Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-112/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-2(119)- 73/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC Cavabdeh MMC-dən ümumilikdə 407.945,00 manat əsas borcun, 175.602,75 manat cərimənin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.04.2020-ci il tarixində cavabdeh "xxxx" ("xxxx") MMC ilə iddiaçı "xxxx" MMC (“Alıcı”) arasında KGL/2804 saylı alqı-satqı müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən Satıcı təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunan malları Müqavilə ilə razılaşdırılmış şərtlərlə Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib qarşılığında Müqavilə ilə razılaşdırılmış pul məbləğini (Malların dəyəri) Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin Müqaviləyə 08.06.2020-ci il tarixli 01 saylı Razılaşma Protokolu bağlanmışdır. 01 saylı Protokolun şərtlərinə əsasən Cavabdeh MMC "xxxx" MMC-yə tonu 2100 manat olmaqla, ümumilikdə 200 ton preslənmiş alüminium məftil satmağı, "xxxx" MMC isə əvəzində ümumilikdə ƏDV xaric 420.000 (dörd yüz iyirmi min) manatı həcmində məbləği Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 01 saylı Protokol üzrə ödəniş şərti “Satıcının təqdim etdiyi bank qarantiyası (126.000 AZN dəyərində) əsasında, həmin bank qarantiyası təqdim edildikdən sonra 30% avans ödəniş, qalıq 70% ödəniş isə mal Alıcıya tam təhvil verildikdən sonra” qaydasında razılaşdırılmışdır. 01 saylı Protokolun şərtlərinə əsasən X1 qüvvəyə mindikdən sonra 25 təqvim günü müddətində çatdırılmalı idi. Bank qarantiyası təqdim edilməməsinə baxmayaraq, Alıcı tərəfindən Satıcıya 01 saylı Protokol üzrə 126.000,00 (yüz iyirmi altı min) manatı məbləğində avans ödəniş edilmişdir. 01 saylı Protokolun "xxxx" MMC tərəfindən 18.06.2020-ci il tarixində imzalanması ilə qüvvəyə minməsi nəzərə alınmaqla, Mallar 14.07.2020 tarixinədək Alıcıya çatdırılmalı idi. Lakin, bugünkü tarixədək 01 saylı Protokol üzrə razılaşdırılmış mallar Alıcıya çatdırılmamış, beləliklə, Satıcı öhdəliklərini icra etməmişdir. Hazırda 01 saylı Protokol üzrə Satıcı öhdəliklərini icra etmədiyinə görə Alıcıya 126.000,00 (yüz iyirmi altı min) manatı avans olaraq ödənilmiş məbləği, eləcə də Müqavilənin 6.6-cı bəndinə uyğun olaraq, pretenziya məktubunun tərtib olunduğu 25.08.2020-ci il tarixinədək (42 gecikmə günü üçün) hesablanmış 88.200,00 (səksən səkkiz min iki yüz) manatı cərimə məbləğini ödəməlidir. İddia ərizəsində daha sonra göstərilir ki, 16.06.2020-ci il tarixdə müqaviləyə 02 saylı Razılaşma Protokolu bağlanmışdır. 02 saylı Protokolun şərtlərinə əsasən Cavabdeh MMC "xxxx" MMC-yə tonu 2.819,45 manatı olmaqla, ümumilikdə 200 ton Alüminium A8 (99.86% külçə) satmağı, "xxxx" MMC isə əvəzində ümumilikdə ƏDV xaric 563.890,00 (beş yüz altmış üç min səkkiz yüz doxsan) manatı məbləği Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 02 saylı Protokol üzrə ödəniş şərti “50% avans ödəniş, qalıq 50% ödəniş mal Alıcıya tam təhvil verildikdən sonra” qaydasında razılaşdırılmışdır. 02 saylı Protokolun şərtlərinə əsasən X1 qüvvəyə mindikdən sonra 30 gün müddətində çatdırılmalı idi. Alıcı tərəfindən Satıcıya 02 saylı Protokol üzrə 281.945,00 (iki yüz səksən bir min doqquz yüz qırx beş) manatı məbləğində avans ödəniş edilmişdir. 02 saylı Protokolun "xxxx" MMC tərəfindən 25.06.2020-ci il tarixində imzalanması ilə qüvvəyə minməsi nəzərə alınmaqla, Mallar 25.07.2020-ci il tarixinədək Alıcıya çatdırılmalı idi. Lakin, bugünkü tarixədək razılaşdırılmış mallar alıcıya çatdırılmamış, satıcı 02 saylı Protokol üzrə də öhdəliklərini icra etməmişdir. Hazırda 02 saylı Protokol üzrə Satıcı öhdəliklərini icra etmədiyinə görə Alıcıya 281.945 (iki yüz səksən bir min doqquz yüz qırx beş) manat avans ödənilmiş məbləği, eləcə də Müqavilənin 6.6-cı bəndinə uyğun olaraq, Pretenziya məktubunun tərtib olunduğu 25.08.2020-ci il tarixədək (31 gecikmə günü üçün) hesablanmış 87.402,75 (səksən yeddi min dörd yüz iki manatı, yetmiş beş qəpik) manat cərimə məbləğini ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetrilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və Müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Müqavilə üzrə öhdəliklərini pozduğuna görə cavabdehə 25.08.2020ci il tarixdə KGL/2804/PT/01 saylı pretenziya məktubu ünvanlanmış və həmin məktubun alındığı tarixdən etibarən 5 (beş) təqvim günü ərzində "xxxx" MMC-nin Müqavilədə qeyd edilmiş bank hesabına ümumilikdə 407.945,00 (dörd yüz yeddi min doqquz yüz qırx beş manat, 00 qəpik) manat məbləğində əsas borcun, 175.602,75 manat məbləğində cərimənin ödənilməsi tələb olunmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən pretenziya məktubunda tələb edildiyi kimi iddiaçının hesabına hər hansı ödəniş mədaxil edilməmişdir. Pretenziya məktubundan sonra cavabdeh tərəfindən 09.09.2020-ci il tarixdə "xxxx" MMC-nin ünvanına 07.09.2020-ci il tarixli 0012 saylı müraciət məktubu daxil olmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması nəticəsində "xxxx" MMC-yə ciddi maddi ziyan dəymiş, çoxsaylı müştəriləri qarşısında qeyd olunan səbəbə görə öhdəliklərinin yerinə yetirilməməsi iddiaçını çətin vəziyyətə salaraq istehsal prosesini ləngitmişdir. Bu kimi hallar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malik olduğu nüfuzuna ciddi zərbə vurur və qəbuledilməzdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-2(119)-73/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 407.945 (dörd yüz yeddi min doqquz yüz qırx beş) manat əsas borc, 40.000 (qırx min) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 447.975 (dörd yüz qırx yeddi min doqquz yüz yetmiş beş) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ləğv edilməlidir və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh tərəf iddiaçı ilə bağlanılan müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmək üçün Çin Xalq Respublikasının hüquqi şəxsi olan "xxxx" Şirkəti ilə müqavilə bağlamış və 21.05.2020-ci il tarixli müqaviləyə əsasən həmin şirkətə 68800 ABŞ dolları, 07.07.2020-ci il tarixdə 89440 ABŞ dolları ödənişlər etmiş, lakin həmin şirkət malları bu günə qədər göndərməmişdir. Cavabdeh tərəf bu barədə əlaqədar dövlət orqanlarına yazılı müraciətlər etmişdir. Bundan sonra cavabdeh təşkilat 18.01.2021-ci il tarixdə Ukrayna Republikasında fəaliyyət göstərən "xxxx" Şirkəti ilə müqavilə bağlayaraq həmin malları qeyd olunan şirkətdən almaq üçün ödənişlər etmişdir. Lakin həmin şirkət də müqavilə ilə üzərinə götürdüyü bu öhdəlikləri yerinə yetirməmişdir. İşin bu halları məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin işə baxan məhkəmə cavabdehin öz öhdəliklərini üçüncü şəxslərin təqsiri ucbatından yerinə yetirə bilməməsini nəzərə almamış, düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2-2(119)-73/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) ilə Cavabdeh ("xxxx") arasında bağlanmış 28.04.2020-ci il tarixli KGL/2804 nömrəli alqı-satqı müqaviləsi nin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti Satıcı təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - Razılaşma Protokolları ilə müəyyən olunan malları Müqavilə ilə razılaşdırılmış şərtlərlə Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib qarşılığında Müqavilə ilə razılaşdırılmış pul məbləğini (Malların dəyəri) Satıcıya ödəməsi təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən malları müqavilə ilə razılaşdırılmış müddətdə, mallara dair təhvil təslim aktını və elektron qaimə-fakturanı alıcıya təhvil vermək satıcının öhdəlikləridir. Həmin müqavilənin 5.2.3 –cü bəndinə əsasən təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək alıcının ödəliyidir. Həmin müqavilənin 6.2 və 6.3-cü bəndlərinə əsasən tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən, müqavilədən və alqı-satqının mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.6 – cı bəndinə əsasən satıcı müqavilə üzrə malların verilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə müvafiq mallara görə ödənilməli olan məbləğin 0,5 (sıfır tam onda beş) faiz həcmində alıcıya cərimə ödəməlidir. Cərimənin ödənilməsi satıcını müqavilə üzrə digər öhdəliklərin icrasından azad etmir. İş materiallarında olan 08.06.2020-ci il tarixli 01 nömrəli razılaşma protokolundan görünür ki, "xxxx" Cavabdeh MMC “Alıcı” "xxxx" MMC-yə tonu 2100,00 manatı olmaqla, ümumilikdə 200 ton preslənmiş alüminium məftil satmağı, "xxxx" MMC isə əvəzində ümumilikdə 420.000 (dörd yüz iyirmi min) manatı (ƏDV xaric) həcmində məbləği «Kaspian Groop LTD” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin protokolun ödəniş şərtinə əsasən satıcının təqdim etdiyi bank qarantiyası (126.000 AZN dəyərində) əsasında, həmin bank qarantiyası təqdim edildikdən sonra 30% avans ödəniş, qalıq 70% ödəniş isə mal “Alıcı”ya tam təhvil verildikdən sonra həyata keçirilir. Həmin protokola əsasən mallar “Alıcı”ya protokol qüvvəyə mindikdən sonra 25 təqvim günü müddətində çatdırılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC vasitəsi ilə həyata keçirilmiş 19.06.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 126.000 manat ödənilmişdir. İş materiallarında olan 16.06.2020-ci il tarixli 02 nömrəli razılaşma protokolun şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə tonu 2.819,45 manatı olmaqla, ümumilikdə 200 ton alüminium A8 (99.86% külçə) satmağı, "xxxx" MMC isə əvəzində ümumilikdə 563.890 (beş yüz altmış üç min səkkiz yüz doxsan) manat (ƏDV xaric) məbləğini Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Həmin protokol üzrə ödəniş şərti “50% avans ödəniş, qalıq 50% ödəniş mal Alıcıya tam təhvil verildikdən sonra” qaydasında razılaşdırılmışdır. Həmin protokolun şərtlərinə əsasən mallar “Alıcı”ya protokol qüvvəyə mindikdən sonra 30 gün müddətində çatdırılmalıdır. "xxxx" ASC vasitəsi ilə həyata keçirilmiş 29.06.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMCyə 281.945 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru F.Əliyev tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 07.09.2020-ci il tarixli 0012 nömrəli müraciətdə yuxarıda qeyd edilən müqavilənin və razılaşmaların bağlanılması, habelə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənişlərin edilməsi təsdiq olunaraq, Cavabdeh MMC tərəfindən Çin Xalq Respublikası ilə 21.05.2020-ci il KGBZ 2105 nömrəli 21.05.2020-cii il tarixli müqavilə bağlandığı, həmin müqaviləyə əsasən “XİNGTAİ BAOZHUO METAL MATERİAL SALES CO.LTD” şirkətinə 25 iyun 2020-ci il tarixdə 68.800 (altmış səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğində alüminum məftil üçün ödəniş olunduğu, 07.07.2020-ci il tarixdə 89.440 (səksən doqquz min dörd yüz qırx) ABŞ dolları məbləğində alüminum külçə üçün ödəniş olunduğu, lakin şirkət tərəfindən dəfələrlə olunan rəsmi müraciətlərə baxmayaraq, Çin Xalq Respublikasında yerləşən zavod tərəfindən malların göndərilməsi ilə əlaqədar gecikdirmələr olduğu göstərilmişdir. Məktubda daha sonra göstərilmişdir ki, bu gecikdirmələrdən sonra Çin Xalq Respublikasının Azərbaycanda yerləşən konsulluğuna və Ticarət Palatasına müraciət edilmişdir ki, malları və ya ödənilən məbləğlər geri qaytarılsın. Həmin məktubda Cavabdeh MMC şirkəti iddiaçıya Rusiya Federasiyasından Alüminium məftil qırıntısı təklifi etmiş, Rusiya Federasiyası ilə rəsmi danışıqlar aparıldığı, danışıqların nəticəsi barədə bir neçə günə "xxxx" MMC-yə məlumat veriləcəyi bildirilmiş, bu təklifin nəzərə alınması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdehndən 407.945 (dörd yüz yeddi min doqquz yüz qırx beş) manat əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə həmçinin tələb olunan 175.602,75 manat cərimə məbləğinin azaldılaraq 40.000 (qırx min manat) müəyyənləşdirilməsini qanuni və ağlabatan hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin şərh olunan halları ilə razılaşır. Belə ki, iş materiallarında olan müqavilə və razılaşma protokolları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən 28.04.2020-ci il tarixli KGL/2804 nömrəli alqı-satqı müqaviləsi, habelə 08.06.2020-ci il tarixli 01 nömrəli və 16.06.2020-ci il tarixli 02 nömrəli razılaşma protokollarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, yəni mallar alıcıya təhvil verilməmişdir. İddiaçı tərəfindən borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2-2(119)-73/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli e-2-2(119)- 73/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-112/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-112/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver