Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-11/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17.08.2021-ci il tarixli, e-2-2(119)-672/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 17.08.2021-ci il tarixli, e-2-2(119)-672/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 19 iyun 2019-cu il tarixli SA-486 saylı alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıdan ümumilikdə 1092,64 ton həcmində 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda və sair məhsullar almışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin, Cavabdeh ASC-nin müqaviləyə əsasən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində borcu yaranmışdır ki, həmin borc bu günə qədər ödənilməmişdir. Cavabdeh borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrlə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş və danışıqların heç bir nəticəsi olmamış, Cavabdeh ASC iddiaçıya olan 231954 manat məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı tərəf pozulmuş hüquqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş 231954 manat məbləğində pulun geri qaytarılması ilə bərabər, öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. İddiaçı cavabdeh tərəfindən ona qaytarılmalı olan 231954 manat məbləğində pulun əsassız olaraq cavabdeh tərəfindən saxlanmaqla iddiaçıya daha çox zərər vurulduğunu qeyd edir. Belə ki, iddiaçı 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə artıq bir il müddət ərzində minimum 15 % olmaqla həmin məbləğdən bir ilə 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat gəlir əldə edə bilərdi. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı həmin gəlirdən də məhrum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edilərək, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia tələbində Cavabdeh ASC-dən 231954 manat məbləğində əsas borcun və 34793 manat məbləğində əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəla, iddia ərizəsində göstərilən satıcı İddiaçı və alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alğı-satqı müqaviləsi üzrə ümumilikdə 1092,64 ton həcmində, 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda məhsulu alınması fikri doğru deyildir, çünki faktiki olaraq İddiaçı müqavilənin 3 və 4 nömrəli əlavələrinə əsasən Cavabdeh ASC-yə buğda məhsulu satacağı barədə tərəflər arasında razılıq olduğu görünsə də, ancaq həmin məhsulun həqiqətən də Cavabdeh ASCyə təqdim edilməsinə və təhvil verilməsinə dair hər hansı bir təsdiqedici sənəd mövcud deyildir. İddiaçının nə özü, nə də nümayəndəsi tərəfindən məhkəməyə məhsulun doğrudan da Cavabdeh ASC tərəfindən qəbul edilməsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Düzdür, məhsulun satışı barədə “elektron qaimələr” mövcuddur. Ancaq, bu elektron qaimələr məhsulun müqavilə üzrə alıcı Cavabdeh ASC-yə həqiqətən də təqdim edilməsini sübut etmir. Çünki, satıcı İddiaçı və alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alğı-satqı müqaviləsinin 2.2.6-cı bəndində göstərilib ki, alıcıya mallar təhvil verilərkən, təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da satıcı təqdim etməlidir. Halbuki, cavabdehin iddiaçıya borcu olduğunu təsdiq etmək üçün malın həqiqətən də təhvil verildiyini təsdiq edən nə belə bir qaimə-fakturalar, nə də təhvil-təslim aktları mövcud deyildir. Elektron qaimələri təsdiq edən isə cavabdehin həmin məhsulu birbaşa qəbul edən nümayəndəsi yox, komputer arxasında əyləşib, ofisdə çalışan əməkdaşı olub. Burada həmin elektron qaimələr virtual qaydada təsdiq edildiyi zaman, məhsulun həqiqətən də təhvil verilməsini təsdiq edən “qaiməfakturaların”, “təhvil-təslim aktının” olub-olmamasına baxılmayıb. İddianın araşdırılması ilə əlaqədar Cavabdeh ASC-nin Daxili Audit və Nəzarət Departamenti tərəfindən şirkətin həm elektron baza arxivinin, həm də fiziki arxivinin araşdırılması həyata keçirilmiş və həmin audit nəticəsində iddiaçının bildirdiyi alışları təsdiq edən hər hansı bir sənədə rast gəlinmədiyi barədə “Audit rəyi” tərtib olunmuşdur. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcının əşyanı vermək vəzifəsi qeyd olunub və göstərilib ki, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdehə təqdim edilməsi faktı iddiaçı tərəfindən sübut edilməyən məhsula görə ondan əsas borc ilə yanaşı, üstəlik əldən çıxmış faydanın da tələb edilməsi absurddur və qəbul edilməzdir. Həmçinin, nəzərə almaq lazımdır ki, əldən çıxmış faydanın hesablanması zamanı aparılan hesablama da yanlışdır. Belə ki, əldən çıxmış fayda borcun yaranmasından bir il müddətinə olan dövr üçün hesablanıb. Halbuki, mövcudluğu sual doğuran borcun yaranmasından iddianın verildiyi anadək olan müddət hesablama ilə uyğun gəlmir. Göründüyü kimi, İddiaçı borcun həqiqətən də yaranması faktını təsdiq edən qaiməfakturaların, yaxud təhvil-təslim sənədlərinin nə iddia ilə birlikdə, nə də məhkəmə baxışı zamanı təqdim edilməməsi - iddiaçının iddiasının əsassız olduğunu sübuta yetirir. Həmçinin, tərəflər arasında borcun olmasını təsdiq edən “üzləşmə aktı”nın olmaması və məhkəməyə təqdim edilməməsi də iddiaçının tələbinin faktiki sübutu olmadığını göstərir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş və təhrif olunmuş məlumatlar əsasında qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkəmə zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış iddianın əsasını təşkil edən borcun etirafı barədə sübutlar məhkəməyə tədqim edilmiş, buradan isə cavabdehlə iddiaçı qarşısında olan öhdəliyin olduğu müəyyən olunmuşdur. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə prosesləri zamanı iddianı qismən etiraf etmiş və malda nöqsanlar olduğu üçün borcu ödəmədiklərini bildirmişdir. İşin sülh yolu ilə həll edilməsi üçün məhkəmədən vaxt istəmişdir. Daha sonra proseslər zamanı isə məhkəməyə daxili audit ziyanı təqdim etmişdir ki, bu da öz növbəsində əsassız olmaqla, cavabdehin daxili audit rəyi borcun olmasına dair sübut kimi qəbul edilə bilməzdi. Belə ki, cavabdeh aldığı məhsula görə yaranmış 392.257 manat borcdan 160.303 manat hissəsini ödəmişdir. Hazırki məhkəmə mübahisəsindən öncə tərəfindən cavabdehə pretenziya qaydasında məktub göndərilmiş, həmin vaxt cavabdehin ona 281.954 manat borcu olmuşdur. Cavabdeh pretenziya məktubunu aldıqdan sonra 50.000 manat məbləğində borcdan ödədiyi üçün iddia 231.954 manat həcmində məhkəməyə yenidən təqdim etmişdir. Bütün bu hallar məhkəmə prosessləri zamanı müəyyən edilsə də, məhkəmə qərəzli olaraq cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 568.2, 569.1, 570.1.1, 600.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilir ki, bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşma protokollarında, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən, malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilir. Həmin müqavilənin 2.2-cı bəndinin tələblərinə görə, malı müqavilə ilə müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək (2.2.1.), alıcıya üçüncü şəxslərin hüquqlarından azad mal vermək (2.2.2.), alıcıya tərəflər arasında bu müqavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək (2.2.3.), alıcıya əşyaları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək (2.2.4.), alıcıya mallarla birgə, qanunvericilikdə tələb olunan və həmçinin alıcı üçün zəruri olan sertifikatları da (gigiyenik, uyğunluq və s.) təqdim etmək (2.2.5.) və alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da təqdim etmək (2.2.6.) satıcının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.5-ci bəndinə əsasən, mallarla birgə hər dəfə qaiməfakturaların da verilməsini tələb etmək, əgər qaimə-faktura təqdim edilməzsə qaiməfaktura verilənədək malların qəbulundan imtina etmək – alıcının hüququ kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə qüvvədə olduğu müddətdə, mallar müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilən ünvanda satıcı tərəfindən alıcıya təhvil veriləcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, alıcı malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşma protokollarında göstərilən şərtlərə uyğun həyata keçirir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli alğı-satqı müqaviləsi əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli qiymət razılaşma protokollarından görünür ki, ümumilikdə dəyəri 359000 (üç yüz əlli doqquz min) manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmişdir. Həmin qiymət razılaşma protokollarının 1-ci bəndlərinə əsasən, mallar - sifariş verildikdən sonra 1 (bir) iş günü ərzində satıcının Giləzi rayonunda yerləşən ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Həmin qiymət razılaşma protokollarının 2-ci bəndlərinə əsasən, malların dəyəri mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 (otuz) gün ərzində köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən “buğda” satışı ilə əlaqədar ödənilməli olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin (ƏDV hesablanmayıb) göstərildiyi və “Əsas” qrafasında (sətrində) “Müqaviləyə əsasən” qeydi aparılmış 2020-ci ilin sentyabr ayına aid Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi məqsədilə elektron qaydada elektron qaimələr tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit və Nəzarət Departamentinin direktoru tərəfindən imzalanaraq möhürlənmiş 17 iyun 2021-ci il tarixli audit rəyi ilə müəyyən olunur ki, 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli alğı-satqı müqaviləsi üzrə satılması nəzərdə tutulan malların alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilməsini təsdiq edən sənədlər audit araşdırması zamanı aşkar edilməmişdir. İşdən göründüyü kimi tərəflər arasında alğı-satqı əməliyyatlarının olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 231954 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir və iddia tələbinin əsası kimi malların elektron qaimə fakturalar əsasında cavabdehə təhvil verildiyinə istinad edir. Cavabdeh isə tələb olunan dəyərdə malların təhvil verilmədiyini və hər hansı borcun olmadığını göstəririr. Göründüyü kimi, tərəflər 231954 manat məbləğində malın təhvil-təslimini mübahisələndirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanı təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Hazırkı mübahisəyə münasibətdə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yaranması ilk olaraq iddiaçı tərəfindən satış predmeti olan əşyaların cavabdehə verilməsinin sübuta yetirilməsindən ibarətdir. İşdən isə iddiaçının müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirərək tələb olunan miqdarda malları iddiaçıya təhvil verməsi müəyyən olunmur. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində müəyyən olunmuşdur ki, alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları təqdim etmək satıcının vəzifəsidir. İddiaçının malların təhvil verildiyini yalnız elektron qaimə fakturaların mövcudluğu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, elektron qaimə faktura qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s. əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının “Əsas” sətrində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Birinci instansiya məhkəməsi düzgün olaraq qətnamədə qeyd etmişdir ki, ediləcək pul ödənişləri ilə əlaqədar elektron qaimə-faktura (elektron qaimə) satılan mallar barədə məlumatları özündə əks etdirən sənədlər, yəni təhvil-təslim aktları və s. əsasında doldurularaq elektron qaydada qarşı tərəfə təqdim olunan sənəddir və elektron qaimə faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir. Yəni, elektron qaimə elektron qaydada göndərilir və 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir və həmin sənəddə satılan malların faktiki olaraq təhvil verilməsi və alınması öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan elektron qaimələr “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarının tələblərinə uyğun doldurulmamış, qaimədə malın təhvil verilməsini təsdiq edən sənədlərə (təhvil-təslim aktları və s.) istinad olunmamışdır. Həmin elektron qaimələrin “Əsas” sətrində “müqaviləyə əsasən” qeydi aparılmışdır ki, bu qeyd malların təhvil verilmə faktını təsdiq etmir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilə şərtlərinin mənasına görə iddiaçının tələbinin təmin olunması üçün müqavilədə nəzərdə tutulmuş malın onun tərəfindən alıcıya, yəni cavabdehə təhvil verilməsi, həmin malın alıcı kimi cavabdeh tərəfindən qəbul olunması müəyyən olunmalıdır. Mübahisə üzrə tərəflər arasında müqavilə olmasına baxmayaraq, cavabdeh malların ona təhvil verilmədiyini bildirdiyindən, iddiaçı isə malların təhvil verildiyini və onun cavabdeh tərəfindən qəbul olunduğunu irəli sürdüyündən, MPM-in 14.2 və 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehə malların verildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdehə borcun ödənilməməsi ilə bağlı pretenziya məktubu göndərilmiş və cavabdeh pretenziya məktubunu aldıqdan sonra 50.000 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, iddiaçı tərəf birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin məhkəmə iclasında borcun olduğunu etiraf etdiyini qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh ASC-nin idarə heyətinin sədri Fuad Ələkpərova 281.954 manat məbləğində borcun ödənilməsinin təmin olunması barədə 18.01.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, 18.02.2021-ci il tarixdə 50.000 manat iddiaçının hesabına ödənilmişdir. Daha sonra, iddiaçı tərəfindən Cavabdeh ASC-yə 231.954 manat məbləğində borcun ödənilməsinin təmin olunması barədə 04.05.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, mövcud iddia ərizəsi məhkəməyə 19.05.2021-ci il tarixdə verilmişdir. Cavabdehin nümayəndəsi isə bu məsələ ilə bağlı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, 2021-ci ilin fevral ayından Cavabdeh ASC-də rəhbərlik dəyişmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələrdən Cavabdeh ASC-nin borcu olduğu görünmüş, lakin sonradan Cavabdeh ASC-də audit araşdırması zamanı həmin malların qəbul edilməsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Bu barədə birinci instansiya məhkəməsinə yazılı etirazı və audit rəyini də təqdim etmişlər. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında həmçinin bildirmişdir ki, iddiaçı tərəf malların təhvil verilməsi ilə bağlı sənəd təqdim edərsə, malların dəyəri ödəniləcəkdir. Lakin, malların təhvil verilməsi ilə bağlı sənəd təqdim edilmədiyindən ödəniş edilməsi mümkün deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, iş materiallarında olan 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli alğı-satqı müqaviləsi əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli qiymət razılaşma protokollarının 1-ci bəndlərinə əsasən, mallar - sifariş verildikdən sonra 1 (bir) iş günü ərzində satıcının Giləzi rayonunda yerləşən ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Bu məsələ ilə əlaqədar iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, mallar həm iddiaçının, həm də cavabdehin avtomaşınları ilə daşınaraq təhvil verilmişdır. Lakin iddiaçı tərəf bu barədə də məhkəməyə sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə iddiaçı tərəf elektron qaimədən başqa hər-hansı sübutun olmadığını bildirmişdir. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf verilməsi mübahisə olunan malları cavabdehə təhvil verdiyini sübut edə bilmədiyindən, həmin malların dəyərini tələb etməsi barədə iddiası əsassızdır. İddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi malların dəyərinin ödənilməsi hissəsində təmin edilmədiyindən bu hissədə də təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17.08.2021-ci il tarixli, e-2-2(119)-672/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-11/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-11/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver