yer sürüşməsi, sunami, daşqın və s.); texnogen qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və s.). Göründüyü kimi, fors major hal fövqəladə və qarşısıalınmaz elə hadisələrdir ki, bu hadisələrin baş verməsi müqavilə iştirakçılarının kontrolundan kənar olan, öncədən təxmin edilməyən və qarşısıalınmaz hadisələri ifadə edir. Suyun olmaması və bu səbəbdən suvarmanın həyata keçirilməsinin mümkünsüzlüyü öncədən təxmin edilməsi mümkün olan haldır ki, tərəf bu halı nəzərə almayaraq hansısa hüquq münasibətlərinə girməsi və bunun nəticəsində zərərə uğramasının məsliyyətini özü daşıyır. Belə ki, suyun olmaması fors major hal deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arsında podratdan irəli gələn münasibətlər formalaşmış, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməmişdir ki, cavabdehdən müqavilə üzrə yaranmış borc tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, qəbul edilmiş qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1506/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-68/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-68/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver