Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-85/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-51/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-51/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı “X2 Kompleksi” MMC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-51/2024 nömrəli qətnaməsini tamamilə ləğv edilib 2829,14 manat əsas borcun, 565,83 manat cərimənin və 60 manat ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 4117 manat, cərimə borcuna görə 823 manat və ödənilmiş dövlət rüsumuna görə 69,40 manat olmaqla cəmi 5009 manat 40 qəpik pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 117 saylı xam-pambığın alqısatqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən ümumilikdə 5406 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 1288 manat dəyərində xam pambıq təhvil verməklə ödəmişdir. Beləliklə, cavabdeh müqavilənin bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4117 manat əsas borcu və 823 manat cərimə borcu yaranmışdır. İddiaçı “X2 Kompleksi” MMC iddia ərizəsinə bir neçə dəfə dəqiqləşdirmə ərizəsi vermişdir, sonuncu dəfə 01 noyabr 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2830 manat əsas borc, 566 manat hesablanmış cərimə borcu və ödənilmiş 60 manat mediasiya xərci olmaqla, cəmi 3426 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qətnamə ilə razı deyillər. Belə ki, "xxxx" ASC-nin Abşeron filialının 6-2-46/2-96 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında tərəflərindən cavabdehin bank hesabına ümumilikdə 2240,00 manat pul köçürülmüşdür. Eyni zamanda, Cavabdeh razılıq ərizəsinə əsasən, əkdiyi pambığın suvarılması zamanı istifadə edilən suyun dəyəri olaraq 41,80 manat “X2 Kompleksi” MMC tərəfindən X1 İdarəsinin hesabına ödənilmişdir. Bundan əlavə, cavabdeh xx.xx.2021-ci il tarixdə Cəmiyyətə ərizə ilə müraciət edərək, ona müxəlif adlı malların verilməsini xahiş etmiş, müxtəlif vaxtlarda tərtib edilmiş və cavabdehin imzası ilə təsdiq edilmiş aktlardan görünür ki, 2021-ci il ərzində pambığın yetişdirilməsi yönündə Cəmiyyət tərəfindən müxtəlif işlər görülmüş və mal-materiallar təhvil verilmişdir. Bütün bunları nəzərə alaraq, hesab edirlər ki, iddia tam əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Cavabdeh öhdəliklərinin icrasını gecikdirdiyinə görə, müqavilənin 5.2-ci bəndinə əsasən təhvil verilməyən xam pambığın dəyərinin 20% məbləğində, yəni 565,83 manat məbləğində cərimə ödəməlidir. Məhkəmə borcun həm natura, həm də nağd pul formasında cavabdeh tərəfindən qismən ödənildiyini və bununla borcu etiraf etdiyini nəzərə almamışdır, bu səbəbdən məhkəmə düzgün nəticəyə gəlməmişdir. İddiaçı “X2 Kompleksi” MMC xx.xx.2021-ci il tarixli 117 saylı xam pambığın alğı-satqısı müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş, cavabdehə 2240,00 manat avans məbləğ ödəmiş, həmçinin 1769,44 manat məbləğində gübrə, dərman, toxum təhvil vermiş, 1039,90 manat dəyərində xidmətlər icra etmiş, 41,80 manat məbləğində cavabdehin əvəzinə X1 İdarəsinin ödəmişdir. Cavabdeh isə 5091,14 manat dəyərində pambıq təhvil verməli olduğu halda, cəmi 1288,50 manat dəyərində pambıq təhvil vermiş, eyni zamanda 973,50 manat nağd olaraq şirkətə qaytarmış, müqaviləni qalan hissədə icra etməmişdir. "xxxx" ASC-nin Abşeron filialının 6-2-46/2-96 nömrəli xx.xx.2024-cü il tarixli məktubu – birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra əlavə sübutların alınması məqsədilə xx.xx.2024-cü il tarixində banka məktub göndərilmiş və bu məktuba cavab olaraq, cavabdehə edilmiş ödənişlər barədə məlumat təqdim edilmişdir. Cavabdehin razılıq ərizəsi və Kapital Bank ASC-ninOD12 nömrəli ödəniş tapşırığı – birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra müraciətimiz əsasında arxivdən aşkar edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsi və müxtəlif tarixlərdə tərtib edilmiş qaiməfakturalar və aktlar - birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra müraciətləri əsasında filialın arxivindən aşkar edilmişdir. Beləliklə də, cavabdehin ümumilikdə iddiaçıya 2829,14 manat borcu qalmışdır və ödənilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair cavabdehin izahatını dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “X2 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair 117 saylı müqavilədən görünür ki, fermer Cavabdeh 4 ha torpaq sahəsində pambıq əkib alıcı “X2 Kompleksi” MMC-yə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə ilə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin Bərdə PİEZ-in fermeri Cavabdeh 2021-ci il təsərrüfat ilində göstərilən xidmətlər, anbardan buraxılan mal-material və bank hesabına köçürülən avans vəsaitlərinin açıqla cədvəli haqqında arayışa əsasən "X2 Kompleksi" MMC tərəfindən Cavabdeh ümumi verilmiş avansın 5091,138 manat, xam pambığın dəyərinin 1288,50 manat, ödənilmiş avans borcunun 973,50 manat, qalıq avans borcunun isə 4117,64 manat olması göstərilmişdir. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli pambıq qəbulu barədə qəzdən görünür ki, Cavabdeh tərəfindən “X2 Kompleksi” MMC-yə 1288,50 manat məbləğində pambıq təhvil verilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 5406,10 manat avans borcu yaranmışdır. Yaranmış avans borcdan 1288,50 manat dəyərində xam pambıq verməklə ödənilmiş, nəticədə onun Cəmiyyətə 4117,64 manat borcu qalmışdır. Beləliklə, 5882 kq kondisiya çəkidə xam pambıq təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcu barədə məlumat verilmiş, məsuliyyəti barədə xəbardarlıq edilmişdir. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli “Üzləşmə akt”ından görünür ki, Cavabdeh “X2 Kompleksi” MMC-yə 4117,64 manat məbləğində borcunun olması qeyd edilsə də, həmin akt Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “X2 Kompleksi” MMC ilə və Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 117 saylı xampambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıya ümumilikdə 5406 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verildiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin Abşeron filialının 6-2-46/2-96 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında tərəflərindən cavabdehin bank hesabına ümumilikdə 2240,00 manat pul köçürülmüşdür. İş materiallarına görə cavabdeh tərəfindən iddiaçıya 1288 manat dəyərində xam pambıq təhvil verilmiş, 973,50 manat isə avansdan qaytarmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə bağlanmış 07 yanvar 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xampambığın alqı-satqısına dair 117 saylı müqaviləyə istinad edib cavabdehə 5091 manat vəsait (nağd vəsait, dərman, gübrə və s) verdiyini, cavabdehin isə 2261 manat məbləğində xam pambıq təhvil verdiyini bildirməklə cavabdehdən 2830 manat əsas borc, 566 manat cərimə tələb etsə də nağd avansın verilməsi, habelə xidmətlərin göstərilməsi və malların təhvil verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş üzləşmə aktı isə cavabdeh tərəfindən imzalanmaqdan imtina edilmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə müqavilə bağlasa da ona müqavilə üzrə nağd vəsaitin, malın verilmədiyini və xidmətlərin göstərilmədiyini, pambığı isə öz vəsaiti hesabına əkibbecərdiyini, yığdığı məhsulu isə iddiaçıya verdiyini, lakin pulunu ala bilmədiyini bildirmişdir. İddiaçı isə ona məhkəmə tərəfindən kifayət qədər vaxt verilməsinə baxmayaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehə iddiaçı tərəfindən nağd vəsaitin verilməsi, malın verilməsi və xidmət göstərilməsi ilə bağlı hər hansı sübut olmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı tərəfindən 60 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı təşkilat cavabdehə 5406 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verildiyini göstərmiş olsa da, məhkəməyə həmin halı, yəni cavabdehə 5406 manat avans vəsait (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verildiyini təsdiq edən sübut təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X3 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, e-2-2(115)- 236/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-51/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-85/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-85/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver