Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-107/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli e-2-2(119)-858/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "İddiaçı" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək “cavabdehin "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabındakı pullara iddia tələbi, yəni 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat həcmində həbs qoyulması” barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli e-2-2(119)-858/2021 saylı qərardadı ilə İddiaçı “iddianın təmin tədbirinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamışdır. (hakim Z.Sadiqov) İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli e-2-2(119)- 858/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və iddianın təmin tədbirinə dair ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli e-2-2(119)-858/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin dəlilləri tam əsassızdır. Belə ki, iddia tələbindən və işdə olan sənədlərdən göründüyü kimi, İddiaçı ilə “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan alqı-satqı müqaviləsi əsasında cavabdehə 2020-ci ilin aprel ayında verilmiş tikinti materiallarının pulu bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Ödənilməyən pulun məbləği isə 143501,95 manatdır. Məhkəmə üzərinə həbs qoyulması tələb olunan pulun məbləğinin çox olmasını nəzərə aldığı halda, həmin məbləğin iddiaçıya 1 ildən də artıq müddətdə cavabdeh tərəfindən verilməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın nəticələrini nəzərə almır. Məhkəmə iddiaçının bu müddət ərzində məhrumiyyətlərini nəzərə almır və mülki qanunvericiliyin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi prinsipinə əhəmiyyət vermir. İddianın təmin tədbirinə dair ərizə iddianın gələcəkdə təmin olunacağı halda qətnamənin icrasını təmin etmək məqsədilə verilir. Qanunvericilik belə ərizənin qısa zaman ərzində və tərəflərin iştirakı olmadan baxılmasını isə cavabdehi bu ərizənin təmini və qərardadın icrasına mane olacaq tədbirlərin qarşısını almaq məqsədilə müəyyən edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməsini və cavabdehin "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabındakı pullara iddia tələbi, yəni 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat həcmində həbs qoyulması” barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, tenderdə iştirak edirlər. Hesablara məhdudiyyət qoyulması həmin tenderdə iştiraklarını məhdudlaşdırır, bundan başqa, vergi ödənişləri, əmək haqları ödəyirlər. Ümumiyyətlə iddiaçıdan heç bir mal təhvil almamışlar. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçının ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında iddiaçının ərizəsinin rədd edilməsi onunla əsaslandırılmışdır ki, «Hüquqi şəxslər sahibkarlıq fəaliyyətini bank hesablarında olan pul vəsaitləri və mülkiyyətində olan əmlaklar vasitəsi ilə həyata keçirdiklərindən, kifayət qədər zəruriliyi müəyyən olunmadan hazırki mərhələdə iddianın təmin tədbiri olaraq cavabdeh “Cavabdeh” MMC-nin bank hesablarına iddia tələbi həcmində, yəni kifayət qədər böyük bir pul məbləği həddində həbs qoyulması – həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə manelər yarada, həmin hüquqi şəxsin və onunla əlaqədar olan digər şəxslərin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də, ona və digər şəxslərə iqtisadi, maddi və s. zərər vura bilər. Yəni, kifayət qədər zəruriliyi və əsaslılığı müəyyən olunmadan məhkəmə tərəfindən tətbiq edilən hər hansı bir qadağanedici və yaxud, məhdudlaşdırıcı tədbirlər - hüquqi şəxsin normal fəaliyyətinin təmin olunmasını təhlükə altına almamalıdır. Halbuki, hüquqi şəxs normal şərtlər daxilində fəaliyyət göstərdiyi halda, pul öhdəliyinin yerinə yetirilməsi ilə bağlı vəzifələrini də lazımi qaydada yerinə yetirə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə isə Konstitsiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan meyarlar baxımından iddiaçının ərizəsinə hüquqi qiymət verməmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məkəməyə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 16.04.2020-ci il tarixli 12545.05 manat, 24.04.2020-ci il tarixli 108890.90 manat, 14.05.2020-ci il tarixli 22066 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur. Bütün bu hallar isə ən azından iddianı təmin etmə tədbiri barədə ərizənin qismən təmin edilməsi və cavabdehin "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabındakı pullara iddia tələbi, yəni 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat həcmində həbs qoyulmasını zəruri etməklə, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarında sadalanan meyarlara tam cavab verir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, cavabdehin konstitusion vəzifələri nəzərə alınmaqla, onun bank hesablarındakı pul üzərinə həbsin qoyulması - “işçilərə əmək haqqı, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan» icra edilməsi ilə şərtləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə qismən razılaşır və belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 23.06.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qərardadları ləğv edilməli, ərizə qismən təmin edilməli, işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat həddində həbs qoyulmalı, ərizə qalan hissədə rədd edilməlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 23.06.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qərardadları ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. İşə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək, cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat həddində həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad, icra vərəqəsi verilməklə, dərhal icraya yönəldilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-107/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-107/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver