Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-119/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi vəkil Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh şirkətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)-243/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli 9MQV/GC-288/08/22 nömrəli təchizat və xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (Cavabdeh şirkəti) sifarişə əsasən alıcının (İddiaçı MMC-nin) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən mallarla təchiz edilməsini təmin edir. Alıcı isə malların dəyərini müqavilənin şərtlərinə uyğun satıcıya ödəyir.
2. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, hazır olan malların təhvili zamanı satıcı hər bir təhvil verilən mal partiyası üçün malın mənşə sertifikatını (Sertificate of Origin), malın keyfiyyət sertifikatını, çəki listini, hesab Fakturanın əslini və müqavilə və müvafiq əlavəni alıcıya təqdim etməlidir.
3. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, malların təhvil verilmə qaydası əlavələrdə təsbit ediləcəkdir.
4. Həmin müqavilənin 8.1 bəndinə əsasən, təhvil müddəti əlavələrdə göstəriləcək.
5. Həmin müqavilənin 8.2-ci bəndinnə əsasən, malın müqavilənin 8.1-ci bəndində qeyd olunan vaxtdan əvvəl təhvil verilməsinə icazə verilir.
6. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilə iddiaçının ölkəsinin qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. Satıcı və alıcı bu müqavilədən yaranan, yaxud onunla əlaqəli hər hansı mübahisəli məsələ, yaxud iddiaları danışıqlar yolu ilə həll etməyə cəhd edəcəklər.
7. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikləri halda, bu məsələlər iddiaçının ölkəsinin aidiyyəti üzrə məhkəməsində həll ediləcək və çıxarılan qərar yekun hesab ediləcəkdir.
8. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 005VS**********5 nömrəli, 15 avqust 2022-ci il tarixli 005VS**********5 nömrəli, 26 avqust 2022-ci il tarixli 005VS**********2 nömrəli, 29 avqust 2022-ci il tarixli 005VS**********1, 13 sentyabr 2022-ci il tarixli 005VS**********9 nömrəli, 17 noyabr 2022-ci il tarixli 005VS**********0 nömrəli, 05 yanvar 2023-cü il tarixli 005VS********** nömrəli, 05 yanvar 2023-cü il tarixli 005VS**********5 nömrəli, 24 yanvar 2023-cü il tarixli 005VS**********5 nömrəli, 17 fevral 2023-cü il tarixli 005VS**********2 nömrəli, 21 fevral 2023-cü il tarixli 005VS**********6, 23 fevral 2023-cü il tarixli 005VS**********8 nömrəli, 08 may 2023-cü il tarixli 005VS**********1 nömrəli, 28 avqust 2023-cü il tarixli 005VS**********7 nömrəli, 08 sentyabr 2023-cü il tarixli 005VS**********5 nömrəli, 15 sentyabr 2023-cü il tarixli 005VS**********2 nömrəli, 09 oktyabr 2023-cü il tarixli 005VS**********3, 13 oktyabr 2023-cü il tarixli 005VS**********6 nömrəli, 31 yanvar 2024-cü il tarixli 005VS**********7, 22 fevral 2024-cü il tarixli 005VS**********9, 04 aprel 2024-cü il tarixli 005VS**********8, 08 aprel 2024-cü il tarixli 005VS**********6 nömrəli, 08 aprel 2024-cü il tarixli 005VS**********8 nömrəli və 16 may 2024-cü il tarixli 005VS**********8 ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına, ümumilikdə 3475331,64 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
9. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli, 20 sentyabr 2022-ci il tarixli, 16 noyabr 2022-ci il tarixli, 23 noyabr 2022-ci il tarixli, 30 noyabr 2022-ci il tarixli, 01 dekabr 2022-ci il tarixli, 05 yanvar 2023-cü il tarixli, 06 yanvar 2023-cü il tarixli, 16 mart 2023-cü il tarixli **********2145 nömrəli, 16 mart 2023-cü il tarixli **********2155 nömrəli, 16 mart 2023-cü il tarixli **********2361 nömrəli, 17 mart 2023-cü il tarixli, 01 avqust 2023- cü il tarixli **********3606 nömrəli, 01 avqust 2023-cü il tarixli **********3709 nömrəli, 04 sentyabr 2023-cü il tarixli, 03 oktyabr 2023-cü il tarixli, 27 oktyabr 2023-cü il tarixli, 15 dekabr 2023-cü il tarixli, 28 mart 2024-cü il tarixli **********0099 nömrəli, 28 mart 2024-cü il tarixli **********0182 nömrəli, 24 aprel 2024-cü il tarixli, 13 may 2024-cü il tarixli **********4580 nömrəli, 13 may 2024-cü il tarixli **********4670 nömrəli, 13 iyun 2024-cü il tarixli **********5154 nömrəli, 13 iyun 2024-cü il tarixli **********5112 nömrəli, 24 iyun 2024cü il tarixli, 22 iyul 2024-cü il tarixli, 09 avqust 2024-cü il tarixli və 29 avqust 2024-cü il tarixli gömrük bəyannamələrindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 3151979,87 ABŞ dolları məbləğində mallar göndərilmişdir.
10. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən çap tarixi 09 aprel 2025-ci il tarixli hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 12 oktyabr 2023-cü il tarixdə 4076,82 ABŞ dolları məbləğində pul vəsaiti mədaxil edilmişdir.
11. İş materiallarında olan sol yuxarıda hissəsində cavabdeh hüquqi şəxsin, “Qəbul edən tərəf” qrafasında iddiaçı hüquqi şəxsin adları qeyd edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kommersiya hesablarından (“Commercial invoice”), bu sənədlərə əlavə edilmiş HAWB:CJİCM9734 nömrəli hava nəqliyyatı üzrə yük qaiməsindən, multimodal nəqliyyat konosamentlərindən görünür ki, cavabdeh tərəfindən 37266 ABŞ dolları və 61116,24 ABŞ dolları dəyərində olar mallar göndərilmişdir (İddiaçının nümayəndəsi izahatında həmin yüklərin cavabdeh tərəfindən onların xarici ölkədəki müştərilərinə göndərildiyini qeyd etmişdir).
12. İş materiallarında olan “Ticarət lisenziyası”na əsasən, Cavabdeh şirkətinin mənşə ölkəsi X1, lisenziya nömrəsi DMCC-846939, hesab nömrəsi 361565, qeydiyyat nömrəsi DMCC193483 kimi göstərilmiş və fəaliyyət növünün “enerji istehsalı, ötürülməsi və paylanması avadanlığı” olduğu qeyd edilmişdir.
13. İş materiallarında olan DMCC193483 nömrəli qeydiyyat şəhadətnaməsinin məzmununda “X2 Center Authority (DMCCA) Şirkətlər Qeydiyyatçısı bununla Cavabdehnin 24 may 2022-ci il tarixində məhdud məsuliyyətli şirkət kimi təsis edildiyini və 2001-ci il tarixli (4) saylı Qanunun müddəalarına uyğun olaraq bütün tələblərin yerinə yetirildiyini təsdiq edir. X2 Center Authority (DMCCA)- nin yaradılması və ona edilən düzəlişlərlə bağlı 1 may 2002-ci il tarixli Əsasnamə həyata keçirilmişdir” qeyd edilmişdir.
14. İş materiallarında olan "xxxx" MMC-dən təqdim edilmiş 18 fevral 2025-ci il tarixli, 29 mart 2025-ci il tarixli və 21 aprel 2025-ci il tarixli arayışlardan görünür ki, iddiaçı tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatları əks etdirən bildirişlər, o cümlədən məhkəmə baxışı iclasının təyin edilməsi barədə qərardad cavabdehə çatdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 319275,15 (üç yüz on doqquz min iki yüz yetmiş beş ABŞ dolları, on beş sent) ABŞ dolları məbləğində pul vəsaitinin, 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin və 900 (doqquz yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 yanvar 2024-cü il tarixli müqavilə və müqavilə əlavələri üzrə iddiaçı tərəfindən cavabdehə, ümumilikdə 3471255,02 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Cavabdeh isə iddiaçıya 3151979,87 ABŞ dolları dəyərində mallar göndərmişdir. Beləliklə, cavabdehin iddiaçıya 319275,15 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 17.İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216732 (iki yüz on altı min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində pul vəsaitinin, 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərcinin və 658 (altı yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)- 243/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh şirkətindən 216732 (iki yüz on altı min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində əsas borcun ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 658 (altı yüz əlli səkkiz manat) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli).
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü və 24.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 28-ci və 440.1-ci maddələrinə və tərəflər arasında bağlanmış 08 avqust 2022-ci il tarixli təchizat və xidmət müqaviləsinin 10.1-ci və 10.2-ci bəndlərinə əsasən, hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətə malikdir və mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. İstinad edilən normaların dispozisiya şərtlərinə və tərəflərin razılaşdırdıqları müqavilə şərtlərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun və bu kimi işlərə tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 08 avqust 2022-ci il tarixli təchizat və xidmət müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan cavabdeh alıcı qismində olan iddiaçını həmin müqavilənin predmeti olan mallarla təmin etməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş ödəniş tapşırıqları və gömrük bəyannamələri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 3475331,64 ABŞ dolları məbləğində pulun müqabilində cavabdeh tərəfindən iddiaçıya 3151979,87 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Bundan başqa, gömrük bəyamnamələrində göstərilənlərdən savayı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kommersiya hesablarına (“Commercial invoice”) və ona əlavələrə əsasən, cavabdeh tərəfindən 37266 ABŞ dolları və 61116,24 ABŞ dolları dəyərində olar mallar iddiaçının xarici ölkədəki müştərisinə göndərilmiş, eyni zamanda 09 aprel 2025-ci il tarixli hesabdan çıxarış sənədinə əsasən, 12 oktyabr 2023-cü il tarixdə 4076,82 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına mədaxil edilmişdir. Təqdim edilmiş sənədlər əsasında aparılmış hesablamalarla cavabdehin iddiaçıya olan borcunun məbləği (3475331,64 ABŞ dolları - 3151979,87 ABŞ dolları - 37266 ABŞ dolları - 61116,24 ABŞ dolları - 4076,82 ABŞ dolları) 220892,71 ABŞ dolları təşkil etsə də, iddiaçının nümayəndəsi bu məbləğlə iddia tələbində tutulması xahiş edilən məbləğ arasındakı fərqin iddiaçı təşkilatın mühasibatlığı tərəfindən hesablama aparılarkən cavabdehin etdiyi ödənişlərin səhvən bir neçə dəfə nəzərə alınması ilə izah etmiş və iddia tələbinin həcminin azaldılması haqqında ərizədə göstərilən məbləğdə iddianı müdafiə etdiyini bildirmişdir.
20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1,427.3, 442, 443.1, 448, 567, 568.1, 569.1, 599.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)-243/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, onun iddiaya qarşı münasibəti alınmamış, yalnız iddiaçının izahatına təqdim etdiyi natamam məlumatlara və dəlillərə əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki iddiaçının iddia ərizəsində bildirdikləri və təqdim edilən sənədlər natamam, iddia tələbi isə əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilələr üzrə cavabdehin icra vaxtı gəlmiş öhdəliyi mövcud deyildir. AR MM-nin AR MM-nin 427.3, 442 və 569.1-ci maddələrinin tələbləri məhz iddiaçı tərəfindən pozulduğundan həmin maddələrin hazırki işə cavabdehin əleyhinə tətbiq edilməsi düzgün olmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdehin icra vaxtı gəlmiş öhdəliyi mövcud deyildir. Beləliklə cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halından söhbət gedə bilməz. Əvvəla qeyd etmək lazımdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli iki müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və müqavilədə göstərilən mallar iddiaçıya tam göndərilmişdir. Həmin müqavilə üzrə malların dəyərinin böyük bir qismi iddiaçı tərəfindən ödənilmiş, 926.11 ABŞ dolları iddiaçının cavabdehə borcu qalmışdır. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli müqaviləyə aid ödəniş qəbzləri və gömrük bəyənnamələrində öz əksini tapır. xx.xx.2022-ci il tarixli müqavilənin isə yalnız 7 nömrəli Əlavəsində göstərilən mallar cavabdeh tərəfindən göndərilə bilməmişdir. Bunun səbəbi də iddiaçının müqavilə üzrə öhdəliyini icra etməməsi olmuşdur. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən əlavə 7-də göstərilən mallar Türkiyə və Ruminyada laboratoriyalarda test olunmalı və onlara sertifikat alınmlı idi. Bu testlərin aparılması və sertifakatın alınmasına dair ödəniş qaydası tərəflər arasındakı xx.xx.2022-ci il tarixli müqavilənin 9 saylı əlavəsində əks olunmuşdur. İddiaçı həmin əlavənin şərtlərini pozduğuna görə malların laboratoriyada test edilməsi başlamamışdır. Halbuki əlavə 7-də göstərilən mallar cavabdeh tərəfindən tədarük edilmiş və test etdirmək üçün hazır vəziyyətdədir. Müqavilənin 9 saylı əlavəsinə əsasən testlərin aparılması və sertifakatın alınmasına dair ümumi ödənişin 40%-i iddiaçı tərəfindən testlər başlamadan ödənilməli idi. Lakin iddiaçı bu öhdəliyini icra etmədiyi üçün mallar laboratoriyalarda test edilmək üçün gözlədilir. Beləliklə göründüyü kimi burada cavabdehin icrası iddiaçının icrasından asılıdır. Yəni iddiaçı ödəmə ilə bağlı öhdəliyini icra etdiyi an cavabdeh tərəfindən malların test edilməsi ilə bağlı öhdəliyi icra ediləcəkdir. Beləliklə cavabdehin hazırda icra edilməli öhdəliyi yoxdur və onun tərəfindən hər hansı öhdəlik pozulmur. AR MM-nin 599.3-cü maddəsinin tətbiqində də səhvə yol vermişdir. Belə ki, iddiaçı həm cavabdehə göndərdiyi xx.xx.2024-cü il tarixli pretenziya məktubunda, həm də təbii olaraq iddia ərizəsində yalnız xx.xx.2024-cü il tarixli müqaviləyə istinad etmiş və həmin müqavilə üzrə iddaçının cavabdehə ödənişlər etdiyini, cavabdehin isə buna qarşılıq malları göndərmədiyini dolasıyla cavabdehdən iddiaçının xeyrinə pulun tutulmasını xahiş etmişdir. Halbuki həmin müqavilə üzrə cavabdeh öhdəliyini tam icra etmiş, əksinə iddiaçının cavabdehə borcu qalmışdır. Yəni həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya göndərilməli hər hansı mal yoxdur. Məhkəmə isə bu halı araşdırmamış, həmin müqavilə üzrə nə qədər ödəniş edildiyini və bunun qarşılığında malların göndərilibgöndərilmədiyini aydınlaşdırılmadan AR MM-nin 599.3-cü maddəsini tətbiq etməklə iddiaçının xeyrinə qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə bununla bağlı kifayət qədər araşdırma aparsa idi, mübahisənin əslində digər müqavilə ilə bağlı olduğunu, həmin müqavilə münasibətləri ilə bağlı da iddiaçının Pretenziya qaydasında cavabdehə müraciət etmədiyi aydın olacaqdı. AR MPM-in 4.3, 149.2.4, 150.1.6, 150.2 və 259.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddələrin məzmunundan anlaşılır ki, iddiaçı tərəf yaranmış kommersiya mübahisəsi ilə bağlı pretenziya qaydasında cavabdehə müraciət etməli, daha sonra iddia ərizəsini məhkəməyə təqdim etmədən öncə iddia ərizəsini və əlavə edilmiş sənədləri cavabdehə göndərməli, bundan sonra həmin sənədi də iddia ərizəsinə əlavə edərək məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əməl edilmədikdə isə iddia ərizəsi məhkəmə tərəfindən qaytarılmalıdır. İddiaçı prosessual qanunvericiliyin bu tələblərinə əməl etməmiş, məhkəmə də buna göz yummuşdur. İş materiallarında olan iddiaçının cavabdehə göndərdiyi pretenziya məktubu xx.xx.2024-cü il tarixli müqavilə əsasında tərəflər arasındakı yaranmış münasibətə dairdir. İddia ərizəsində də həmin müqaviləyə istinad edilmişdir. Lakin işin hallarından görünür ki,mübahisə əslində xx.xx.2024-cü il tarixli müqavilə yox, xx.xx.2022-ci il tarixli müqavilə əsasında yaranmış münasibətlə bağlıdır. Belə ki, iddia ərizəsinə sadəcə xx.xx.2022-ci il tarixli müqavilə əlavə edilmişdir. Bu onu deməyə əsas verir ki, xx.xx.2022-ci il tarixli müqavilə əsasında yaranmış münasibətlə bağlı iddiaçı tərəfindən cavabdehə Pretenziya qaydasında müraciət edilməmiş, birbaşa məhkəməyə müraciət edilmişdir. Halbuki MPM-in 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi iddiaçı qanunvericiliyin tələbini pozaraq, pretenziya qaydasına riayət etmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə isə ən azından işin gedişində bunu müəyyən etməli və lazımi tədbiri görməli idi. Məhkəmə tərəfindən MPM-in qeyd edilən maddələrinin tələbləri də pozulmuşdur. Belə ki, məhkəmə hazırki işi hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, bunun üçün zəruri addımları atmamışdır. İş materiallarında olan bəzi qəbzlərdən görünür ki, məhkəmə bildirişləri iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Halbuki cavabdeh bu qəbzlərin heç birini almamış, onun məhz kommersiya məhkəməsinin icraatında iş olduğundan məlumatı olmamışdır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Beləlikə cavabdehin təqdim edilmiş sənədlərlə tanış olub iddia qarşı özünü müdafiə etmə imkanı olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı da qanunvericiliyin tələblərini pozaraq iddia ərizəsinə əlavə etdiyi sənədləri iddiaçıya göndərməmişdir. Bunlardan əlavə məhkəmə iddiaçının təqdim etdiyi natamam sübutları belə lazımınca araşdırmamışdır. İddiaçının təqdim etdiyi ödəniş sənədlərinin və gömrük bəyənnamələrinin hansı müqavilə əsasında tərtib edildiyini, təqdim edilmiş müqavilənin əlavələrinin olub-olmadığı, onların şərtlərinin nələr olduğu məhkəmə tərəfindən araşdırılmamışdır.
Apellyasiya şikayətinə etiraz
23. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 440.2-ci maddəsinə əsasən, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
28. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli qərarının: 2.1-ci bəndinə əsasən, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olubolmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.4-cü bəndinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. 5.6-cı və 5.7-ci bəndlərinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi). Tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər.
29. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.3-cü maddəsinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
31. Belə ki, işə apellyasiya qaydasında baxaılarkən cavabadeh tərəfindən 116400 ABŞ dolları məbləğində mallar göndərilmişdir.
32. Bunu iddiaçı ərizə verərək qeyd etmiş və buna görə də cavabdehin borcunun azalaraq 100332 manat tutulmasını xahiş etmişdir.Həmin ərizəyə əlavə edilmiş gömrük bəyannaməsi ilə də müəyyən edilir ki, cavabdeh tərəfindən 77600 ABŞ dolları və 38800 ABŞ dolları məbləğində mallar göndərilmişdir.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Müqavilənin 9 saylı əlavəsinə əsasən testlərin aparılması və sertifakatın alınmasına dair ümumi ödənişin 40%-i iddiaçı tərəfindən testlər başlamadan ödənilməli idi. Lakin iddiaçı bu öhdəliyini icra etmədiyi üçün mallar laboratoriyalarda test edilmək üçün gözlədilir. Beləliklə göründüyü kimi burada cavabdehin icrası iddiaçının icrasından asılıdır.
34. Tərəflər arasındakı mübahisənin əsas məzmunu müqaviləyə əsasən tələb olunan miqdarda malın verilməsi ilə bağlı olduğundan, ilk növbədə onların arasında bağlanmış müqavilənin məzmununa diqqət edilməlidir. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının belə bir öhdəliyi müəyyən edilmir.
35. Pretenziya qaydasına əməl olunmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cavabdeh bunu xx.xx.2024-cü il tarixli pretenziya məktubunda yalnız xx.xx.2024-cü il tarixli müqaviləyə istinad olunması ilə izah edir. Yəni, cavabdeh həmin pretenziya məktubunda xx.xx.2022-ci il tarixli müqavilənin göstərilmədiyini qeyd edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini formal mülahizələr kimi qiymətləndirir.Belə ki, həmin pretenziya məktubunda ümumilikdə müqavilə münasibətləri üzrə öhdəliklərin icrası cavabdehə təklif edilir.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh şirkətindən 100332 (bir yüz min üç yüz otuz iki) ABŞ dolları ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı xidmət haqqına görə ödənilmiş 640 (altı yüz qırx) manat və dövlət rüsumuna görə ödənilmiş 658 (altı yüz əlli səkkiz manat) manat İddiaçı xeyrinə tutulmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, e-2-2(119)- 243/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh şirkətindən 100332 (bir yüz min üç yüz otuz iki) ABŞ dolları ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı xidmət haqqına görə ödənilmiş 640 (altı yüz qırx) manat və dövlət rüsumuna görə ödənilmiş 658 (altı yüz əlli səkkiz manat) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.