Məhkəmə qərarları › İş №2-2(105)-116/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-116/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-116/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(119)-884/2021 nömrəli qərardadından iddiaçı «Yusif İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(119)-884/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(119)- 884/2021 nömrəli qərardadından şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-884/2021 saylı 09 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsi və iddia ərizəsinə əlavə olunan sənədlər yüklənərkən həmin informasiya sisteminin 2-ci bölməsindəki, “Tərəflər” hissəsində cavabdeh və onun hüquqi ünvanı informasiya “Elektron məhkəmə” informasiya sisteminə əlavə olunmasına baxmayaraq, iddiaçıya məlum olmayan səbəbdən həmin məlumatlar sistemə yüklənməmiş kimi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciətin (ərizə, şikayət və digər sənədlərin) forma və məzmun qaydasını deyil, məhkəməyə müraciət etmənin üsül (elektron təqdim etmə, poçt vasitəsi ilə təqdim etmə və şəxsən təqdim etmə) vasitəsi qaydasını müəyyən edir. İddiaçının məhkəməyə müraciət edilmənin üsul vasitəsində baş verən texniki qüsur nəticəsi onun müraciətinin forması və məzmununa hüquqi baxımdan təsir etmir. Mülki prosessual qanunvericilik ərizənin formasının yazılı şəkildə olmasını müəyyən etmiş, həmin yazılı formada olan ərizədə qanunla müəyyən edilmiş forma və məzmununa riayət olunmasını tələb etmişdir. “Elektron məhkəmə” informasiya sisteminin 4-cü bölməsindəki “Ərizə məlumatları” hissəsində yüklənmiş iddia ərizəsində cavabdeh və onun hüquqi ünvanı göstərilmişdir. Bu səbəbdən hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması tam qanunsuz olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(119)-884/2021 saylı qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. Məhkəmə müəyyən etmişdir ki iddia ərizəsininn Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının adı və ünvanı göstərilmiş olsa da, digər proses iştirakçısı olan cavabdehin adı və ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdehin də adı və ünvanı iddiaçı tərəfindən göstərilməlidir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şikayətin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində iddiaçıya aid hissədə məlumatları daxil etmiş, digər- cavabdehə aid hissədə isə məlumatların daxil edilməməsini texniki qüsurla əlaqələndirmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində həmin iş üzrə cavabdeh müvafiq qaydada qeydə alınmadığı üçün, elektron qaydada aparılan icraatda tərtib edilən sənədlərdə cavabdehin adı göstərilmir. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı «Yusif İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-884/2021 saylı 02 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar