Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-118/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-899/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından hesab faktura üzrə ümumilikdə yaranmış 2407,64 AZN (ƏDV daxil) borc məbləğinin və ödənişin gecikdirilməsinə görə hesablanmış 1044 AZN peniyanın, dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-899/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə əsasən qanunla nəzərdə tututan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Plenum qərarının “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəlində kommersiya mübahisəsinin subyektlərinin dairəsinə kommersiya hüquqi şəxsləri, o cümlədən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları da daxil edilmişdir. Qeyd edilən maddələrin tələbindən baxımından Mülki Prosessual Məcəllədə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Plenum qərarına əsasən ərizədə sadalanmış prosessual hüquq normaları tətbiq edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına məlumat göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər... Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxs olmadığından, tərəf kimi, yəni cavabdeh qismində çıxış edə bilməz. Mülki-Prosessual Məcəllənin “Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti” adlanan 443-cü maddəsinin tələblərinə əsasən xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır (maddə 443.0. və 443.0.2.). Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdeh qismində xarici hüquqi şəxsi göstərməklə və ona qarşı müvafiq tələb irəli sürməklə məhkəmədə yenidən iddia qaldırmaq imkanına malikdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüquqi şəxsin filialının üçüncü şəxs qismində kommersiya mübahisəsi üzrə işdə iştirakı istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin MPM-in 149.2.2, 152.1 və 152.1.1-ci maddələrinə əsaslanaraq mövcud iddia ərizəsini qaytarması əsaslı olmuşdur. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-899/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-899/2021 saylı 07 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-118/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-118/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver