Məhkəmə qərarları › İş №2-2(105)-100/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-100/2024

23.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-100/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1297/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(119)- 1297/2024 nömrəli qərardadı ilə həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə əsasən ərizəçiyə geri qaytarılmış və eyni zamanda, ərizəçiyə “ərizənin qaytarılmasının – nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması” da izah edilmişdir (hakim Zülfüqar Sadiqov). Qərardadla razılaşmayan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli e-2-2(119)-1297/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Məmmədov X1 rayonu, Alıbəyli kəndində rəsmi qeydiyyatdadır. Həmin ünvan isə Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir, Zəngilan rayonunun ərazisi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmənin qərardadında istinad etdiyi: vergi ödəyicisi olan fiziki şəxs haqqında məlumatda, vergi ödəyicisi olaraq maraqlı şəxsə ünvanlanmış bildirişlərdə, xəbərdarlıqda, vergi ödəyicisinə aid şəxsi hesab vərəqəsində və digər sənədlərdə göstərilən ünvan vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvandır, maraqlı şəxsin yaşayış yeri deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 3-cü maddələrinin tələbi və məqsədinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma halı yoxdursa həmin yer yaşayış yeri kimi hesab edilə bilməz. Odur ki, məcburi köçkün kimi məskunlaşma barədə arayış yaşayış yeri üzrə qeydiyyatı əvəz etmir. Bu cür məskunlaşmada məqsəd müvafiq dövlət orqanının məcburi köçkünlərin hüquqlarının təmin edilməsində dövlət siyasətinin yerinə yetirilməsidir. Göründüyü kimi məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normaları tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, ətraflı araşdırma aparmamışdır. Məhkəmə qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək maraqlı şəxsin yaşayış yerinin “Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 15” olması əsası ilə ərizəyə Xətai rayonunun aid olduğu Bakı Kommersiya Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Halbuki həmin maddədə qeyd olunub ki, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi sözügedən maddə qanunla nəzərdə tutulan digər hallarda fərqli aidiyyət qaydalarının müəyyən oluna bilməsinə imkan yaradır. Eyni zamanda həmin maddə üzrə müəyyən olunmuş aidiyyət qaydaları iddia icraatı ilə bağlı aidiyyət qaydalarını tənzimləmişdir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat Mülki Prosessual Məcəllənin xüsusi icraat adlandırılan üçüncü yarımbölməsində yerləşir. Mülki Prosessual Məcəllənin 355-5.1 və 355-5.2-ci maddələri həmin Məcəllənin 35.1-ci maddəsindən fərqli aidiyyət qaydası nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri və olduğu yerin anlayışı isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində verilmişdir. Belə olan halda da ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəni Sumqayıt Kommersiya Məhkəməsinə verməkdə haqlı olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1297/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(119)-1297/2024 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(119)-1297/2024 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin e-2-2(119)-1297/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, ərizədə Maraqlı şəxs ünvanı “Zəngilan rayonu, Alıbəyli kəndi” kimi göstərilərək, həmin ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Lakin, həmin ünvan Maraqlı şəxs yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır və o, həmin ünvanda yaşamır. Çünki, ərizəyə əlavə edilmiş Vergi Orqanı (ərizəçi) tərəfindən tərtib olunan bütün sənədlərdə - o cümlədən də, vergi ödəyicisi olan Fiziki şəxs haqqında Məlumatda, vergi ödəyicisi olaraq maraqlı şəxsə ünvanlanmış Bildirişlərdə, Xəbərdarlıqda, vergi ödəyicisinə aid X3 və digər sənədlərdə Maraqlı şəxs ünvanı “ünvan 5zəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Xətai rayonu ərazisində yaşadığı müəyyən olunur (maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir). Qeyd etmək lazımdır ki, maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir və ərizədə maraqlı şəxsin yaşamadığı qeydiyyat ünvanı göstərilsə də, onun faktiki yaşayış ünvanı göstərilməmişdir ki, bu halın özü də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinin pozulmasıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizələrə maraqlı şəxsin yaşamadığı qeydiyyat ünvanı ilə deyil, yaşayış ünvanı üzrə baxılır. Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan (poçt ünvanı) da göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığı üçün - həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Əksinə, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatlarla müəyyən edilir ki, Maraqlı şəxs faktiki olaraq ünvan 7 ünvanında yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə aidiyyatı üzrə yaşadığı yerin yurisdiksiyasının aid olduğu müvafiq kommersiya məhkəməsinə müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Məhkəmə kollegiyası ərizəçinin hazırkı şikayəti ilə bağlı qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Maraqlı şəxs məcburi köçkün statusu olduğu müəyyən edildiyindən ərizəçi müvafiq ərizə ilə hazırda maraqlı şəxsin məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti rəsmi qeydiyyata alındığı ərazi üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsi Məhkəməsinin e-2-2(119)-1297/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin icraata qəbul edilmədən, ərizəçiyə geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1297/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar