Məhkəmə qərarları › İş №2-2(105)-105/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-105/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-105/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, iddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-189/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsinə əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti-“Kredit verən”, Cavabdeh3- “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» 100000 (yüz min) manat məbləğində Uzunmüddətli Kredit Xəttini açır. Uzunmüddətli Kredit xətti bu Müqavilə üzrə və onun qüvvədə otduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir və bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 06 sentyabr 2031-ci il tarixdən gec olmayaraq verilməlidir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma və Bank hesabının kreditləşməsi barədə razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. Müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir.

3. 06 sentyabr 2021-ci il tarixli 001S**********02 nömrəli Zaminlik Müqaviləsinə görə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti-“Borc verən”, Cavabdeh4-“Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh4 zamin olaraq borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

4. 06 sentyabr 2021-ci il tarixli 001S**********03 nömrəli Zaminlik Müqaviləsinə görə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

5. 06 sentyabr 2021-ci il tarixli 001S**********04 nömrəli Zaminlik Müqaviləsinə görə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

6. 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasına əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 24 ay müddətinə aylıq 2 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir.

7. Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.

8. 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 06 sentyabr 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay cəmi 371 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda (06.10.21-ci il, 08.11.21-ci il, 06.12.21-ci il və s.) ödənilməsi nəzərdə tutulmuşdur (həmin kredit ödənişinin son tarixi 06 sentyabr 2023-cü il müəyyən olunmuşdur) və X3 kredit alan Cavabdeh3 imza etmişdir. X3 əsasən 1-ci ayı əhatə edən (xx.xx.2021-ci il - 06.10.21-ci il) dövr üçün faiz məbləği “140 (yüz qırx) manat” miqdarında müəyyən edilmişdir (ödəniş vaxtı: - 06.10.21-ci il).

9. Kredit alan Cavabdeh3 ilə kredit verən İddiaçı QSC arasında 7000 (yeddi min) manat məbləğində kreditin verilməsi ilə əlaqədar bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması və 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli “Ödəniş Planı” zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən imzalanmamışdır və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 “zamin” olaraq həmin Kredit Razılaşması və “Ödəniş Planı” sənədləri ilə rəsmi olaraq tanış edilmələri təsdiq olunmamışdır.

10. Bank - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və "Müştəri" - Cavabdeh3 tərəfindən imzalanmış 06 sentyabr 2021-ci il tarixli "Kreditin verilməsi- Köçürmə" adlı sənəddən görünür ki, Bank İddiaçı QSC tərəfindən (cari hesabın nömrəsi **********042299, İBAN AZ4SACAB********************) "müştəri" Cavabdeh3 35 (otuz beş) manat məbləğində komissiya haqqı tutulmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir.

11. 29 sentyabr 2022-ci il tarixli 11815 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə 06 iyun 2022-ci il tarixinə kredit verən İddiaçı QSC-yə 6769 manat məbləğində əsas borc, 956,56 manat məbləğində faiz borcu və 1269,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8995,42 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 206 gün).

12. Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid 17 sentyabr 2021-ci il tarixli Mədaxil Orderinin əsli ilə müəyyən olunur ki, kredit alan Cavabdeh3 tərəfindən kredit verən İddiaçı QSC-nin Mərkəzi Filialında 7140 (yeddi min yüz qırx) manat məbləğində pul vəsaiti nağd şəklində həmin Banka (İBAN AZ4SACAB********************) mədaxil edilərək ödənilmişdir (həmin məbləğin 17 sentyabr 2021-ci ildə Banka ödənməsi iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə də təsdiq olunmuş və bu ödənişin edilmiş olmasını proses iştirakçıları mübahisələndirməmişlər).

13. İddiaçı QSC tərəfindən tərtib edilərək təsdiqlənmiş 06 sentyabr 2021-ci ildən 06 iyun 2022-ci il tarixədək dövrü əhatə edən Cavabdeh3 aid AZ4SACAB******************** nömrəli cari hesab üzrə Hesabdan Çıxarışa əsasən, İddiaçı QSC tərəfindən 06 sentyabr 2021-ci ildə 7000 (yeddi min) manat məbləğində verilən kredit məbləğindən 35 (otuz beş) manat komissiya haqqı və 68,95 (altmış səkkiz manat 95 qəpik) manat “nağdlaşdırma üçün S/V” məbləğləri çıxıldıqdan sonra 6895 (altı min səkkiz yüz doxsan beş) manat məbləğində kredit vəsaiti borcalan Cavabdeh3 nağd şəklində təqdim edilmişdir. 17 sentyabr 2021-ci ildə isə borcalan Cavabdeh3 7140 (yeddi min yüz qırx) manat məbləğində pul vəsaitini həmin cari hesaba nağd qaydada mədaxil etmişdir (ödəmişdir). Həmin məbləğdən 20 sentyabr 2021-ci ildə 35,58 (otuz beş manat 58 qəpik) manat komissiya haqqı və 59,30 (əlli doqquz manat 30 qəpik) manat “nağdlaşdırma üçün S/V” məbləğləri çıxıldıqdan sonra 20 sentyabr 2021-ci ildə borcalan Cavabdeh3 tərəfindən 5930 (beş min doqquz yüz otuz) manat məbləğində və 04 oktyabr 2021-ci ildə isə 11,05 (on bir manat 05 qəpik) manat “nağdlaşdırma üçün S/V” məbləği çıxıldıqdan sonra borcalan Cavabdeh3 tərəfindən 1105 (min yüz beş) manat məbləğində nağd pul vəsaitləri alınmışdır. 04 oktyabr 2021-ci ildə isə borcalan Cavabdeh3 tərəfindən 375 (üç yüz yetmiş beş) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 18 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh3 ilə bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Krеdit Razılaşması üzrə 6769 manat məbləğində krеdit bоrcu, 956,56 manat məbləğində faiz bоrcu və 1269,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8995,42 (səkkiz min doqquz yüz doxsan beş manat 42 qəpik) manat məbləğində bоrcun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 9,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh3 kredit verən İddiaçı QSC tərəfindən 06 sentyabr 2021-ci il tarixli 001L**********81 saylı Uzunmüddətli Krеdit Müqaviləsinə əsasən 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqavilənin şərtlərinə görə kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borc alan Cavabdeh3 kredit verən İddiaçı QSC ilə bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində krеdit götürmüşdür. Borc alan Cavabdeh3 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 08 noyabr 2021-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh3 götürdüyü krеdit üzrə əsas bоrcundan 231 manat məbləğində ödəniş etmiş və onun 6769 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06 iyun 2022-ci il tarixə 206 gün üçün hesablanmış faiz borcu 956,56 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 06 iyun 2022-ci il tarixə 206 gün üçün hеsablanmış cərimə 1269,86 manat təşkil edir. Uzunmüddətli Kredit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış Zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, bu mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır.

16. Məhkəmə iclaslarında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеh Cavabdeh3 ilə bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 06 sentyabr 2021-ci il tarixli Krеdit Razılaşması üzrə 6769 manat məbləğində krеdit bоrcu, 956,56 manat məbləğində faiz bоrcu və 1269,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8995,42 manat məbləğində bоrcun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 9,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

17. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Məğrur adlı işçisinin vasitəsi və köməkliyi ilə 06 sentyabr 2021-ci ildə həmin Bankdan iki il müddətinə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit almış və bu kreditin alınması üçün anası Məlahət, xalası Safra və xalasının əri Sabir ona zamin olmuşlar. Lakin, o, pulu aldıqdan bir neçə gün sonra həmin zaminlər ona zamin olmalarına etiraz edib, ondan zaminliklərinin ləğv olunmasını tələb etmişlər. Buna görə də, o, məcbur olub krediti aldıqdan təxminən 11 gün sonra, yəni 17 sentyabr 2021-ci ildə Zaminlərini öhdəlikdən azad etmək üçün onlarla birlikdə Banka gedib, aldığı 7000 manat məbləğində krediti qaytarmaq istədiyini bildirmişdir. Bankda ona izah etmişlər ki, 7000 manat məbləğində krediti vaxtından əvvəl qaytardığı halda birinci ay üçün hesablanmış 140 manat faizi də ödəməlidir. Buna görə də o, məcbur olub cəmi 11 gün keçməsinə baxmayaraq, 7000 manat məbləğində kredit və oktyabr ayında ödənilməsi nəzərdə tutulan birinci ay üçün hesablanmış 140 manat faiz məbləği olmaqla, cəmi 7140 manat məbləğində pulu Banka ödəmiş və Bank tərəfində də ona bu ödənişi təsdiq edən mədaxil qəbzi verilmişdir. Bundan sonra zaminləri olan anası və qohumları onların zaminlikləri ilə götürülmüş 7000 manat məbləğində kreditin 140 manat faizi ilə birlikdə qaytarıldığının şahidi olub sakitləşmiş və onlar hesab etmişlər ki, artıq zaminliklərinə xitam verilmişdir. Lakin həmin kredit bağlandıqdan sonra ona yenidən pul lazım olduğu üçün o, bir neçə gün sonra Bankın işçisi Məğrura zəng edərək yenidən kredit almaq istədiyini bildirmişdir. Məğrur isə ona bildirmişdir ki, ödəmiş olduğu 7140 manat məbləğində pul vəsaiti hesabındadır və o, həmin pulu yenidən kredit kimi götürə bilər. Buna görə də, o, gedib Bankdan yenidən kreditə pul götürmüşdür. Lakin, o, bu pulu yeni bir kredit kimi götürdüyünü güman etmiş və ona görə də bununla bağlı onun özü və yaxud Bank işçiləri zaminlərinə heç bir məlumat verməmişlər. Buna görə də, o, hesab edir ki, onun ikinci dəfə Bankdan pul götürməsi yeni bir kredit olmuş və 2-ci kreditin zaminlər kimi qeyd olunan anası Məlahətə, xalası Safraya və xalasının əri Sabir kişiyə heç bir aidiyyəti olmamışdır. Çünki, əvvəlki götürdüyü kredit həmin zaminlərin təkidi ilə və onların iştirakı ilə Banka qaytarıldıqdan bir neçə gün sonra 2-ci dəfə Bankdan aldığı kreditə həmin şəxslər heç bir vaxt zamin olmazdılar. Odur ki, o, hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borc olaraq 6769 manat məbləğində pulun tutulmasına və Bankla aralarında bağlanmış müqavilənin ləğv edilməsinə razı olsa da, iddia tələbi ilə qalan hissələrdə, o cümlədən də borcun zaminlərdən tutulmasına razı deyildir.

18. Məhkəmə iclasında Cavabdeh3 suallara cavab olaraq bildirmişdir ki, birinci dəfə krediti götürdükdən 11 gün sonra həmin kredit üzrə bütün ödənişi tam olaraq əlavə faizi ilə birlikdə həyata keçirməsinə səbəb zaminlərin təkidi olmuşdur. O, 7140 manat məbləğində kredit ödənişindən təxminən 3 gün sonra Bankdan yenidən kredit götürmüşdür. Lakin, o, ikinci kredit ilə bağlı zaminlərə məlumat verməmişdir. Çünki, o elə bilirdi ki, zaminlərin iştirakı ilə 7000 manat məbləğində götürdüyü kredit tam bağlanmışdır və bu kreditin zaminlərə heç bir aidiyyəti yoxdur. O, ümumiyyətlə hər hansı bir bank hesabı açılması üçün Banka müraciət etməmişdir və 7140 manat məbləğində pulu da zaminlərinin tələbi ilə 1-ci kreditin tam olaraq bağlanması üçün ödəmişdir. Əgər bu ödənişin ödənilməsi üçün ərizə yazılmalı idisə, bunu da Bank ona deməli idi. O, Məğrur adlı bank işçisinə 2-ci dəfə kredit üzrə müraciət etdikdə, zaminlərin narazılığını da bildirmişdi. Məğrur isə ona həyata keçirdiyi 7140 manat məbləğində ödənişdən sonra Bankın etibarlı müştərisi kimi tanındığını və ona istədiyi məbləğin zamin olmadan da veriləcəyini bildirmişdi. Buna görə də o, Banka gedərək, əvvəlki kreditlə əlaqəsi olmadan, ikinci dəfə kredit götürdüyünü güman etmişdir. O, müştəri olduğu üçün düzgün sənədləşdirməni və ödənişin sistemə daxil edilmə məsələsini Bank yerinə yetirməli idi. O, güman etmişdir ki, ödəmiş olduğu 7140 manat məbləğində pul sistemə daxil olmuş və birinci kreditin ödənilməsi sona çatmışdır. O, 2-ci dəfə pul götürəndə 1-ci kredit üçün etdiyi ödənişin borca silinmədiyini və ona 2-ci dəfə pulun həmin kredit üzrə ödənilən puldan verildiyini bilməmişdir.

19. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etmədiyini bildirərək, borcun ondan və digər zaminlərdən tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırlmışdır ki, o, bacısı Safra və bacısının əri Sabirlə birlikdə oğlu Cəmilin Bankdan 1-ci dəfə 7000 manat məbləğində kredit götürməsinə zamin olsalar da, kredit alındıqdan bir neçə gün sonra bacısıgil zamin olmalarına peşman olduqlarını bildirib, oğlundan zaminlikdən çıxarılmalarını tələb etmişlər. Buna görə də, o, qohumlar arasında narazılıq olmaması üçün özünə məxsus torpaq sahəsini dəyərdəyməzinə satıb, kredit alındıqdan təxminən 10-11 gün sonra bacısıgillə birlikdə Banka gedib 7000 manat krediti qaytarmaq istədiklərini bildirmişlər. Bank işçiləri buna etiraz etməsələr də, birinci ayın faizi olan 140 manat pulu da əlavə olaraq ödəməli olduqlarını bildirmişlər. Oğlu Cəmil isə zaminlərin narazılığını aradan qaldırmaq üçün əlavə 140 manat pulu da ödəməyə razı olub, onların yanında 7140 manat pulu Banka ödəmiş və bu ödənişlə əlaqədar Bankın verdiyi qəbzi götürüb evlərinə qayıtmışlar. Bundan sonra onlar zamin olaraq hesab etmişlər ki, götürülmüş 7000 manat məbləğində kredit artıqlaması ilə Banka qaytarıldığı üçün onların zaminlikləri də bitmişdir. Lakin, bu işlə əlaqədar məhkəməyə çağırıldıqları zaman onlardan pul tələb olunduğunu bilmişlər. Bundan sonra bilmişlər ki, 1-ci kredit ödənildikdən sonra Cəmil 2-ci dəfə Bankdan kredit almışdır. Lakin onun və digər zamin kimi göstərilən Safranın və Sabirin 2-ci dəfə kredit alınmasından xəbərləri olmamışdır. Çünki, 2-ci dəfə kredit verilərkən nə ona, nə də bacısı Safraya və bacısının əri Sabirə məlumat verilməmiş və bununla bağlı onlar heç bir sənəd imzalamamışlar. Buna görə də, xəbərləri olmadan Cəmilin 2-ci dəfə Bankdan kredit götürməsinin onlara heç bir aidiyyəti yoxdur. Onlar Cəmilə zamin olmasına razı olsaydılar, birinci dəfə götürülmüş krediti özlərinə zərər etməklə vaxtından əvvəl qaytarmazdılar.

20. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, borcun ondan və digər zaminlərdən tutulmaması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırlmışdır ki, o, əri Sabir və bacısı Məlahətlə birlikdə onlara təqdim edilən sənədləri imzalayıb, bacısı oğlu Cavabdeh3 Bankdan 1-ci dəfə kredit götürməsinə zamin olsalar da, bir neçə gün sonra zamin olmalarına etiraz edib, zaminlikdən çıxmaq istədiklərini bildirdikləri üçün bacısıgil torpaq sahələrini satıb, kredit alındıqdan təxminən 10 gün sonra bacısıgillə birlikdə Banka gedib 7000 manat krediti qaytarmaq istədiklərini bildirmişlər. Bank işçiləri buna etiraz etməsələr də, birinci ayın faizi olan 140 manat pulu da əlavə olaraq ödəməli olduqlarını bildirmişlər. Qohumlar arasında narazılıq olmaması üçün Cəmil buna razı olub, onların yanında 7140 manat pulu Banka ödəmiş və onlar bu ödənişlə əlaqədar Bankın verdiyi qəbzi də götürüb evlərinə qayıtmışlar. Bundan sonra onlar zamin olaraq hesab etmişlər ki, götürülmüş kredit artıqlaması ilə Banka qaytarıldığı üçün onların zaminlikləri də bitmişdir. Lakin, bu işlə əlaqədar məhkəməyə çağırıldıqları zaman bilmişlər ki, 1-ci kredit ödənildikdən sonra Cəmil 2-ci dəfə Bankdan kredit almışdır. Lakin onun və digər zamin kimi göstərilən əri Sabirin 2ci dəfə kredit alınmasından xəbərləri olmamışdır. Çünki, 2-ci dəfə kredit verilərkən nə ona, nə də əri Sabirə məlumat verilməmiş və bununla bağlı onlar heç bir sənəd imzalamamışlar. Buna görə də, xəbərləri olmadan Cəmilin 2-ci dəfə Bankdan kredit götürməsinin onlara heç bir aidiyyəti yoxdur. Onlar Cəmilə zamin olmağa razı olsaydılar, birinci dəfə götürülmüş kreditin tez-tələsik qaytarılmasını tələb edib, həmin borcu qaytarmazdılar.

21. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 ona qarşı yönələn iddia tələbini qəbul etmədiyini bildirmiş və öz mövqeyini – arvadının bacısı oğlu Cavabdeh3 1-ci dəfə götürdüyü kreditə zamin olsa da, həmin kredit üzrə borcun ödənilməsi və bundan sonra Cavabdeh3 aldığı digər hər hansı bir kreditə zamin olmaması və Cəmilin başqa kreditlərindən xəbərinin olmaması ilə əsaslandırmışdır.

22. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-189/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh3 (VÖEN **********) 6769 (altı min yeddi yüz altmış doqquz) manat məbləğində əsas borc, 956,56 (doqquz yüz əlli altı manat 56 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı və 9,95 (doqquz manat 95 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8095,51 (səkkiz min doxsan beş manat 51 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh3 dövlət rüsumunun qalığı kimi 90,25 (doxsan manat 25 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit alan Cavabdeh3 ilə kredit verən İddiaçı QSC arasında 7000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar imzalanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasını və həmin Kredit Razılaşması üzrə tərtib edilərək təsdiq olunmuş 06 sentyabr 2021-ci il tarixli “Ödəniş Planı”nı zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 imzalamasalar da, onlar qeyd olunan 7000 manat məbləğində kreditin faktiki olaraq borcalan Cavabdeh3 tərəfindən Bankdan alınmasından xəbərdar olmuş və qeyd olunan borc alındıqdan bir neçə gün sonra zaminlikdən imtina etmələrini sonuncuya bildirmişlər. Buna görə də, borcalan Cavabdeh3 17 sentyabr 2021-ci ildə, yəni krediti aldıqdan 11 gün sonra zaminlərlə birlikdə borcu vermiş Banka gedərək, həmin 7000 manat kredit məbləği və 140 manat məbləğində birinci ayın faizi, yəni hesabat ayı bitməsə də Bankın tələbi ilə birinci ay üçün Ödəniş Planında nəzərdə tutulan faiz məbləği olmaqla, cəmi 7140 manat məbləğində pul vəsaitini nağd qaydada Bankın xəzinəsinə rəsmi qaydada ödəmiş və bununla əlaqədar Bank tərəfindən ona 17 sentyabr 2021-ci il tarixli mədaxil orderi (qəbzi) təqdim olunmuşdur. Lakin, bundan sonra borcalan Cavabdeh3 tərəfindən həmin Bank hesabından 20 sentyabr 2021-ci ildə 5930 manat məbləğində və 04 oktyabr 2021-ci ildə isə 1105 manat məbləğində olmaqla, cəmi 7035 manat məbləğində pul vəsaitini nağd qaydada alınmış və həmin məbləğlərin verilməsi üçün Bank tərəfindən “komissiya haqqı və “nağdlaşdırma üçün S/V”” məbləğləri olmaqla ümumilikdə cəmi 105,93 manat məbləğində pul vəsaiti silinmişdir. Lakin, məlum hesabdan 2-ci dəfə cəmi 7035 manat məbləğində pul vəsaitinin verilməsi ilə əlaqədar borcverən Bankla borcalan Cavabdeh3 arasında heç bir sənəd imzalamamış və bu pulun verilməsi ilə əlaqədar zamin olaraq Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 heç bir məlumat verilməmişdir. Halbuki, 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən 1.4-cü bəndinin tələblərinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. Lakin, kredit alan Cavabdeh3 2ci dəfə Bankdan pul almasını təsdiq edərək, ona qarşı verilmiş iddianı əsas borcun tutulması və kredit razılaşmasının ləğv edilməsi hissəsində qəbul etsə də, iş üzrə zamin olduqları üçün cavabdeh qismində məhkəməyə verilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddia tələblərini qəbul etməmişlər. Məhkəmə hesab etmişdir ki, kreditin borcalan Cavabdeh3 tutulması hissəsində iddia tələbinin əsaslılığı təsdiq olunsa da, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 yönəldilməsi tamamilə əsassızdır. Çünki, işin halları ilə təsdiq olunur ki, zaminlərin iştirakı ilə 06 sentyabr 2021-ci ildə alınmış 7000 manat məbləğində kredit 17 sentyabr 2021-ci ildə birinci ay üçün nəzərdə tutulan 140 manat faiz məbləği də əlavə olunmaqla, cəmi 7140 manat məbləğində olmaqla Banka ödənmiş və həmin ödəniş Bankın mübafiq əməkdaşı tərəfindən nağd şəklində qəbul edilərək məlum kredit ödənişləri üçün nəzərdə tutulan hesaba (AZ4SACAB******************** nömrəli hesaba) mədaxil olunmuşdur

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 527.1, 528, 529.2, 529.4, 560.2, 739.1, 470.1,472.1, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 421, 467, 477.0, 477.0.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

25. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 aid hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - tərəflər (iddiaçı və Cavabdeh3) arasında bağlanmış kredit razılaşmasının 2.1-ci bəndi ilə kredit məbləğinin cavabdehin cari hesabına köçürüləcəyi razılaşdırılmışdır. “Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları”na əsasən isə fiziki şəxslərin cari hesabları onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirmək üçün açılır. Göründüyü kimi, cari hesabın təyinatı yalnız kredit ödənişlərinin icra edilməsinə xidmət etmir. (Məhkəmə qətnaməsində “7140 manat məbləğində pulun məhz kredit ödənişi üçün nəzərdə tutulan hesaba mədaxil edilməsini” qeyd etməklə, qanunvericiliklə müəyyən edilmiş “cari hesab” anlayışına zidd təhlil aparmışdır.(səh.10) Bununla yanaşı, həmin razılaşmanın 4.1.2-ci bəndinə əsasən “Kredit alan kredit hissəsini, faizi və/və ya ödəməli olduğu digər məbləğləri Ödəniş planı üzrə ödəyə bilmədikdə, Bank ödənilməli olan kredit hissəsini, faizi və penyanı Kredit alanın Bankda olan hesablarından birtərəfli qaydada şərtsiz silmək hüququna malikdir.” Tərəflər arasında mövcud olan razılaşmaya əsasən, Bank yalnız ödəniş planı üzrə ödənişlər icra edilmədiyi təqdirdə hesabda olan vəsaiti silə bilər. Qanunverici müştərinin sərəncamı olmadan digər halı qadağa edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964-cü maddəsinə əsasən “Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.” Göründüyü kimi, Cavabdeh3 öz cari hesabına vəsait daxil edib, ödənişinin təyinatını bildirməyib və onun silinməsinə dair sərəncam verməyib, bununla yanaşı, ödəniş planı üzrə gecikmə olmadığından (ilk ödəniş tarixi xx.xx.2021-ci il) iddiaçı Bank əsas olmadan silinməni icra etməyib. - əlavə olaraq, məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixində (cümə günü) hesabına mədaxil edir, növbəti iş günü, yəni xx.xx.2021-ci il tarixində vəsaitin böyük bir qismini, qalan məbləği isə xx.xx.2021-ci il tarixində (ödəniş gününə iki qalmış) məxaric edir və həmin gün ödəniş planına uyğun olaraq 375 manat məbləğində vəsaiti yenidən hesaba mədaxil edir. Ödəniş tarixi günü, yəni xx.xx.2021-ci il tarixində həmin vəsait bank tərəfindən cavabdehin ödəniş planına uyğun olaraq əsas və faiz ödənişlərinə silinir. -məhkəmə AR MM-nin 427.3-cü maddəsini hazırkı kommersiya mübahisəsi üzrə düzgün tətbiq etməmiş və yekunda yanlış nəticəyə gəlmişdir. Belə ki, həmin maddənin dispozitiv şərti ondan ibarətdir ki, “Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” İstinad olunan maddənin mahiyyəti ondan ibarətdir ki, borclu öhdəliyini müəyyən edilmiş vaxt və ya bu cürdövr ərzində istənilən an icra etməlidir. Lakin, həmin maddənin şərti cari hesablar üzrə silinmənin aparılması üçün (hazırkı iş üzrə gecikmə olmadığı təqdiqdə) müştərininborclunun sərəncamına dair tələbi istisna etmir. - məhkəmə iddia tələbini digər cavabdehlərə münasibətdə təmin etmədikdə, aşağıdakı halları nəzərə almamışdır: 1) cari hesaba qoyulan vəsaitlə bağlı borclu-müştəri tərəfindən borcun tam silinməsinə dair sərəncamın olmaması; 2) kredit öhdəliyi üzrə gecikmə olmadığından, həmçinin müştərinin sərəncamı olmadan Bankın birtərəfli qaydada şərtsiz silinmə apara bilməməsi; 3) mədaxil olunan vəsaitin kredit öhdəliyinin icra müddətindən əvvəl məxaric edilməsi artıq borclu cavabdehin cari hesabında olan, ona məxsus vəsaitə dair sərəncam hüququndan istifadə etməsi. - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.1-ci maddəsinə əsasən “...zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir.” Zaminliyə xitam verilməsi üçün qeyd olunan maddi hüquq normasının dispozitiv şərti ondan ibarətdir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilmiş olsun və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Hazırkı kommersiya mübahisəsi üzrə təqdim edilən sənədlərdən aşkardır ki, hər hansı bir dəyişiklik mövcud deyil. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, tərəflər arasında zaminlik müqaviləsi ilə zaminin öhdəliyi 100000 manat məbləğində, 120 ay müddətində 28 % dərəcəsi ilə müəyyən edilmiş və razılaşdırılmışdır. Məhkəmə AR MM-nin 477.0.1-ci maddəsinə istinad etsə də, həmin maddi hüquq normasını düzgün tətbiq etməmişdir. - məhkəmə Plenumun müvafiq Qərarına istinad edilsə də, yekun məhkəmə aktı qəbul edən zaman həmin qərarda ifadə olunmuş mövqelərə zidd nəticəyə gəlmişdir. Belə ki, 31 may 2018-ci il tarixli Qərarda qeyd edilmişdir ki, “...Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Hazırkı Qərardakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, kredit xətti müqaviləsində mühüm şərtlər qeyd edilməlidir, lakin, həmin şərtlər qeyd edilmədiyi təqdirdə, zaminin razılığı alınmalıdır. Belə ki, kredit xətti müqaviləsində mühüm şərtlərin (halbuki, hazırkı kommersiya mübahisəsi üzrə kredit xətti müqaviləsində məbləğ, müddət müəyyən edilmiş və faiz dərəcəsi ilə bağlı kredit razılaşmasına istinad edilmişdir ki, həmin razılaşmada isə faiz dərəcəsi zaminlik müqaviləsində müəyyən edilmiş həddə olmuşdur (kredit xətti müqaviləsinin 1.2 və 1.3- cü bəndləri) göstərilməməsi birmənalı şəkildə zaminlik öhdəliyinin xitamını ehtiva etmir. İş materiallarında olan zaminlik müqaviləsindən aşkar şəkildə görünür ki, kredit öhdəliyi üzrə mühüm bütün şərtlər (məbləğ, faiz dərəcəsi, müddət) zaminlərlə razılaşdırılmış və eyni vaxtda kreditin verilməsi təmin edilmişdir (xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin giriş hissəsi) Qərarda ifadə olunmuş mövqenin əsas mahiyyəti zaminin razılığı olmadan AR MM-nin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin artmasının və yaxud digər əlverişsiz nəticələrinin qarşısının alınmasıdır. Qərarın 4-cü bəndinə əsasən,“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.” İş materiallarına əlavə edilmiş kredit xətti müqaviləsinin, kredit razılaşmasının və zaminlik müqaviləsinin təhlili zamanı məlum olur ki, Qərarın 4-cü bəndində vurğulan hal, yəni öhdəliyin artması baş verməmişdir. - “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Plenum qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.” İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsində mühüm bütün şərtlər qeyd edilmişdir. Məhkəmə tərəfindən zaminlik müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Halbuki, Plenumun Qərarında əks olunan mövqe ondan ibarət olmuşdur ki, zaminlik müqaviləsində razılaşdırılmış şərtlər nəzərə alınmalıdır. Həmin müqavilə əsasında bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.)barəsində razılıq əldə olunmadığı təqdirdə, zaminlik öhdəliyinə xitam verilə bilər. Məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. - məhkəmə cavabdeh tərəfindən cari hesabına mədaxil edilmiş 7140 manat məbləği yeni kreditin rəsmləşdirilməsi kimi qiymətləndirmiş və bununla da zaminlik öhdəliyinin artdığı qənaətinə gəlmişdir. -iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zaminlərin öhdəliyinin artması halı baş verməmiş, kredit öhdəliyinə hər hansı bir dəyişikliklər edilməmiş və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində yeni kreditin verilməsinə dair heç bir sübut mövcud olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin zaminlərə aid təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin hımin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

28. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 448.2. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 19 iyun 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin zaminlərə aid təmin edilməmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

33. Bu aşağıdakı səbəblərdən irəli gəlir:

34. Birinci instansiya məhkəməsinin iddianın zaminlərə aid hissəsində təmin edilməməsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən həmin kredit məbləği 11 gün sonra banka tam qaytarılmışdır. İddiaçı tərəfindən sonradan yeni kredit götürülmüşdür və həmin kreditlərlə bağlı zaminlərin məsuliyyəti müəyyən olunmur.

35. Hazırda araşdırılmalı olan əsas məqam yeni kredit müqaviləsinin olub-olmaması, cavabdehin istifadə etdiyi məbləğin ona mövcud olan xx.xx.2021-ci il tarixli kredit razılaşması çərçivəsində verilib-verilməməsidir.

36. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh3 arasında 10 il müddətinə 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi və həmin Müqavilə üzrə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 arasında 06 sentyabr 2021-ci il tarixli müvafiq Zaminlik Müqavilələri bağlandıqdan sonra, kredit verən İddiaçı QSC və kredit alan Cavabdeh3 tərəfindən imzalanmış 06 sentyabr 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması əsasında sonuncuya 24 ay müddətinə aylıq 2 % dərəcəsi ilə 7000 manat məbləğində kredit verilərək, həmin kreditin qaytarılması müddətini və məbləğini müəyyən edən 06 sentyabr 2021-ci il tarixli “Ödəniş Planı” tərtib olunmuşdur. Borcalan Cavabdeh3 17 sentyabr 2021-ci ildə, yəni krediti aldıqdan 11 gün sonra 7000 manat kredit məbləği və Ödəniş Planında nəzərdə tutulan 140 manat məbləğində birinci ay üçün faiz məbləği olmaqla, cəmi 7140 manat məbləğində pul vəsaitini nağd qaydada Bankın xəzinəsinə ödəmiş və bununla əlaqədar Bank tərəfindən ona 17 sentyabr 2021-ci il tarixli mədaxil orderi (qəbzi) təqdim olunmuşdur.

37. Bundan sonra borcalan Cavabdeh3 tərəfindən həmin Bank hesabından 20 sentyabr 2021-ci ildə 5930 manat məbləğində və 04 oktyabr 2021-ci ildə isə 1105 manat məbləğində pul vəsaiti nağd qaydada alınmışdır.

38. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, məlum hesabdan 2-ci dəfə cəmi 7035 manat məbləğində pul vəsaitinin verilməsi ilə əlaqədar borcverən Bankla borcalan Cavabdeh3 arasında heç bir sənəd imzalanmamış və pulun verilməsi ilə əlaqədar zamin olaraq Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 heç bir məlumat verilməmişdir. Halbuki, 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən 1.4-cü bəndinin tələblərinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir.

39. Kollegiya pul vəsaitinin verilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında heç bir sənəd imzalanmaması barədə məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, həmin məntiqlə yanaşılsa, iddiaçı ilə cavabdeh arasında etibarlı borc müqaviləsinin olmaması və iddianın əsaslılığını təsdiq edən sübutlar olmaması ümumiyyətlə iddianın rədd edilməsi üçün əsas olmalı idi. Məhkəmə isə təqdim olunmuş bank sənədlərinəxx.xx.2021-ci il tarixli Uzunmüddətli Kredit Müqaviləsinə istinad etməklə iddianı qismən təmin etsə də, zaminlərin məsuliyyətinin müəyyən edilməsi üçün həmin müqaviləni yetərli hesab etməmiş və Uzunmüddətli Kredit Müqaviləsindən 1.4-cü bəndinin tələblərinə əsaslanaraq verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edildiyinə əsaslanmışdır.

40. İşdən görünür ki, cavabdehin adına cari hesab açılmış, həmin hesab üzrə əməliyyatlar aparılmış, cavabdeh həmin pulu nağdlaşdırdıqdan sonra banka müraciət edərək yenə hesaba mədaxil etmişdir. Həmin ödənişin təyinatı hesabdan çıxarışda kredit ödənişi kimi deyil, mədaxil kimi qeyd olunmuşdur. Həmin məbləğin ödənilməsi ilə bağlı sənəd də mədaxil orderi olmuşdur. Halbuki sonradan kreditin ödəniş müddəti çatdıqdan sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin təyinatı xx.xx.2021-ci il tarixdə, xx.xx.2021ci il tarixlərdə kredit ödənişi olmuşdur. Yəni, 7140 manat məbləğin hesaba ödənilməsi bank tərəfindən hesaba mədaxil əməliyyatı kimi qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin izahatından və apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, həmin məbləğin borc ödənişi kimi hesabdan silinməsi və xüsusən də 7000 manat məbləğin birdəfəlik silinməsi üçün əsas olmamışdır. Həmin tarixdə kredit məbləği üzrə heç bir gecikmə olmamışdır. Məhkəmə isə qətnamədə “7140 manat məbləğində pulun məhz kredit ödənişi üçün nəzərdə tutulan hesaba mədaxil edilməsini” qeyd etməklə, səhv nəticəyə gəlmişdir. Belə ki, bank hesablarının açılması, aparılması və bağlanması Qaydalarına əsasən bank hesabları aşağıdakı növlərə bölünür: 2.1.1. cari hesablar;... 2.2. Cari hesablar aşağıdakı məqsədlər üçün açılır: 2.2.2. fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitinin qəbul edilməsi və hesaba salınması, hesabdan pul vəsaitlərinin köçürülməsi və verilməsi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarının yerinə yetirilməsi;

41. Məhkəmə həmçinin qeyd etmişdir ki, kredit alan Cavabdeh3 həmin hesabdan cəmi 7035 manat məbləğində pul vəsaitini nağd qaydada almış və həmin məbləğin götürülməsi ilə əlaqədar Banka əlavə olaraq komissiya haqqı və s. ödəmişdir.

42. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hesabdan çıxarış məlumatlarına əsasən, xx.xx.2021-ci il tarixdə kredit üzrə komissiya haqqı kimi 35 manat, xx.xx.2021-ci il tarixdə məxaric üçün komissiya haqqı kimi 35.58 manat tutulmuş, cavabdeh tərəfindən edilmiş məxariclərə uyğun olaraq 1 % məbləğində s/v-nağdlaşdırılmaya görə sadələşdirilmiş vergi tutulmuşdur. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Hesabdan çıxarışdan göründüyü kimi, 5930 manat nağd məxaric əməliyyatına görə 59.30 manat məbləğində nağdlaşdırma üçün s/v, 1105 manat nağd məxaric əməliyyatına görə 11.05 manat məbləğində nağdlaşdırma üçün s/v əməliyyatları qeydə alınmışdır.

43. Cavabdeh tərəfindən məxaric edilən məbləğ xx.xx.2021-ci il tarixli kredit müqaviləsi çərçivəsində kart hesabında olmuş və onun tərəfindən nağdlaşdırılmış, 06 sentyabr 2021-ci il tarixli Zaminlik Müqavilələri ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 borcalan Cavabdeh3 06 sentyabr 2021-ci il tarixli 001L**********81 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb qeyd edir ki, cari hesaba qoyulan vəsaitlə bağlı cavabdeh tərəfindən borcun tam silinməsinə dair sərəncam olmamış, kredit öhdəliyi üzrə gecikmə olmadığından, həmçinin müştərinin sərəncamı olmadığından iddiaçı bank tərəfindən birtərəfli qaydada şərtsiz silinmə aparılmamışdır. Mədaxil olunan vəsaiti cavabdeh cari hesabında olan, ona məxsus vəsaitə dair sərəncam hüququndan istifadə etməklə məxaric etmişdir.

45. Göründüyü kimi, cavabdehə yeni kredit verilməsi halı iş materialları ilə müəyyən olunmur. Məhkəmə isə cavabdeh tərəfindən cari hesabına mədaxil edilmiş 7140 manat məbləği yeni kreditin rəsmləşdirilməsi kimi qiymətləndirmiş və bununla da zaminlik öhdəliyinin artdığı qənaətinə gəlmişdir. İşin araşdırılmış halları ilə də müəyyən olunur ki, zaminlərin öhdəliyinin artması halı baş verməmiş, kredit öhdəliyinə hər hansı bir dəyişiklik edilməmiş və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində yeni kreditin verilməsinə dair heç bir sübut mövcud olmamışdır.

46. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında Plenum qeyd etmişdir ki, “zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.”

47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin hesablanması ilə bağlı düzgün nəticəyə gəlsə də, borc məbləğini yalnız Cavabdeh3 tutmaqla səhv nəticəyə gəlmişdir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

50. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.

51. Kollegiya hesab edir ki, hazırki halda xx.xx.2021-ci il tarixli kredit razılaşması çərçivəsində kreditin verildiyi və cavabdeh tərəfindən istifadə olunduğu, nəticə etibarilə zaminlik müqavilələri üzrə zaminlərin məhz həmin kredit müqaviləsi üzrə zamin olmaları işin araşdırılmış yuxarıdakı halları ilə təsdiqini tapır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-189/2023 nömrəli, 18 aprel 2023cü il tarixli qətnaməsi qismən- cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada əsas borc, faiz borcu, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 6769 (altı min yeddi yüz altmış doqquz) manat məbləğində əsas borc, 956,56 (doqquz yüz əlli altı manat 56 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı və 9,95 (doqquz manat 95 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8095,51 (səkkiz min doxsan beş manat 51 qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 90,25 (doxsan manat 25 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar