Məhkəmə qərarları › İş №2-2(104)-73/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-73/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-73/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 1453/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1453/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 702 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 3332 manat məbləğində borc, 50 manat cərimə olmaqla 3382 (üç min üç yüz səksən iki) manat pul və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh 53 (əlli üç) manat 82 (səksən iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(115)-1453/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3332 manat, cərimə borcuna görə 666 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat olmaqla cəmi 4058 manat 10 qəpik pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Kompleksi” MMC və fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 702 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə ümumilikdə 13269 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 9936 manat dəyərində xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3332 manat borcu qalmışdır. Bundan əlavə 666 manat cərimə borcu hesablanmışdır. Birinci instansiya məhkəməsində iddiaçı “X2 Kompleksi” MMC iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə verərək əsas borca görə 3332 manat, hesablanmış cərimə borcuna görə 666 manat və ödənilmiş mediasiya xərcinə görə 60 manat olmaqla cəmi 4058 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, ölkə rəhbərliyinin kənd təsərrüfatına ayırdığı xüsusi diqqət və qayğı sayəsində bir çox sahibkar kimi o da dövlətdən ilhamlanaraq iddiaçı ilə müqavilə bağlamış, ona müəyyən xidmətlər göstərilmişdir, lakin göstərilən xidmətin dəyərini dəqiq bilmir. İddiaçıya 3332 manat borcunun olmasını qəbul etmir və iddiaçının onlara borcu olması səbəbindən o da iddiaçıya olan borcu ödəyə bilmir. Belə ki, Bərdə rayonu Alaçadırlı kənd sakini X1 adına əkdiyi pambığın pulunu və hazırkı iş üzrə ona veriləcək 2200 manat məbləğində subsidiyanı ala bilməmişdir. İddiaçının onlara borcu olduğuna görə o da iddiaçının tələb etdiyi süni borc məbləğini ödəyə bilmir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2021ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 10 fevral 2021-ci il tarixli 702 nömrəli müqavilədən görünür ki, fermer 10 ha torpaq sahəsində pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan pambıq qəbul qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən “X2 Kompleksi” MMC-yə 28 oktyabr 2021-ci il tarixlərdə 1698,04 manat, 2167,71 manat, 2420,61 manat, 20 noyabr 2021-ci il tarixlərdə 750,93 manat, 950,37 manat dəyərində pambıq təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Bərdə PİEZ-in fermeri Cavabdeh 2021-ci il təsərrüfat ilində göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqlama cədvəli haqqında arayışından görünür ki, fermerə ümumi verilmiş avans 11409,51 manat, təhvil verilmiş xam pambığın dəyəri 7987,66 manat, ödəniş 6127,66 manat, qalıq borc 3332,24 manat, kombayn pulu isə 1860 manat qeyd edilmişdir. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, fermer Cavabdeh 3332,24 manat borcun ödənilməsi ilə bağlı bildiriş təqdim edilmiş, Cavabdeh bildirişi imzalayaraq bildirişlə tanış olduğunu, ancaq Rafiq Quliyev və Zenfira Quliyeva ilə birgə 2020-2021-ci ildə dövlət tərəfindən onlara verilən subsidiyanı ala bilmədiklərini qeyd etmiş, onların şirkətə olan borcunu çıxıb qalan pullarını verməsini xahiş etmişlər. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin X4 və Emalı Zavodu və Cavabdeh arasında bağlanmış xam pambığın istehsalı və tədarükünə dair xx.xx.2021-ci il tarixli 702 saylı müqaviləyə əsasən 13269,50 manat avans borc yaranmışdlr. Yaranmış avans borcdan 7987,66 manat dəyərində xam pambıq verməklə 1949,61 manat subsidiya kartı ilə ödənilib. Nəticədə Cavabdeh Cəmiyyətə 3332,24 manat borcu qalmışdır. Beləliklə, 4760 kq kondisiya çəkidə xam pambıq təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş üzrə Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, şəriki, həmkəndlisi və qohumu olan Bərdə rayonu Alaçadırlı kənd sakini X1 adına əkdikləri 2020-ci ildəki 20 hektar pambıq sahəsinin torpaq 4400 manat subsidiyası və 2022-ci ildə yüksək məhsuldarlıqla becərdikləri pambığın 5500 manat məhsul subsidiyasını "xxxx" MMC-nin Bərdə PİEZ-nin yarıtmaz fəaliyyəti nəticəsində ala bilməmişlər. Digər şəriki Quliyeva Zenfiranın həyat yoldaşı Quliyev Rafiqlə 2021-ci ildə əkdikləri pambığın 5000 manatdan çox subsidiyasını ala bilməmişlər. Bir sözlə Azər Pambıq ASC-nin yarıtmaz və qərəzli fəaliyyəti nəticəsində son 3 ildə 20000 manatdək zərərə uğrayan şərikli bizneslərinin itkilərini nəzərə almayan bu şirkətdən şikayətçidirlər. “Azərpambığ”a borclu qaldıqları 3200 manatın səbəbi isə qeyd edilən faktlardır. Onlara dəyən zərər ödənildiyi halda “Azərpambığ”a qaldığı 3200 manatı ödəməyi tamamilə üzərinə götürür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 702 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə ümumilikdə 13269 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 9936 manat dəyərində xam pambıqla ödəmişdir. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 3332 manat borcu qalmışdır. Bundan əlavə 666 manat cərimə borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 10 fevral 2021-ci il tarixli müqaviləyə əsasən fermer 10 ha torpaq sahəsində pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 3332 manat borcu qalmışdır. Müqavilə üzrə 3332 manat borc məbləğinin qalması iddiaçının təqdim etdiyi sənədlərlə yanaşı, cavabdehin izahatı və məhkəməyə ünvanladığı ərizələrlə təsdiq edilir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 666 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3332 manat əsas borc, 50 manat cərimə borcu olmaqla 3382 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instnasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən göründüyü kimi tərəflərin arasında birgə fəaliyyət və məhsulun alğı-satqısına dair müqavilələr imzalanmış, həmin müqavilələrin şərtlərinə əsasən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin hallarından görünür ki, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Məhkəmə kollegiyası cərimə borcu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qətnamədən görünür ki, məhkəmə işin hallarını nəzərə alaraq cavabdehdən ödənilməsi tələb olunan cərimə borcunu azaltmış və cavabdehin üzərində ödənilməsi üçün cəmi 50 manat cərimə borcu saxlamış, iddiaçı iddianı həmin hissədə qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə həmin hissədə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, Bərdə rayonu Alaçadırlı kənd sakini X1 adına əkdiyi pambığın pulunu və hazırkı iş üzrə ona veriləcək 2200 manat məbləğində subsidiyanı ala bilmədiyinə məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin, o cümlədən cavabdehin qeyd etdiyi X1, eləcə də cavabdein özünün pozulmuş hesab etdiyi hüququnun bərpa edilməsini tələb etmək hüququ vardır. Lakin hazırkı halda məhkəmə baxışının predmeti iddiaçının irəli sürdüyü tələb olduğuna, cavabdeh tərəfindən şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut təqdim edilmədiyinə görə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 1453/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1453/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar