Məhkəmə qərarları › İş №2-2(105)-112/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-112/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-112/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi ilə, iddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Cavabdeh2nə qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması haqqında” 16 avqust 2024-cü il tarixli, 2-2(119)-1083/2024 nömrəli qərardadından iddiaçı “Azin Oil" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı 10 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsindən 01 fevral 2020-ci il tarixli 03 nömrəli və 21 fevral 2021-ci il tarixli 03 nömrəli müqavilələr üzrə 14937,05 manat əsas borc və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1729,2 manat ziyan əvəzi olmaqla, ümumilikdə 16666,25 manat borc məbləğinin, eləcə də iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 140 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-1083/2024 nömrəli kommersiya işi üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə 07 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə Cavabdeh2 də cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınaraq Cavabdeh2nə də hazırkı iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl olunmaması səbəbindən MPM-in 259.0.1-ci maddəsinə əsasən işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2-2(119)- 1083/2024 nömrəli qərardadı ilə iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim Zülfüqar Sadıqov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iş üzrə vermiş olduğu iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mövcud mübahisənin Cavabdeh2 ilə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməmişdir. Qərardaddan İddiaçı şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli e-2-2(119)-1083/2024 nömrəli qərardadının ləğv edilməsi və işə baxılmasının davam etdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı və Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında 4 alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, idarə müstəqil balansa, xərclər smetasına, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə müvafiq olaraq idarənin ayrıca əmlakı vardır, üzərində idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir. Əsasnamənin 1.5ci bəndinə əsasən idarənin hüquqi ünvanı Xaçmaz şəhəridir. Əsasnamənin 6.3.9-cu bəndinə görə idarənin rəisi idarəni dövlət orqanlarında, digər idarə və müəssisələrdə, məhkəmə orqanlarında təmsil edir. İdarənin adına ayrıca VÖEN vardır. Bağlanmış müqavilələr də alıcı tərəf olaraq müstəqil qaydada Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən imzalanmışdır. Göründüyü kimi, cavabdeh müstəqil hüquqi şəxsdir. Cavabdeh2 sadəcə idarənin təsisçisidir. Bu səbəbdən də, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi müstəqil hüquqi şəxs olaraq məhkəmə icraatında iştirak edə bilər. Digər tərəfdən, müqavilələr üzrə yaranmış mübahisəni qarşılıqlı razılıq yolu ilə həll etmək məqsədi ilə tərəflərindən Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanmışdır. Həmin məktubda yaranmış borcun ödənilməsi xahiş olunsa da, qarşı tərəf cavab verməmiş və borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. İş materiallarından da göründüyü kimi, alqı-satqı müqavilələri Cavabdeh2 ilə deyil, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə bağlanılmışdır və hazırkı tarixədək onlara ödənişlər də müstəqil olaraq Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən ödənilmişdir. Belə ki, həmin idarə hazırkı tarixədək rəsmi şəkildə bank vasitəsilə cəmi 183673,95 manat ödəniş etmişdir. Bu səbəbdən də, pretenziya məktubunu məhz Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinə göndərmişlər. İş materiallarından da göründüyü kimi, tərəflərindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Maraqlı haldır ki, birinci instansiya məhkəməsi Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsini müstəqil şəxs olaraq cavabdeh qismində qəbul etmir, lakin göndərdikləri pretenziya məktubunun Cavabdeh2nə deyil, digər şəxsə göndərildiyini bildirir və yenidən icra hakimiyyətinə pretenziya məktubu göndərmələrini tələb edir. Əgər məhkəmə Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsini müstəqil şəxs olaraq qəbul etmirsə, o halda ona göndərdikləri pretenziya məktubunun da elə Cavabdeh2nə göndərilmiş olduğunu qəbul etməlidir. Hesab edirlər ki, yenidən pretenziya məktubu göndərilməsi və yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əlavə vaxt itkisidir və faktiki olaraq süründürməçiliklə nəticələnir. Beləliklə, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli e-2-2(119)- 1083/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı “Azin Oil" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2-2(119)-1083/2024 nömrəli qərardadı ləğv edilməli və məhkəmə icraatının davam etdirilməsi üçün kommersiya işi həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, MPM-in 51.3-cü maddəsinə müvafiq olaraq, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 167.1-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir... İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının müraciətinə əsasən Cavabdeh2 digər cavabdeh qismində işə cəlb etmişdir. Beləliklə, hazırkı kommersiya işində Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Cavabdeh2 birgə cavabdehlər kimi iştirak edirlər. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl olunmaması səbəbindən MPM-in 259.0.1-ci maddəsinə əsasən işin baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmə də həmin ərizəni nəzərə alaraq 16 avqust 2024-cü il tarixli e-2-2(119)-1083/2024 nömrəli qərardadı ilə iş üzrə iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası hazırkı halda iş üzrə MPM-in 259.0.1-ci maddəsinin tətbiqinin mümkünlüyü (yolverilənliyi) və qanuniliyi məsələsi ilə əlaqədar qeyd edir ki, həmin maddəyə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı birinci cavabdehə münasibətdə mübahisənin qabaqcadan məhkəmədən kənar həlli (pretenziya) qaydasına riayət etmişdir. İşə digər (birgə) cavabdeh qismində sonradan cəlb edilmiş Cavabdeh2nə münasibətdə iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına riayət edilməsinin zəruriliyi və buna əməl olunması tələbinin əsaslılığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarının 4.2-ci bəndində izah olunduğu kimi, mübahisənin məhkəmədən kənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun... Bu baxımdan, məhkəmə mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl edilməməsi əsası ilə iddia ərizəsini baxılmamış saxlamaq qərarına gələrkən həmin qaydanın tətbiqi perspektivinin olmasını, yəni mübahisənin məhkəmədən kənar qaydada həlli imkanının itirilməməsini nəzərə almalıdır. Əgər mübahisənin məhkəmədən kənar qaydada həlli ümidsiz görünürsə, onda ərizəni baxılmamış saxlayıb həmin məqsəd üçün tərəflərə şərait yaradılması lüzumsuz və prosessual qənaət prinsipinə zidd olacaqdır. Konkret halda işə sonradan cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl olunmaması səbəbindən MPM-in 259.0.1-ci maddəsinə əsasən işin baxılmamış saxlanılmasını xahiş etsə də, lakin onun məhkəməyə belə müraciətinin tərəflər arasındakı mübahisəni məhkəmədən kənar qaydada həll etmək niyyətindən irəli gəlməsi müəyyən olunmur. Cavabdehin ərizəsinin məzmunu tərəflər arasındakı mübahisənin məhkəmədən kənar qaydada həlli imkanının itirilmədiyi qənaətinə gəlməyə əsas vermir. Belə olduğu halda mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl olunmaması əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması MPM-in 259.0.1-ci maddəsinin mahiyyətinə və tələbinə uyğun deyildir. Bundan əlavə, iş üzrə hər iki cavabdehə qarşı eyni iddia tələbi irəli sürüldüyündən və onlar işdə birgə cavabdehlər qismində iştirak etdiklərindən, iddiaçı tərəfindən isə cavabdehlərdən birinə münasibətdə mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl olunduğundan məhkəmə kollegiyası bunu iddianın predmeti baxımından həmin qaydaya artıq əməl olunması kimi qiymətləndirir, ona görə də vaxt itkisi və prosessual süründürməçilik hallarını istisna etmək məqsədilə əlavə olaraq işə sonradan cəlb edilmiş cavabdehə münasibətdə də mübahisənin məhkəmədən kənar həlli (pretenziya) qaydasına əməl olunmasına zərurət və lüzum görmür, həmçinin belə formal səbəbə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını məqsədəuyğun hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda düzgün nəticəyə gəlməmiş və iddiaçı bu nəticə ilə razılaşmamaqda haqlıdır. Kollegiya iddiaçının məhkəmə qərardadından şikayətinin dəlillərini əsaslı sayır. Ona görə də, iddiaçının şikayəti təmin edilməli və Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2-2(119)-1083/2024 nömrəli qərardadı ləğv edilərək hazırkı kommersiya işi məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edərək, yaxud dəyişərək işin həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Azin Oil" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin baxılmamış saxlanılması haqqında” 16 avqust 2024-cü il tarixli, 2-2(119)-1083/2024 nömrəli qərardadı ləğv edilsin. Məhkəmə icraatının davam etdirilməsi üçün hazırkı kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar