Məhkəmə qərarları › İş №2-2(104)-90/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-90/2024

03.04.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-90/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-329/2024 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-329/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-329/2024 saylı qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması tələbinə dair ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs "xxxx" Firmasının dövlət büdcəsinə olan 6413,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 524,45 manat, İşsizlikdən Sığorta Fonduna 74,46 manat, İcbari Tibbi Sığorta Fonduna 291,69 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Firmasının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 524,45 manat, İcbari Tibbi Sığorta Fonduna 291,69 manat, İşsizlikdən Sığorta Fonduna 74,46 manat, dövlət büdcəsinə 6413,09 manat məbləğində (o cümlədən, vergilər üzrə 1283,8 manat, faizlər üzrə 87,04 manat, maliyyə sanksiyası üzrə 5042,25 manat) olmaqla, ümumilikdə 7303,69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qətnaməni əsassız hesab edirlər. Belə ki, ümumilikdə 7303,69 manat məbləğində borca görə "xxxx" Firmasının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilsə də, maraqlı şəxs tərəfindən ərizədə qeyd edilən 6413,09 manat məbləğində dövlət büdcəsinə olan borc məbləğindən dövlət büdcəsinə 5298,45 manatı ödənmişdir və dövlət büdcəsinə 1114,64 manat məbləğində (maliyyə sanksiyası üzrə) borcu qalmışdır. Məhkəmə ərizəni təmin etməməklə "xxxx" Firmasının dövlət büdcəsi üzrə borcu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. İş üzrə "xxxx" Firmasının dövlət büdcəsinə 1114,64 manat borcu icra edilməmiş vergi öhdəliyi təşkil edir. Məhkəmə 19 yanvar 2024-cü il tarixli ərizə əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması "xxxx" Firmasının dövlət büdcəsi qarşısında olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması "xxxx" Firmasının dövlət büdcəsi üzrə borcunun ödənilməməsi halına səbəb olacağına görə əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxs - "xxxx" Firmasının rəhbəri Maraqlı şəxsdur. İş mаteriаllarınа əlаvə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim оlunmuş əvvəlki şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan "xxxx" Firmasının xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 7794,06 manat, Dövlət Sosial Müdafiə Fonduna 1933,08 manat, İcbari Tibbi Sığorta Fonduna 512,84 manat və İşsizlikdən Sığorta Fonduna 130,27 manat borcu olması qeyd edilmişdir. İş mаteriаllarınа əlаvə edilmiş xx.xx.2023-cü il tarixli **********834300, xx.xx.2023- cü il tarixli **********925500, xx.xx.2023-cü il tarixli **********644200, xx.xx.2023-cü il tarixli **********439100 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına sonradan əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan "xxxx" Firmasının dövlət büdcəsinə olan borcundan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilkdə 5298,45 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcundan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixinədək ümumilikdə 1899,25 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcundan isə xx.xx.2024-cü il tarixində ümumilkdə 515,32 manat məbləğində silinmə olmuşdur. İş materiallarına əlavə edilmiş maraqlı şəxs tərəfindən təqdim edilmiş 25 yanvar 2024- cü il tarixli mədaxil qəbzinə əsasən 200 manat, 31 yanvar 2024-cü il tarixli mədaxil qəbzinə əsasən isə 7760 manat olmaqla, ümumilikdə 7960 manat məbləğində pul Maraqlı şəxs tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1961-ci il, ünvan 1 ünvanı Qazax rayonu Daşsalahlı kəndidir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, “CAVADOĞLU“ Firması xx.xx.2024-cü il tarixdə 7760 manat və 200 manat olmaqla ümumlikdə 7960 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Kollegiya qeyd edir ki, ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi 22 yanvar 2024-cü il tarixində ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs “CAVADOĞLU “ Firmasının 19 yanvar 2024-cü il tarixə dövlət büdcəsinə 6413,09 manat, Dövlət Sosial Müdafiə Fonduna 524,45 manat, İşsizlikdən Sığorta Fonduna 74,46 manat, İcbari Tibbi Sığorta Fonduna 291,69 manat olmaqla, ümumilkdə 7303,69 manat məbləğində hesablanmış borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra, məhkəmə baxışı gedişində maraqlı şəxs xx.xx.2024-cü il tarixdə 7760 manat və 200 manat olmaqla ümumlikdə 7960 manat məbləğində ödəniş etmişdir. Həmin ödənişlər isə vergi ödəyicisi olan hüquqi şəxsin həm dövlət büdcəsinə, həm Dövlət Sosial Müdafiə Fonduna, həm də İcbari Tibbi Sığorta Fonduna olan borclarından silinmişdir Göründüyü kimi “CAVADOĞLU “ Firması işə məhkəmədə baxılan zaman ərizədə göstərilən məbləğdən artıq, yəni 7303,69 manat əvəzinə ümumilikdə 7960 manat ödəniş etmişdir ki, belə olan halda onun dövlət büdcəsinə borcunun qalması müəyyən olunmur. Ona görə də, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-329/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar