Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-94/2023 03.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat : Ərizəçi 11 saylı Ərazi Vergilər Baş Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Bərdə Mənzil Təmir İstismar Sahəsinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 80,36 manat, Dövlət Sosial Müdafiə Fonduna 90628,74 manat, İşsizlikdən Sığorta Fonduna 811,75 manat, İcbari Tibbi Sığorta Fonduna 1561,95 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 49,63 manat, Bərdə Mənzil Təmir İstismar Sahəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 90579,11 manat, İşsizlikdən Sığorta Fonduna 811,75 manat, İcbari Tibbi Sığorta Fonduna 1561,95 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 80,36 manat məbləğində (o cümlədən, vergilər üzrə 58,55 manat, faizlər üzrə 21,81 manat) olmaqla, ümumilikdə 93082,8 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 49,63 manat, Bərdə Mənzil Təmir X1 Sosial Müdafiə Fonduna 90579,11 manat, İşsizlikdən Sığorta Fonduna 811,75 manat, İcbari Tibbi Sığorta Fonduna 1561,95 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 80,36 manat olmaqla, ümumilikdə 93082,8 (doxsan üç min səksən iki manat səksən qəpik) manat məbləğində borcu ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1970-ci il, doğulduğu yer Tərtər rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA 3733607) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İşdə olan sübutlar: İş materiallarına əlavə edilmiş hüquqi şəxslər haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxslərin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********660000, xx.xx.2022-ci il tarixli **********009600, xx.xx.2022-ci il tarixli **********014500, xx.xx.2022-ci il tarixli **********381000, xx.xx.2019-cu il tarixli **********537900 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicilərinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri izahatları. Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsindən narazı qalan Maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş fəaliyyətin dyayandırılması haqqında bildirişlərdən görünür ki, "xxxx" MMC-nin və "xxxx" MMCnin fəaliyyəti uzun müddətliyinə dayandırılmışdır. Bu səbəbdən həmin müəssisələrə vergi borcunun hesablanması qanunsuzdur. Bərdə Mənzil İstismar Sahəsinin isə Dövlət Sosial Müdafiə Fonduna olan borcu hissə-hissə ödəməyə hazırdır. Həmçinin, onun 11 saylı Ərazi Vergilər İdarəsinə heç bir borcu olmadığından sözügedən qətnamə ləğv edilməlidir. Hazırki qətnamənini mövcudluğu onun hüquqlarının pozulmasına səbəb olur. Hazırki iş materiallarına diqqət yetirdikdə "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın tələblərinin kobud şəkildə pozulması müəyyən edilsə də işə baxan məhkəmə buna əhəmiyyət verməmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması icra icraatı çərçivəsində, “İcra haqqında” Azərbaycan Resppublikası qanunun tələbi əsasında deyil, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinin tələbləri əsasında məhdudlaşdırılmışdır. Buna görə də maraqlı şəxsin "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında" Təlimata istinad etməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Məhkəmə kollegiyası maraqlı şəxsin "xxxx" MMC-nin və "xxxx" MMC-nin fəaliyyətinin uzun müddətə dayandırılması, bu səbəbdən də sözügedən cəmiyyətlərə vergi borcunun hesablanmasının qanunsuz olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, hazırkı icraat çərçivəsində borc məbləğinin əsaslı olub-olmaması, borc məbləğindəki dəyişikliklərin və borcun yaranma səbəbləri araşdırmanın predmeti deyildir. İnzibati orqanla vergi ödəyicisi arasında qeyd olunan mübahisələr inzibati icraat çərçivəsində həll olunur. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Bundan başqa məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə kollegiyası maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan mütənasibliyin dəyərləndirilməsi ilə bağlı isə qeyd edir ki, maraqlı şəxs tərəfindən hər hansı bir arqument irəli sürülməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə zəruri olmuşdur. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, e-2-2(115)-2100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.