Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-115/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 659/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı 155000 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək BDYPİ Qeydiyyat İmtahan İdarəsinin 19.04.2021-ci il tarixli ********* saylı sorğuya cavab məktubuna əlavə edilmiş komputer çıxarışında göstərilən cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyatdan keçən nəqliyyat vasitələrinin üzərinə hazırkı iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyatda olan 53AA076 dövlət qeydiyyat nişanlı KİA RİO markalı minik avtomobilinin, 53AC353 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC346 dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı yük avtomobilinin, 53AA075 dövlət qeydiyyat nişanlı KİA RİO markalı minik avtomobilinin, 99AN955 dövlət qeydiyyat nişanlı KİA OPTİMA markalı minik avtomobilinin, 53AC354 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 99AD228 dövlət qeydiyyat nişanlı NİSSAN PATROL markalı minik avtomobilinin, 53AC347 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC351 dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı yük avtomobilinin, 53AC363 dövlət qeydiyyat nişanlı MERCEDES markalı yük avtomobilinin, 53AC355 dövlət qeydiyyat nişanlı MERCEDES 709 markalı yük avtomobilinin, 53AC349 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC356 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ markalı yük avtomobilinin üzərinə həbs qoyulmaqla həmin avtomobillərin özgəninkiləşdirilməsi cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması qərara alınmışdır. Qərardaddan cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi kifayət qədər əsaslı olduğu təqdirdə iddianın təmin tədbirinə dair ərizə təmin edilə bilər. İndiki halda isə iddia tələbi əsaslı olmadığı kimi iddia müddəti də keçmişdir. Şirkətin rəsmi bank hesabları olduğu halda şirkət əmlakı üzərinə həbs qoyulması tamamilə qanunsuzdur. Həmçinin şikayətə əlavə edilən yük avtomobilinin texniki pasportundan da göründüyü kimi avtomobillər əslində "xxxx" ASC-yə məxsusdur. Belə olan halda başqa hüquqi şəxsə məxsus avtomobillər üzərinə həbs qoyulması tamamilə qanunsuzdur. Bununla yanaşı qərardadla üzərinə həbs qoyulmnuş **-AN-*** dövlət nömrə nişanlı “KİA OPTİMA” markalı avtomobil, **-AD-*** dövlət nömrə nişanlı “NİSSAN PATROL” markalı avtomobil, **-AC-*** dövlət nömrə nişanlı “DAİMLER CHRYSLER” markalı avtomobillər mülkiyyət hüququ şirkətə məxsus deyildir. Sadəcə həmin avtomobillər üçün “A” seriyası ilə başlayan dövlət nömrə nişanı əldə etmək üçün həmin avtomobillərin dövlət nömrə nişanı hüquqi şəxsin adına rəsmiləşdirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilməsi, göstərilən avtomobillərin özgəninkiləşdirilməsinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması, şikayətin qalan hissədə təmin edilməməsi, şikayətin təmin edilməyən hissədə işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən tərəflərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 02 iyun 2021-ci il və 06 iyul 2021ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 157-ci maddəsinə əsasən, 157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsinin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Hazırkı iş üzrə iddia tələbinin məbləği 155000 ABŞ dolları məbləğindədir. İş materiallarından isə cavabdehə məxsus əmlakların iddia tələbinə mütənasib olubolmaması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal işə yenidən baxan birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi 02 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdehə məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, əmlakın üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Əmlakların üzərinə həbs qoyulması cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada, fəaliyyətləri ilə bağlı hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də ona və digər şəxslərə zərər vura bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi 02 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq 06 iyul 2021-ci il tarixli qərardadı ilə şikayəti qismən təmin etmiş, 02 iyun 2021-ci il tarixli qərardadını dəyişdirərək, iddianın təmin tədbiri barədə ərizəni qismən təmin etmişdir. Eyni zamanda məhkəmə şikayəti təmin etmədiyi hissədə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayət isə bütövlükdə qərardadın ləğvi ilə əlaqədar olmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Sadalanan normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxaraq həmin qərardadı dəyişdirirsə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Qərardadı dəyişdirmədiyi və ya ləğv etmədiyi halda isə şikayətlə birlikdə işi baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərməlidir. Hazırkı halda isə iş materiallarından görünür ki, məhkəmə şikayəti qismən əsaslı hesab edib qərardadı dəyişdirərək yenidən iddianı təmin etmə tədbiri görmüş, iddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermənin mümkün olduğu halda (MPM-in 163.1-ci maddəsi) mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməmiş, şikayəti təmin edilməyən hissədə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şikayət isə yuxarıda qeyd edildiyi kimi əmlak üzərinə həbs qoyulması barədə qərardadın bütövlükdə ləğvi haqqında olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətə baxılmasına dair 06 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, göstərilən xüsusatlar aydınlaşdırılmaqla iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətə baxılmasına dair 06 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar aydınlaşdırılmaqla iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-115/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-115/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver