Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-11/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı "pul tələbi" barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-343/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İstifadəyəverən "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-cı il tarixli 11238 nömrəli müqaviləyə əsasən istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi məhsulların istifadəçi tərəfindən sərinləşdirilmiş şəkildə satılmasını təşkil etmək məqsədi ilə istifadəyəverənin mülkiyyətində olan 1800 ABŞ dolları dəyərində bir ədəd “V/K” markalı (enli) soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə vermişdir.
2. İstifadəyəverən "Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi məhsulların istifadəçı tərəfindən sərinləşdirilmiş şəkildə satılmasını təşkil etmək məqsədi ilə istifadəyəverənin mülkiyyətində olan 1200 ABŞ dolları dəyərində bir ədəd “D/D 1000” markalı soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə vermişdir.
3. Müqavilələrin 2.1.1-ci bəndinə əsasən istifadəyə verilmiş həmin soyuducu üçün istifadə haqqı tələb edilmir. Müqavilələrin 2.2.7 və 2.2.8-ci bəndlərinə əsasən müqaviləyə xitam verildikdə istifadəçi əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Müqavilələrin 3.1-ci bəndinə əsasən müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürənədək qüvvədədir. Müqavilələrin 5.1-ci bəndinə görə 2.1.1-ci bəndində göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT
4. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 mart 2016ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq dəyəri 1800 ABŞ dolları olan bir ədəd “V/K” markalı enli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq dəyəri 1200 ABŞ dolları olan bir ədəd “D/D 1000” markalı soyuducuların iki mislinin, yəni 6000 ABŞ dollar məbləğində pul vəsaitinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016ci il tarixli müqaviləyə əsasən dəyəri 1800 (min səkkiz yüz) ABŞ dolları olan bir ədəd “V/K” markalı enli soyuducu və “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli müqaviləyə əsasən dəyəri 1200 (min iki yüz) ABŞ dolları olan bir ədəd “D/D 1000” markalı soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdehə əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilələrin 2.2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəyəverən tələb irəli sürdükdə o, köhnəlmə nəzərə alınmaqla əmlakın təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 mislini istifadəyəverənə cərimə ödəməlidir. Qeyd olunan soyuducular uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin Cavabdeh müqavilə predmeti olan soyuducuların qaytarılması tələb edilsə də, o, soyuducuların qaytarılması ilə bağlı hər hansı addım atmamışdır. Bununla bağlı Cavabdeh pretenziya məktubu göndərilmiş, 12 mart 2016-ci il tarixli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilələrə xitam verildiyi və soyuducuların 3 (üç) gün ərzində iddiaçıya qaytarılması tələb olunmuş, soyuducular qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi onun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq cavabdeh bu günə qədər üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, İddiaçı əmlakı olan soyuducuları qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə 01 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh arasında imzalanmış 12 mart 2016ci il tarixli və 13 mart 2017-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilələrə əsasən cavabdehə təhvil verilmiş soyuducuların iddiaçıya hələ də qaytarılmadığını bildirmiş və məhkəmə baxış iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Cavabdeh izahatında bildirmişdir ki, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli müqavilədəki imza ona məxsus deyildir. Ona məxsus sahibkarlıq obyekti 2016-cı ildə fəaliyyət göstərməmişdir. Obyekti işlətmədiyi üçün həmin ildə soyuducu da istifadəyə götürməmişdir. Bundan başqa o, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında”13 mart 2017-ci il tarixli müqaviləyə əsasən götürdüyü soyuducunu 2019-cu ildə iddiaçıya geri qaytardığını, lakin bununla bağlı rəsmi sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir..
8. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-343/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016-ci il tarixli 11238 nömrəli müqaviləyə əsasən 1800 (min səkkiz yüz) ABŞ dolları məbləğində və 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən 1200 (min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 12 mart 2016cı il tarixli 11238 nömrəli müqaviləyə əsasən istifadəyəverən İddiaçı tərəfindən 1800 ABŞ dolları dəyərində bir ədəd “V/K” markalı enli soyuducu və “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli 12736 nömrəli müqaviləyə əsasən İddiaçı tərəfindən 1200 ABŞ dolları dəyərində bir ədəd “D/D 1000” markalı soyuducu istifadəçi Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin istifadəçi Cavabdeh həmin soyuducuları qaytarmamış və bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə “əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Sözügedən müqavilələrin tələblərinə görə istifadəçi normal köhnəlməsini nəzərə alaraq əmlakın 3 gün ərzində geri qaytarılmasını təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 732, 734.2, 735, 736, 385.1, 425.1, 427.3, 442, 443.1, 462.1, 465.2, 467, 439.1, 439.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, 9.4, 9.1.20, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: - 12 mart 2016-cı il tarixli müqavilə onun tərəfindən imzalanmamışdır. Belə ki, ona məxsus sahibkarlıq obyekti 2016-cı ildə fəaliyyət göstərməmişdir. Obyekti işlətmədiyi üçün həmin ildə soyuducu da istifadəyə götürməmişdir. Bundan başqa “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 13 mart 2017-ci il tarixli müqaviləyə əsasən götürdüyü soyuducunu da 2019-cu ildə iddiaçıya geri qaytarmışdır. Bununla bağlı təhvil-təslim aktının nüsxəsi hal-hazırda əlində olmasa da, soyuducunu təhvil verməyilə bağlı şahidləri olduğunu məhkəməyə bildirsə də, məhkəmə şahidləri dəvət etməmişdir. - 07 avqust 2023-cü il tarixli 4/1073 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12mart 2016-cı il tarixli 11238 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin sonunda “İstifadəçi” hissəsində “İmza”qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Bununla əlaqədar məhkəmə təkrar ekspertiza keçirilməsi ilə bağlı qərardad qəbul etməli olduğu halda ekspert rəyində qeyd olunmayan 13 mart 2017-ci il tarixli müqavilədə qeyd olunan məbləğin də ondan tutulması haqqında qərar qəbul etmişdir. Halbuki, ekspert rəyində sadəcə 12 mart 2016-cı il tarixli müqavilədəki imzanın “ona məxsus olması” qeyd olunmuşdur. Nəticə etibarilə məhkəmə əsassız olaraq iddianı təmin etməklə qətnamə qəbul etmişdir. - müqavilələrin birində olan imzanın ona məxsus olması ümumiyyətlə sübuta yetirilməmişdir. Halbuki şirkətlə bağlanmış müqavilədə digər qeydlərin başqa şəxs tərəfindən aparıldığı ekspert rəyində də qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 734.2. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 735. Kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Maddə 736. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
15. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdehin ilk dəlilinə görə, 12 mart 2016-cı il tarixli müqavilə onun tərəfindən imzalanmamışdır, ona məxsus sahibkarlıq obyekti 2016-cı ildə fəaliyyət göstərməmişdir.
18. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyun 2023-cü il tarixli e-2-2(119)-343/2023 nömrəli qərardadı iş üzrə məhkəmə-xətşüsanlıq ekspertizası təyin edilmişdir. 07 avqust 2023-cü il tarixli 4/1073 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 mart 2016-cı il tarixli 11238 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin sonunda “İstifadəçi” hissəsində “İmza”qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
19. Cavabdehin növbəti dəlilinə görə, 13 mart 2017-ci il tarixli müqaviləyə əsasən götürdüyü soyuducunu 2019-cu ildə iddiaçıya geri qaytarmışdır.
20. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
22. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin həmin dəlili öz təsdiqini tapmamışdır.
23. Cavabdehin son dəlilinə görə, ekspert rəyində qeyd olunmayan 13 mart 2017-ci il tarixli müqavilədə qeyd olunan məbləğin də ondan tutulması haqqında qərar qəbul etmişdir.
24. Kollegiya qeyd edir ki, cavabdeh 12 mart 2016-ci il tarixli müqavilədəki imzanın ona məxsus olmamasını bildirdiyi üçün ekspertiza məhz həmin müqavilə üzrə təyin olunmuşdur.
25. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuşdur. İddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və təqdim olunmuş sübutlarla cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmışdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-343/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.