Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-105/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1, X3, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə2, Nümayəndə4, Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2-2(119)-767/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq satıcıdan metal materialları almağı, satıcı 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1 və 1.2-ci bəndlər). Müqavilənin müvafiq bəndlərində həmçinin aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.4-cü bənd: Satıcı satılan malı öz anbarından alıcının nümayəndəsinə təhvil verir; - 1.5-ci bənd: Malın daşınması alıcının nəqliyyat vasitəsilə həyata keçirilir; - 1.6-cı bənd: Malın göndərilmə tarixi yola salma sənədlərində qaimə-fakturalarda göstərilən tarix hesab edilir; - 2.1-ci bənd: Satılan malın bir tonun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir; - 2.2-ci bənd: Alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir; - 3.2-ci bənd: Malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilir və orada aşağıdakılar göstərilir: malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi; - 4.1-ci bənd: Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədə olacaqdır. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməzsə, hazırkı müqavilə eyni şərtlərlə uzadılacaqdır. Cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş 2020-ci il 9 dekabr tarixli ******* nömrəli qaimə fakturada 19,740 ton və 10,375 ton; 2020-ci il 10 dekabr tarixli ******* nömrəli qaimə fakturada 10,330 ton və 10,670 ton; 2020-ci il 11 dekabr tarixli ******* nömrəli qaimə fakturada 13,525 ton, 5,515 ton və 5,010 ton; 2020-ci il 14 dekabr tarixli ******* nömrəli qaimə fakturada isə 12,380 ton, 4,950 ton və 4,890 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Həmin qaimə fakturalar kserosurət olmaqla “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur, “Təhvil aldı” qrafasında hər hansı imza mövcud deyil. 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 69.762,78 manat (59.121 manat malın dəyəri + 10.641,78 manat ƏDV) dəyərində 65.690 ton həcmində “10/32” markalı armatur, 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 29.974,95 manat (25.402,5 manat malın dəyəri + 4.572,45 manat ƏDV) dəyərində 28.225 ton həcmində “F12” markalı armatur və 1 tonu 870 manatdan hesablanan ƏDV daxil 6.463,47 manat (5.477,52 manat malın dəyəri + 985,95 manat ƏDV) dəyərində 6,296 ton həcmində “F16” markalı armatur olmaqla, ümumilikdə ƏDV daxil 106.201,20 manat (90.001,02 manat malın dəyəri + 16.200,18 manat ƏDV) dəyərində 100,211 ton armaturun təqdim edilməsinə dair 2020-ci il 15 dekabr tarixli EBAT 914370 nömrəli elektron qaimə tərtib edilmişdir. Alıcı tərəfindən satıcının hesabına 2020-ci il 16 dekabr tarixində 20.000 manat (+3.600 manat ƏDV), 2020-ci il 17 dekabr tarixində isə 70.001,02 manat (+12.600,18 manat ƏDV) olmaqla, ümumilikdə 90.001,02 manat (+16.200,18 manat ƏDV) məbləğində pul köçürülmüşdür. İddiaçı (alıcı) tərəfindən təqdim edilmiş 2020-ci il 16 dekabr tarixli ******* nömrəli qaimə fakturada cəmi 23,620 ton, 2020-ci il 22 dekabr tarixli ******* nömrəli qaimə fakturada isə 23,420 ton olmaqla, ümumilikdə 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Həmin qaimə fakturalar da kserosurət olmaqla, “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur, “Təhvil aldı” qrafasında hər hansı imza mövcud deyil. İddiaçı “ƏDV subuçot” hesabından Çıxarışdan görünür ki, armatur alışı ilə əlaqədar alıcı İddiaçı MMC-nin “ƏDV sub-uçot” hesabından satıcı "xxxx" MMC-nin “ƏDV sub-uçot” hesabına 16 dekabr 2020-ci il tarixdə 3600 manat və 17 dekabr 2020-ci il tarixdə 12600,18 manat olmaqla, cəmi 16200,18 (on altı min iki yüz manat 18 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 18 avqust 2023-cü il tarixli UNİ/A 21-417/23 nömrəli “Tikinti materialının bazar dəyəri ilə bağlı” Arayışda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin 15 avqust 2023-cu il tarixli məktubuna cavab olaraq bildirilir ki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmiş qiymətləndirmə nəticəsində çoxmənzilli yaşayış binalarının tikintisində istifadə olunan 500 marka armaturun 1 tonunun bazar qiyməti 1080- 1110 manat (ƏDV daxil deyil) aralığında müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı 2023-cü il 31 may tarixində cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hazırkı bazar qiyməti üzrə 52.960 ton armaturun dəyərini təşkil edən 58.256 manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, alıcı öhdəliyini icra edərək, 100 ton məhsulun dəyərini satıcının hesabına köçürsə də, satıcı öz öhdəliyini tam yerinə yetirməmiş, ******* və ******* nömrəli qaimə fakturalarından göründüyü kimi yalnız 47,040 ton malı təhvil vermiş, qalan 52,960 ton malın təhvil verilməsindən isə bu günə qədər boyun qaçıraraq müqavilə öhdəliyini kobud surətdə pozmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddianın məhkəməyə təqdim edildiyi tarixə 1 ton armaturun bazar dəyəri 1100 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 18 avqust tarixli UNİ/A 21-417/23 nömrəli “Tikinti materialının bazar dəyəri ilə bağlı” arayışında çoxmənzilli yaşayış binalarının tikintisində istifadə olunan 500 marka armaturun 1 tonunun bazar qiyməti 1080-1110 manat (ƏDV daxil deyil) aralığında müəyyən edildiyi bildirilmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, hazırkı iddia tələbinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələrək cavabdehin 2020-ci il 15 dekabr tarixli elektron qaiməsi əsasında iddiaçı tərəfindən 2020-ci il 16 dekabr tarixində ödənilmiş 90.000 manat (ƏDV xaric) məbləğə münasibətdə bütün mallar iddiaçıya təhvil verilmiş, hətta iddiaçının növbəti partiya üzrə mala görə cavabdehə bu günədək borcu yaranmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qəbul etdiyini bildirdiyi 47,040 ton mala dair məhkəməyə 2 ədəd qaimə faktura təqdim etsə də, digər partiya (4 ədəd) qaimə fakturaları nədənsə təqdim etməmiş və həmin malların ona təhvil verilməməsi görüntüsünü yaratmaq istəmişdir. Müqavilə şərtlərində mala görə ödənişin öncədən həyata keçirilməsi qeyd edilmiş, əslində isə tərəflər arasında işgüzar münasibət qarşılıqlı etimada əsaslanmış və buna görə hər həftə alınan bir neçə partiya mallar əvvəlcədən razılaşdırılaraq alıcıya təqdim edildikdən sonra, bir-iki gün ərzində həmin malların ödənişi həyata keçirilməklə və növbəti həftə üçün mal sifariş olunarkən əvvəlki malların pulu alıcı tərəfindən tam ödənilməklə şərtləndirilmişdir. Bu yolla iddiaçı təşkilata cavabdeh tərəfindən 6 maşın (partiya) mal tədarük olunaraq göndərilmişdir. Müqavilə bağlandıqdan sonra növbəti gündən başlayaraq 2020-ci ilin 9, 10, 11 və 14 dekabr tarixlərində (həftə içi boyu) cavabdeh tərəfindən mal tədarük olunmuş və iddiaçıya 97.380 ton mal (ƏDV xaric 87.646,50 manat) göndərilmişdir. Növbəti partiya mal iddiaçıya 16 və 22 dekabr 2020-ci il tarixlərində 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı isə əvvəlki partiya mala görə və yeni maldan 2.353 manat ödəniş etməklə 2020-ci il 15 dekabr tarixində verilmiş elektron qaimə üzrə ümumilikdə 90.000 manat (ƏDV xaric) ödəniş həyata keçirmişdir. Göründüyü kimi, əslində iddiaçının (2020-ci il 16 və 22 dekabr tarixləri üzrə) aldığı 47,040 ton yeni partiya üzrə mala görə cavabdehə (47,040 x 900 manat = 42336 - 2353) 39.982,50 manat (ƏDV xaric) borcu yaranmış olur. Belə ki, həmin maldan qeyd edilən kimi 2.353 manat ödəniş edilsə də, qalan 39.982,5 manat ƏDV xaric məbləğ bugünədək ödənilməmişdir. Cavabdeh iddiaçı ilə işgüzar münasibətə və gələcək əməkdaşlığa sadiq qalaraq, hələ ki, həmin borcu rəsmi olaraq tələb etməmişdir. Lakin iddiaçı digər aldığı malların qəbul edilmə faktını gizlədərək, suni borc görüntüsü yaratmaqla, məhkəməni işin əsl mahiyyətindən yayındırmağa və bu yolla əsassız varlanmağa çalışmışdır. Yuxarıda qeyd olunan hallar üzrə hər partiya malların iddiaçıya göndərilməsi cavabdeh tərəfindən yük avtomaşınlarına malı yükləyən əməkdaşların iştirakı ilə həyata keçirilmişdir. Mallar göndərilərkən iddiaçı ilə cavabdehi tanış edən və arada işgüzar münasibətin qurulmasında vasitəçi kimi çıxış edən şəxslər də iştirak etmişlər. Həmin şəxslər malların həqiqətən iddiaçıya göndərilməsi faktını və bununla bağlı digər halları təsdiq etmək üçün məhkəməyə şahid kimi dəvət olunacaqlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi və onun dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçı tərəfindən təxminən 100 ton armaturun dəyəri olaraq 90.001,02 manat məbləğində pul ödənilsə də, cəmi 47,040 ton mal təhvil alınmışdır. Təhvil verilmiş 47,040 ton armaturla əlaqədar tərəflər arasında heç bir sənəd imzalanmasa da, iddiaçı tərəf cavabdehdən ödənilmiş pulun müqabilində verilməli olan armaturların hamısını tələb etdikdə, cavabdehin səlahiyyətli şəxsləri 2021-ci ilin sonunda onlara müvafiq qaydada imzalanmamış 2 ədəd qaimə fakturanın kserosurətlərini təqdim edərək, orada qeyd olunan cəmi 47,040 ton armaturun təhvil verildiyini bildirmişlər. Qaimələrdə malları kimin təhvil aldığı yazılmadığı üçün iddiaçı tərəf həmin qaimələri sübut kimi qəbul etməsə də, hər iki qaimədə cavabdeh tərəfin qeyd etdiyi 47,040 ton armaturu aldığını təsdiq edir. Çünki, tərəflər arasında baş tutan həmin danışıqlara əsasən 47.040 ton armaturun verildiyi dəqiqləşdirilmişdir, lakin məhkəməyə təqdim edilən həmin 2 ədəd qaimə fakturanın əsli iddiaçıda yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi qaimə fakturaların isə istənilən vaxt yazılması mümkün olmaqla, həmin qaimə fakturalarda da armaturu təhvil alanın imzası mövcud olmamışdır. Bununla belə, dəfələrlə tələb olunmasına baxmayaraq qalan armaturlar iddiaçıya təhvil verilməmiş və tikinti bazarında həmin armaturların qiyməti artmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı sonuncu tarix üzrə ona göndərilən malın (47,040 ton) qəbul edildiyini təsdiq etsə də, bundan əvvəl göndərilən 4 partiya (elektron qaimə üzrə - 100 ton 211 kq) malın qəbul edilmədiyini bəyan edir. İddiaçı bunu tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktının olmaması ilə izah edir. Halbuki, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Deməli, tərəflər arasında müqavilə üzrə malın təhvilinə dair işgüzar münasibət, malın təhvilinə dair ayrıca təhviltəslim aktı olmadan həyata keçirilir və bu hal qəbul olunandır. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X9, X4, X5 və X6 ifadələrində cavabdeh ilə əməkdaşlıq edən sürücü və işçilər kimi 2020-ci ilin dekabr ayında iddiaçının tikinti obyektinə yük avtomobili ilə armatur məhsulları apardıqlarını, lakin daşıdıqları armaturların təhvil verilməsi ilə əlaqədar hər hansı bir sənəd, o cümlədən də təhvil-təslim aktı, qaimə faktura və s. imzalamadıqlarını bildirmişlər. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli e-2-2(119)- 767/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 47.853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış metal materialların alqı-satqısı ilə əlaqədar 08 dekabr 2020-ci il tarixli müqavilə üzrə satıcı tərəfindən alıcıya malın dəyəri 90.001,02 manat və ƏDV məbləği 16.200,18 manat olmaqla, cəmi 106.201,2 manat dəyərində armaturların satılması üçün 15 dekabr 2020-ci il tarixli elektron qaimə təqdim olunmuş, alıcı tərəfindən isə satıcının bank hesabına həmin elektron qaimə əsasında 16 dekabr 2020-ci ildə 20.000 manat və 17 dekabr 2020-ci ildə isə 70.001,02 manat olmaqla, ümumilikdə həmin malların dəyəri olan cəmi 90.001,02 manat məbləğində pul vəsaiti (əlavə olaraq “ƏDV sub-uçot” hesabına isə cəmi 16.200,18 manat ƏDV məbləği) ödənilmişdir. Qeyd olunan bu xüsusatlar həmin sənədlərlə mübahisəsiz olaraq təsdiq olunur və tərəflər işin bu hallarını mübahisələndirmirlər. Lakin müqavilə üzrə satıcının hesabına köçürülmüş 90.001,02 manat məbləğində pul vəsaiti müqabilində alıcıya armatur məhsullarının təhvil verilməsi (satılması) mötəbər sübut qismində qəbul edilməsi mümkün olan rəsmi sənədlərlə təsdiq olunmur. Çünki, müqavilədə nəzərdə tutulan qaydada malların təhvil verilməsini təsdiq edən rəsmi sənədlər (təhvil-təslim aktı, qaimə-faktura və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunmuş yuxarıda adı çəkilən qaimə fakturalar isə malları təhvil alan şəxs tərəfindən imzalanmamış və həmin sənədlərdə müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan məlumatlar (malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi) qeyd olunmamışdır. Lakin iddiaçının (alıcının) nümayəndəsi məhkəmə araşdırması zamanı müqavilə əsasında ödənilmiş 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton həcmində “F16” markalı və bir tonun qiyməti 900 manatdan hesablanan digər markalı armatur olmaqla, cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunu aldığını etiraf etmişdir. Yəni satıcı tərəfindən alıcıya elektron qaimədə qeyd olunan armaturların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olan rəsmi sənədlər məhkəməyə təqdim olunmasa da, alıcının öz etirafı ilə məlum elektron qaimədə qeyd olunan 90.001,02 manat məbləğində pul vəsaitinin əvəzində təhvil verilməsi nəzərdə tutulan ümumilikdə 100,211 ton armaturun yalnız bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton miqdarında “F16” markalı armatur və bir tonun qiyməti 900 manatdan hesablanan 40,744 ton miqdarında digər markalı armaturlar olmaqla (təhvil verilən digər armatur məhsullarının 1 tonunun qiyməti 900 manatdan hesablanmışdır), cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunun alınması təsdiq olunur. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə qarşı etirazda qeyd olunan məlum iddia tələbinin əsassızlığı ilə əlaqədar cavabdeh tərəfin dəlilləri öz təsdiqini tapmır. Çünki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində alınan malların pulunun əvvəlcədən ödənməsi (2.2-ci bənd) və malların müvafiq qaydada tərtib edilmiş sənədlər əsasında təhvil verilməsi (3.2-ci bənd) nəzərdə tutulmasına baxmayaraq, cavabdeh (satıcı) tərəfindən hər hansı bir miqdarda armaturun iddiaçıya (alıcıya) təhvil verilməsini təsdiq edən və mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan heç bir sənəd məhkəməyə təqdim olunmamışdır (yuxarıda qeyd olunan hallara görə və məhkəməyə təqdim olunmuş məlum qaimə fakturaların (kserosurətlərinin) isə bu alqısatqı üzrə malların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün deyildir). Halbuki, alıcı (iddiaçı) məlum elektron qaimədə tələb olunan pul məbləğini satıcıya (cavabdehə) rəsmi qaydada ödəmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə təhvil verilən armaturların miqdarını təsdiq edən mötəbər sənədlər olmadığı və alıcı tərəf isə bu alqı-satqı üzrə ümumilikdə cəmi 47,040 ton miqdarında armatur almasını etiraf etdiyi üçün işin halları tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından və mötəbər sübutlar əsasında təsdiq olunan xüsusatlardan görünür ki, müqavilə əsasında təqdim olunan 15 dekabr 2020-ci il tarixli elektron qaimə üzrə satıcı tərəfindən alıcıya təhvil verilməli olan cəmi 90.001,02 manat dəyərində qiymətləndirilmiş müxtəlif markalı armaturlardan 1 tonu 870 manatdan hesablanan 5477,52 manat dəyərində 6,296 ton “F12” markalı armatur və 1 tonu 900 manatdan hesablanan 36.669,6 manat dəyərində 40,744 ton digər markalı armatur olmaqla, cəmi 42147,12 manat dəyərində 47,040 ton armatur təhvil verilmişdir (6,296 ton x 870 manat + 40,744 ton x 900 manat = 42147,12 manat). Bu halda isə, cavabdeh tərəfindən iddiaçıya 47.853,9 manat dəyərində armaturun verilmədiyi müəyyən olunur (ümumi ödənilən pul: 90.001,02 manat - təhvil verilən armaturun qiyməti: 42.147,12 manat = 47.853,9 manat qalıq borc). İşin konkret hallarına görə 47.853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, iddia tələbi qismən, yəni 47853,9 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 448.1, 567, 568.1, 569.1, 575.1, 599.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.2, 77.1, 88, 89, 106.3, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfindən öhdəliyin icra edilməmiş hissəsi ilə bağlı düzgün qənaətə gəlsə də, yəni təhvil verilməmiş malın həcmini düzgün müəyyən etsə də, iddiaçıya təhvil verməli olan armaturların bazar qiyməti ilə bağlı məsələdə kobud şəkildə pozuntuya yol vermişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “Lakin, işin konkret hallarına görə 47853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.” Məhkəmə nəzərdən qaçırmışdır ki, cavabdehin müqavilə üzrə öhdəliyi pulu ödəmək deyil, müqavilə predmetini təşkil edən armaturu iddiaçıya təhvil vermək idi. Hazırkı halda isə, iddiaçı 52.960 ton armaturu məhkəmənin qət etdiyi məbləğə alması mümkün deyil. Bununla bağlı sübut məhkəməyə təqdim edilsə də, məhkəmə ümumiyyətlə buna qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə öhdəliyin icra edilmədiyi hissəsində düzgün qənaətə gəlsə də, iddiaçıya təhvil verməli olan armaturların bazar qiyməti ilə bağlı məsələdə Mülki Məcəllənin 443.3-cü maddəsinin tələblərini pozaraq qətnamə qəbul etmişdir ki, bu da iddiaçının hüquqlarının tam bərpa edilməsinə mane olmuşdur. Bununla da, məhkəmənin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda 6 partiya yük avtomobil ilə ümümi çəkisi 140 tondan artıq armatur materialı iddiaçıya göndərilmişdir. Belə ki, müqavilə bağlandıqdan sonra səhəri gündən başlayaraq 09, 10, 11, və 14 dekabr aylarında ( həftə içi boyu) mal tədarük olunmuş və iddiaçıya əl qaiməsi üzrə 97.380 ton mal (ƏDV xaric 87.646.50 manat) göndərilmişdir. Lakin göndərilən mal üzrə çəkidə sonradan tərəflərindən dəqiqləşmə aparıldığından, həmin 4 partiya üzrə malın çəkisi faktiki olaraq 100 ton 211 kq olduğu müəyyən edilmiş və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixdə 914370 nomrəli elektron qaimə göndərilmişdir. Göndərilən mala görə iddiaçı tərəfindən 90.001,02 AZN (doxsan min bir manat, 02 qəpik) ədv xaric cavabdehə mal alışına görə ödəniş edilmişdir. Növbəti partiya mal cavabdehə 2020-ci ilin 16 və 22 dekabr tarixlərində ümumi həcmi 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı sonuncu tarix üzrə tərəflərindən ona gödərilən malın (47,040 ton) qəbul edildiyini təsdiq etsə də, bundan əvvəlki göndərilən 4 partiya (elektron qaimə üzrə -100 ton 211 kq) malın qəbul edilmədiyini bəyan edir. İddiaçı bunu tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktının olmaması ilə izah edir. Halbuki, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Lakin iddiaçı həmin malı qəbul etdiyini bəyan edir. Deməli, tərəflər arasında müqavilə üzrə malın təhvilinə dair işgüzar münasibət, malın təhvilinə dair ayrıca təhvil-təslim aktı olmadan həyata keçirilir və bu hal qəbul olunandır. Bununla belə, iddiaçı əsassız olaraq hesab edir ki, 100 ton armatura görə ödədiyi 90.001,02 AZN pula münasibətdə tərəflərindən ona yalnız malın bir hissəsi, yəni 47.040 ton mal göndərilsə də, qalan 52,960 ton armatur ona təqdim edilməyib. Bu hal tamamilə yanlışdır və işin halları ilə uzlaşmır. Ona görə ki, 914370 nömrəli xx.xx.2020-ci il tarixli tərəflərindən iddiaçıya göndərilən elektron qaimə üzrə 101 ton 211 kq mala görə iddiaçı tərəfindən 90.001,02 manat pul ödənilməsi tələb edilmişdir. Nəticədə, iddiaçı həmin elektron qaimə üzrə Bank of Baku ASC-də olan hesablarına xx.xx.2020-ci il tarixdə 20.000 AZN (iyirmi min manat) və xx.xx.2020-ci il tarixdə 70.001,02 AZN (yetmiş min bir manat, 02 qəpik) ədv xaric olmaqla ümumilkdə 90.001,02 manat ödəniş həyata keçirmişdir. Həmin elektron qaimə üzrə iddiaçı tərəfindən həyata keçirilən ödəmə əməliyyatında ödənişin təyinatı avans alışı olaraq yox (yəni öncədən ödəmə kimi yox), mal alışı kimi əks olunub. Bu halı hesab nömrələrin olduğu Bank of Baku ASC-də aparılan ödəniş tapşırığı əməliyyatının məzmunu təsdiq edir (ödəniş tapşırığı əlavə olunur). Bu hal onun göstəricisidir ki, ödənilən həmin məbləğlər avans ödəmə kimi yox, artıq alınmış (əldə edilmiş) mala görə həyata keçirilən ödəmələrdir. Lakin nədənsə, iş üzrə birinci instansiya məhkəməsi bu halları diqqətəlayiq nəzərə almadığından yanlış hüquqi nəticəyə gəlmişdir. Ona görə, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan bütün bu hallar diqqətəlayiq və obyektiv araşdırmamış və sonda doğru olmayan hüquqi nəticəyə gəlinmişdir. Odur ki, iddiaçının qeyd olunan iddia tələbini və bu tələbin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini aşağıdakılara görə qanunsuz və əsassız hesab edirlər: İş üzrə birinci instansiya məhkəməsi, qətnamədə AR.MM-nin 567 və 568.1-ci maddələrinə istinadən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələrək cavabdeh tərəfindən malların bir hissəsinin iddiaçıya təqdim edilməməsini və beləliklə də cavabdehin alqı-satqı müqaviləsindən irəli gələrək öhdəliyini tam icra etməməsini qeyd etmişdir. Məhkəmə, bu halı qətnamədə xüsusi qeyd edərək, tərəflər arasında olan alqı-satqı müqaviləsinin 2.2-ci (malın dəyərinin əvvəlcədən ödənilməsi) və 3.2-ci bəndlərindən (malın göndərilməsi zamanı qaimə fakturanın tərtib edilməsi) irəli gələrək əsaslandırırmağa çalışmışdır. Məhkəmənin bu qənaəti tamamilə yanlışdır. Alqı-satqı müqaviləsinin bəndləri arasında ziddiyyətlər: İlk növbədə müqavilənin 1.2-ci bəndi ilə 2.2- ci bəndi arasında kəskin ziddiyyət vardır. Belə ki, müqavilənin 1.2-ci bəndində qeyd olunur ki, Satıcı 2 saylı Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndində isə, malın dəyərinin əvvəlcədən ödənilməsi qeyd olunur. Göründüyü kimi, müqavilənin 2.2-ci bəndindən fərqli olaraq, 1.2-ci bənddə, malın göndərilməsi şühudi keçmiş zamanda əks olunaraq, ödəmə şərti artıq göndərilməsi başa çatmış mala görə qeyd olunur. İş üzrə birinci instansiya məhkəməsi qətnamədə,müqavilənin bu bəndlərinə istinad etsə də, aradakı ziddiyyətə heç bir münasibət bildirməmişdir. Müqavilə üzrə bir çox bəndlər formal əhəmiyyətlidir və işin əsl halları ilə uzlaşmır: İş üzrə cavabdeh olaraq rəsmi mövqeləri ondan ibarətdir ki, müqavilənin bir çox bəndləri formal əsaslı bəndlər olmuş, əslində müqavilə üzrə bir çox məsələlər müqavilədə göstərildiyi kimi yox, sonradan tərəflərin iradəsinə uğun şifahi razılaşdırılan işgüzar münasibətlər əsasına qurulmuşdur. Məsələn: Müqavilənin 1.4-cü bəndində qeyd olunur ki, Satıcı satılan malı öz anbarından Alıcıya təhvil verir. İş materialında mübahisə olunmayan hal odur ki, iddiaçı cavabdehdən 47,040 ton malı aldığını qəbul edir. Eyni zamanda mübahisə olunmayan hal odur ki, həmin mal cavabdehə aid nəqliyyat vasitəsilə və cavabdehin hesabına iddiaçının olduğu tikinti sahəsinə çatdırılıb. Yəni, malın nəqliyyat vasitəsinə yüklənməsi və cavabdehin yerləşdiyi təyinat məntəqəsinə nəql edilməsi istisnasız olaraq, cavabdehin imkanları və resursları hesabına və iddiaçıdan əvəz alınmadan icra olunub. Bu halı iş üzrə şahidlər də təsdiq edir. Deməli, müqavilənin 1.4-cü bəndi formal xarakter daşıyır. Tərəflər öz aralarında bu məsələni öncədən şifahi qaydada razılaşdırmış, nəticədə cavabdeh öz imkanları hesabına malı iddiaçının olduğu yerə çatdırmışdır. Bu zaman iddiaçının rolu olmamışdır. Bundan əlavə, müqavilənin 2.1-ci bəndi də formal əhəmiyyətə malikdir. Belə ki, həmin bənddə qeyd olunur ki, satılan malın 1 ton qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. İddiaçı 47.040 ton mal aldığını etiraf edir. Yəni, bu qədər malın ən azı 2 yük avtomobili ilə ayrı-ayrı vaxtlarda nəql edilməsi şübhə doğurmur. Bu hal 2 partiya mal daşınması deməkdir. Müqavilənin 2.1-ci maddəsindən irəli gələrək hər növbəti partiya üçün daşınan malın qiymət razılaşması bu barədə rəsmi sənəd və ya X7 iş materialında mövcud deyildir. Deməli bu məsələ müqavilədə əks olunduğu kimi yox, tərəflər arasında şifahi razılaşdırılmışdır. Beləliklə, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya göndərilən bir ədəd hesab faktura var (xx.xx.2020-ci il tarixli) və həmin fakturada 4 partiya üzrə ümumi çəkisi 100 ton 211 kq və qiyməti 90001,02 manat təşkil edən mallar əks olunub. Həmin mallardan iddiaçı yalnız 47.040 ton hissəni (2 partiya mal daşınmanı) qəbul edir. Lakin, qeyd etdiyi kimi, hər növbəti partiya üçün qiymət razılaşmasına dair hər-hansı rəsmi sənəd (X7 və s..) mövcud deyildir. Yəni, bütün bu məsələlər tərəflər arasında şifahi qaydada öncədən razılaşdırılır və ona görə də müqavilə üzrə 2.1-ci bəndin formal əsaslı olması açıq görünür. Göründüyü kimi, müqavilənin 1.4 və 2.1-ci bəndləri üzrə məsələlər müqavilə qeyd olunduğu kimi yox, sonradan şifahi razılaşdırılaraq işgüzar münasibətlər əsasında həll edilmişdir. Deməli, tərəflər arasında müqavilə hüquq münasibətləri üzrə bir çox hallar formal əhəmiyyət daşımışdır. O cümlədən bunu, müqavilə üzrə 2.2 və 3-cü bəndlərə də şamil etmək olar. Eynilə müqavilənin 2.2 (mala dair öncədən ödəniş) və 3.2-ci bəndini (malın göndərilməsinə dair qaimə-faktura) də forma əsaslı şərtlər olduğunu söyləmək olar. Yəni, müqavilə üzrə bir çox məsələlərdə formallığın olduğunu nəzərə alsaq, iddiaçıya göndərilmiş mallara dair qaimə-fakturanın tərdib edilməməsi kimi hal, malın cavabdehə göndərilməməsi anlamına gələ bilməz. Çünki, iddiaçının etiraf etdiyi 47,070 ton malın özünun belə, iddiaçıya göndərilməsinə dair hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaiməfaktura tərtib edilməmişdir. Lakin, bununla belə iddiaçı həmin malı qəbul etdiyini etiraf edir. Deməli, müqavilənin bir çox bəndləri kimi, 2.2 və 3.2 ci bəndləri də formal xarakterli olmuş, bu barədə iddia ərizəsinə etiraz verilmiş və açıq şəkildə mövqeləri birinci instansiya məhkəməsində bildirilmişdir. Lakin, məhkəmə tərəfindən etirazlarının dəlillərini işin həqiqi halları ilə uzlaşdıraraq nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli elektron-qaimə faktura üzrə mallara görə ödəniş iddiaçı tərəfindən əvvəlcədən yox, həmin mallar iddiaçıya göndərildikdən və iddiaçı tərəfindən qəbul edildikdən sonra həyata keçirilmişdir. Beləliklə, iddiaçının ödədiyi 90001,02 manat pula görə bütün mallar cavabdeh olaraq tərəflərindən iddiaçıya tam təqdim edilmiş və beləliklə həmin hissəsə alqı-satqı tam baş tutmuşdur. Bu səbəbdən hesab edilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnamədə cavabdeh tərəfindən AR MM-nin 567 və 568.1-ci maddəsinin tələblərinin pozulmasına dair mövqeyi kökündən yanlışdır və bu hal məhkəmə tərəfindən həmin maddi hüquq normalarının tətbiqində səhvə yol verməsi kimi qəbul edilməlidir. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron-Qaimə ilə müəyyən olunur ki, iş üzrə cavabdeh tərəfindən iddiaçıya 08 dekabr 2020-ci il tarixli müqavilə üzrə dəyəri 90001,02 manat(ədv xaric)müqabilində, ümumilikdə 100 ton 211 kq müxtəlif növ armatur təqdim edilmişdir. Qüvvədə olan “Elektron qaiməfakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının tələbindən irəli gələrək qeyd olunur ki, məhz həmin elektron qaimə işin (malın), xidmətlərin cavabdehə təqdim edilməsini təsdiq edən hüquqi sənəddir. Belə ki, qeyd olunan həmin Qərarın 1.2-ci bəndinə əsasən, "Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfat daxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir". Həmin Qərarın 2.2.-ci bəndinə əsasən, Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir: 2.2.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə); 2.2.2. malların qaytarılması barədə (2 nömrəli əlavə); 2.2.3. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən (3 nömrəli əlavə); 2.2.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə (4 nömrəli əlavə) və s. Göstərilən qanunevriciliyin imperativ tələbi onu deməyə əsas verir ki, X13 malların, işlərin və xidmətləin təqdim edilməsini təsdiq edən ciddi hüquqi sənəddir. Yəni, cavabdeh tərəfindən iddiaçıya təqdim olunan xx.xx.2020-ci il tarixli Elektron Qaimədə əks olunan mal və xidmətlər iddiaçıya göndərilməsi anlamına gəlir. Bu o deməkdir ki, iddiaçı həmin qaimə üzrə ona təqdim olunması qeyd edilən malları əgər qəbul etməmişsə və ya qismən qəbul etmişsə həmin hissədə qaiməni geri qaytarmaq hüququna malikdir. Belə ki, əgər elektron qaimə geri qaytarılarsa (alınmayan mala münasibətdə pulun geri qaytarılması iddiaçı tərəfindən tələb edilərsə) bu zaman cavadeh Vergi Məcəlləsinin 163-cü maddəsindən irəli gələrək "vergi tutulan dövriyyənin dəqiqləşdirilməsini" aparmalıdır. Vergi Məcəlləsinin 163.1.1.-ci maddəsinə əsasən, əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; Həmçinin Elektron qaimə ilə bağlı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 3.3.-cü bəndinə əsasən, "Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər". Göründüyü kimi qanunevriciliyin imperativ tələbi iş üzrə iddiaçıya elektron qaimə ilə ona təqdim edilən mallara dair narazı qaldığı təqdirdə, ona həmin qaiməni 5 gün müddətində geri qaytarmağa hüquq verir ki, bu zaman cavabdehin qaimədə düzəliş etmək etmək vəzifəsi yaranır. Lakin iddiaçı bu imkandan istifadə etməmiş və beləliklə cavabdeh tərəfindən elektron qaimədə əks olunan malları qəbul etmiş sayılır. Məhkəmə isə nədənsə bütün bu hallara obyetiv hüquqi qiymət verməmiş və beləliklə göstərilən maddi hüquq normalarının tələbini kobud pozmuşdur. İşin həqiqi hallarına dair sübutlar aşağıdakılardır: 1. Cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrı vaxtlarda göndərilən 4 partiya mala (ümumi dəyəri 90001,02 min manat təşkil edən 100 ton 211 kq mal) münasibətdə EBAT914374 nömrəli xx.xx.2020-ci il tarixli X13 mövcuddur. Həmin X13 onu göstərir ki, həmin qaimədə qeyd olunan mallar iddiaçıya tam şəkildə təqdim olunmuşdur. Belə ki, əgər həmin elektron qaimə üzrə malın hansısa bir hissəsi iddiaçıya təqdim olunmamışdırsa, o zaman ödəniş tam şəkildə iddiaçı tərəfindən həyata keçirilməzdi və ya elektron qaimə həmin hissədə iddiaçı tərəfindən ödəniş tam edildikdən sonra tələb olunan bəlli məbləğ üzrə geri vurula bilərdi. İddiaçının belə bir hüququ var idi. Lakin o bu hüquqdan istifadə etməmişdir. Demək ki, mal tam şəkildə iddiaçı tərəfindən qəbul edilmiş və malın ona tam şəkildə təqdim edilməsində hər hansı mübahisə mövcud deyildi. Bundan əlavə, malların iddiaçıya ayrı-ayrı vaxtlarda göndərilməsinə dair işdə olan şahid ifadələri vardır. Bu halı təsdiq edən şahidlər həmin dövrdə malları nəqliyyat vasitəsinə yükləyən və nəqliiyyat vasitəsi ilə iddiaçının olduğu təyinat məntəqəsinə (tikinti sahəsinə) nəql edilməsində birbaşa iştirak edən şəxslərdir. Nədənsə, həmin şəxslərin verdiyi ifadələr, sübutlara qiymət verilərkən məhkəmə tərəfindən diqqətəlayiq nəzərə alınmamışdır. Həmçinin, iddiaçı aldığı mala görə ödədiyi məbləğə (90001,02 manat) dair indiyədək vergi hesabatında əvəzləşmə aparmışdır. Yəni, iddiaçı həmin mallara dair alış mabləğini öz xərclərinə daxil etmiş və beləliklə də bu barədə vergi orqanına müvafiq hesabat vermişdir. Cavabdeh də həmçinin satdığı mala dair və satışdan əldə etdiyi gəlirləri üzrə vergi orqanına müvafiq hesabat vermişdir. Bu o deməkdir ki, iddiaçının iddia edərək almadığı mala görə hər-hansı pretenziyası varsa, ona cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli elektron qaimə təqdim olunan zaman, mala dair (malın alınmadığı hissə barədə) elektron qaiməni malın alınmadığı hissədə geri qaytarmaqla, ödədiyi artıq pul vəsaitini cavabdehdən geri tələb etmək hüququ vardı. Lakin, bunu etməmiş və ödədiyi məbləğə dair əvəzləşmə apararaq vergi orqanına məlumat vermişdir. Onu da nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən geriyə qaimə tətbiq edilmədən, cavabdehin satışdan mədaxil etdiyi və bu barədə gəlirlərinə dair (gəlir vergisi, 18 faiz ədv)vergiyə cəlb etdiyi məbləği iddiaçıya geri qaytarması mümkünsüzdür və bu hal hər iki tərəf üçün vergi qanunevriciliyi ilə məsuliyyat yaradan haldır. Ona görə məhkəmə nəzərə almalı idi ki, cavabdeh istəsə belə, hesabatında göstərərək vergiyə cəlb etdiyi məbləği geriyə qaimə vurulmadan və məbləğ iddiaçı tərəfindən rəsmən tələb edilmədən iddiaçıya geri qaytara bilməz. Yəni, cavabdeh satışdan əldə olunan məbləği bu halda yenidən vergi hesabatında göstərərək əvvəlki məbləğ ilə yeni məbləq arasındakı fərq üzrə gəlirini azaltmalı və buna müvafiq ödədiyi artıq gəlir vergisini və 18% ədv məbləğini dövlətdən geri tələb etməlidir. İddiaçı isə, bu halda geriyə vəsait aldığına görə hesabına mədaxil olunan artıq pul vəsaitini vergi orqanı qarşısında əsaslandırmalı və aradakı fərqə uyğun yenidən əvəzləşmə apararaq buna dair vergi orqanına müvafiq hesabat verməlidir. Göründüyü kimi, iddiaçı iddia tələbindən irəli gələrək ilk növbədə cavabdehə ödədyi, lakin qəbul etmədiyini iddia etdiyi mala dair cavabdehə geriyə elektron qaimə tətbiq etməklə və artıq ödədiyi pulunu rəsmi olaraq bu qaydaya riayət etməklə tələb etməli idi. Vergi Qanunvericiliyi baxımından yalnız bu qaydaya riayət edilərsə, cavabdehin iddiaçıya geriyə pul ödənişi vergi hüququ baxımından legitim sayıla bilər. Belə ki, əgər bu vəziyyətdə yəni, "geriyə qayimə vurulduğu halda", ödəmə cavabdeh tərəfindən baş verməzsə və tərəflər arasında bu barədə mübahisə olarsa, bu zaman mübahisə məhkəmə müstəvisində həllini tapa bilər. Əks halda, 3 il öncə satılan malların və bu satışdan cavabdeh üçün mədaxil olunan, iddiaçı üçün isə, məxaric olunaraq xərclərinə daxil edilən (əvəzləşdirilən) pul vəsaitlərinin vergi hüququ baxımından hesabatları aparıldığına görə (bəyənnaməsi verildiyinə görə), məhkəmə qaydasında iddia irəli sürülə bilməz. İddiaçının iddia tələbinin nə faktiki, nə də ki, hüquqi əsası yoxdur. Lakin, məhkəmə bu halları diqqətəlayıq nəzərə almamış və vergi qanunvericiliyi baxımından yolverilməz sayılan iddiaçının iddia tələbini əsaslı sayaraq doğru olmayan hüquqi nəticəyə gəlmişdir. Nəticə olaraq, qeyd olunlara əsaslanaraq əminliklə demək olar ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara obyektiv qiymət verilməmiş, bundan əlavə, məhkəmənin gəldiyi hüquqi nəticə, yalnız iddiaçının maraqlarına xidmət edən, doğru əsaslandırılmayan, qeyri-obyektiv və bitrətəfli yanaşma olmaqla, tərəflərin hüquq bərabərliyi prinsipinin kobud pozulması ilə müşayət olunan yanlış mövqedir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumunun ödənilməsinə dair tələblər də pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 yanvar tarixli 2-2(105)-12/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-cavabdehdən 47.853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və E.Əhmədov). İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)- 312/2024 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-2(105)-12/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Kəmalə Abiyeva (sədrlik edən və məruzəçi), Bəhman Qəribov və Vüqar Həsənov). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndələri Nümayəndə1 və X8 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə2, Nümayəndə4, Nümayəndə3 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə və cavabdehin apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin halları ilə müəyyən edilmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında metal materialların alqı-satqısı ilə əlaqədar 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli alqısatqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçı MMC-yə malın dəyəri 90001,02 manat və ƏDV məbləği 16200,18 manat olmaqla, ƏDV daxil cəmi 106201,2 manat dəyərində armaturların satılması üçün 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə təqdim olunmuş və alıcı İddiaçı MMC tərəfindən isə satıcı "xxxx" MMC-nin bank hesabına həmin Elektron Qaimə əsasında 16 dekabr 2020-ci ildə 20000 manat və 17 dekabr 2020-ci ildə isə 70001,02 manat olmaqla, ümumilikdə həmin malların dəyəri olan cəmi 90001,02 manat məbləğində pul vəsaiti ödənilmişdir (əlavə olaraq “ƏDV sub-uçot” hesabına isə cəmi 16200,18 (on altı min iki yüz manat 18 qəpik) manat ƏDV məbləği ödənilmişdir). Qeyd olunan bu xüsusatlar həmin sənədlərlə mübahisəsiz olaraq təsdiq olunur və tərəflər işin bu hallarını mübahisələndirmirlər. Hazırki iş üzrə mübahisənin mahiyyəti qalan 52.960 ton armaturun alıcıya (iddiaçıya) təhvil verilib- verilməməsi ilə bağlıdır. Kassasiya instansiya məhkəməsi mübahisə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı mübahisənin müqaviləyə əsasən tələb olunan miqdarda malın verilməməsi ilə bağlı olduğundan, ilk növbədə onların arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli müqavilənin məzmununa diqqət edilməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesabfaktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi, pul köçürülərkən “avans” şəklində yazılmamasına münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş Mülki Məcəllənin 399-cu maddəsinin tələbləri baxımından müqavilənin şərtləri tərəflər üçün məcburidir və həmin şərtlərə əsasən də iddiaçının pulu əvvəlcədən ödəməsi qeyd edilmişdir. 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndində tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, 3.2-ci bəndində isə ödənilmiş vəsaitə uyğun dəyərdə malın qaimə faktura əsasında təqdim olunmasına dair razılığa gəlmişlər. İşin araşdırılmış hallarına əsasən alıcı (iddiaçı) tərəfindən müqavilə üzrə verilməli olan malın dəyəri kimi ümumilikdə 90.001,02 manat ödəniş edilməsi mübahisə doğurmadığından, müqavilə şərtlərinə əsasən (müqavilənin 3.2-ci bəndi) həmin dəyərdə malın alıcıya (iddiaçıya) təqdim edilməsi üzrə sübutetmə yükü də, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayəti ilə malların göndərildiyini mübahisələndirsə də, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin malların iddiaçıya göndərilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş qaimə-fakturalar birtərəfli qaydada tərtib olunmaqla iddiaçının səlahiyyətli şəxsinin imzasının olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında həmçinin iddiaçının direktoru X8 izahat verərək bildirmişdir ki, əvvəl şirkətdə təchizatçı vəzifəsində çalışmış, malların təhvil-təslimi zamanı bilavasitə iştirak etmiş, öncədən 100 ton malın alışı ilə bağlı ödənişi etmiş, 47,040 ton malı birbaşa tikinti meydançasında şəxsən özü qəbul etmiş, sonradan malın qalan hissəsi göndərilmədiyindən cavabdehin nümayəndəsi kimi tanıdığı Arif adlı şəxslə əlaqə saxlamış, Arif armaturun veriləcəyini bildirsə də, sonradan armaturu göndərməmişdir. Mallar gəlmədiyindən başqa şirkətlə armaturun alışı ilə bağlı müqavilə imzalamışlar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən metal armaturların verilməsi ilə əlaqədar məhkəmə kollegiyasının iclasında şahidlərin dindirilməsi ilə əlaqədar vəsatət verilmiş, iddiaçının direktoru X8 buna heç bir etirazının olmadığını bildirmiş, lakin sonradan cavabdehin nümayəndəsi bunun yanlız 47,040 ton malın verilməsi ilə əlaqədar olduğunu bildirdiyindən, bu isə işin mübahisələndirilməyən halı olduğundan vəsatətin təmin olunmasına zərurət olmadığından vəsatət təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktı olmasa da, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən MPM-in 106.3-cü maddəsindən göründüyü kimi iddiaçı 47,040 ton malı təhvil aldığını etiraf etdiyindən cavabdehi həmin faktı sübut etmə vəzifəsindən azad etsə də, qalan 52.960 ton armaturun iddiaçıya təhvil verilməsi faktından azad etmir. Bununla əlaqədar isə yuxarıda qeyd edildiyi kimi malın alıcıya (iddiaçıya) təqdim edilməsi üzrə sübutetmə yükü MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşsə də, həmin halı sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə də sübutetmə vasitəsinin biri kimi də iddiaçının aldığı mala görə ödədiyi məbləğə dair vergi hesabatında əvəzləşmə apardığını qeyd etsə də, bu onun tərəfindən öhdəliyin icra edilməsini tam təsdiq etmir. Dövlət rüsumunun ödənilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq qaydada mediatora müraciət olunmuş, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan da görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 hazırki mübahsiə ilə bağlı ilkin mediasiya sessiyasının kçeirilməsi ilə əlaqədar 400 manat ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi hazırkı halda iddiaçının 52.960 ton armaturu məhkəmənin qət etdiyi məbləğə alması mümkün olmamasını qeyd etsə də, məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndələri izahatlarında cavabdeh tərəfindən armaturun onlara təhvil verilmədiyindən yenidən başqa şirkətlə müqavilə bağlayaraq həmin miqdarda armatur aldıqlarını bildirmişlər. Göründüyü kimi həmin dövrdə cavabdeh tərəfindən iddiaçıya mallar təhvil verilməsə də, iddiaçı tərəfindən müvafiq miqdarda armatur alındığından ondan məhrum olmamış, buna görə də hazırki dövrə olan armaturun qiyməti ilə tələb etmə hüququ yaranmamışdır.Lakin işin yuxarıda araşdırılmış hallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya armatur təhvil verilmədiyindən iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti əsassız olaraq cavabdeh tərəfindən saxlanılmışdır. Buna görə də iddiaçının hazıki bazar qiymətinə uyğun olaraq borcu tələb etmə hüququ olmasa da, pul vəsaitini özündə saxlamağa görə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən gecikdirilmiş məbləğə görə illik beş faiz üzrə ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilənin 2020-ci il 31 dekabr tarixinədək qüvvədə olduğunu, həmçinin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən malların göndərilməməsinə görə iddiaçı tərəfindən ödənilmiş 47853,9 manat armaturun qiymətindən əlavə hər ay üçün ( (47.853,9 x 5 :100) :12 ) hesablanmaqla gecikdirilmiş 29 ay ərzində 5783,07 manat ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iddiaçının apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2-2(119)- 767/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 53.636,97 (əlli üç min altı yüz otuz altı manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə iddianın təmin edilməyən digər hissəsində və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 233,56 (iki yüz otuz üç manat 56 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət Büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-105/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-105/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver