Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-110/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, e-2-2(119)- 171/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 86120,71 (səksən altı min yüz iyirmi manat 71 qəpik) manat əsas borc və 4000 (dörd min) manat zərər olmaqla, ümumilikdə 90120,71 (doxsan min yüz iyirmi manat 71 qəpik) manat borcun, iş üzrə ödənilmiş 400 (dörd yüz) manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 (üç yüz altmış) manat xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 21 iyun 1996-cı ildən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı QSC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 04 iyun 2020-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. İddiaçı QSC tərəfindən Cavabdehnə 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları satılmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 86120,71 (səksən altı min yüz iyirmi manat 71 qəpik) manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə iddiaçı arasında 25 fevral 2021-ci il tarixdə “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə İddiaçı QSC-yə olan 86120,71 manat borcunu ödəməsini cavabdehə bildirsələr də, cavadeh Cavabdeh MMC hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 25 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada Cavabdehnə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilmiş olsa da, bu günə qədər həmin yazılı məktuba hər hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 12 oktyabr 2021-ci il tarixli 9iş 2021-03731 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 400 manat mediasiya xərci ödənilmişdir. Odur ki, Cavabdeh MMC-dən 86120,71 manat borcu başqa qaydada ala bilmədiyindən, İddiaçı QSC məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin etiraz onunla əsaslandırılmışdır ki, elektron məhkəmə portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məcəllənin 407.2-ci maddəsinə əsasən isə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı tərəfindən cavabdehə 2020ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir”. Lakin, iddiaçı qeyd edilən malları hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2021- ci il tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin Aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdeh "xxxx" MMC-in adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, e-2-2(119)-171/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 86120,71 (səksən altı min yüz iyirmi manat 71 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 86880,71 (səksən altı min səkkiz yüz səksən manat 71 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 348,36 (üç yüz qırx səkkiz manat 36 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə cavabdehin imzalamadığı, hüquqi əsası olmayan və uyğun olaraq, tərəflərə hər hansı öhdəlik yaratmayan 20 aprel 2020-ci il tarixli, 1/20- 068AZ nömrəli «Bitki mühafizə vasitələrinin satışına dair» Müqavilə təqdim edilsə də və məhkəmənin öz qətnaməsində bu faktı ayrıca qeyd etməsinə baxmayaraq, hakim qətnamədə həmin müqaviləyə istinad etməklə (qətnamənin elan olunduğu sonuncu məhkəmə iclasında da mövqe eyni olmuşdur, bunu iclas zalında aparılmış səs və videoyazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür), mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə, əqdlərə və müqavilələrə aid maddələri ilə əsaslandırmağa çalışmışdır. Hakim qətnamədə heç bir hüquq normasına əsaslanmadan, yalnız öz mülahizələri əsasında hüquqi nəticəyə gəldiyini bir neçə dəfə aydın şəkildə ifadə etmiş, iddianı təmin etməsinin yeganə əsası kimi "xxxx" QSC tərəfindən cavabdehə göndərilmiş 22 aprel 2020-ci il, 29 aprel 2020-ci il, 15 may 2020-ci il, 16 may 2020-ci il, 01 iyun 2020-ci il, 14 iyul 2020-ci il və 26 noyabr 2020-ci il tarixli elektron qaimələrin mövcudluğunu göstərmişdir. Hakim hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsinin olmamasına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 25 fevral 2021-ci il tarixli “Qarşlıqlı borcların üzləşdirilməsi barədə” Aktın cavabdehin qanuni təmsilçisi tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq möhürlənməsinə baxmayaraq, yuxarıda qeyd edilən qaimələrin mövcudluğunu əsassız olaraq iddiaçı tərəfindən cavabdehə bitki mühafizə vasitələri – müxtəlif dərman preparatlarının verilməsinin təsdiq olunması kimi qiymətləndirmiş və heç bir fakta və dəlilə əsaslanmadan bunun məhkəmə araşdırması zamanı müəyyən olunduğunu qeyd etmişdir. Halbuki, məhkəmə araşdırması zamanı belə hal müəyyən edilməmişdir (bunu iclas zalında aparılmış səs və videoyazının təhlili yolu ilə də aydın şəkildə müşahidə etmək mümkündür). Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Artıq qeyd olunduğu kimi, tərəflər arasında müqavilə mövcud deyildir. Hakim qanunvericiliyin kifayət qədər aydın olan vacib göstərişlərinə məhəl qoymadan, kobud şəkildə pozaraq, iş üçün xüsusi əhəmiyyət kəsb edən sübut növü olan məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair 21 iyun 2022-ci il tarixli, 4/660 nömrəli ekspert rəyinin heç bir araşdırmasını aparmamış, qiymətləndirməmiş və razılaşmama səbəbini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə görə, iş üzrə məhkəmə baxışının əsas prinsiplərindən biri həqiqətə nail olmaq üçün məhkəmələr tərəfindən sübutların araşdırılması və onlardan istifadə edilməsi vəzifəsinin mövcudluğudur. Qanuna görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman pereparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir. Lakin, iddiaçı qeyd edilən malların hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. Məhkəmə özü də qətnaməsində təsdiq etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) -“Satıcı”, Cavabdeh (VÖEN: **********) – “Alıcı” olaraq tərtib olunmuş 20 aprel 2020-ci il tarixli, 1/20-068AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqavilə “Satıcı” "xxxx" QSC tərəfindən imzalanıb möhürlənsə də, həmin Müqavilə “Alıcı” "xxxx" MMC tərəfindən imzalanmamışdır. Tərəflər hər hansı təhvil aktı da imzalamamışlar. Məhkəmə öz qətnaməsini "xxxx" QSC tərəfindən cavabdehə göndərilmiş 22 aprel 2020-ci il, 29 aprel 2020-ci il, 15 may 2020-ci il, 16 may 2020-ci il, 01 iyun 2020-ci il, 14 iyul 2020-ci il və 26 noyabr 2020-ci il tarixli elektron qaimələrin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Halbuki, qeyd edilən elektron qaimələr tərəflərin heç biri tərəfindən imzalanmamışdır. Əgər məhkəmə həmin elektron qaimələrin heç bir yazılı müqavilə olmadan sadəcə göndərilməsini müqavilə münasibətlərinin mövcudluğu üçün əsas hesab edirsə, onda belə nəticə çıxır ki, istənilən bir sahibkarlıq subyekti heç bir əlavə təsdiqedici sənəd olmadan digər subyektə, hətta fəaliyyətini dayandırmış (dondurmuş) hüquqi şəxsə elektron qaimə göndərərək ondan müvafiq vəsaiti tələb edə bilər. Göründüyü kimi, məhkəmənin yanaşması çox absurd təsir bağışlayır və əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi məhkəmə lazımi qaydada rəsmiləşməmiş, heç bir hüquqi əsası olmayan bir «müqavilə» əsasında qətnamə qəbul etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 331.1, 386.1, 407.2 və 567-cı maddələrinin və digər əlaqəli müddəalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdehin müvafiq vəsatəti əsasında, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 iyun 2022-ci il tarixli, 4/660 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdehnə aid hissəsinin “Direktor” qrafasındakı imza Cəmiyyətin direktoru, qanuni təmsilçi Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Qeyd edilən müddəanın məzmunundan çıxan nəticəyə görə, hüquqi şəxsi təmsil etmək və onun adından çıxış etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış sənəd həmin hüquqi şəxs üçün öhdəlik yarada bilməz. Əgər iddiaçı lazımi qaydada rəsmiləşdirilməmiş müqavilə olmadan cavabdehin onun qarşısında öhdəlik daşımasını qeyd edilən aktla əsaslandırmağa çalışırsa, onda bu sənədin cavabdeh hüquqi şəxsi təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən və yaxud onun tərəfindən səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanması zəruridir. Lakin, göründüyü kimi, həmin akt nə qanuni təmsilçi tərəfindən imzalanmamış, nə də ki, bununla bağlı digər şəxsə səlahiyyət verilməsinə dair heç bir sənəd mövcud deyildir. Belə olan halda, məhkəmənin hansı hüquqi əsasla həmin aktın cavabdeh üçün hüquqi öhdəlik yaratması qənaətinə gəlməsi sual doğurur. Bu baxımdan hesab edirlər ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin qeyd edilən müddəası da pozulmuşdur. Hakim qətnamə qəbul edərkən işdə olan sübutları qərəzli və natamam qiymətləndirmiş, öz qətnaməsində iddiaçı tərəfindən məhkəməyə cavabdehin imzalamadığı, hüquqi əsası olmayan və uyğun olaraq, tərəflərə hər hansı öhdəlik yaratmayan müqavilənin təqdim edilməsi faktını ayrıca qeyd etməsinə baxmayaraq, mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə, əqdlərə və müqavilələrə aid maddələri ilə əsaslandırmağa çalışmışdır. O, həmçinin iş üçün xüsusi əhəmiyyət kəsb edən sübut növü olan məhkəməxətşünaslıq ekspertizasının nəticələrinə dair 21 iyun 2022-ci il tarixli, 4/660 nömrəli nömrəli ekspert rəyinin heç bir araşdırmasını aparmamış, qiymətləndirməmiş və razılaşmama səbəbini əsaslandırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv olunaraq iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia digər hissədə də təmin olunmamalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini və iddia tələbinə qarşı cavabdehin etirazının dəlillərini aşağıda göstərilənlərə əsasən əsaslı hesab edir. Belə ki, iddia tələbi müqavilə öhdəlikləri üzrə cavabdehin üzərinə düşən vəzifələrin icra edilməməsi ilə əsaslandırılmış, cavabdeh isə tərəflər arasında hər hansı müqavilə öhdəliyinin mövcud olmaması əsası ilə iddiaya etiraz etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına əsasən tərəflərin mövcud qarşılıqlı münasibətlərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İş materiallarına əlavə edilmiş işin 39-45-ci vərəqələrində olan iddiaçı tərəfindən tərtib edilmiş elektron qaimələrin təqdim edilmə əsası kimi 20 aprel 2020-ci il tarixli, 1/20- 068AZ nömrəli müqaviləyə istinad edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi vəsatət verərək müqavilənin əslinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən 20 aprel 2020-ci il tarixli, 1/20-068AZ nömrəli həmin müqavilənin əsli iş materiallarına əlavə edilmişdir. Lakin işin 66- 67-ci vərəqində olan həmin müqavilədən görünür ki, həmin müqavilə yalnız iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və iddiaçıya məxsus möhürlə təsdiq edilmişdir. Yəni həmin müqavilə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və cavabdehə aid möhürlə təsdiq edilməmişdir. Həmin müqavilənin 8-ci bəndinə görə isə bu müqavilə hər iki «tərəf»in səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və «tərəf»lərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının iddia tələbi həmin müqaviləyə əsasən cavabdeh üçün mülki hüquq və vəzifələr yaratmadığından qeyd olunan müqavilə üzrə əsassızdır. Tərəflərin faktiki münasibətləri üzrə müqavilənin şifahi formada bağlanıbbağlanılmamasına hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia ərizəsində kənd təsərrüfatı sahəsində dərman preparatlarını, yəni «bitki mühafizə vasitələrini» cavabdehə satdığını qeyd edir. Bununla əlaqədar həmin dərman preparatlarının yararlılıq müddətləri, hansı texniki şərtlər, texniki təqdimat əsasında, nə cür qablaşdırma qaydasında təhvil verilməsi, «mal»ın saxlanma qaydasına əməl olunması, onlardan istifadə üzrə insanların səhhətinin təhlükəsizliyinə hansı qaydada təminat verilməsi və s. şərtlərin razılaşdırılması hər iki tərəfin mənafeyinə uyğundur. Bu kimi şərtlərin razılaşdırılması isə yalnız yazılı müqavilə əsasında mümkündür. Lakin iddiaçı onun tərəfindən bitki mühafizə vasitələrinin iddia tələbində göstərilən dəyərdə iddiaçıya satıldığını qeyd edir. Bununla əlaqədar iddiaçı birinci instansiya məhkəməsinə hansı çeşiddə və məbləğdə dərman preparatlarının verilməsinə dair işin 68- 74-cü vərəqlərində olan «əlavə 1», «əlavə 2», «əlavə 3», «əlavə 4», «əlavə 5», «əlavə 6» və «əlavə 7» başlığı yazılmaqla siyahı təqdim etmiş, həmin əlavələrdə göstərilənlər iddiaçının möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq olunsa da, həmin əlavələr üzrə müxtəlif vaxtlarda malların alınması cavabdehin səlahiyyətli nümayəndəsinin adının yazılmasına baxmayaraq onun tərəfindən imzalanmayaraq təsdiq olunmamışdır. İddiaçı dərman preparatlarının cavabdehə təhvil verilməsi və bunun müqabilində cavabdehin borcunun olmasına dair əsas sübutu kimi birinci instansiya məhkəməsinə 25 fevral 2021-ci il tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Akt təqdim etmişdir. Həmin aktda 86120,71 (səksən altı min yüz iyirmi manat yetmiş bir qəpik) manat məbləğində borcun olduğu göstərilmişdir. Lakin birinci instansiya məhkəməsinin araşdırması zamanı həmin 25 fevral 2021-ci il tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın aşağı sağ hissəsində «Direktor» sözünün qarşısında çəkilmiş imzanın Cavabdeh direktoru, yəni qanuni təmsilçisi Qanuni nümayəndə aid olmadığı müəyyən olunmuşdur. Belə ki, cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 iyun 2022-ci il tarixli 4/660 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdehnə aid hissəsinin “Direktor” qrafasındakı imza Qanuni nümayəndə (direktorqanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt Cavabdeh direktoru, yəni qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq cavabdehə məxsus möhürlə möhürləndiyinə görə 22 aprel 2020-ci il tarixli EBAJ 035789 nömrəli, 29 aprel 2020-ci il tarixli EBAJ 306782 nömrəli, 15 may 2020-ci il tarixli EBAJ 946326 nömrəli, 16 may 2020-ci il tarixli EBAJ 974681 nömrəli, 01 iyun 2020-ci il tarixli EBAK 565055 nömrəli, 14 iyul 2020-ci il tarixli EBAM 370911 nömrəli və 26 noyabr 2020-ci il tarixli EBAT 111947 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 86120,71 (səksən altı min yüz iyirmi manat yetmiş bir qəpik) manat dəyərində müxtəlif bitki mühafizə vasitələrinin satıcı İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-yə satıldığı təsdiq olunur. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən bunu birbaşa əsaslandıran maddi hüquq normasına istinad etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bundan əlavə, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 25 fevral 2021-ci il tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» Akt məhz «üzləşdirmə şəraitində» tərtib olunmamışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında üzləşdirmə aktının həmin akta imza etmiş şəxslərin birgə iştirakı şəraitində tərtib olunmadığını təsdiq edərək bildirmişdir ki, əvvəl üzləşdirmə aktı onlar tərəfindən tərtib olunaraq cavabdehə göndərilmiş, həmin üzləşdirmə aktı imzalandıqdan sonra isə cavabdeh geri qaytarmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu Rayon Prokurorluğunun 29 sentyabr 2022-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, araşdırma zamanı 23 fevral 2021-ci il tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissəsinin «Direktor» qrafasındakı imza və 25 fevral 2021-ci il tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın Cavabdehnə aid hissəsinin «Direktor» qrafasındakı imzanın kim tərəfindən icra olunması müəyyən olunmamışdır. Şərh olunanlardan göründüyü kimi məhz iddiaçı qeyd olunan «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» aktın «Direktor» qrafasındakı imzanın kim tərəfindən imzalanmasına aid hər hansı sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunan işin faktiki halları isə istinad olunan Mülki Məcəllənin 49.1, 49.2, 405-407-ci maddələrinin tələbləri baxımından tərəflər üçün mülki hüquq və vəzifələr yaratmır. Bundan əlavə cavabdehin nümayəndəsi dərman preparatlarının satılmasına dair tərəflər arasında elektron qaydada mövcud yazışmaların olduğunu bildirsə də, növbəti məhkəmə iclasında isə əksinə, aparılmış araşdırma nəticəsində qeyd etdiyi yazışmaların ümumiyyətlə cavabdehə aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının araşdırması nəticəsində qeyd olunan dərman preparatlarının hansı şəraitdə və necə təqdim olunması barədə cavabdehin nümayəndəsi verilmiş suala cavab olaraq işin həmin halının ona məlum olmadığını bildirmiş, sonuncu məhkəmə iclasında isə həmin dərman preparatlarının cavabdeh tərəfindən göndərilmiş nəqliyyat vasitələrinin sürücülərinə imzalanmaqla təhvil verilməsinə dair xx.xx.2020-ci il tarixli 24731 nömrəli, xx.xx.2020-ci il tarixli 24986 nömrəli, xx.xx.2020-ci il tarixli 24986 nömrəli və xx.xx.2020-ci il tarixli 25565 nömrəli satış qəbzləri təqdim etmişdir. Lakin bununla belə iddiaçı qeyd olunan dərman preparatlarının cavabdehin rəsmi «ixtiyarlı şəxsinə» təqdim olunmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhz yuxarıda qeyd olunan Mülki Məcəllənin 433.3-cü maddəsinin tələbindən də göründüyü kimi iddiaçı öhdəliyin ixtiyarlı şəxsə icra olunması ilə bağlı sübutların təqdim edilməməsi riskini daşıyır. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı olan hüquqi şəxs məqsədəmüvafiq hesab etdiyi halda ona vurulmuş ziyanla bağlı təqsirli olan şəxslərə qarşı və ya hüquqi əsas olmadan dərman preparatlarının təqdim olunduğu şəxslərə qarşı müvafiq qaydada ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunan işin faktiki halları ilə bağlı istinad olunan Mülki Məcəllənin 49.1, 49.2, 405-407, 433-cü maddələrinin tələbləri baxımında məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, bitki mühafizə vasitələrinin satışına dair tərəflər arasında müqaviləninin bağlanması iş materialları ilə təsdiq olunmur və buna görə iddia tələbi üzrə cavabdehin müqavilə öhdəlikləri yaranmadığından birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iddia tələbi digər hissədə də təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, e-2-2(119)-171/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi hissəsində ləğv edilsin. İddia digər hissədə də təmin edilməsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-110/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-110/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver