Məhkəmə qərarları › İş №2-2(104)-78/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-78/2025

02.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-78/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(115)-553/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 38,835.01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 201.87 manat, İşsizlikdən sığorta fonduna olan 12.09 manat, İcbari Tibbi Sığorta Fonduna olan 199.01 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - 20 avqust 1973-cü il, doğulduğu yer - Ermənistan, Basarkeçər, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 201 manat 87 qəpik, İcbari Tibbi Sığorta Fonduna 199 manat 01 qəpik, dövlət büdcəsinə 38,835 manat 01 qəpik məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 38,835 manat 01 qəpik), İşsizlikdən sığorta fonduna 12 manat 09 qəpik olmaqla, ümumilikdə 39,248 manat 97 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********241100, xx.xx.2024cü il tarixli **********057600, xx.xx.2024-cü il tarixli **********257200, xx.xx.2024-cü il tarixli **********398200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunan şəxs tərəfindən həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə ərizənin təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçinin nümayəndəsi Orxan Qafarzadə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs birinci instansiya məhkəməsində iclasda iştirak etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 07 fevral tarixli e-2-2(115)-553/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixə "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 201 manat 87 qəpik, İcbari Tibbi Sığorta Fonduna 199 manat 01 qəpik, dövlət büdcəsinə 38,835 manat 01 qəpik məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 38,835 manat 01 qəpik), İşsizlikdən sığorta fonduna 12 manat 09 qəpik olmaqla, ümumilikdə 39,248 manat 97 qəpik borcu ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi borc hissəsində əsaslı olduğundan onunla razılaşır. Lakin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə faktiki hallara obyektiv hüquqi qiymət verməmiş, onlar tərəfindən borcdan ödənilmiş pulu nəzərə almamış, həmin məbləqdə pulu borcun ümumi məbləğindən çıxmamış və qətnamədə ümumi məbləğini tutulması ilə bağlı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasını qət etmişdir. Belə ki, məhkəmə gedişatı zamanı onun tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək borcdan 16,500 manat ödənildiyi bildirilmiş və qalan borcun tam ödənilməsi üçün məhkəməni bir ay müddətinə təxirə salınması xahiş edilmişdir. Məhkəmə bu xahişi nəzərə almamış və məhkəməni təxirə salmamışdır. Eyni zamanda məhkəmə onun ödədiyi 16,500 manat pulu borcun ümumi məbləğindən çıxmamışdır. Hazırda onun tərəfindən borcun hamısı – 39,248 manat 97 qəpik bütövlükdə ödənilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə heç bir borcu qalmamış və beləliklə də onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət qalmamışdır. Borcun tam ödənilməsi ödəniş qəbzləri və vergi orqanının arayışı ilə təsdiq olunur. Şikayət edilən qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsi qət etmişdir ki, "xxxx" MMC-nin ümumilikdə 39,248 manat 97 qəpik borcu ödənilənədək həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs "ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın, yəni məhkəmə bu məhdudlaşdırmanı borcun tam ödənilməsi ilə şərtləndirmişdir. Borc tam ödənildiyinə görə artıq məhdulaşdırmanın tətbiqinə ehtiyac yoxdur. Qeyd olunanlara əsasən maraqlı şəxs Gəncə Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli e-2-2(115)-553/2025 saylı qətnaməsi ləğv edilməsini, borc tam ödənildiyindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-nin direktoru olaraq onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Maraqlı şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun mövqedən çıxış etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərin bildiriməmişdir. Məhkəmə kollegiyası işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" MMC-nin 07 yanvar 2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 201 manat 87 qəpik, İcbari Tibbi Sığorta Fonduna 199 manat 01 qəpik, dövlət büdcəsinə 38,835 manat 01 qəpik məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 38,835 manat 01 qəpik), İşsizlikdən sığorta fonduna 12 manat 09 qəpik olmaqla, ümumilikdə 39,248 manat 97 qəpik borcu vardır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Vergi Məcəlləsinin 77.1, 23.1.15-3, habelə Mülki Prosessual Məcəllənin 355-5.1, 355-7.3, 355-7.4-cü maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, ərizə təmin edilməlidir. Borcun bir hissəsinin məhkəmə qətnaməsindən öncə, digər hissəsinin isə məhkəmə qətnaməsi elan edildikdən sonra ödənilməsi həmin qətnamənin ləğv üçün əsas ola bilməz, belə ki, ərizəyə baxılan zaman borcun mövcudluğu tam olaraq təsdiqini tapmışdır. Borc tam olaraq ödənildikdən sonra isə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qeyd ləğv olunur və məhdudiyyət avtomatik olaraq aradan qalxır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-553/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar