Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-69/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-424/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Vegi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC vergi öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 30540,48 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeyd olunan məbləğdə borcunun olması xx.xx.2025-ci il tarixdə çap olunmuş şəxsi hesab vərəqəsi ilə təsdiq olunur. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs R.R.N. Qardaşları” MMC-nin rəhbəridir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildiriş və xx.xx.2024-cü il tarixli xəbərdalıqla müraciət edərək borcun ödənilməsi tələb edilsə də borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Vergi ödəyicisinin xx.xx.2025-ci il tarixdə vergi orqanına müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarli məktubla bildirilmişdir ki, hüquqi şəxsin dövlət büdcəsinə vergilər üzrə 7190,51 manat, faizlər üzrə 2321,03 manat, məcburi sosial sığorta haqlarına hesablanmış faizlər üzrə 6,25 manat, işsizlikdən sığorta haqlarına hesablanmış faiz üzrə 1,02 manat icbari tibbi sığorta haqlarına hesablanmış faiz üzrə 1,39 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 29693,96 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 29693,96 manat məbləğində (o cümlədən, vergilər üzrə 26610,21 manat, faizlər üzrə 3083,75 manat) , İcbari Tibbi Sığorta Fonduna 1,4 manat olmaqla, ümumilikdə 29695,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********596100, xx.xx.2023-cü il tarixli **********718700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmidir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxmışdır.
4. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-424/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədli) ərizə təmin edilmişdir.
5. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində "xxxx" MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16, 24, 78-ci Mülki Prosessual Məcəllənin 355-5, 355-7-ci maddələrinə istinad etmişdir. Maraqlı şəxs apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni təmsilçisi olduğu "xxxx" MMC– nin Nizamnaməsi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və 12 saylı ƏVİ-dən ********** saylı VÖEN alaraq mükəlləfiyyəti sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmin vaxtdan xx.xx.2024-cü il tarixə kimi rüblər üzrə vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsi qəbul edilmiş və hesablanmış vergiləri vaxtında ödəmişdir. Lakin vergi məmurlarından kimdirsə Vergi Məcəlləsinin müddəalarını pozaraq mükəlləfiyyəti və fəaliyyət növünün kodunu dəyişərək Mənfəət Vergisi ödəyicisi və topdan satışa dəyişdirmişdir. Gördüyü iş və göstərdiyi xidmət heç bir vaxt 200000 (iki yüz min) manata çatmamışdır. Vergi orqanı əməkdaşı cəmiyyəti həm Mənfəət Vergi ödəyicisi kimi, həm də Sadələşdirilmiş Vergi ödəyicisi mükəlləfiyyətini açıq saxlayaraq hər iki mükəlləfiyyətə bəyannamə tələb edirlər. Həmçinin o, əsasən rayonda fəaliyyət göstərən Olimpiya İdman kompleksində yarışlara gələn idmançılara, məşqçilərə idman geyimləri alıb vermiş və bəzi hallarda çay süfrəsi, bəzi hallarda yemək təşkıl etməklə yarış qaliblərinə medallar təqdim etmək, idman medalları və suvenir hədiyyələr ilə mükafatlandırmaya xərclənibdir. Bütün xərclər e-qaimələrlə rəsmiləşdirilmişdir. O, vergi orqanına bəyan etmişdir ki, Vergi Məcəlləsininə əsasən aşağıdakı hallarda Sadələşdirilmiş Vergi mükəlləfiyyəti saxlanılır 1) 218.6.1-ci maddəsinə əsasən VM-nin 218.5.9 -cu maddəsinin müddəalarından asılı olmayaraq (topdan satış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata kecirən şəxslər, pərakəndə qaydasında malların satışını həyata kecirən hüququ şəxslər,eyni zamanda topdan satış qaydasında malların satışını həyata kecirməklə, rüb ərzində elektron-qaimə İ faktura ilə rəsmiləşdirilməli olan şəxslər. O, dəfələrlə 12 saylı Ərazi Vergilər İdarəsinə bildirmişdir ki, o, xidmət təşkilatıdır və işi ümumiyyətlə xidməti e-qaimə ilə yerinə yetirir və nəzarət kassa aparatı olmadığına göra əmtəəsiz dövriyyə adlandıraraq 75 faiz güzəşti tətbiq etmədiyindən 7152.33 manat mənfəət vergisi və ona 1920.59 manat faiz borcu hesablamışdır . Vergi məmurları Vergi məcəlləsinin müddəalarını pozaraq KVB ilə hesablanmış vergilərə azalma verməyərək süni vergi öhdəliyi yaradırlar. xx.xx.2024-cü il tarixli **********7889400 məktubla faizlə birlikdə 9081.59 manat borc bildirişi göndərildiyi halda xx.xx.2025-ci il tarixli digər məktubla 30261 manat, yəni 21179.95 manat çox vergi borcu yazılmışdır. Eyni zamanda ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 29693,96 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Hesab edilir ki,məhkəmənini iş üzrə qəbul edilmiş qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsində göstərilən məbləğlərlə mənə ünvanlanmış xəbərdarlıq məktublarında göstərilmiş məbləğlər fərqli göstərilməklə, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində göstərilənləri əks etdirmir. Qeyd edilir ki, ərizəçi öz ərizəsində vergi ödəyicisi olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 29693,96 manat məbləğində (o cümlədən, vergilər üzrə 26610,21 manat, faizlər üzrə 3083,75 manat), İcbari Tibbi Sığorta Fonduna 1,4 manat olmaqla, ümumilikdə 29695,36 manat borcu olduğunu qeyd etdiyi halda, ona ünvanlanmış xəbərdarlıq haqqında məlumatda MMC-nin dövlət büdcəsinə xx.xx.2024-cü il tarixdə 30481.54 manat (vergilər üzrə 27383.82 manat, faizlər üzrə 3097.72 manat), xx.xx.2024-cü il tarixə 9081,59 manat məbləğində (vergilər üzrə 9072.92 manat, Dövlət Sosial Sığorta haqqı üzrə 6.26 manat, işsizlikdən sığorta haqqı üzrə 1.02 manat, İcbari tibbi sığorta haqqı üzrə 1.39 manat), xx.xx.2025-ci il tarixə isə ümumilikdə 30261.54 manat (əsas vergi borcu 26610.21 manat, faiz borcu 3651.32 manat) borcu olduğu qeyd edilmişdir. Halbuki, Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən yaradılmış portaldan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin cəmi ödənilməli borcu 30598.00 manat (çap tarixinə saldo -9267.06 manat, təsdiqlənməmiş azaaltmalar kimi 21330.94 manat) göstərilmişdir. Bildirir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, MMC-nin ümumi dövriyyəsi 2023-cü il ərzində 49409.11manat olmuşdur. Hansı ki, həmin məbləğin 13500 manat hissəsini alqı-satqı deyil, xidmət təşkil etmişdir. qalan hissəsi isə topdan alqı-satqıdır. MMC mənfəət vergisi ödəyicisi kimi cəlb olunduğundan 2023-cü ildə qüvvədə olmuş Vergi Məcəlləsinə əsasən dövriyyənin 75%-i dövlət tərəfindən güzəşt edilir, yerdə qalan hisssinin 20 %-i mənfəət vergisinə cəlb olunmaqla ümumi dövriyyənin cəmi 5 %-ni təşkil edir. Bu səbəbdən yaranmış 2470.46 manat hissəsi dövlət büdcsinə ödənilmişdir. Əlavə olaraq şəxsi hesabdan 1350 manatdan çox vəsait yaradılan borca silinmiş, qalıq borcu kimi 9267.06 manat göstərilmişdir. Buna baxmayaraq ərizəçi MMC-nin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 29693,96 manat məbləğində (o cümlədən, vergilər üzrə 26610,21 manat, faizlər üzrə 3083,75 manat), İcbari Tibbi Sığorta Fonduna 1,4 manat olmaqla, ümumilikdə 29695,36 manat borcu olduğunu qeyd edərək həmin borcun ödənilməsini təmin etmək məqsədilə MMC-nin rəhbəri olduğundan onun ölkədən getmək hüququmu məhdudlaşdırılması barədə ərizə ilə müraciət etmiş, məhkəmə isə heç bir araşdırma aparmadan, onun iştirakını təmin etməyək çəkişmə prinsipini pozmaqla əsassız olaraq iddia təmin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, vergi borcu artıq hesablanmış, qeyd edilən borc mövcud deyildir. O mənfəət vergisi ödəyicisi olmamışdır. xx.xx.2025-ci il tarixli məktubda vergi orqanı borcun azaldığını göstərmişdir. Odur ki, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 28. Azadlıq hüququ ... İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ... Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ... Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; .. Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarı
“...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vegi ödəyicisi olan hüquqi şəxs tərəfindən vergi və digər öhdəlikləri yerinə yetirilmədiyindən R.R.N. Qardaşları” MMC-nin dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 30540,48 manat borcu yaranmışdır. Maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxsin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə borcunun olması şəxsi hesab vərəqəsi ilə təsdiq olunur. Apellyator şikayət dəlili kimi birinci instansiya məhkəməsində ərizəyə baxılarkən onun iştirakının təmin edilməməsini irəli sürmüşdür. İş materiallarına əlavə edilmiş SMS xəbərdarlığına dair AZEMİS bildirişdən və poçt göndərişi reyestrindən maraqlı şəxsin məhkəmə iclasına dair rəsmi məlumatlandırılması müəyyən olunmuşdir (iş vərəqi 61-65). Apellyasiya şikayətinin digər dəlili kimi hesablanmış vergi borcunun düzgün olmaması, artıq hesablamaların həyata keçirilməsi və habelə, vergi ödəmə növünün düzgün qeyd edilməməsi irəli sürülmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək hüququ vardır. Maraqlı şəxs vergi ödənişləri və digər ödəmələrə dair müvafiq vergi orqanı ilə üzləşmə aparmalı, eyni zamanda mübahisələndirməlidir. Hazırki halda maraqlı şəxs hesablanmış vergi borcları və digər ödəmələrinin məbləğinin mübahisələndirilməsi və iddiasının uğurlu olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, hüquqi şəxsin dövlət büdcəsinə borcunun olmaması ilə bağlı sübutlar mövcud olmadığından və iş materialları ilə hüquqi şəxsin borcunun mövcudluğu təsdiqini tapdığından hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsinə yönələn məqsədə cavab verir. Sonda məhkəmə vergi orqanının xx.xx.2025-ci il tarixə hüquqi şəxsin dövlət büdcəsinə vergilər üzrə 7190,51 manat, faizlər üzrə 2321,03 manat, məcburi sosial sığorta haqlarına hesablanmış faizlər üzrə 6,25 manat, işsizlikdən sığorta haqlarına hesablanmış faiz üzrə 1,02 manat icbari tibbi sığorta haqlarına hesablanmış faiz üzrə 1,39 manat borcunun olması ilə bağlı mətubu ilə əlaqədar qeyd olunmalıdır ki, bu hal qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, işə birinci instansiyası məhkəməsi tərəfindən baxıldığı zaman borclu hüquqi şəxsin şəxsi hesab vərəqəsindən müəyyən edildiyi kimi, hüquqi şəxsin xx.xx.2025-ci il tarixə 30540,48 manat borcu mövcud olmuşdur. Buna münasib birinci instansiyası məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli qətnamə ilə mübahisəyə hüquqi qiymət verimişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən borcun məbləği 30540,48 manat olmuş və birinci instansiyası məhkəməsi tərəfindən işə baxıldığdan sonra borcun məbləğinin azalması məhkəmə atının dəyişdirilməsi üçün əsas deyildir. Borc məbləği tam ödənildikdən və ya hər hansısa formada hüquqi şəxsin hesabından silindiyi təqdirdə hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququna tətbiq edilmiş məhdudiyyət götürüləcəkdir. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006cı il 23 may tarixli qərarı, § 122). Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən maraqlı şəxs tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 355-7, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-424/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.