Məhkəmə qərarları › İş №2-2(104)-76/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-76/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-76/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı «pul» tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2- 2(115)-1611/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi üzrə yaranmış 63750 manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində Cəmiyyətə dəymiş 3187,50 manat məbləğində zərərin, cəmi 66937,50 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 290.81 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək 1 (bir) adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun 31 dekabr 2017-ci il tarixədək Cəmiyyətə satılmasını öz öhdəsinə götürmüşdür. Bunun üçün Cəmiyyətdən alınacaq məhsulun dəyərinin 25%-dək avans məbləğinin, yəni 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində avansın X4 ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında 1 (bir) adda kənd təsərrüfatı məhsulunun istehsalına dair 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi bağlanaraq imzalanılmışdır. X1 avans müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, avans məbləğini vaxtında geri qaytarmamışıdr. Borclu müqavilə bağlanılan vaxtdan hal-hazırki günə qədər Cəmiyyətə mal təqdim etməmişdir. Hazırda borclunun Cəmiyyətə ödənilməmiş pul öhdəliyi 63750 (altmış üç min yeddi yüz əlli) manat təşkil edir. Həmçinin, məlumat üçün bildiririlir ki, Azərbaycan Respublikasının Prezidentinin 400 saylı, 14 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Müqavilənin 2.4-cü maddəsinə əsasən "avans vəsaitindən istifadə müddətinin son tarixi bu müqavilənin müddətini aşmamalıdır”. Müqavilənin 10.2-ci maddəsinə əsasən “Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixədək qüvvədədir”. Eyni zamanda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədiyi üçün cəmiyyətə zərər vurmuşdur. Buna görə də iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)-1611/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, cavabdeh X2 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi üzrə yaranmış 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində pulun və ödənilmiş 290.81(iki yüz doxsan manat səksən bir qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı “Aqrar Tədarük və Təchizat“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)-1611/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)-1611/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 apellyasiya şikayətini onunla əsaslandırmış ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi müəyyənləşdirilmiş qaydada irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Bu şərtlə ki, iddia müəyyənləşdirilmiş qaydada verilmiş olsun. Məhkəmənin qənaətinə görə iddia müddəti o halda ötürülmüş sayılmalıdır ki, iddiaçı ixtiyarında olan müddət ərzində müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş olsun. Ş.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. İddiaçı hazırkı tələblə bağlı ilk dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə qətnamə çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi geri qaytarılmamış və xx.xx.2015-ci il tarixdə icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmışdır. İşin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən iş digər məhkəmənin icraatına verilmişdir. İşin məhkəmədə baxıldığı müddətlə eyni vaxtda iddia müddətinin axımı davam edə bilməzdi. Pretenziya qaydasına əməl olunmaması məsələsi isə iş üzrə son məhkəmə aktı olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin qərardad çıxarılana qədər iddia müəyyənləşdirilmiş qaydada verilmiş hesab edilmişdir. Belə olan vəziyyətdə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət iddia müddətinin axımının davam etmədiyi dövr kimi qəbul edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən məhkəmədə iddia qaldırdğından üç illik iddia müddəti ötürülməmişdir. Məhkəmənin bu mövqeyi ilə qəti razı deyil və hesab edir ki, məhkəmənin bu mövqeyi tam əsassız olmaqla qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı, tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli 41 saylı avans müqaviləsi üzrə pul tələb edir və həmin müqavilənin şərtlərinə əsaslanmışdır. İddiaçının da qeyd etdiyi kimi həmin müqavilənin 2.4-cü bəndinə əsasən "...avans vəsaitindən istifadə müddətinin son tarixi bu müqavilənin müddətini aşmamalıdır." Müqavilənin 10.2-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixədək qüvvədədir. İddiaçı "xxxx" ASC hazırkı, yəni «pul» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının istinad etdiyi və onun əsasında pul vəsaitinin tələb etdiyi cavabdeh E.Abdullayevlə bağlanmış "avans məbləğinin ödənilməsinə" dair müqavilənin tarixindən də göründüyü kimi həmin müqavilə 30 mart 2017-ci il tarixində bağlanmış və xx.xx.2017-ci iltarixədək qüvvədə olmuşdur. Yuxarıda qeyd edilənlərdən bir daha məlum olur ki, iddiaçı "xxxx" ASC xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müqavilə müddəti bitdiyi vaxtdan 4 il 7 aydan sonra müraciət etmişdir. Yəni, iddiaçı "xxxx" ASC iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin axımı xx.xx.2017-ci il tarixindən başlanmış və 3 ildən sonra yəni xx.xx.2020-ci il tarixdə bitmişdir. Hesab edir ki, yuxarıda qeyd edilənlərdən irəli gələrək "xxxx" ASC-nin iddia ərizəsi üzrə irəli sürdüyü tələbə iddia müddəti tətbiq edilərək iddia tələbləri rədd edilməlidir. Qeyd olunanlardan açıq-aşkar müəyyən olunur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi, yəni hazırkı iş üzə iddiaçı tərəfindən ilkin olaraq iddianın verilən xx.xx.2015-ci il tarixdən, həmin iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilən xx.xx.2021-ci il tarixə qədər olan müddətin iddia müddətinin axımının davam etmədiyi dövr kimi qəbul edilməsi tam qanunsuz və əsassızdır. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsas olduğundan, hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı «pul» tələbinə dair iddiası iddia müddətinin keçməsi əsasına görə də təmin edilməməlidir. Bundan əlavə qeyd etmək istəyir ki, hazırki məsələ, yəni iddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımının fərqli tənzimlənməsi ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsi də mövcuddur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: 30 mart 2017-ci il tarixli, 41 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə istehsalçı X5 arasında bağlanmış avans məbləğinin ödənilməsinə dair müqavilədən görünür ki, istehsalçı mülkiyyətində olan Tovuz rayonu, Hunanlar kəndində yerləşən 25 ha torpaq sahəsində əkdiyi kartofu və götürəcəyi 500 ton məhsulu Cəmiyyətə Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədarük edilən dövr üçün müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi nəzərdə tutulan cəmiyyət tərəfindən təsdiq olunmuş aqrotexniki plan üzrə istehsalçıya hissə-hissə ayrılacaq təsərrüfat xərclərinin məbləğini müəyyən edir və Azərbaycan Respublikasının valyutası olan manatla ödənilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, avans məbləği 63750 manat olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli cədvələ əsasən, hissə-hissə istehlakçının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixədək qüvvədədir. 18 may 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 63750 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmaqla, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Apellyasiya instansiyasında icraat: Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı: İddiaçı "xxxx" ASC apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, X5 ilə "xxxx" ASC arasında 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi imzalanmışdır. Müqavilənin 2.2-cü bəndinə uyğun olaraq 63750 (altmış üç min yeddi yüz əlli) manat məbləğində vəsait avans olaraq cavabdehin hesablaşma hesabına köçürülmüşdür. Müqavilənin 5.1-ci bəndinə uyğun olaraq cavabdeh 500 (beş yüz) ton kartof məhsulunu iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və ödənilmiş avans vəsaiti qarşılığında məhsullar təqdim edilməmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minmiş və 31 dekabr 2017-ci il tarixədək qüvvədə olmuşdur. Cavabdehin öhdəliyini icra etməsi üçün müəyyənləşdirilmiş müddət 31 dekabr 2017-ci il tarixində bitdiyindən həmin müqavilə üzrə iddia müddətinin axımı 01 yanvar 2018-ci il tarixdən başlamışdır. Hazırkı tələblə bağlı iddiaçı ilk dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Tovuz Rayon Məhkəməsi iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi geri qaytarılmamış və xx.xx.2019-cu il tarixdə icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmışdır. İşin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən iş digər məhkəmənin icraatına verilmişdir. İşin məhkəmədə baxıldığı müddətlə eyni vaxtda iddia müddətinin axımı davam edə bilməzdi. Bu səbəbdən, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət iddia müddətinin axımının davam etmədiyi dövr kimi qəbul edilməlidir (2 il, 2 ay 1 gün). Pretenziya qaydasına əməl olunmaması məsələsi isə, iş üzrə son məhkəmə aktı olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadın da göstərilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin qərardad çıxarılana qədər iddia müəyyənləşdirilmiş qaydada verilmiş hesab edilmişdir. xx.xx.2018-xx.xx.2019-cu il tarixləri ərzində iddia müddətinin axımı davam etmişdir (1 il, 2 ay 15 gün). iddia müddətinin axımı yenidən xx.xx.2021-ci il tarixində davam etməyə başlamışdır. xx.xx.2021-xx.xx.2022-ci il tarixləri ərzində iddia müddətinin axımı davam etmişdir (1 il, 2 ay, 5 gün). İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən məhkəmədə iddia qaldırmış və iddia müddətinin axımı dayanmışdır. Qeyd olunanlardan göründüyü kimi, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ümumi müddət 4 il, 6 ay, 21 gün olmuşdur. Həmin müddətin 2 il, 2 ay, 1 günü iş məhkəmə icraatında olmuş və iddia müddətinin axımı dayanmışdır. Beləliklə, 21 iyul 2022ci il tarixində yenidən məhkəməyə müraciət edilən zaman iddia müddəti ötməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 etirazda göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavadehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)-1611/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin hallarında görünüdüyü kimi 30 mart 2017-ci il tarixdə "xxxx" ASC ilə ərzaq məhsullarının istehsalçısı olan cavabdeh X5 arasında gələcək əmlakın alqı-satqısı və avans məbləğinin ödənilməsinə dair 41 saylı, 30 mart 2017-ci il tarixli qarışıq müqavilə bağlanmış, cavabdeh əldə etmiş olduğu avans məbləğinin müqabilində 500 ton kartof məhsulunun 31 dekabr 2017-ci il tarixədək iddiaçıya satılmasını öz öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bundan sonra iddiaçı təşkilat 15 mart 2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, iş üzrə 22 aprel 2020-ci il tarixli qətnamə qəbul edilmiş, lakin iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilərək, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş, Gəncə Kommersiya Məhkəməsi isə Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2021-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş və ərizə baxılmamış saxlanmışdır. Cavabdeh müqavilə üzrə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini xahiş etmiş, lakin birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməməsi qənaətinə gəlməklə, iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası cavadbehin iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı xx.xx.2019-cu il tarixdə həmin iddia tələbi üzrə yekun məhkəmə aktı Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2021-ci il tarixli qərardadı olmuşdur ki, həmin qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iddia, iddia müddətinin axımın başlanmasından 1 il, 2 ay 15 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə qaldırılmış və iddia xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər məhkəmələrin icraatında olmaqla, həmin müddət ümumilikdə 2 il, 2 ay 1 gün təşkil etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıldıqdan 1 il, 2 ay, 5 gün gün sonra yəni, xx.xx.2022-ci il tairixndə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia müddətinin axımın başladığı xx.xx.2018-ci il tarixdən hazırkı iddianın qaldırıldığı tarixədək 4 il, 6 ay, 21 gün müddət keçmişdir, həmin müddətin 2 il, 2 ay 1 günü əvvəlki iddianın məhkəmələrin icraatında olma müddəti olmuşdur ki, birinci instasniya məhkəməsi haqlı olaraq həmin müddəti iddia müddətinə daxil etməmişdir. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin tələbinə əsasən məhkəmədə iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmaqla, müddətin axımının kəsilməsi ilə iddia müddəti yenidən başlanır ki, bu zaman fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin, bu qayda iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılması hallarına aid olmamaqla, bununla bağlı qayda ayrıca olaraq Mülki Məcəllənin 381.1-ci maddəsi ilə tənzimlənməkdədir. Həmin maddənin tələbinə görə isə iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni, iddia müddətinin axımının kəsilməsi anınadək keçən müddət, iddia ərizəsinin baxılmamış saxlanması müddətindən sonra davam etməyə başlamaqla ümumi qaydada davam edir. Bu zaman iddia müddəti yenidən başlanmış hesab olunmur. Hazırkı iş üzrə isə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə kəsilmiş, həmin müddətədək keçmiş 1 il, 2 ay, 15 günlük iddia müddətinin axımı iddia ərizəsinin baxılmamış saxlanması müddətindən, yəni xx.xx.2021-ci il tarixdən etibarən axmağa başlamış, 1 il, 2 ay, 5 gün gün sonra, yəni xx.xx.2022-ci il tairixdə yenidən iddia qaldırılmışdır ki, bununla da iddiaçı iddia müddətinin axımın başlandığı gündən 2 il, 4 ay, 20 gün sonra iddia qaldırmalqa, 3 illik iddia müddətini ötürməmişdir. Buna görə də məhkəmə kollegiyası cavadbehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)- 1611/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)-1611/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-2(115)-1611/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar