Məhkəmə qərarları › İş №2-2(104)-79/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-79/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-79/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-55/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-55/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdehnə arasında bağlanmış 21 fevral 2023-cü il tarixli SHA-HCT/232012 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış 160402 (bir yüz altmış min dörd yüz iki) manat 93 (doxsan üç) qəpik məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 229 (iki yüz iyirmi doqquz) manat 40 (qırx) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək birinci instansiya məhkəmıəsinin qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 fevral 2023-cü il tarixli Cavabdeh MMC SHA–HCT/232012 saylı alqı-satqı müqaviləsi öhdəliklərini icra etmədiyinə görə Cavabdeh MMC-dən mal dəyəri olaraq xx.xx.2023-cü il tarixli EBDG seriyalı 542778 saylı e-qaimə üzrə ödənilməmiş 160402,93 manat və ya müqavilə ekvivalenti üzrə 94354,66 ABŞ dolları dəyərində ödənilməmiş müqavilə dəyərinin, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 205240 saylı e-qaimə əsasında 160565 manat dəyərində cavabdehin vurduğu zərərə görə məbləğin (ümumilikdə 320967,96 manat), ödənilmiş 400 manat mediasiya xərcinin və 221 manat dövlət rüsumunun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmiyyətin fəaliyyətinin əsasını tütünçülük təsərrüfatı təşkil edir. Quru tütün məhsullarının satışı istiqamətində 21 fevral 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında SHA–HCT/232012 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC 2022-ci istehsal mövsümü üzrə topladığı bütün quru tütün məhsullarını xüsusi ixrac qeydi əsasında xarici ölkələrə ixrac edilməsi məqsədi ilə Cavabdeh MMC-yə satmışdır. Cavabdeh MMC müqavilə əsasında mal dəyəri olaraq 271100 ABŞ dolları dəyərində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtləri əsasında göstərilən 1, 2, 3-cü növlərə aid 143 ton qurudulmuş, fermentlənmiş, çeşidlənmiş, qablaşdırılmış tütün məhsulları tam şəkildə Cavabdeh MMC-nin tam öhdəliyinə verilmiş və həmin məhsullar tam şəkildə İddiaçı MMCnin anbarlarından Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə təhvil verilmişdir. Mal dəyəri olaraq, cavabdehin elektron vergi kabinetinə malın qəbul periodlarına uyğun şəkildə üç ədəd elektron qaimə göndərilmiş və e-qaimələr cavabdeh tərəfindən qəbul edilmişdir. Bunlar xx.xx.2023-cü il tarixli EBDA seriyalı 759824 saylı 170000 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 257556 saylı 133877,04 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDG seriyalı 542778 saylı 160402,93 manat dəyərində mal dəyərini əks etdirən eqaimələrdir. Məhkəməyə təqdim edilən təhvil-təslim aktlarından da göründüyü kimi qeyd edilən iki qaimə üzrə cavabdeh müqavilə şərtlərindən kənar, uzun fasilələrlə ödənişlər etsə də malları qəbul etməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 542778 saylı 160402,93 manat dəyərində qaimə üzrə mal dəyərini ödəməkdən imtina edir. Cavabdeh malları sataraq gəlir əldə etsə də, müxtəlif bəhanələrlə müqavilə dəyərini ödəməkdən yayınır. İddiaçı MMC müqavilənin bütün bəndləri üzrə şərtlərə əməl etməklə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin Cavabdeh MMC qeyd edilən müqavilənin 3.2. müddəasını pozmaqla, müqavilə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Müqavilə dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə icranı gecikdirmiş ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin icranı gecikdirməsi nəticəsində İddiaçı MMC müqavilə münasibətində olan fermerlərə tütün əkini üçün avans verə bilməmiş, bunun nəticəsində də faktiki müqavilə öhdəlikləri üzrə avans məbləğlərini ödəyə bilmədiyindən, fermerlərə 89822 manat borclu qalaraq, ziyan etmiş, iki ay fərqi ilə cəmiyyətdə çalışan işçilərin 60000 manat dəyərində əmək haqlarını və İddiaçı MMC-yə məxsus istehsalat məntəqəsinin istehsalatla bağlı 10743 manat kommual xərclərini ödəyə bilməmişdir. Bu məqsədlə də yaranmış vəziyyətə görə cavabdehlə danışıqlar aparılmış və cavabdeh mövcud vəziyyətlə bağlı zərəri ödəyəcəyinə vəd vermiş, bu razılıq əsasında dəymiş zərərin ödənilməsinə görə e-qaimə göndərilməsini tələb etmişdir. Bu səbəblə cavabdehin elektron vergi kabinetinə vurulmuş zərərin ödənilməsinə görə xx.xx.2023-cü il tarixli EBDL seriyalı 205240 saylı 160565 manat dəyərində zərər həcmində e-qaimə göndərilmişdir. Cavabdeh tərəf zərər məbləğini qəbul edərək qaiməni təsdiq etmişdir. Göstərilənlərə əsasən cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərinə vicdanlı yanaşmamış, bunun nəticəsində də iddiaçının fəaliyyətinə külli miqdarda faktiki zərər vurmuşdur. İddiaçı və cavabdehin arasında olan alqı-satqı müqaviləsinin 8-ci maddəsinə əsasən - öz öhdəliklərini tam və lazımınca icra etməyən tərəf, digər tərəfə vurduğu zərərə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddia tarixinə cavabdehin öhdəliklərini icra etmədiyinə görə vurduğu faktiki zərər dəyəri 89822 manat (fermerlərə olan borca görə) + 60000 manat (iki ayın əmək haqlarının ödənilməməsinə görə) + 10743 manat (kommual xərclər) olmaqla, cəmi 160565 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehin vergi kabinetinə son olaraq, xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş, pretenziya əsasında da öhdəlik icra edilməmişdir. İş üzrə Cavabdeh MMC iddiya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı təşkilat ilə bərabər həmçinin “X15” şirkəti ilə müqavilələri vardı. Həmin şirkətlərin adları fərqli olsa da rəhbərliyi eynidi. İşlərinin spesifikası belədir ki, hər iki şikətlə müqavilə ayrılıqda bağlasalar da razılaşmanı eyni şəxslə edirlər. İddiaçıdan alınan tütün müqabilində tərəflərindən ödənişlər edilmişdir. Digər MMC də müqavilə əsasında ödənişlər edilməsinə baxmayaraq tütün onlara təhvil verilməmişdir və onlara verilməli olan mal satılmışdır. Belə ki, “X15” şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli D/S-04/23 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli əlavə 1 (X1) üzrə, tərəflərindən xx.xx.2023-cü il tarixində 70000 manat, xx.xx.2023-cü il tarixində 70000 manat və xx.xx.2023-cü il tarixində 35500 manat ümumilkdə 175500 manat ödəniş edilmişdir. MMC tərəfindən 95248,04 manat dəyərində 32957,80 kq-lıq mal təqdim edilmişdir. Cəmiyyətləri tərəfindən ödəniş edilməsinə baxmayaraq, qarşı tərəfdən 80251,96 manat dəyərində mallar təqdim edilməmişdir. Bu səbəbdən də ixracatçısı olduqları müəssisələrə tərəflərindən malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə (bağlaşmada) göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə Azərbaycanj Respublikası Sahibkarlıq Haqqında Qanunu, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunları üzrə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. Həmiçinin iddiaçı tərəfin nümayəndəsi mediasiya prosesində eyni zamanda “X15” şirkəti də təmsil etmiş və həmin prosesdə onların nümayəndəsinə tərərflərindən təklif olunmuşdur ki, ödənilən pul müqabilində malı təhvil versinlər, bundan sonra da onlar ödənişlərini tamamlayacaq. Lakin qarşı tərəf onlarla razılaşmamışdır. Qeyd olunan şirkətlərlə bağlı ayrı-ayrı müqavilələr olsa da faktiki rəhbərlik eynidir. Ona görə də aralarında mediasiya prosesində razılıq əldə olunmadı. “X15” şirkəti onların qarşısında olan öhdəliklərini yerinə yetirmədiyinə və onlar alacağı malı xaricə ixrac edə bilmədikləri üçün Rusiyada olan şirkət qarşısında çətin vəziyyətdə qalmışlar. Bu səbəbdən müəyyən öhdəlikləri icra edə bilməmişlər. Hazırki etirazlarına əlavə olunan sənədlərdən də göründüyü kimi “X15” şirkəti ödənilən pul müqabilində mal təhvil-təslim işini həyata keçirməmişdir. Bunları nəzəzrə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, onların iddiaçı təşkilat ilə bərabər həmçinin “X15” şirkəti ilə müqavilələri vardı. Həmin şirkətlərin adları fərqli olsada rəhbərliyi eynidi. İşlərin spesifikası belədir ki, hər iki şirkətlə müqavilə ayrılıqda bağlasalar da, razılaşmanı eyni şəxslə edirlər. İddiaçıdan alınan tütün müqabilində ödənişlər edilmişdir. Digər MMC-yə də müqavilə əsasında ödənişlər edilməsinə baxmayaraq tütün onlara təhvil verilməmişdir və onlara verilməli olanlar satılmışdır. Belə ki, “X15” şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli D/S-04/23 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli ƏLAVƏ 1 (X1) üzrə, tərəflərindən xx.xx.2023-cü il tarixində 70000 AZN, xx.xx.2023-cü il tarixində 70000 AZN və xx.xx.2023-cü il tarixində 35500 AZN ümumilikdə 175500 AZN ödəniş edilmişdir. MMC tərəfindən 95248.04 AZN dəyərində 32957.80 kq-lıq mal təqdim edilmidir. Cəmiyyət tərəfindən ödəniş edilməsinə baxmayaraq, qarşı tərəfdən 80251.96 AZN dəyərində mallar təqdim edilməmişdir. Bu səbəbdən də ixracatçısı olduqları müəssisələrə malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə (bağlaşmada) göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə Azərbaycan Respublikası Sahibkarlıq Haqqında Qanunu, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunları üzrə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. İddiaçı tərəfin nümayəndəsi mediasiya prosesində eyni zamanda “Zaqatala AQRO İNDUSTY” şirkətini də təmsil etmiş və həmin prosesdə onların nümayəndəsinə təklif olunmuşdur ki, ödənilən pul müqabilində malı təhvil versinlər, bundan sonra da onlar ödənişlərini tamamlasınlar. Lakin qarşı tərəf onlarla razılaşmamışdır. Qeyd olunan şirkətlərlə bağlı ayrı-ayrı müqavilələr olsa da faktiki rəhbərlik eynidir. Ona görə də aralarında mediasiya prosesində razılıq əldə olunmadı. “Zaqatala AQRO İNDUSTY” şirkəti onalrın qarşısında olan öhdəliklərini yerinə yetirmədiyinə və alacaqları malı xaricə ixrac edə bilmədiyi üçün Rusiyada olan Şirkət qarşısında çətin vəziyyətdə qalmışıq. Bu səbəbdən müəyyən öhdəlikləri icra edə bilməmişlər Hazırki etiraza əlavə olunan sənədlərdən də göründüyü kimi “X15”şirkəti ödənilən pul müqabilində mal təhvil-təslim işini həyata keçirməmişdir. Hazırkı iş üzrə məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da prossesual hüquq normalarını pozmuşdur. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-55/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2023-cü il tarixli SHA-HCT/232012 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və (və ya) əlavələrində (bundan sonra əlavələr) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini bu müqaviləyə və ya əlavələrlə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SHA-HCT/232012 saylı alğı-satqı müqaviləsinə 1 nömrəli əlavə X1ndan görünür ki, bağlanmış müqaviləyə əsasən malmaterialların dəyərinin 271100 ABŞ dolları məbləğində olması, istidə qurudulmuş 1-ci sort tütün yarpağı 58 ton 1 kq-nın qiyməti 2,10 ABŞ dolları olmaqla məbləği 121800 ABŞ dolları, istidə qurudulmuş 2-ci sort tütün yarpağı 24 ton 1 kq-nın qiyməti 1,90 ABŞ dolları olmaqla 45600 ABŞ dolları, istidə qurudulmuş 3-cü sort tütün yarpağı 61 ton 1 kq-nın qiyməti 1,70 ABŞ dolları olmaqla 103700 ABŞ dolları olaraq razılaşdırılmışdır. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC-yə məxsus olan “X12” MMC-nin anbarında saxlanılan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 8677,4 kq olan 3-cü növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 13396,8 kq olan 3-cü növ quru tütün, xx.xx.2023-cü il tarixli təhviltəslim aktına əsasən çəkisi 11486,35 kq olan 1-ci növ, çəkisi 1513,5 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 14340 kq olan 1-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 7884,4 kq olan 1-ci növ, çəkisi 6172,2 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 8794 kq olan 1-ci növ, çəkisi 5106 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 14438,8 kq olan 1-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 13141,6 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına əsasən çəkisi 12870 kq və 13620 kq olan 3-cü növ quru tütün və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən isə çəkisi 12760 kq olan 3-cü növ quru tütün Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDA seriyalı 759824 nömrəli elektron qaiməyə əsasən 170000 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 257556 nömrəli elektron qaiməyə əsasən 133877,04 manat və xx.xx.2023-cü il tarixli EBDG seriyalı, 542778 nömrəli elektron qaiməyə əsasən isə 160402,93 manat dəyərində malların qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülümüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 160565 manat məbləğində alqı-satqı müqaviləsi əsasında dəymiş ziyanın ödənilməsi barədə qaimə ötürülmüşdür. İş materialllarında olan 05 dekabr 2023-cü il tarixli SHT-030/23 saylı maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı MMC 2022-ci ilin istehsal etdiyi tütün məhsullarının hamısını 271100 ABŞ dolları dəyərində cavabdehə satmış və cavabdeh malları bütünlüklə qəbul etmişdir. Qeyd edilən müqavilə münasibətlərindən cavabdeh müqavilə öhdəliklərini icra etməyərək Cəmiyyətə olan 94354,66 ABŞ dolları (160402,93 manat dəyərində borclu qalaraq, İddiaçı MMC-ni illik gəlirdən məhrum etməklə, Cəmiyyətin istehsal proseduruna zərər vurmuşdur. Qarşılıqlı anlaşma zəminində zərərin könüllü ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli EBDL seriyalı 205240 nömrəli 160565 manat dəyərində zərər həcmində elekrton qaimə göndərilmişdir. Cavabdeh nə borc öhdəliyini, nə də ki, dəymiş zərərin məbləğini ödəməmişdir. Cəmiyyət 2022-ci ilin stehsal mövsümü üzrə fermerlərdən tütün istehsalına yardım məqsədilə müqavilələr bağlamaqla avans vermə öhdəliyi götürmüşdür. Müqavilə münasibətlərində olan fermerlərə 89822 manat üzrə öhdəlik götürdükləri avans məbləğindən gəlir əldə edə bilmədikləri üçün ödənişləri icra edə bilməmişlər və fermerlərə borclu qalmışlar. Bundan əlavə müqavilə üzrə Cəmiyyətə çatacaq vəsaiti ala bilmədiklərindən 60000 manat (iki ayın əmək haqlarının ödənilməməsinə görə) və 10743 manat (kommunal xərclər) üzrə də cari borcları yaranmışdır ki, bütün bu vəsaitləri başqa mənbələrdən borc alaraq, müəyyən qisimdə enerji təchizatı qurumlarından möhlət alaraq saxlamışlar. Bütünlüklə Cəmiyyətin 21 fevral 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqısatqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyinə görə hazırki vəziyyətə 160565 manat dəyərində zərər etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 01 saylı və 02 saylı müqaviləyə əsasən 15 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avansın məbləği 1700 manat, İddiaçı MMC ilə X7 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 03 saylı müqaviləyə əsasən 10 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avansın məbləği 1700 manat, İddiaçı MMC ilə X9 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 04 saylı müqaviləyə əsasən 10 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avans məbləği 1700 manat, İddiaçı MMC ilə X5 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 05 saylı müqaviləyə əsasən 10 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avans məbləği 1700 manat, İddiaçı MMC ilə X2 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 06 saylı müqaviləyə əsasən 15 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avans məbləği 1700 manat təşkil etməklə “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) (bundan sonra “Yaş tütün”) sifarişçi İddiaçı MMC-yə satmağı, sifarişçi isə icraçının istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul edilmiş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X3” MMC ilə X8 arasında bağlanmış 05 avqust 2023-cü il tarixli 08 saylı borc müqaviləsindən görünür ki, müqaviləyə əsasən borc verən X8 130000 ABŞ dolları məbləğində pul vəsaitini borc alan “X3” MMC-yə müxtəlif vaxtlarda və hissəhissə verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə borc məbləğini hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SHT-025/23 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və (və ya) əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən malların dəyəri ümumilikdə 271100 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya 160402 manat 93 qəpik məbləğində borcu yaranmışdır İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 160402 manat 93 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində cavabdehdən vurduğu zərərə görə 160565 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəməyə fermerlərlə bağladığı müqavilələri və hüquqi şəxsin təsisçisinin başqa şəxslə bağladığı borc müqaviləsini təqdim etsə də fermerlərə hansı məbləğdə pul ödəməsi, hansı məbləğdə ödəyə bilməməsi, məhz cavabdehin icranı gecikdirməsi nəticəsinə ödənişləri həyata keçirə bilməməsi ilə bağlı, eləcə də təsisçinin borc alması ilə bağlı iddiaçının ziyana düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddısinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan almış olduğu 160402,93 manat dəyərində malların dəyərini ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin vurulmuş zərərə görə 160565 manat məbləğində pulun tutulması hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehlərin iddiaçıya zərər vurması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, onların iddiaçı təşkilat ilə bərabər həmçinin “X15” şirkəti ilə müqavilələri vardı. Həmin şirkətlərin adları fərqli olsa da rəhbərliyi eynidi. İşlərin spesifikası belədir ki, hər iki şirkətlə müqavilə ayrılıqda bağlasalar da, razılaşmanı eyni şəxslə edirlər. “X15” şirkətinə ödəniş etmələrinə baxmayaraq sonuncu tərəfindən 80251.96 AZN dəyərində mallar təqdim edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı MMC ilə “X15” şirkətinin rəhbərinin eyni şəxs olması heç də İddiaçı MMC-nin “X15” şirkətinin öhdəliklərinə görə məsuliyyət daşımasına gətirib çıxarmır. Belə ki, Mülki Məcəllənin 52.1-ci maddəsində də göstərilir ki, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Mülki qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi hüquqi şəxs öz öhdəliyi üçün məsuliyyət daşıyır və cavabdehin borclu olduğunu iddia etdiyi “X15” şirkətinə qarşı müvafiq iddia ilə müraciət etmək hüququ vardır. Odur ki, məhkmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-55/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar