Məhkəmə qərarları › İş №2-2(105)-106/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-106/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-106/2021 31.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-219/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-219/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7526 (yeddi min beş yüz iyirmi altı) manat borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında əvvəllər kommersiya münasibətləri olmuş və bu münasibətlər çərçivəsində iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq alğı-satqı əməliyyatları baş tutmuşdur. Tərəflər arasında aparılan alğı-satqı əməliyyatları üzrə cavabdehin iddiaçıya məhkəməyə müraciət edilən tarixə 7526 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müxtəlif vaxtlarda müraciət edilsə də, hətta bu barədə rəsmi qaydada yazılı şəkildə göndərilən pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilsə də, cavabdeh tərəf bu günədək borcun ödənişindən qərəzli olaraq yayınır. Cavabdeh tərəf yalnız bir dəfə - 26.08.2019-cu il tarixli məktubla İddiaçı MMC-yə yazılı müraciət edərək, guya İddiaçı MMC-dən aldığı sürtgü yağlarının keyfiyyət standartlarına cavab vermədiyindən onlara məxsus nəqliyyat vasitələrinin mühərriklərində ciddi problemlər yaratmaqla onlara ziyan vurulduğunu bildirmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən məktuba cavab olaraq Cavabdeh MMC-yə yazılı məktub göndərilərək qeyd etdikləri xüsusatla bağlı məhz hansı marka, hansı model, hansı adda olan malların (sürtgü yağlarının) keyfiyyətsiz olmaqla onlara nə kimi ziyan vurması barədə məlumat verilməsi cavabdehdən xahiş edilmişdir. Lakin buna baxmayaraq, məsələyə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bundan da belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf iddiaçıya olan borcunu qaytarmaqdan qərəzli olaraq boyun qaçırır. İddia ərizəsinə əlavə edilən elektron qaimə fakturalardan görünür ki, iddiaçı tərəf müxtəlif tarixlərdə göndərilən (cavabdehə təhvil verilən) mallara dair cavabdehin elektron ünvanına elektron hesab-faktura təqdim etmişdir. Cavabdeh isə həmin hesab fakturaları qəbul etsə də, bu günədək ona təhvil verilmiş malların müqabilində müəyyən olunan ödənişi yerinə yetirməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, cavabdeh iddia tələbinə dair etirazlarının əsası kimi guya iddiaçı "xxxx" MMC-ni tanımadıqlarını, iddiaçı ilə heç bir alğısatqı əməliyyatlarının olmamasını, iddiaçı tərəfindən cavabdehə ünvanlanan elektron qaimələrin cavabdeh tərəfindən qəbul edilmədiyini göstərirlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 26.08.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında işgüzar münasibətlər olmuş və cavabdeh iddiaçını tanıyır. Belə ki, həmin məktubla cavabdeh məhz iddiaçı şirkətdən almış olduqları malların keyfiyyətsizliyindən və ziyanın vurulmasından bəhs edir. Göründüyü kimi cavabdehin iddiaçını işgüzar münasibətlər sayəsində tanıması, malların cavabdeh tərəfindən qəbul edilməsi və istifadə edilməsi öz təsdiqini tapmış və təkzib edilə bilməz. Bunda başqa cavabdehin iddiaçı ilə heç bir alğı-satqı əməliyyatlarının olmaması və elektron qaimələrin qəbul edilməməsi barəsindəki dəlilinə münasibətdə qeyd edirlər ki, cavabdehin ünvanına göndərilən və sonuncunun qəbul etdiyi mallara dair iddiaçı tərəfindən elektron qaimə-faktura hazırlanıb təsdiq edildikdən sonra Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında cavabdehin həmin səhifədə yaradılmış elektron kabinetinə göndərilmişdir. Yaranmış borcu əhatə edən elektron qaimə fakturalara dair cavabdeh tərəfindən hər hansı düzəlişin edilməsi və ya etirazın bildirilməsi olmamışdır. Məhz bu da onu göstərir ki, cavabdeh malların həcmi və qiyməti barəsində razıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 30.04.2019-cu il tarixli 1 ədəd və 08.07.2020-ci il tarixli 4 ədəd malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında elektron qaimədən görünür ki, İddiaçı MMC-dən Cavabdeh MMC-yə cəmi 9901 manatlıq mühərrik yağları göndərilmişdir. İş materiallarında olan 12.02.2020-ci il tarixli öhdəliklərin qarşlıqlı üzləşdirilməsi aktından görünür ki, satılmış mühərrik yağlarına görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 7526 manat borcu vardır. Aktı Cavabdeh MMC tərəfindən Həşimov Xəlil adlı şəxs imzalamışdır. İş materiallarında olan İddiaçı MMC-nin direktoru Nümayəndə Cavabdeh MMC-nin icraçı direktoru Ə.Əzizova ünvanladığı məktubdan görünür ki, Cavabdeh MMC-yə göndərilmiş mallardan hansıların keyfiyyətsiz olması barədə ən qısa zamanda məlumat verilməsi xahiş olunur. Məhkəmədə şahid X4 bildirmişdir ki, o, çilingərdir, Cavabdeh MMC-yə məxsus avtobusların yağını dəyişib. Fəaliyyət göstərdiyi ərazidə üzdən tanıdığı, lakin adlarını xatırlamadığı şəxslər səyyar mühərrik yağı satışı ilə məşğul olurdular. Daha doğrusu, həmin vaxt orda reklam edə-edə yağ satışını həyata keçirirdilər. Yağ lazım olduğu üçün rəhbərliyə demədən onlardan 200 litrlik baçoklarda 1 baçoku 865 manatdan, 3 baçok yağ alıb. Bir dəfəyə deyil, hissə-hissə olmaqla. Pulunu da öz cibindən ödəyib. Yağ keyfiyyətsiz olduğundan sonradan avtobusların motorlarında problem yaranıb. Bu barədə də onlara məlumat verilib. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.2, 427.3, 442, 448.1, 448.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Hazırkı mübahisəyə münasibətdə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yaranması ilk olaraq iddiaçı tərəfindən satış predmeti olan əşyaların cavabdehə verilməsinin sübuta yetirilməsindən ibarətdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru Ə.Əzizovun İddiaçı MMCnin icraçı direktoru Nümayəndə ünvanladığı 26.08.2019-cu il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC-dən alınmış mühərrik yağlarının keyfiyyəti standartlara cavab vermədiyindən avtobusların mühərriklərində ciddi problemlər yaranmaqla avtobuslara ziyan vurulmuşdur. İş materiallarında olan 08.07.2020-ci il tarixli 102388, 102350, 102091 və 102139 nömrəli elektron qaimələrdən görünür ki, həmin qaimələr əsasında cavabdehə 7526 manat məbləğində mal verilmişdir. Cavabdeh tərəf iddiaçı ilə hər-hansı alğı-satqı müqaviləsinin və əməliyyatının olmadığına istinad etsə də, elektron qaimələr və Cavabdeh MMC-nin icraçı direktoru Ə.Əzizovun İddiaçı MMC-nin icraçı direktoru Nümayəndə ünvanladığı 26.08.2019-cu il tarixli məktub əsasında iddiaçının cavabdehə mal satması öz təsdiqini tapır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Cavabdeh MMC-də maliyyə direktoru vəzifəsində işləyən X3 ifadəsində bildirmişdir ki, İddiaçı MMC ilə hərhansı müqavilələri olmayıb. Elektron qaiməyə imza etməmişdir, həmin qaimələr müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Elektron qaimə 5 gün müddətində proqram təminatı tərəfindən avtomatik təsdiq edilmişdir. Onlar həmin qaimələri təsdiq etməmişdirlər. Sistemə adətən ay sonu baxırlar. İddiaçı MMC ilə Cavabdeh MMC müqavilə olmadığından həmin qaimələrə əhəmiyyət verməmişdir. Qaimələrdə müqavilənin tarixi göstərilməli olduğu halda, qeyd edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 5-ci bəndinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə 7526 manat məbləğində mal satması və həmin malları cavabdehə təqdim etməsi iş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında elektron qaimələrlə və Cavabdeh MMC-nin icraçı direktoru Ə.Əzizovun İddiaçı MMC-nin icraçı direktoru Nümayəndə ünvanladığı 26.08.2019-cu il tarixli məktubla öz təsdiqini tapdığından, mövcud iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2-2(119)-219/2021 qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli,Cavabdehndən 7526 (yeddi min beş yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli 2-2(119)-219/2021 qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehndən 7526 (yeddi min beş yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçınə ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar