Məhkəmə qərarları › İş №2-2(105)-115/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-115/2022

17.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-115/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinın Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2-2(119)-1285/2022 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi Xaçmaz Mənzil-İstismar İdarəsinin (VÖEN: **********) 18 iyul 2022-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 1132,04 (min yüz otuz iki manat 04 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 18954,40 (on səkkiz min doqquz yüz əlli dörd manat 40 qəpik) manat məbləğində borcunun və İşsizlikdən Sığorta Fonduna olan 51,35 (əlli bir manat 35 qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxx 1952-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan XAÇMAZ MƏNZİL-İSTİSMAR İDARƏSİNİN (VÖEN: **********) dövlət büdcəsinə 1132,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 799,5 manat, faizlər üzrə 292,54 manat, maliyyə sanksiyası üzrə 40 manat), İşsizlikdən sığorta fonduna 51,35 manat, Dövlət Sosial Müdafiə Fonduna 18954,4 manat olmaqla, ümumilikdə 20137,79 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********495800, xx.xx.2020-ci il tarixli **********378300, xx.xx.2020-ci il tarixli **********379000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2-2(119)- 1285/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, 18 iyul 2022-ci il tarixinə hesablanmış 1132,04 (min yüz otuz iki manat 04 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 18954,40 (on səkkiz min doqquz yüz əlli dörd manat 40 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 51,35 (əlli bir manat 35 qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi Xaçmaz Mənzil-İstismar İdarəsinin icra orqanının rəhbəri - xx xxxxx 1952-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (hakim Həlimə Alıyeva). Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 39 saylı əmri ilə Xaçmaz Mİİ-nə rəis təyin olunmuş, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 08 yanvar 2019-cu il tarixli 6 saylı sərəncamı ilə Xaçmaz və Xudat Mənzil Kommunal İdarələri birləşərək yeni Xaçmaz Mİİ yaradılmışdır. 2017-ci ilin noyabr ayında işə başladığı keçmiş Xaçmaz Mİİ-nin Vergilər üzrə dövlət büdcəsinə olan borclarını hissı-hissə ödəmək üçün xx.xx.2019-cu il tarixli zəmanət məktubuna və 3 saylı Ərazi Vergilər İdarəsi ilə bağlanmış razılaşma protokoluna əsasən ödəmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 09 saylı sərəncamı ilə işlədiyi Xaçmaz Mənzil İstismar İdarəsi ləğv edilmiş, yeni Xaçmaz MKT idarəsi yaradılmış və həmin idarəyə yeni rəis təyin olunmuşdur. Xaçmaz Mİİ-si ləğv olunduğu üçün tutduğu rəis vəzifəsindən azad olunmuşdur. Bu barədə 3 saylı Ərazi Vergilər İdarəsinə rəsmi məktubla məlumat vermişdir. Həmin tarixdən hüquqi şəxsin rəhbəri deyil və rəhbər vəzifəsində işlədiyi müddətdə dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmamışdır. Şikayətə əlavə olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 09 saylı sərəncamından çıxarışının surətindən göründüyü kimi həmin sərəncamla Xaçmaz Yaşıllaşdırma İdarəsi, Xaçmaz Parklar və İşıqlandırma İdarəsi, Xaçmaz Mənzil İstismar İdarəsi, Xudat Yaşıllaşdırma İdarəsi və Xudat Mənzil İstismarı Sahəsi birləşdirilərək bu idarələrin əsasında Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi yaradılmış və yeni yaradılmış idarənin rəisi vəzifəsinə X2 təyin edilmişdir. Şikayətə əlavə olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs Xaçmaz Mənzil İstismar Sahəsinin rəisi xx.xx.2020-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Şikayətə əlavə olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 14 nömrəli əmrinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixdən Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Xaçmaz Mənzil İstismar Sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. Yuxarıda göstərilən rəsmi sənədlərdən göründüyü kimi xx.xx.2020-ci il tarixdən hər hansı hüquqi şəxsin rəhbəri vəzifəsində işləmir. Ərizəçi 3 Saylı Vergilər İdarəsinin ərizəsində vergi ödəyicisi kimi qeyd olunan Xaçmaz Mənzil İstismar İdarəsinin fəaliyyəti xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Ərizəçinin ərizəsində isə qeyd olunur ki, Xaçmaz Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixə (idarə ləğv olunduğu xx.xx.2020-ci il tarixdən 2 il 6 ay sonra?) vergi borcu 1132.04 manat, İşsizlikdən Sığorta Fonduna 51.35 manat, DSMF-na 18954,40 manat olmaqla, ümumillikdə 20137,79 manat borcu vardır( ?!). Göründüyü kimi ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsində tam əsassız olaraq göstərilir ki, Xaçmaz Mənzil İstismar İdarəsinin Vergi və DSMF –na xx.xx.2022-ci il tarixə ümumillikdə 20137,79 manat borcu vardır və həmin tarixə bu idarənin rəhbəri Maraqlı şəxsdur. İşə baxmış məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan ərizənin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirdi ki, vergi ödəyicisi tərəfindən vergi orqanına yeni rəhbər barədə məlumat daxil olmamışdır və hüquqi şəxsin adı isə əvvəlki kimi Xaçmaz Mənzil İstismar İdarəsi olaraq da qalmaqdadır, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir. İş materiallarında olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq məktubundan görünür ki, Xaçmaz Mənzil-İstismar İdarəsinin (VÖEN **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu vardır. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, gəldiyi nəticəni Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, Mülki Prosessual Məcəllənin 305.1.12, 355-5.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, vergi ödəyicisi Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini, hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmədiyi halda vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi hüquqi şəxs Xaçmaz Mənzil-İstismar İdarəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 20137,79 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və icra orqanının rəhbəri kimi Maraqlı şəxs göstərmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 09 saylı sərəncamından çıxarışının surətindən görünür ki, həmin sərəncamla Xaçmaz Yaşıllaşdırma İdarəsi, Xaçmaz Parklar və İşıqlandırma İdarəsi, Xaçmaz Mənzil İstismar İdarəsi, Xudat Yaşıllaşdırma İdarəsi və Xudat Mənzil İstismarı Sahəsi birləşdirilərək bu idarələrin əsasında Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi yaradılmış və yeni yaradılmış idarənin rəisi vəzifəsinə X2 təyin edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs Xaçmaz Mənzil İstismar Sahəsinin rəisi xx.xx.2020-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 14 nömrəli əmrinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2020-ci il tarixdən Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Xaçmaz Mənzil İstismar Sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, qanuvericilikdə vergi borcunun ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Belə olan halda, Maraqlı şəxs vergi ödəyicisi olan Xaçmaz Mənzil İstismar İdarəsinin icra orqanının rəhbəri olmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinın mövcud ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2-2(119)- 1285/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinın hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1132,04 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 18954,4 manat, İşsizlikdən sığorta fonduna olan 51,35 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar