Məhkəmə qərarları › İş №2-2(105)-108/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-108/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-108/2022 20.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, İddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli e-2-2(119)- 1427/2022 nömrəli qərardadından iddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli e-2-2(119)- 1427/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva ). İddiaçının nümayəndəsi Nümayəndə Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli e-2-2(119)-1427/2022 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin iddia ərizəsinin geri qaytarılması üçün birinci əsas kimi gəldiyi nəticə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdehin və iddiaçının vəkilinin adı və ünvanları göstərilsə də, iş üzrə iddiaçının, yəni ərizənin məzmununa görə BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ-nin adı və ünvanı göstərilməməməsi ilə bağlı tələbi iddiaçının nümayəndəsi tərəfindən yenidən iddia ərizəsində düzəliş edilərək iddiaçının adı şirkətin sənədləri əsasında onun tam olaraq adı “BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkəti” və onun ünvanı “Türkiyə Respublikası, Trabzon şəhəri, Kaşüstü mahalləsi, X1, no: 45/3/35” kimi qeyd olunaraq iddia ərizəsi xx.xx.2022-ci il tarixdə eməhkəmə informasiya sistemi vasitəsi ilə yenidən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Amma buna baxamayaraq məhkəmə sonuncu göndərilən iddia ərizəsinin tərəflər bölməsinə diqqət yetirmədən qeyd olunan əsasla iddia ərizəsini geri qaytarmışdır. Məhkəmənin iddia ərizəsinin üçüncü dəfədir geri qaytarılmasına əsas kimi qəbul etdiyi qərarda da iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehə məhkəmə elektron informasiya sistemi vasitəsilə göndərilsə də, cavabdehin elektron məhkəmə informasiya sistemində elektron kabineti olmadığı üçün həmin sənədlərin cavabdehə elektron qaydada təqdim olunmasının mümkün olmadığını və Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərildiyini və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırıldığını, əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərildiyini və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırıldığını, cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetinə göndərildiyini göstərərək iddia ərizəsini geri qaytarmışdır. Məhkəmənin iddia ərizəsinin geri qaytarılması ilə bağlı bu hissədə gəldiyi nəticəyə münasibət olaraq iddiaçının nümayəndəsi qeyd etmişdir ki, BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkəti Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətdir. Onu tam hüquqlu əsasla etibarnamə əsasında nümayəndəsi və vəkili olaraq Azərbaycan Respublikasında Nümayəndə təmsil edir. Belə ki, məhkəmə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyini və bu səbəbdən iddia ərizəsinin cavabdehə rəsmi qaydada təqdim edilmədiyini qeyd etmişdir. Göstərilən hallarla bağlı iddiaçının nümayəndəsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən borcun qaytarılması ilə bağlı cavabdehə edilən “pretenziya” məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehin ünvanına göndərilmiş və cavabdeh həmin pretenziya məktubunu alaraq iddiaçıya cavab məktubu da göndərmişdir. Həmin pretenziya və cavab məktubu iddiaçı tərəfindən iddia ərizəsi verilərkən “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bununla əlaqədar iddiaçının nümayəndəsi qeyd etmişdir ki, əgər cavabdeh “Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçməsəydi o, pretenziya məktubunu almazdı. Halbuki, iddia ərizəsinə əlavə edilmiş (şəxsi kabinetdə) cavabdehin pretenziya məktubunu alması və həmin pretenziya məktubuna cavab verməsi barədə məktub yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən əlavə edilmişdir Bundan əlavə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə "Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehin ünvanına göndərilmiş və göndərilmiş iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə göndərilərkən əlavə olunmuşdur. Eyni zamanda, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Vergilər Nazirliyinin “Onlayn Kargüzarlığı” vasitəsi ilə də cavabdehə rəsmi təqdim olunmuş və həmin iddia ərizəsi sistemdə arayış kimi göstərildiyindən həmin göndərişin adı "arayış" adı kimi qeyd edilərək iddia ərizəsi "Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə göndərilərkən sistemə əlavə edilmiş və məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə BGL Uluslararası Nakliyat Ticaret Limited Şirkəti Türkiyə Respublikasında fəaliyyət göstərən şirkət olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı tərəfindən poçt vasitəsi ilə də cavabdehin rəsmi qeyd olunduğu ünvan 1 ünvanına göndərilərək poçt qəbzini “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmişdir. Göründüyü kimi məhkəmənin üç dəfə ardıcıl olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına əsas kimi qərardada göstərdiyi xüsusatları heç biri mövcud olmasa da, lakin işə baxan məhkəmə tərəfindən əsassız olaraq üçüncü dəfədir ki, Türkiyə Respublikasına məxsus şirkətin iddia ərizəsi geri qaytarılır. Sumqayıt Kommersiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli e-2-2(119)- 1427/2022 nömrəli qərardadı ilə iddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ-nin nümayəndəsi Nümayəndə 23 avqust 2022-ci il tarixli e-2-2(119)-1427/2022 nömrəli qərardaddan verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli e-2-2(119)- 1427/2022 nömrəli qərardadından iddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva ). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2-2(105)-108/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş hazırkı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdehin və iddiaçının vəkilinin adı və ünvanları göstərilsə də, iş üzrə iddiaçının, yəni ərizənin məzmununa görə BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ-nin adı və ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin mətnində deyil, Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının da adı və ünvanı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda bildirilir ki, iddia ərizəsinin surəti, ona əlavə edilmiş sənədlər və pretenziya məktubu cavabdehə elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilsə də, cavabdehin elektron məhkəmə informasiya sistemində elektron kabineti olmadığı üçün həmin sənədlərin cavabdehə elektron qaydada təqdim olunması mümkün deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən, sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, hal-hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrinin mövcud tələblərinə görə kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılması - birmənalı olaraq həmin Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada yerinə yetirilməlidir. Qanunvericilik qeyd olunan sənədlərin cavabdeh tərəfin almasını, yəni “cavabdehə çatdırılmasını” nəzərdə tutduğundan, bu tələb - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən cavabdehə ünvanlanmış “pretenziya” məktubunun surətinin və yaxud, iddia ərizəsinin surətinin göndərilməsi barədə tərtib edilmiş “məktubun” məhkəməyə təqdim olunmasını deyil, həmin “pretenziya” məktubunun və iddia ərizəsinin surətinin cavabdehə həqiqətən də 150.2-ci maddədə nəzərdə tutulan qaydada göndərilməsini (cavabdehin almasını) təsdiq edən sənədlərin, yəni “Onlayn Kargüzarlıq” vasitəsi ilə əldə edilən müvafiq “çıxarış”ların (“ekran görüntüsünün”) da iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin müvafiq tələblərinə riayət olunması iddiaçının vəzifəsi olduğuna görə Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli e-2-2(119)-1427/2022 nömrəli qərardadı ilə iddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı BGL Uluslararası Nakliyat Ticaret LTD ŞTİ-nin nümayəndəsi Nümayəndə şikayəti təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli e-2-2(119)- 1427/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar