Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-100/2022 12.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)-27/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə yuxarıda adıçəkilən müqavilədə göstərilmiş avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.372.625 manat gecikdirilmiş borcu və hesablanmış 699.845,63 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən xx.xx.2017ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.372.625 manat gecikdirilmiş borcun, 699.845,63 manat cərimə borcunun və 500 (beş yüz) manat hüquqi yardımla bağlı pulun, cəmi 2.072.970,63 (iki milyon yetmiş iki min doqquz yüz yetmiş manat 63 qəpik) manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.358.625 manat gecikdirilmiş borcun, hesablanmış 699.845,63 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pulun cəmi: 2.058.970,63 (iki milyon əlli səkkiz min doqquz yüz yetmiş manat 63 qəpik) manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)-27/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli 08- LA/17 nömrəli müqavilə üzrə 1.358.625 manat gecikdirilmiş əsas borc və hesablanmış 50.000 manat məbləğində cərimənin tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin 32%-nin iddiaçıya, 68%-nin cavabdehə aid edilməsi, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqının 32%-nin iddiaçıya, 68%-nin cavabdehə aid edilməsi, cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 340 manat pulub tutularaq, iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası xərcini təşkil edən 200 manat məbləğin 64 manatının iddiaçıya, 136 manatının cavabdehə aid edilməsi, iddiaçıdan 64 manat, cavabdehdən 136 manat pulun tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, cavabdehdən 20,4 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Xəqani Tağıyev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)-27/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,cavabdeh tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Qətnamədə birtərəfli sübutlara istinad edilmişdir. Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə yazılı vəsatətlə müraciət edib lizinqə verilmiş avadanlığın ondan əvvəl başqa şəxslərə verilib-verilməsi barədə iddiaçıya müraciətlərinin cavabsız qaldığını, hazırda həmin avadanlığın aşınması nəzərə alınmaqla bugünki qiymətinin müəyyən olunmasının xüsusi biliyə malik ekspertlər tərəfindən aparılmalı olduğunu qeyd etmiş, vəsatətin təmin edilməsini xahiş etmişdir. Lakin, e-2-2(119)-959/2021 xx.xx.2021-ci il tarixli qərardadla vəsatət rədd edilmişdir. İş üzrə digər zəruri hallar məhkəmə tərəfindən əsassız rədd edilib və onlara heç bir hüquqi münasibət bildirilməmişdir. Hesab edilməlidir ki, əmlakdan və ya ondan istifadə etməklə gəlir götürülməsi (real gəlir ) və ya gəlir götürülməli olması (potensial gəlir) o zaman mümkündür ki, əmlak bunun üçün yararlı vəziyyətdə olsun, adi mülki dövriyyə şəratində istifadə oluna bilsin. Mülki dövriyyə iqtisadi dövriyyənin hüquqi reallaşma forması olub, maddi nemətlərin və onları tələbetmə imkanının cəmiyyətdə hərəkət etməsi üzrə yaranan münasibətlərin, yəni əşyaların və əşya hüquqlarının bir şəxsdən başqalarına keçməsi ilə əlaqədar yaranan mülki hüquq münasibətlərinin məcmusudur. Qanunda da eyni yanaşma təsbit olunmuşdur. Lakin əşyanın mülki dövriyyədə iştirak etməsi üçün, onun Azərbaycan Respublikası MM-nin 21.2-ci maddədə də qeyd olunmuş “adi mülki dövriyyə şəraiti”nə uyğun gəlməsi, müvafiq tələblərə, standartlara uyğun hazırlanması (istehsal olunması) zəruridir. Həmçinin müəyyən edilməlidir ki, həmin avadanlığın real olaraq 10 il uzun müddət nasazlıq olmadan istehsalat dayanmadan potensial olaraq mütəmadi işlək vəziyyətdə istifadə oluna bilinməsi məsələsinə aydınlıq gətirilməlidir. Əgər avadanlıq mübahisə dövründə nasaz vəziyyətdə olmuşdursa və ya adi mülki dövriyyənin tələblərinə uyğun 10 il müddətində fasilə verilmədən işləmək iqtidarında deyilsə, ondan istifadə edərək gəlir götürülməsi (real və ya potensial formada) mümkündürmü? Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqısatqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Məhkəmədə Cavabdeh izahat verib ki, o, 2017-ci ildə soyuducu anbarı lizinqə götürmüşdür. Elə həmin il lizinqə verilmiş soyuducu anbarın geri qaytarılması ilə əlaqədar dəfələrlə iddiaçı təşkilata müraciət edilmişdir. "xxxx" ASC-dən əvəzində 2018-ci ildə cənab prezidentin fərmanı var, müəyyən ödənişlər etdikdən sonra dövlət tərəfindən də güzəştlər ediləcək. Cavabdeh müraciət etdiyi vaxt soyuducu anbarı ondan alsaydılar, qətnamə qəbul edilən gündə borcu qalmazdı. Müqavilədə qeyd olunur ki, bir dəfədən artıq ödəniş gecikdirildikdə lizinq predmeti geri alınmalıdır. Həmçinin lizinq predmeti olan soyuducu anbar ona 3 şəxsin istifadəsində olduqdan sonra verilmiş və lizinq predmetinin dəyəri həddindən artıq şişirdilmişdir. Qeyd edilən hüquq normalarına əsasən iddiaçı cavabdehdən qüsurların aradan qaldırılması üçün çəkdiyi xərclərin əvəzini tələb edə bilər, həm də alınmış predmetlərin alış qiymətinin azaldılmasını, həm də pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi xərclərin əvəzini tələb edə bilər. Digər məsələ dəbbə pulu, yəni cərimə ilə bağlıdır. Məhkəmə etiraf edir ki, iddia tələbi birdən çoxdur. Bu tələblər bir-biri ilə əlaqəlidir, lakin müstəqildirlər. Dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyildir. Mülki qanunvericilikdə dəbbə pulunun növləri olan cərimə və peniyanın anlayışları müəyyən edilmişdir. Ümumi qəbul edilmiş fikir odur ki, cərimə dedikdə - alınması əsasları və miqdarı müqavilə ilə və ya qanunla əvvəlcədən nəzərdə tutulmuş birdəfəlik alınan pul məbləği nəzərdə tutulur. Peniya dedikdə - alınması əsasları və miqdarı müqavilə ilə və ya qanunla əvvəlcədən nəzərdə tutulmuş lazımı müddət ərzində vaxtaşırı alınan pul məbləği nəzərdə tutulur. Cərimə ilə peniyanın fərqi əsasən aşağıdakılardır: 1) Cərimə yerinə yetirilməmiş icra edilməmiş və ya lazımınca icra edilməmiş pul öhdəliyinə sabit hesablanmış pul məbləğidir. Peniya vaxtında yerinə yetirilməmiş, icrası gecikdirilmiş ödənilməli olan ümumi pul öhdəliyinin hər gecikdirilmiş gün üçün ödənilməli olan pul məbləğinə hesablanan faizdir. 2) Cərimənin əsas fərqi odur ki, o bir qayda olaraq, sabit miqdarda pul məbləğində təyin olunur və birdəfəlik tutulur. Peniya isə icrası gecikdirilmiş öhdəlik üzrə gecikdirmədən asılı olaraq faizlə müəyyən edilir, vaxtaşırı tutulur və borc öhdəlikləri tam ödənilənə qədər (icra edilənə qədər) tutulur. 3) Cərimə yerinə yetirilməmiş (icra edilməmiş) və ya lazımınca yerinə yetirilməmiş pul öhdəliyindən və onun icrasının müddətindən asılı olmayaraq, həmişə sabit sanksiya (cəza) şəklində müəyyən edilir. Cərimə əsasən öhdəlik bütövlükdə icra edilmədikdə tətbiq olunur. Müqavilə üzrə borclu öz öhdəliyini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirədikdə kreditor həmin gündən etibarən borcludan müqavilə üzrə ümumi pul öhdəliyi əvəzinə məbləği dəqiq müəyyən edilmiş cərimə şəklində zərər (kompensasiya) ödənilməsini tələb etmək hüququna malikdir. Cərimənin miqdarı həm gecikmənin ilk günündə, həm də müqavilənin yerinə yetirilmədiyi bütün müddət ərzində eyni olur. 4) Peniya (faiz) əsasən maliyyə və ödəniş münasibətləri ilə bağlı yaranır. Belə ki, tərəflər müqavilədə peniya barədə yazılı razılaşmalıdırlar. Əgər belə razılaşma yoxdursa, məhkəmə borcluya peniya müəyyən edə bilməz. Cərimə istənilən növ müqavilələrdə tətbiq edilə bilər. Hər bir halda müqavilə şərtləri yerinə yetirilmədikdə (icra edilmədikdə) və ya lazımınca yerinə yetirilmədikdə sabit miqdarda pul məbləğində cərimə kreditor tərəfindən borcludan tələb edilir. Cərimənin miqdarı öncədən müqavilədə qeyd edildiyi kimi müəyyən edilir və birdəfəlik tutulur. Müqavilə üzrə öhdəlik cərimə ilə əvəz edildikdə və ya kreditor cərimənin ödənilməsini tələb etdikdə müqavilə üzrə öhdəliyin icrası istisna olunur və borcluya cərimə ödəmək qalır, bununla da müqavilə münasibətlərinə xitam verilir. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir. Əfsus məhkəmə qeyd edilən dəbbə pulunun hesablanması və tələb edilməsi tələblərinin qanuna uyğun olmamasını müəyyən etsə də, sadəcə cərimənin məbləğini azaltmışdır. Necə azaltması aydın deyil. Cavabdeh məhkəmə proseslərində sübut etmişdir ki, lizinq predmetləri qüsurlu olduğundan və qiymət şişirdildiyindən, həmin avadanlıq alındıqdan qısa vaxt sonra əlavə təmir xərcləri çəkməli olmuşdur. İşin materiallarından görünür ki, məhkəmə cavabdehin təqdim etdiyi halları qanunvericiliyə əsasən dəqiq müəyyən etməmiş, qeyd edilən halları araşdırmaqdan əsassız imtina etmişdir. Cavabdehin sübutları aşağıdakılardır: 1) cavabdeh sahibkar fəaliyyətini genişləndirmək üçün keçmiş "xxxx" ASC arasında ona məxsus soyucudu kamera və şok dondurma avadanlıqların lizinqə verilməsi barədə xx.xx.2017-ci il tarixində 08-LA/17 saylı ikitərəfli müqavilə bağlamışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC müqavilədə qeyd edilən 7 adda avadanlıqların qalıq dəyəri lizinq qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən, müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il maddətinə lizinqə verir. Avadanlıqlar üçün iddiaçı ümumilikdə 3.986.444 AZN (üç milyon doqquz yüzsəksən altı min dörd yüz dırx dörd manat) ödəməlidir. Müqaviləyə əsasən iddiaçı avadanlıqlar üçün qalıq dəyərindən 200.000 (iki yüz min manat) öncədən ödəyir. Qalan ödənişlər qrafik üzrə hər 3 aydan bir rüblük ödənilməlidir. Həmin məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır. Avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Avadanlıqlar Xaçmaz rayonu, Armudpadar kəndində müvafiq tikilinin içində yerləşir. 2) Avadanlıqların təhvil verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixində Akt tərtib edilmişdir. Akta əsasən təhvil verən fiziki şəxs X3 və cavabdeh tərəfindən mütəxəssislərin iştirakı qeyd edilən avadanlıqlar saz vəziyyətdə təhvil verilmişdir. Həmin Akta hazır şəkildə avadanlıqların texniki təsnifatını əks edən göstəricilərdən ibarət cədvəl tərtib edilərək əlavə edilmişdir. Qeyd edilmişdir ki, iddiaçı müqavilə şərtlərinə əməl eləməsə, təhvil alan həmin avadanlığı işlək vəziyyətdə, qurulduğu əlavə tikili və kommunikasiya xətləri ilə birgə lizing verənə qaytarır. Yekunda qeyd edilmişdir ki, imza edən şəxslərin iştirakı ilə avadanlıqlar iddiaçıya təhvil verilmişdir. 3) İddiaçı hesab edib ki, lizinqə aldığı avadanlıqlar yenidir və uzun müddət rahat şəkildə istifadə edib gəlir əldə edə biləcəkdir. Lakin, belə olmur. 1 il sonra avadanlıqlar müxtəlif vaxtlarda müxtəlif səbəblərdən keyfiyyətli işləmirdi, nəticədə istehsal olunan və ya hazır məhsullar xarab olduğundan iddiaçı maddi ziyana düçar olurdu. Nasazlıqları düzəltmək üçün hər dəfə usta rayona gəlir və avadanlıqlarda müəyyən texniki təmir işləri görərək onları işlək vəziyyətdə saxlayırdı. Bunun üçün bütün xərcləri iddiaçı çəkirdi. Dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etsə də, heç bir tədbir görülmürdü. 2020-ci ilin mart ayından pandemiya səbəbindən ümumiyyətlə iddiaçı heç bir istehsal ilə məşğul olmamışdır. Şikayətlərdən sonra (pandemiya vaxtı) xx.xx.2020-ci il tarixində "xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların inventarizasiya keçirilmiş və rəsmi müəyyən edilmişdir ki, 3 avadanlıq nasaz vəziyyətdədir. Rəsmi məlumatda qeyd edilmişdir ki, bir dəst nasaz soyuducu anbarda 2-ci dəfə təkrar qurulduğu gündən sıradan çıxdığından uzun müddət məhsul saxlamır. Digər soyuducu şoklama avadanlıqlarda nasazlıqlar var. Daha sonra qeyd edilən səbəblərlə bağlı iddiaçı müqavilə ilə müəyyən edilmiş qiymətin aşağı salınmasını cavabdehdən xahiş etsə də, cavabdeh heç bir halda razılıq verməmiş və müqavilə məbləğini, müqavilə üzrə gecikmə üçün dəbbə pulunu tələb etmiş və həm də avadanlıqları tikili ilə birgə tələb etmişdir. Nəticədə cavabdeh iddiaçının qərəzli hərəkətləri səbəbindən müstəqil araşdırma apararaq müəyyən edib ki, avadanlıqlar köhnə idi və ona 3 dəfə təkrar şəkildə yenisi adı ilə müqavilə üzrə avadanlığın yenisi qiymətinə ona aldadılaraq verilmişdir. 5) Belə ki, öncədən "xxxx" ASC-nin yaranması ilə bağlı AR Prezidentinin 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirmişdir. Daha sonra araşdırma zamanı müəyyən edilmişdir ki, 2016-cı il tarixində "xxxx" MMC adlanmışdır. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, "xxxx" ASC dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə güzəştli şərtlərlə lizinqə verməlidir. (Kütləvi informasıya mənbələri https://az.wikipedia.org/wiki/Aqroservis_ASC; http://aqroservis.gov.az/az/content/18.html;http://akia.gov.az/az/haqqimizda) 6) Cavabdehdən öncə həmin avadanlıqları xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC adı ilə sahibkar X1 istifadəsinə verib. Ondan öncə isə 05-LA/12 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC və "xxxx" MMC-yə soyuducu avadanlıqları dəyəri 626.519 AZN (altı yüz iyirmi altı min beş yüz on doqquz manat) olmaqla 10 il maddətinə lizinq istifadəsinə vermişdir. İlkin ödəniş 15.000 AZN idi. Qalan məbləğ rüblük idi. Sonra 40-LA/12 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən soyuducu avadanlıqlar 735.966 AZN (yeddi yüz otuz beş min doqquz yüz altmış altı manat) olmaqla olmaqla 10 il maddətinə lizinq istifadəsinə vermişdir. İlkin ödəniş 62.000 AZN idi. Qalan məbləğ rüblük idi. Müqavilədə qeyd edilib ki, avadanlıq Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində quraşdırılıb. 7) xx.xx.2012-ci il tarixli AKT-a əsasən soyuducu avadanlıqlar kənddə quraşdırılmaq üçün X2 təhvil verilib. Lakin, 2012-ci ilədək həmin avadanlıqlar Gəncə şəhərində quraşdırılmışdır. 8) Həmçinin, ASC/v-05 saylı 31 iyul 2019-cu il tarixli "xxxx" ASC-nin iddiaçının rəsmi müraciətinə cavabda qeyd edilib ki, avadanlıqların təkrar lizinqə verilməsini etiraf edir. Lakin, avadanlıqların qiymətinin aşağı salınmasından imtina edir. Müqavilə müddətinin 10 il maddətinə uzadılmasının mümkün olmamasını bildirir. Məhkəmə cavabdehə münasibətdə qərəzlidir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə müəyyən edilmiş faktlardan səhv nəticəyə gəlib. Ona görə məhkəmə qətnaməsi ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, "xxxx" ASC bu müqavilənin həmin bəndinə əlavə olunmuş cədvəldə göstərilən avadanlıqları qalıq dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətinə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan avadanlıqların qalıq dəyərindən 200.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əlavədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə 1.358.625 manat məbləğində gecikdirilmiş borcu və 699.845,63 manat məbləğində cərimə borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 may 2022-ci il tarixli, 9/566 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli 08-LA/17 nömrəli müqavilə üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə iddiaçıya əsas borcu 1.358.628 manat, cərimə borcu isə 699.845,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 000İPX12117601E5 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım göstərilməsi üçün vəkilə 500 manat ödəniş etmişdir. Sadalananlara əsasən, məhkəmə hesab etmişdir ki, Cavabdeh lizinq müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) lizinq obyekti olan avadanlıqları istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinqə götürülmüş avadanlıqlarla bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən lizinqə verilmiş avadanlıqlarla bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh müqavilədə qeyd olunan avadanlıqları lizinqə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. xx.xx.2017-ci il tarixli müqavilə imzalandığı andan onun tərəflərinə münasibətdə qüvvəyə minərək, məcburilik ifadə etmiş və hüquqi nəticələr doğurmuşdur. Müqavilənin cavabdeh barəsində yaratdığı hüquqi nəticələrə görə cavabdeh iddiaçı ilə razılaşdırdığı cədvələ uyğun qaydada sabit dövri olaraq haqq ödəməli olsa da, bu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, şikayətdə lizinqə verilmiş avadanlığın ondan əvvəl başqa şəxslərə verilməsi, həmin avadanlığın real olaraq 10 il müddətində nasazlıq olmadan istehsalat dayanmadan potensial olaraq mütəmadi işlək vəziyyətdə istifadə oluna bilinməsi məsələsinə aydınlıq gətirilməməsi sonuncunu xx.xx.2017-ci il tarixli tarixli müqavilə ilə üzərinə götürdüyü məsuliyyətdən azad etmir. Müqavilə üzrə lizinq obyektlərinin dəyərinin düzgün müəyyən edilməməsinə və buna görə lizinq müqaviləsinin etibarsızlığına dair cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, lizinq müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlandığı halda, həmin dəlilin 4 il sonra irəli sürülməsi Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbləri baxımından əsassızdır. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bundan əlavə lizinq avadanlığının düzgün quraşdırılıb texniki göstəricilərə riayət olunmaqla “... istifadəyə tam hazır işlək vəziyyətdə ...” cavabdehə təhvil verilməsi bu barədə tərtib edimiş aktla təsdiq olunur. Həmçinin, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 08- LA/17 nömrəli müqavilənin: 2.2.9-cu bəndinə əsasən avadanlığın itirilməsi və ya öz funksiyalarının itilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir. 3.3-cü bəndinə əsasən Lizinq alan avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktım imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. 3.4-cü bəndinə əsasən Lizinq alan avadanlığın istifadəsi ilə bağlı meydana gəlmiş öhdəliklər nəticəsində yaranan bütün xərcləri ödəyir və avadanlığın istifadəsi və saxlanılması prosesində, digər şəxslərin həyatına, sağlamlığına və əmlakına və ya ətraf mühitə dəymiş bütün zərərə görə tam məsuliyyət daşıyır. Həmçinin iş materiallarından göründüyü kimi, işə baxan məhkəmə iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab etmişdir və qətnaməsini cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, məhkəmə prinsip etibarı ilə cəriməni azaltmaq səlahiyyətinə malik olsa da, bu səlahiyyətini həyata keçirərkən öz mövqeyini əsaslandırmalı, bu zaman işin xüsusi hallarından çıxış etməli, kreditorun və borclunun əsaslı mənafelərini ağlabatan meyarlardan çıxış etməklə dəyərləndirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biridir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Müli Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tənasübsüz miqdarda yüksək məbləğdə müəyyən edilmiş 699.845,63 manat cərimənin kreditorun əsassız varlanmasına səbəb olması və bunun yolverilməzliyi ilə əlaqədar həmin cərimə (dəbbə pulu) miqdarının 50.000 manata qədər azaldılması barədə düzgün qənaətdə olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cərimə məbləğini ağlabatan miqdara qədər azaltmışdır. Cərimənin 50.000 manatdan da aşağı məbləğdə müəyyən edilməsi kreditor "xxxx" ASC-nin əmlak mənafelərinə zidd olacaqdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(119)-27/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-100/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-100/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver