Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-10/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi (direktoru) X2, vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 691/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Firması (VÖEN **********) arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Alıcının sifarişinə əsasən Satıcı Alıcıya “Quartzite - Silika Raming (Astar)” və “Silika Sands” məhsulları satacaq və təchiz edəcək. Alıcı isə öz növbəsində Müqavilənin müvafiq maddələrinin müddəlarına əsasən Satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür (1.1-ci bənd).
2. Tərəflər arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli alqı-satqı müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Firmasına müxtəlif adda mallar satılmış və satılmış mallara görə satıcı tərəfindən alıcıya 24 fevral 2022-ci il tarixli EBBR 802515 nömrəli Elektron Qaimə üzrə cəmi 11564,99 manat (9800,84 manat malın dəyəri + 1764,15 manat ƏDV) dəyərində, 02 mart 2022-ci il tarixli EBBS 207519 nömrəli Elektron Qaimə üzrə cəmi 10742,13 manat (9103,5 manat malın dəyəri + 1638,63 manat ƏDV) dəyərində, 16 mart 2022-ci il tarixli EBBT 042246 nömrəli Elektron Qaimə üzrə cəmi 2484,23 manat (2105,28 manat malın dəyəri + 378,95 manat ƏDV) dəyərində, 12 aprel 2022-ci il tarixli EBBU 346574 nömrəli Elektron Qaimə üzrə cəmi 9997,10 manat (8472,12 manat malın dəyəri + 1524,98 manat ƏDV) dəyərində, 16 may 2022-ci il tarixli EBBW 352249 nömrəli Elektron Qaimə üzrə cəmi 4542,39 manat (3849,48 manat malın dəyəri + 692,91 manat ƏDV) dəyərində və 12 oktyabr 2022-ci il tarixli EBCH 026047 nömrəli Elektron Qaimə üzrə cəmi 6218,6 manat (5270 manat malın dəyəri + 948,6 manat ƏDV) dəyərində məhsulların satılması ilə əlaqədar Elektron Qaimələr və cavabdeh tərəfindən edilmiş ödənişlər barədə ƏDV sub-uçot hesabından çıxarışlar təqdim olunmuşdur.
3. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında və həmin arayışa əlavə olunmuş cədvəldə yuxarıda qeyd edilən Elektron Qaimələr əsasında təqdim edilmiş mallara görə ödənilmiş və ödənilməmiş məbləğlər əks olunmuş, habelə daha əvvəl təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAH 290158 nömrəli Elektron Qaimə əsasında cavabdehin xx.xx.2020-ci il tarixdə iddiaçıya 5405.50 manat ödədiyi qeyd olunmuşdur.
4. Birinci instanisya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 avqust 2024-cü il tarixli 9/5188 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən 14 fevral 2022-ci ildən etibarən tərtib olunaraq alıcı "xxxx" Firmasına təqdim edilmiş elektron-qaimələr üzrə satılan malların dəyəri üzrə əsas borc 35600,23 (38600,23 manat – 3000 manat) manat, ödənilməmiş ƏDV üzrə borc isə 1641,51 (6948,22 manat - 5306,71 manat) manat olmaqla, ümumilikdə ödənilməmiş borc 37241,74 (ƏDV daxil) manat məbləğindədir.
5. Borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Firması ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və məhkəməyə 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh "xxxx" Firmasının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir).
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Firmasından təhvil verilmiş mallara görə 35601,22 manat məbləğində borcun, 13275 manat məbləğində maddi ziyanın, ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə cəmi 49202,22 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların alqısatqısına dair 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında “Quarizite-Silika Raming (astar)” və “Silika Sands” malları (məhsullar) alıcının ünvanında öhdəlik üzrə cavabdehə təhvil verilnmişdir. Verilmiş malların müqavilədə göstərilən satış qiymətləri ilə ümumi dəyəri 38601,22 manat olmuş, malların keyfiyyətinə və ya digər hallara dair hər hansı çatışmazlıq qeydə alınmamışdır. Təhvil verilmiş mallara görə cavabdeh tərəfindən ümumilikdə cəmi 5306,71 manat ƏDV məbləği ödənilmiş (ödənilməli olan ƏDV 1641,5 manat) olsa da, 1641,5 manat məbləğində ƏDV pulu isə ödənilməmişdir. Eyni zamanda təhvil verilən mallara görə isə ödənilməli əsas borc məbləği 35601,22 manat təşkil edir. Bundan sonra borclu olan cavabdehə borcun ödənilməsinə görə müraciət edilsə də, heç bir əhəmiyyət verilməmiş, ödəniş edilməmişdir. Təhvil verilmiş mallara görə müvafiq ödənişlər edilməsi üçün 24 fevral 2022ci il tarixli elektron qaiməyə əsasən 11564,99 manat, 02 mart 2022-ci il tarixli elektron qaiməyə əsasən 11742,13 manat, 16 mart 2022-ci il tarixli elektron qaiməyə əsasən 2484,23 manat, 12 aprel 2022-ci il tarixli elektron qaiməyə əsasən 9997,1 manat, 16 may 2022-ci il tarixli elektron qaiməyə əsasən 4542,39 manat və 12 oktyabr 2022-ci il tarixli elektron qaiməyə əsasən 6218,6 manat məbləğində qeyd olunan elektron qaimələr təqdim olunsa da, cavabdeh tərəfindən lazımi qaydada ödənişlər edilməmişdir. Ona görə də, halhazırda müqavilə üzrə yerinə yetirilmiş işlərə və təhvil verilmiş mallara görə cavabdehin 35601,22 manat ödənilməmiş qalıq borc qalmışdır. Həmin məbləğlər üzləşmə aktları ilə də təsdiq olunur. Bu mübahisə mediasiya qaydasında da araşdırılmış, lakin cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak edərək sənədlər təqdim edəcəyini bildirsə də, mediasiyaya sessiyasına sənəd təqdim etməmişdir. Müqavilə üzrə öhdəliklər vaxtında icra edilmədiyinə görə göstərilən məbləğin və ƏDV-nin ödənilməsində çətinliklər yaranmış və bu məqsədlə banklardan əşyalar girov qoyulmaqla əlavə faizlərlə maliyyə vəsaiti götürülmüşdür. Bu səbəbdən də iddiaçı olan İddiaçı MMC-yə əlavə olaraq 13275 manat ziyan dəymişdir. Borcla bağlı cavabdehə müvafiq qaydada pretenziya və iddia ərizəsi təqdim edilməsinə baxmayaraq, cavabdeh bu müraciətə də heç bir əhəmiyyət verməmişdir.
8. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixli ərizəsi və etibarnamə əsasında Elektron məhkəmə informasiya sistemində cavabdehin nümayəndəsi kimi işə əlavə edilmiş, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri, o cümlədən xx.xx.2024-cü il tarixə təyin edilmiş iclas barədə xx.xx.2024-cü il tarixli bildirişlə (bildiriş nümayəndənin kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir) müəyyən olunmuş qaydada məlumatlandırılmışdır. Lakin o, xx.xx.2025-ci il tarixdə kabinet vasitəsi ilə müraciət edərək məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2- 2(119)-691/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Firmasından ümumilikdə 37241,74 (otuz yeddi min iki yüz qırx bir manat 74 qəpik) manat borcun, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37567,74 (otuz yeddi min beş yüz altmış yeddi manat 74 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalığı kimi 75,72 (yetmiş beş manat 72 qəpik) manat məbləğində pul vəsaitinin və ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Firmasından dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-691/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
11. Cavabdeh apellyasiya şikayətində işin halları kimi qəbul edilmiş qətnamənin nəticə hissəsinə istinad edərək qətnamənin qanunsuz və əsassız olduğunu, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu göstərmişdir. Apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində “Müqavilə öhdəliklərindən irəli gələn normalardır” ifadəsi göstərilmişdir. Şikayət müəllifi şikayətin “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində göstərir ki, “...məhkəmə cavabdehin iştirakını təmin etmədən əsassız olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin iştirakı olmadan işə baxmaq olar. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir”. Şikayətin “birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” hissəsində göstərilir ki, “...Qətnamədə iddia tələbinin qismən təmin olunmasını qət edərkən məhkəmə cavabdeh tərəfin hər hansı bir arqumentinə istinad etməmişdir. Yalnız iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına və digər saxta sənədlərinə istinad etmişdir”. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər qismində isə göstərilmişdir ki, “Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan iddiaçının iddia ərizəsində və iddiaya əlavəsində göstərdiyi borc məbləğinin qismən təmin olunmaması qənaətinə gəlmiş, Mülki Məcəllənin bir çox maddələrini qətnaməsində sadaladıqdan sonra iddianın qismən təmin olunmasını qət etmişdir. Məhkəmə heç bir real borcun olub-olmamasını araşdırmadan səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir”.
12. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz təqdim edərək işin hallarına və birinci instansiya məhkəməsinin qətnaməsinə istinad etməklə göstərmişdir ki, cavabdehin apellyasya şikayəti əsassızdır, yalnız borcun ödənilməsi üçün vaxtın uzadılmasına xidmət etməklə məqsədli xarakter daşıyır. Belə ki, apellyasiya şikayəti əsaslandırılmamış, maddi və prosessual pozuntuların nədən ibarət olması göstərilməmişdir. Ancaq keçirilmiş məhkəmə iclaslarında iştiraklarının təmin olunmaması qeyd olunur ki, bu da tamamilə əsassızdır. Belə ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmış, keçirilən hər məhkəmə iclasında cavabdehin məhkəmə bildirişi barədə lazımi qaydada məlumatlandırılması təsdiq olunduqdan sonra məhəkəmə iclası davam etdirilmişdir. Etirazda şikayətin təmin olunmaması və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi (direktoru) X3 və vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixdə kabinet vasitəsi ilə müraciət edərək məhkəmə iclasının başqa vaxta təyin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınaraq bu barədə tərəflərə müəyyən olunmuş qaydada məlumat verilmişdir. Cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən təkrarən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı Bənd 6. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6- сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bənd 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş və zamana görə qüvvədə olan “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulurdu: “... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. ...”
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair " 2022-ci il 20 aprel tarixli Qərarı: “...Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş üzrə cavabdeh istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində iş üzrə icraat zamanı iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillərə və tələbinin əsaslılığını sübut etmək məqsədi ilə təqdim etdiyi yazılı sübutlara (tərəflər arasında bağlanmış 14 fevral 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əsasən təqdim olunmuş bu qərarın 2-ci bəndində istinad edilmiş 6 ədəd Elektron Qaiməyə, habelə maliyyə arayışına) qarşı iddianı təkzib edən hər-hansı sübut təqdim etməmiş, onun nümayəndəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, araşdırma üçün hər-hansı dəlillər irəli sürməmişdir. Apellyasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərində isə heç bir hala istinad edilməmişdir.
22. İşin yuxarıda qeyd olunan hallarına və bu qərarın 14-18-ci bəndlərində istinad olunmuş maddi və prosessual hüquq normalarına istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən iddianın qismən təmin edilməsinə dair nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan həmin hallar iddiaçının təqdim etdiyi və cavabdehin mübahisələndirmədiyi sübutlarla, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizasının 06 avqust 2024-cü il tarixli 9/5188 nömrəli ekspert rəyi ilə təsdiq edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respubliksal Ali Məhkəməsinin Kommersiya Kollegiyasının oxşar mübahisələrə dair işlər üzrə formalaşdırdığı müvafiq hüquqi mövqelərə istinadən, tərəflər arasında mövcud olmuş təcrübənin xarakteri baxımından (elektron qaimə əsasında təqdim edilmiş malların bir qisminin dəyərinin ödənilməsi) birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, cavabdeh ona təqdim edilən elektron qaimələrə etiraz etməmiş və qismən ödənişlər etmişdir. Halbuki əgər həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, onda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş və zamana görə qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin tələblərinə görə, iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməli və ya ən azından, bununla bağlı öz etirazlarını iddiaçıya bildirməli idi. Analoji müddəalar hazırda qüvvədə olan Qaydaların 3.3 və 3.4-cü bəndlərində də nəzərdə tutulmuşdur. Hazırkı işdə cavabdehin elektron qaimələrə etiraz etməsi halının mövcud olmadığı, əksinə, cavabdehin qismən ödənişlər etməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir
24. Apellyasiya şikayətinin cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsinə dair dəlilləri isə bu qərarın 7 və 13-cü bəndində göstərilən hallarla təkzib olunur. Belə ki, cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Firmasının nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 691/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.