Məhkəmə qərarları › İş №2-2(104)-87/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-87/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-87/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2016-cı il tarixli, 997-GL/16 nömrəli lizinq müqaviləsindən əsasən, lizinq verən ümumi məbləği 26705 manat olan Əlavə № 1-də göstərilən (YTO-404 markalı traktor-1 ədəd, “Belarus-1221” traktor-2 ədəd) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-421/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli 997- GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdehndən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714.00 (iki min yeddi yüz on dörd) manat gecikdirilmiş borcu və hesablanmış 2595,30 (iki min beş yüz doxsan beş manat, 30 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat pul vəsaitinin cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714 manat gecikdirilmiş borcu və hesablanmış 2595 manat 30 qəpik cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-421/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat ondan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hal-hazırda həmin icra işi icra məmurunun icraatındadır və hər ay əmək haqqından tutulmalar aparılaraq tələbkara borc ödənilir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-421/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi vardır. Buna görə də iddiaçının eyni mübahisə predmetinə dair yenidən məhkəməyə müraciət edərək ondan borcun tələb edilməsi qanuna uyğun deyil və əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı cavabdehin etrazına münasibət olaraq bildirmişdir ki, cavabdehin etirazı tamamilə əsassızdır. Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi ilə qət edilmiş əsas məbləğ hesablandıqdan sonra tərtib edilmiş maliyyə arayışından da görünür ki, cavabdehin qətnamə qəbul edildikdən sonrakı dövr üçün xx.xx.2016-cı il tarixli 997- GL/16 nömrəli müqavilə üzrə 2714 manat gecikdirilmiş borcu və hesablanmış 2595 manat 30 qəpi cərimə borcu yaranmışdır. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehdən xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 2714 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2814 manat məbləğində borc və hüquqi yardımla bağlı ödənilmiş 200 manat cavabdehdən tutulması qərara alınmışdır. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsi ilə tutulmuş cavabdehin xx.xx.2021-ci il tarixinə olan 23991 manat əsas borcu ümumi borc məbləği olan 26705 manatdan çıxıldıqdan sonra cavabdehin əsas borc məbləği 2714 manat təşkil edir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə olan borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 421/2022 saylı qətnaməsi qəbul edildikdən sonrakı dövr üçün mövcud olan borcdur. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1, 748- 10.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 298/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi və apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan tutulmasına dair qətnamə qbul edilmsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı hesab edərək, MPM-in 119.1 və 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 200 manat hissəsini cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Lakin, məhkəmə hüquqi yardım üçün 200 manatın tutulmasını əsaslandırmamış, hüquqi yardıma görə məbləğin 2 dəfədən də artıq azaldılmasının və ağlabatanlığının əsaslarını göstərməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının dövlət orqanı və büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinə elektron məhkəmə portalı vasitəsinə etiraz əlavə etmiş və həmin etirazında iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyniin xeyrinə 2 il əvvəl qəbul edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-421/2022 saylı qətnaməni təqdim etmişdir. Buna baxmayaraq Gəncə Kommersiya Məhkəməsi 2 il əvvəl qəbul edilmiş qətnaməni nəzərə almadan eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnamə qəbul etmişdir. Bununla da prosesual normalar kobud şəkildə pozulmuşdur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-298/2025 saylı, xx.xx.2025-ci tarixli qətnaməsində iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təkrar məhkəməyə verdiyi iddia tələbinin hüquqi əsasının olub-olmadığının müəyyən etməmişdir və iddiaçının əsassız ərizəsini nəzər almaqla qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Məhkəmə əqdin etibarlılığını və iddiaçının tələbinin əsaslı olub-olmamasını təsbit etməmiş formal adəti üzrə qətnamə qəbul etmişdir. Məhkəmə hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2- ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 421/2022 saylı qətnaməsinə əsasən, xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdehndən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə 2 il əvvəl qəbul etdiyi qətnaməni nəzərə almamış, eyni müqavilə üzrə iddiaçının tələbini nəzərə alaraq yeni qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş hazırki iddia tələbi eyni tərəf, eyni əsas və eyni predmetlə bağlı deyildir. Belə ki, hazırki borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-421/2022 saylı qətnaməsindən sonraki tarixə yaranmış borcla bağlıdır. Apellyasiya şikayətinin təmin olunmaması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam, iddiaçı tərəf isə hüququ yardım məbləği hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2016-cı il tarixli, 997-GL/16 nömrəli lizinq müqaviləsi ilə lizinq verən ümumi məbləği 26705 manat olan Əlavə № 1-də göstərilən (YTO-404 markalı traktor-1 ədəd, “Belarus-1221” traktor-2 ədəd) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 421/2022 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdehndən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Hazırki halda iddiaçı xx.xx.2021-ci il tarixinə olan 23991 manat əsas borcun ümumi borc məbləği olan 26705 manatdan çıxıldıqdan sonra cavabdehin cari əsas borc məbləği 2714 manat üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etmişdir. İddiaya etirazın və apelyasiya şikayətinin dəlili kimi cavabdeh tərəf Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-421/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə artıq iddiaya hüquqi qiymət verilməsini, eyni tərəflər arasında eyni tələb və eyni əsasla qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə 2714 manat əsas borc, 2595 manat 30 qəpik cərimə olmaqla cəmi 5309,30 manat məbləğində borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, həmin borca Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(115)-421/2022 saylı qətnaməsindən ödənilməmiş 23716 manat 24 qəpik borc daxil deyildir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 23991 manat əsas borc və 1000 manat cərimə borcu olmaqla, cəmi 24991 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdehndən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış lizinq müqaviləsi və ödəniş qrafikindən (Əlavə №2) müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 997-GL/16 nömrəli müqavilə üzrə ümumilikdə ödəməli olduğu əsas borc məbləği 26705 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2-2(115)-421/2022 saylı qətnaməsi ilə tutulmuş cavabdehin xx.xx.2021-ci il tarixinə olan 23991 manat əsas borcu ümumi borc məbləği olan 26705 manatdan çıxıldıqdan sonra cavabdehin əsas borc məbləği 2714 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə olan borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 421/2022 saylı qətnaməsi qəbul edildikdən sonrakı dövr üçün mövcud olan borcdur ki, məhkəmə birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Digər tərəfdən birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz surətdə olduğunu və azaldılaraq 100 manat həcmində müəyyən edilməli olmasını qeyd etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apelyasiya şikayətinin dəlilini əsassız hesab edir. İddiaçının apelyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya edilmiş hüquqi yardıma görə məbləğin əsassız az tutulması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iddiaçının vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, vəkilin məhkəmə iclaslarında iştirak etməməsini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, birinci instansiyası məhkəməsi vəkilə ödənilməli olan xərcin məbləğini 200 manat miqdarında müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, vəkilin işin hazırlanması və məhkəmə araşdırmaları dövründə çəkdiyi xərclərin məbləğinə münasibətdə 200 manat ağlabatandır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiya şikayətləri ilə mübahisələndirilən məbləğ 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-298/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar