Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-102/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “ərizənin geri qaytarılması barədə” 17 iyul 2024-cü il tarixli e-2-2(119)-1279/2024 nömrəli qərardadından ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)- 1279/2024 nömrəli qərardadı ilə həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən ərizəçiyə geri qaytarılmışdır (hakim Zülfüqar Sadıqov). Qərardadla razılaşmayan ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)- 1279/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e-2-2(119)- 1279/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadıqov). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)-1279/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, həmin ərizədə Maraqlı şəxs ünvanı “ünvan 1qayıt Kommersiya Məhkəməsinə verilmişdir. Lakin, həmin ünvan Maraqlı şəxs yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır və o, həmin ünvanda yaşamır. Çünki, hazırkı ərizəyə əlavə edilmiş və Vergi orqanı (ərizəçi) tərəfindən tərtib olunan bütün sənədlərdə, o cümlədən də maraqlı şəxsin icra orqanının rəhbəri olduğu vergi ödəyicisi olan “Hüquqi şəxs haqqında məlumat”da (3 hüquqi şəxsə aid), maraqlı şəxsə ünvanlanmış Xəbərdarlıqda və digər sənədlərdə Maraqlı şəxs yaşadığı ünvanı “ünvan 3ur. Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşadığı müəyyən olunur (maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir)... Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir... Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin rəsmi qeydiyyat ünvanı üzrə deyil, yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, Maraqlı şəxs isə Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığından, həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Əksinə, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatlarla müəyyən edilir ki, Maraqlı şəxs faktiki olaraq Bakı şəhərinin Binəqədi rayonunda yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət oluna bilər. Vergi orqanı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxsin “yaşayış yeri” və “olduğu yer” ifadələrinin anlayışı isə həmin Qanunun 2-ci maddəsində izah olunmuşdur. Belə ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri; şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Qeyd edilən Qanunun tələbi və məqsədinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma halı yoxdursa, həmin yer yaşayış yeri kimi hesab edilə bilməz. Odur ki, məcburi köçkün kimi məskunlaşma barədə arayış yaşayış yeri üzrə qeydiyyatı əvəz edə bilməz. Bu cür məskunlaşmada məqsəd müvafiq dövlət orqanı tərəfindən məcburi köçkünlərin hüquqlarının təmin edilməsində dövlət siyasətinin yerinə yetirilməsidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi isə Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır... Göründüyü kimi, məhkəmə tərəfindən qeyd edilən maddi hüquq norması tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Məhkəmə qərardadında Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad edərək maraqlı şəxsin yaşayış ünvanının ünvan 5ürüb ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Halbuki, həmin maddədə qeyd olunub ki, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda da ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəni Sumqayıt Kommersiya Məhkəməsinə verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “Ərazi aidiyyəti” adlanan 4-cü fəslinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin “Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat” adlanan 40-2-ci fəslinin 355-5.2-ci maddəsinə görə isə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, Mülki-Prosessual Məcəllədə ümumi norma olaraq 35.1-ci maddədə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı cavabdehin “rəsmi qeydiyyat” ünvanına istinad olunsa da, həmin Məcəllənin xüsusi norma olaraq 355-5.2-ci maddəsində vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yerin ünvanı əsas götürülmüşdür. Başqa sözlə, Mülki-Prosessual Məcəllə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizənin fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin “rəsmi qeydə alındığı yerin” deyil, “yaşadığı (olduğu) yerin” məhkəməsinə verilməsini təsbit etmişdir. Qanunvericiliyin bu cür qayda müəyyən etməkdə məqsədini belə başa düşmək olar ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması onun sərbəst hərəkət azadlığına müdaxilə olduğundan, şəxsin ona qarşı bu növ tədbirin tətbiqindən məhkəmə müdafiəsi hüququnu vaxtında, daha asan, əlverişli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradılması baxımından səlahiyyətli orqanın (ərizəçinin) həmin qəbildən olan müraciətləri üzrə işlərə maraqlı şəxsin yaşadığı (olduğu) yerin məhkəməsində baxılması məqsədəuyğun hesab edilmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur... Bu isə o deməkdir ki, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən, yəni rəsmi qeydə alındığı (qeydiyyatda olduğu) ünvan onun yaşayış yeri sayılır. Lakin şəxsin rəsmi qeydə alındığı ünvanla yaşayış yeri fərqli də ola bilər. Belə uyğunsuzluq xüsusən də Azərbaycan Respublikasının məcburi köçkün vətəndaşlarına şamil olunan haldır. Ermənistan dövlətinin hərbi təcavüzünə məruz qalmış Azərbaycan Respublikasının rayonlarından məcburi köçkün düşən vətəndaşların şəxsiyyət vəsiqələrində onların rəsmi qeydə alındıqları ünvanlar işğal altında qalmış yaşayış yerləri göstərilsə də, lakin onlar məcburi köçkün kimi məskunlaşdıqları yerlər üzrə də qeydiyyata götürülmüşlər. 30 ilə yaxın müddətdir ki, həmin vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən rəsmi qeydə alındıqları yaşayış yerləri faktiki olaraq mövcud deyildir (işğal nəticəsində məhv olmuşdur) və müvəqqəti məskunlaşdıqları yerlər onların yaşayış yerləri kimi qəbul olunmuşdur. Məcburi köçkün olan vətəndaşların rəsmi qeydə alındığı yerlə yaşadığı (olduğu) yer arasındakı uyğunsuzluq aradan qalxanadək (onların öz doğma yerlərinə qayıtma imkanları təmin olunanadək) həmin vətəndaşların məskunlaşdıqları və məcburi köçkün kimi müvəqqəti qeydə alındıqları ünvanlar onların yaşayış yeri (olduğu yer) hesab olunmalıdır. Qeyd etmək lazım gəlir ki, Azərbaycan Respublikasının rayonlarından məcburi köçkün düşən vətəndaşların şəxsiyyət vəsiqələrində onların rəsmi qeydə alındıqları ünvan kimi işğal altında qalmış yaşayış yerlərinin göstərilməsi həmin vətəndaşların öz doğma yurd yerləri ilə bağlılığının qorunması məqsədini daşımış və məcburi köçkünlərin şəxsiyyət vəsiqələrindəki ünvanlar son 30 il ərzində onların əsl yaşayış yerini (olduğu yeri) göstərməmişdir. Həmin ünvanlarda olan yaşayış yerləri də əslində işğal nəticəsində məhv olmuşdur (mövcud deyildir) və hazırda Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərində yaşayış məntəqələrinin bərpa və yenidən qurulmasını həyata keçirir. Buna baxmayaraq, məcburi köçkün vətəndaşların yaşayış yeri (olduğu yer), hələ ki, onların məcburi köçkün kimi məskunlaşdıqları yerlərdə qeydiyyata alındıqları ünvanlar sayılır. Beləliklə, müstəsna olaraq məcburi köçkün vətəndaşların yaşadığı (olduğu) yer dedikdə onların məcburi köçkün kimi qeydə alındığı ünvan nəzərdə tutulur. Hazırkı iş üzrə də Maraqlı şəxs rəsmi qeydə alındığı ünvanı “ünvan 6ı (olduğu) ünvanı kimi “ünvan 8uşdur. Belə vəziyyətdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə MPM-in 355-5.2-ci maddəsinin tələbinə əsasən onun yaşadığı (olduğu) yerə görə, yəni məcburi köçkün kimi qeydə alındığı Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 26, mənzil 90 ünvanının aid olduğu yurisdiksiya üzrə müvafiq məhkəməyə (Bakı Kommersiya Məhkəməsinə) verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Ərizəçi sözügedən ərizəni ərazi aidiyyəti üzrə bu ərizəyə baxmalı olmayan məhkəməyə vermişdir. Bununla razılaşmayan ərizəçinin mövqeyini və şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız kimi qiymətləndirir. Ərizəçinin şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “ərizənin geri qaytarılması barədə” 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1279/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında, habelə ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 266-269, 355-5, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “ərizənin geri qaytarılması barədə” 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1279/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-102/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-102/2024
16.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver