Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-106/2024 03.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(119)- 1075/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2-2(119)-1075/2024 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilərək, 04 iyun 2024-cü il tarixinə hesablanmış 819,57 (səkkiz yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 2052,87 (iki min əlli iki manat otuz altı qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 334,12 (üç yüz otuz dörd manat on iki qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna və 17,06 (on yeddi manat altı qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək, vergi ödəyicisi – xx xxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Həlimə Alıyeva). Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2- 2(119)-1075/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, e-2-2(119)-1075/2024 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(119)- 1075/2024 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e-2-2(119)-1075/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva). Qərardadla razılaşmayan Maraqlı şəxs 10 avqust 2024-cü il tarixdə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e2-2(119)-1075/2024 qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət etdiyi zaman hər hansı dövlət rüsumu ödəməmişdir. İddiaçı hər hansı dövlət rüsumu ödəmədiyi halda apellyasiya şikayəti üçün iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutula bilməz . Əgər Sumqayıt Kommersiya Məhkəməsi üçün dövlət rüsumu ödənilməyibsə, apellyasiya instansiya məhkəməsi üçün də dövlət rüsumu ödənilməməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, e-2-2(119)- 1075/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(119)-1075/2024 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(119)-1075/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki kommersiya işi xüsusi icraat qaydasında baxılan iş olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulması nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi hazırki kommersiya işi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən apellyasiya şikayəti verilməsi üçün 50 manat dövlət rüsumu ödənilməli idi. Şikayətə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçının həmin qanunun təsir dairəsinə düşərək dövlət rüsumu ödəməkdən azad olunması eyni qaydada maraqlı şəxsin də həmin rüsumu ödəməkdən azad olmasına əsas vermir. Buna görə də yuxarıda qeyd edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən maraqlı şəxs apellyasiya şikayəti verdikdə müvafiq olaraq dövlət rüsumu da ödənməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(119)- 1075/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-106/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-106/2024
03.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver