Məhkəmə qərarları › İş №2-2(104)-86/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-86/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-86/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-62/2024 saylı qətnaməsindən İddiaçı Firması və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-62/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMCdən 63366 (altmış üç min üç yüz altmış altı) manat məbləğində borc və 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Firmasına ödənilməsi, Cavabdeh MMC-dən 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Firması apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Firması Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı müqavilə üzrə 130.000 manat pul məbləğinin və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinə əsasən alkoqollu içkilərin alğı-satqısı ilə bağlı razılaşma əldə olunmuşdur. xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC-yə ümumilikdə 130.000 manat məbləğində vəsait ödənilmişdir, lakin cavabdeh tərəfindən hər hansı məhsul təqdim edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin Cavabdeh MMC tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddiaçının tələb etdiyi 130.000 manat məbləğində puldan 61883.99 manat dəyərində spirtli içkilərin İddiaçı Firmasına verilməsi elektron qaimələrlə təsdiq olunur. 130.000 manat puldan ümumilikdə 96633.99 manatın iddiaçıya qaytarılması barədə kifayət qədər sübutlar mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Firması apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında cavabdehin nümayəndəsi Cavabdeh MMC-nin ümumiyyətlə hər hansı alkoqollu məhsulların istehsal etmədiyini və satışı ilə məşğul olmadığını qeyd etmişdir. Bununla da sual yaranır ki, istehsalı və satışını həyata keçirməyən müəssisə hansı yolla və ya üsulla 61884 manat dəyərində məhsulun iddiaçıya təhvil verilməsinə nail olmuşdur. Bundan başqa sübut qismində qiymətləndirilən xx.xx.2022-ci il tarixli qaimə-faktura ümumiyyətlə İddiaçı firması tərəfindən qəbul edilməmiş və sistem tərəfindən təsdiqlənmişdir. Bundan başqa qeyd olunan qaimə fakturalar sübut qismində qəbul edilə bilməzlər. Belə ki, həmin qaimələr öz-özlüyündə malların təqdim edilməsini təsdiq etmir və həmin qaimə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli idi. Lakin cavabdeh tərəfindən elektron qaimədən başqa hər-hansı sübut təqdim edilməmiş, əksinə ümumiyyətlə spirli içkilərin istehsalı və satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan əlavə elektron qaimənin əsası təhvil-təslim aktı olmalıdır. Lakin cavabdeh tərəf hər hansı təhvil-təslim aktını mövcud olmadığını qeyd etmişdir. Bundan başqa cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi təqdim edib, həmin etirazda müqavilənin uydurma əqd olmasını qeyd etmişdir. Bu məqam bir də onu təsdiq edir ki, cavabdeh tərəfindən hər hansı məhsulun iddiaçıya təhvil verilməsindən söhbət gedə bilməz. İddiaçı Firması tərəfindən 130.000 manat məbləğində vəsait Cavabdeh MMC-yə ödənilmiş, bununla da alıcı tərəfindən üzərinə düşən öhdəliklər icra edilmiş, lakin satıcı tərəfindən hər hansı məhsul təhvil verilməmişdir. Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, xx.xx.2022-ci il tarixli, EBBP 542199 nömrəli və xx.xx.2022-ci il tarixli EBBP 131259 nömrəli elektron qaimələr əsasında Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına ümumlikdə 61884 manat dəyərində malın verildiyini və avans olaraq 4750 manat pulun köçürüldüyünü nəzərə almış olsa da, İddiaçı Firmasının rəhbəri Aslanlı Zahid Həsən oğlunun Sumqayıt Şəhər Polis İdarəsinə vermiş olduğu şikayət ərizəsi əsasında araşdırma aparılan zaman sonuncunun izahatı alınarkən, Cavabdeh MMC-nin hesabına köçürdüyü 130.000 manat pulun 30.000 manatını 2022-ci ilin fevral ayında tanışı X4 tərəfindən ona qaytarılması, qalan 100.000 manat pulun isə qaytarılmaması barədə göstərdiklərini nəzərə almaq istəməmişdir. Halbuki, Aslanlı Zahid Həsən oğlu izahatında X4 tərəfindən ona qaytarılmış 30.000 manat pulun onun tərəfindən Cavabdeh MMC-nin hesabına köçürdüyü 130.000 manatın bir hissəsi olduğunu açıq-aşkar bildirmişdir. Hətta, istintaq orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında Z.H.Aslanlının bu barədə göstərmiş olduğu xüsusatlara da hüquqi qiymət verilmişdir. Məhkəmə bu qənaətini belə əsaslandırmağa çalışmışdır ki, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarında Aslanlı Zahid Həsən oğlu ilə X5 arasında alkoqollu içkilərin alqı-satqısına dair müqavilənin bağlanmış olması aparılmış istintaqla müəyyən olunmuş fakt kimi göstərilsə də, işin hallarından görünür ki, həmin şəxslər arasında belə bir müqavilə mövcud deyildir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsində nəzərdə tutulan məhkəmənin qanuni qüvvəyə minmiş qərarı deyil, həmçinin X4 hazırkı iş üzrə tərəf deyildir. Ona görə də həmin qərar hazırkı iş üzrə preyudisial xarakter daşımır. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, 130.000 manat pulun 30.000 manat hissəsinin hansı əsasla nəğd şəklində X1 olması məlum deyildir və bu barədə sübutlar təqdim edilməmişdir. Maraqlısı budur ki, əgər Aslanlı Zahid Həsən oğlunun özü izahatında X5 tərəfindən ona mübahisəli 130.000 manat pulun 30.000 manat hissəsinin qaytarıldığını etiraf edirsə, nə üçün bu fakt nəzərə alınmamalıdır? Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını və müki qanunvericilikdə nəzərdə tutulmuş vərəsəlik hüququnu kobud şəkildə pozan qətnamənin çıxarılmasına nail olmuşdur. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçının nümyəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, qeyd olunan alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh iddiaçı ilə anbar kimi istifadə edilməsi üçün 250 kv.m qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə dair müqavilə də bağlamışdır, hansı ki həmin anbarda satış üçün nəzərdə tutulan spirtli içki məhsullarını saxlamalı idi, yəni cavabdeh spirtli içki məhsullarının emalı və satışı ilə müvafiq icazə ilə məşğul olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsinə dair cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan pulun məbləği hissəsində dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində Cavabdeh MMC, alıcı qismində İddiaçı Firması iştirak etmiş, satıcı malları alıcıya verməyi, alıcı isə razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin alğı-satqı müqaviləsinə aid olan xx.xx.2021-ci il tarixli 001 nömrəli Əlavə Razılaşmadan görünür ki, tərəflər avans olaraq alkoqollu içkilərin alışı üçün 100 000 manat ödənilməsi və həmin məbləğdə mallar təqdim edildikcə satıcı tərəfindən elektron qaimə fakturalar təqdim edilməsi ilə bağlı əlavə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100 000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 19830.51 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 10169.50 manat olmaqla, cəmi 130 000 manat İddiaçı Firması tərəfindən "xxxx" LTD MMC-yə avans olaraq ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBBP 131259 nömrəli elektron qaimədə isə 22011.24 manat, xx.xx.2022-ci il tarixli, EBBP 542199 nömrəli elektron qaimədə 30432.82 manat dəyərində spirtli içkilərin müqavilə əsasında İddiaçı Firmasına göndərilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə aparılması barədə bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına 4750 manat məbləğində pul avans kimi köçürülmüşdür. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, İddiaçı Firmasının rəhbəri olan Aslanlı Zahid Həsən oğlu Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək tanışı X3 Tovuz rayonu Qaraxanlı kəndində yerləşən araq zavodunu icarəyə götürərək birgə işlətmək üçün 130 000 manat pul verdiyini, pulu sonuncunun təklifi ilə X6 məxsus şirkətin hesabına köçürdüyünü, lakin X2 onu aldatdığını, ona görə də aralarında mübahisə yarandığını, bu səbəbdən də hüquqmühafizə orqanlarına müraciət etdiyini göstərmişdir. Aslanlı Zahid Həsən oğlu izahatında həmçinin göstərmişdir ki, 2022-ci ilin fevral ayında Nazim Dursunov ona həmin zavodda araq istehsalı işi başladığını, həmin satışdan 30000 manat pul əldə etdiyini demiş, həmin 30000 manatı gətirib ona vermişdir. Nazim Duşdurov ona qalan 100 000 manat pulunu qaytarmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Bakı şəhərində spirtli içkilərin ticarəti ilə məşğul olur. Aslanlı Zahid Həsən oğlunu 20 ildir ki tanıyır. Sonuncu Bakı şəhərində “Hissa” şadlıq sarayının sahibidir. 2021-ci ilin sentyabr ayında Zahid ona spirtli içki lazım olduğunu, ona görə də 100 000 manat pul verəcəyini demişdir. Ümumi razılıqdan sonra Zahidə pulu faktiki olaraq şəriki olan X6 məxsus olan "xxxx" LTD MMC-nin hesabına köçürülməsini dmişdir. Bundan sonra Aslanlı Zahid Həsən oğlu əvvəlcə 100 000 manat, daha sonra isə 30 000 manat pulu Nazim Əliyevin hesabına köçürmüşdür. Səhəri gün Zahid Aslanlı ondan 30 000 manat pul istəmiş, o da evdən götürərək 30 000 manat pulu “Hissa” şadlıq sarayında Zahid Aslanlıya vermiş, o, isə Zahid Aslanlıya həmin pulun göndərdiyi puldan çıxmasını demiş, o da razılaşmış, bundan sonra Zahid Aslanlıya rəsmi olaraq təxminən 70 000 manatlıq spirtli içki vermişdir. Qeyri rəsmi olaraq da Zahid Aslanlıya spirtli içki vermişdir. Rəsmi olaraq Zahidə 30 000 manatlıq, qeyri rəsmi olaraq 10-15 min manat borcu qalmışdır. İş materiallarında olan 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli EBBP 131259 nömrəli elektron qaimə faktura sistem tərəfindən, xx.xx.2022-ci il tarixli EBBP 542199 nömrəli elektron qaimə faktura vergi ödəyicisi (İddiaçı Firması: VÖEN:**********) tərəfindən təsdiqlənmişdir. "xxxx" ASC-nin Ağstafa filialı tərəfindən verilmiş Cavabdeh MMC-nin bank hesabından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı firması tərəfindən Cavabdeh MMC-nin bank hesabına alkoqollu içkilərin alınması üçün xx.xx.2021-ci il tarixli müqavilyə əsasən 100 000 manat avans pul daxil olmuşdur. Həmin bank hesabından həmçinin görünür ki, həmin gün, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin bank hesabın 30.000 manat məxaric olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Firmasının rəhbəri Aslanlı Zahid Həsən oğlu spirtli içkilərin alqı-satqısı ilə bağlı tanışı X4 ilə razılaşmış, sonuncunun təklifi ilə İddiaçı Firması ilə Cavabdeh MMC arsında 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC-yə 100.000 manat məbləğində vəsait ödənilmiş, lakin elə həmin gün cavabdehin bank hesabından 30 000 manat məxaric edilmiş, daha sonra xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC-nin bank hesabına cəmi 30 000 manat, üç ödəniş sənədi ilə ümumilikdə 130.000 manat məbləğində vəsait ödənilmişdir. Cavabdehin bank hesabından xx.xx.2021ci il tarixdə məxaric edilmiş 30 000 manat X2 vasitəsi ilə İddiaçı Firmasının rəhbəri Aslanlı Zahid Həsən oğluna verilmiş və həmin məbləğin İddiaçı firması tərəfindən "xxxx" MMC-yə ödənilmiş ümumilikdə 130 000 manatdan çıxılması barədə razılığa gəlmişlər. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 25973,27 manat (ƏDV daxil) dəyərində və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 35910,73 manat (ƏDV daxil) dəyərində mal İddiaçı firmasına göndərilmiş, xx.xx.2023-cü il tarixli köşürmə aparılması barədə bildirişə görə isə 4750 manat pul Cavabdeh MMC tərəfindən İddiaçı firmasına köşürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya qalan 33 366 manat məbləğdə mal verilməmiş,ya da ki, həmin məbləğdə pul iddiaçıya qaytarılmamışdır. Tərəflər yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərmiş, lakin Cavabdeh MMC tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə digər sübutlar ondan ibarətdir ki, 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alkoqollu içkilərin alğı-satqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 2.2-ci bəndində isə ödənişlərin təqdim edilmiş elektron qaimə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında spirtli içkilərin verilməsi halı müəyyən olunur. Qeyd olunanlardan əlavə, vergi orqanının məhkəməyə təqdim etdiyi yazılı məlumatından aydın olur ki, 30432.82 manat dəyərində malın göndəriməsi barədə xx.xx.2022-ci il tarixli elektron qaimə İddiaçı Firması tərəfindən təsdiqlənmiş, 22011.24 manat dəyərində malın göndərilməsi barədə xx.xx.2022-ci il tarixli elektron qaimə isə qəbul edən şəxsin imtina etməməsi səbəbindən sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli köçürmə aparılması barədə bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına 4750 manat məbləğində pul avans kimi köçürülmüşdür ki, bu fakt iddiaçı tərəfindən təkzib edilmir. Məhkəmə Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilənlərə münasibətdə ayrıca olaraq onu bildirir ki, həmin qərarda Aslanlı Zahid Həsən oğlu ilə X4 arasında alkoqollu içkilərin alğı-satqısına dair müqavilənin bağlanmış olması aparılmış istintaqla müəyyən olunmuş fakt kimi göstərilmişdir. Halbuki, işin hallarından görünür ki, həmin şəxslər arasında belə bir müqavilə mövcud deyildir. 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsi Cavabdeh MMC adından X7, İddiaçı Firması adından isə Aslanlı Zahid Həsən oğlu imzalanmışdır. Göründüyü kimi təqdim edilən qərar məhkəmə qərarı deyil, həmçinin X4 hazırkı iş üzrə tərəf deyildir. Ona görə də həmin qərar hazırkı iş üzrə preyudisial xarakter daşımır. Məhkəmə qeyd edir ki, iş üzrə elekton qaimələrdə spirtli içkilərin müqavilə əsasında Cavabdeh tərəfindən göndərildiyi qeyd edilir ki, spirtli içkilərin göndərilməsində X2 iştirakı mümkün ola bilər. Lakin, bir halda ki, 130.000 manat pul bank köçürməsi vasitəsilə Cavabdeh MMC-nin hesabına mədaxil edilmişdir, həmin pulun 30.000 manat hissəsinin hansı əsasla nəğd şəkildə X1 olması məlum deyildir və bu barədə sübutlar təqdim edilməmişdir. Beləliklə, iş üzrə sübutlarla müəyyən olunur ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə 130 000 manat məbləğində vəsait ödənilmiş, cavabdeh tərəfindən iddiaçıya 61884 manat dəyərində mal verilmiş, avans olaraq isə 4750 manat pul köçürülmüşdür. Nəticədə cavabdehin 63366 manat borcu qalmışdır. 63366 manat dəyərində malın və yaxud həmin məbləğdə pulun Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına verilməsi sübutlarla təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 63366(altmış üç min üç yüz altmış altı) manat məbləğində borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı Firmasına ödənilməlidir. Qeyd olunan hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alkoqollu içkilərin alğısatqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 2.2-ci bəndində isə ödənişlərin təqdim edilmiş elektron qaimə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında spirtli içkilərin verilməsi halı müəyyən olunmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərində göstərilir ki, istehsalı və satışını həyata keçirməyən müəssisə hansı yolla və ya üsulla 61884 manat dəyərində məhsulun iddiaçıya təhvil verilməsinə nail olmuşdur. Bundan başqa sübut qismində qiymətləndirilən xx.xx.2022-ci il tarixli qaimə-faktura ümumiyyətlə İddiaçı firması tərəfindən qəbul edilməmiş və sistem tərəfindən təsdiqlənmişdir. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh müəssisə rəhbərləri biri-birini tanımamış, onların biribiri ilə alğı-satqı müqaviləsi hər ikisinin ümumi tanışı olan X2 vasitəsi ilə olmuşdur. İddiaçı firmasının rəhbəri Aslanlı Zahid Həsən oğlu Sumqayıt şəhər Polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərkən ərizəsində Nazim Duşdurovun ona Tovuz rayonunda araq zavodunun işini bərpa etmək üçün 130.000 manat pul lazım olduğunu, həmin pulu tanışı X6 məxsus və faktiki özünün də şəriki olduğu "xxxx" MMC-nin hesabına köçürülməsini demişdir. İş materiallarında olan iki ədəd elektron qaimədən görünür ki, 61884 manat dəyərində alkoqollu içki iddiaçıya verilmişdir. Həmin elektron qaimələrdən birincisi sistem tərəfindən, ikincisi isə iddiaçının özü tərəfindən təsdiq edilmişdir. Cavabdeh “İmperial Grop MMC-nin hesabına köçürülmüş 130.000 manat puldan 30.000 manatının Nazim Duşdurov tərəfindən ona qaytarıldığını İddiaçı firmasının rəhbəri Sumqayıt şəhər Polis idarəsində verdiyi ifadəsində təsdiq etmişdir. İddiaçının apellyasiya şikayətinin həmin qaimələr öz-özlüyündə malların təqdim edilməsini təsdiq etmir və həmin qaimə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir – kimi dəlili ilə bağlı kollegiya qeyd edir ki, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Cavabdeh tərəfindən göndərilmiş elektron qaimələrdən birincisi sistem tərəfindən qəbul edilmiş olsa da, digər elektron qaimə bilavasitə iddiaçı tərəfindən qəbul edilmiş və həmin elektron qaiməyə heç bir etiraz bildirilməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini iddia tələbinin təmin edilməsi üçün əsas saymır. Əksinə iş materiallarından görünür ki, iddiaçı tərəf 100.000 manat pul vəsaitini cavabdehin hesabına köçürdükdən sonra müəssisənin rəhbəri olan X10 Durduşov tərəfindən 30.000 manat məbləğində pul verilmiş və həmin məbləğin İddiaçı firması tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 100.000 manatdan çıxılması barədə razılaşmışlar. Gıstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-62/2024 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan pul məbləği 33.366 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.3, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-62/2024 saylı qətnaməsi qismən – Cavabdeh MMC-dən 63366 (altmış üç min üç yüz altmış altı) manat məbləğində borcun tutularaq İddiaçı Firmasına ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən 33366 (otuz üç min üç yüz altmış altı) manat məbləğində borc tutularaq İddiaçı Firmasına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar