Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-12/2020 03.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı «X8 X7 LTD.ŞTİ» Şirkəti-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İlkin iddia üzrə iddiaçı «X8 X7 LTD.ŞTİ» Şirkətinin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 20699,01 ABŞ dolları əsas borc, 1552,5 ABŞ dolları faiz borcu, 111,78 ABŞ dolları məbləğində cərimə, cəmi 22363,29 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh «X8 X7 LTD.ŞTİ» Şirkətinə qarşı cavabdehdən iddiaçıya vurduqları 67.600 manat ziyanın və 30 manat dövlət rüsumuna ödənilmiş vəsaitin alınaraq, ilk iddia üzrə tələbin həmin miqdardan ödənilməklə qalan məbləğin iddiaçıya verilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)-86/2019 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı cavabdehə qarşı iddiaçının xeyrinə 20699,01 ABŞ dolları əsas borc, 1552,5 ABŞ dolları faiz borcu, 111,78 ABŞ dolları məbləğində cərimə, cəmi 22363,29 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçıya vurduqları 67.600 manat ziyanın və 30 manat dövlət rüsumuna ödənilmiş vəsaitin alınaraq, ilk iddia üzrə tələbin həmin miqdardan ödənilməklə qalan məbləğin iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə məişət üçün yuyucu vasitələr, yuyucu tozların Azərbaycana ixracı üçün tədarük müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən tədarükçü məhsulu (məişət üçün yuyucu vasitələr, yuyucu tozlar və s.) razılaşdırılmış partiyalarla yükləyib alıcıya göndərməli, alıcı isə malı qəbul edərək hər partiyanın dəyərinin 50 faizini əvvəlcədən, malın dəyərinin qalan hissəsini isə mal alınandan sonra ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli hesab fakturaya əsasən iddiaçı tərəfindən 9094,50 ABŞ dolları məbləğində Mio Matik yuyucu vasitələri cavabdehə göndərilmişdir. Cavabdeh malı qəbul etmiş, lakin pulu ödəmədən növbəti sifarişi vermişdir. Tərəflərin arasında etibar yarandığından xx.xx.2017-ci il tarixli hesab fakturaya əsasən iddiaçı tərəfindən 9380 ABŞ dolları məbləğində X9 Doku yuyucu vasitələri cavabdehə göndərilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 18474,50 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx.xx.2017-ci il tarixdə alıcı 6500 ABŞ dollarını iddiaçıya qaytarmış, bundan sonra cavabdehin iddiaçıya 11974,50 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh borcu qaytarmadan yeni sifariş vermişdir. İddiaçı cavabdehə etibar etdiyindən xx.xx.2017-ci il tarixdə 8724,51 ABŞ dolları məbləğində müxtəlif çeşiddə Mio Matik yuyucu vasitələrini cavabdehə göndərmişdir. Beləliklə, cavabdehin iddiaçıya 20699,01 ABŞ dolları məbləğində borcu yaranmışdır. Dəfələrlə tərəflər arasında həmin borcun qaytarılmasına dair yazışma və telefon danışığı aparılmışdır. Lakin bir faydası olmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək iddiaçıya olan borcu qaytarmaqdan imtina etmişdir. Cavabdehin yaşadığı və hüquqi ünvanının olduğu yerə 2 dəfə pulun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh yenə də pulu ödəməkdən imtina etmişdir. Tərəflər arasında bağlanmış tədarük müqaviləsinin 4.2.7-ci bəndinə əsasən alıcı malın dəyərini vaxtında ödəməlidir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq borclu olduğu məbləği vaxtında ödəməkdən imtina etmişdir. Cavabdeh hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, pulu ödəməkdən yayınır. Cavabdehdən pulun alınması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsinə də müraciət edilmişdir. Hər iki idarədə material araşdırıldıqdan sonra cinayət işinin başlanması rədd edilmişdir. Orada da cavabdeh iddiaçının ona mal göndərdiyini, lakin pulunu ödəmədiyini etiraf etmiş və bildirmişdir ki, borclu olduğu pulu göndərilən malın reklamına xərcləmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında göndərilən malların reklam olunmasına dair heç bir müqavilə imzalanmamışdır. İddiaçı pulunun tam ödənilməsini tələb edir. Göründüyü kimi, alıcı tədarükçünün pul vəsaitini qanunsuz saxlamaqla əsassız olaraq qaytarmaqdan imtina edir. Bu da tədarükçünün hüquqlarını pozur və onun alıcıdan pul vəsaitini vaxtında qaytarmadığına görə ildə beş faiz tələb etmək hüququ yaranır. xx.xx.2017-ci il tarixdən etibarən alıcının tədarükçüyə ödəməli olduğu 20699,01 ABŞ dolları məbləğində borcun hazırki günə kimi faizi (illik 5 faiz) 1552,5 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış tədarük müqaviləsinin 4.2.11-ci bəndinə əsasən pul öhdəlikləri alıcı tərəfindən icra edilmədiyi və ya vaxtında icra edilmədiyi təqdirdə, tədarükçü alıcıdan icra edilməmiş pul öhdəliyi üçün (təhvil verilmiş, lakin dəyəri ödənilməyən mallar üçün ödənilməli məbləğ) öhdəliyin hər icra edilmədiyi gün üçün ödənilməli məbləğin 0,001 %-i məbləğində cərimə tələb edə bilər. Qeyd edildiyi kimi, xx.xx.2017-ci il tarixdən etibarən alıcının tədarükçüyə 20699,01 ABŞ dolları məbləğində borcu yaranmışdır. Beləliklə, həmin borcun hazırki günə kimi cəriməsi 111,78 ABŞ dolları təşkil edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında həqiqətən xx.xx.2017-ci il tarixdə məişət üçün yuyucu vasitələr, yuyucu tozların, Azərbaycana ixracı üçün tədarük müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtləri əsasında ilkin iddia üzrə cavabdeh xx.xx.2017-ci il tarixdə 2094,50 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixdə isə 9380 ABŞ dolları məbləğində “X9 Donu” yuyucu vasitələri qəbul etmişdir. Qeyd olunanlardan əvvəl hələ 2016-cı ilin fevral ayında tanış olduğu iddiaçı firmanın sahibi Sərxanla firmanın mallarının Azərbaycanda təmsil olunmasını və bu işdə onlardan lazımi dəstəyi alacağı ilə razılaşmış, lakin qarşılıqlı inama, əsaslandığından rəsmi müqavilə bağlamamış, eyni zamanda həmin firmanın Azərbaycan nümayəndəliyini də ona həvalə etmişdir. İlkin iddiaçı firmanın ixrac müdiri Zəhra xanımla aralarında bağlanmış rəsmi müqavilədən başqa malların satışında faydalı nəticələr əldə edilməsi məqsədilə qarşılıqlı etimada əsaslanaraq ümumilikdə ticarət qaydalarına görə istehsalçı şirkət reklam xarakterli xərcləri nəzərə almaqla çəkilən xərcləri ödəyəcəyini öhdəsinə götürdüyünü nəzərə alıb, müəyyən miqdarda reklama xərc çəkmişdir. Bu minvalla 2016-cı ilin fevral ayında 4872,12 ABŞ dolları dəyərində, mart ayında 7348,48 ABŞ dolları dəyərində, aprel ayında 9253,61 ABŞ dolları dəyərində, may ayında 9084,337 ABŞ dolları dəyərində, sentyabr ayında 9173,59 ABŞ dolları və 7369,82 ABŞ dolları dəyərində, oktyabr ayında 8591,19 ABŞ dolları dəyərində, noyabr ayında isə 9547,22 ABŞ dolları dəyərində mal alaraq satışını təşkil etmiş və malların dəyərini vaxtlı-vaxtında firmaya ödəmişdir. Firma ilə xx.xx.2017-ci ildə rəsmi müqavilə bağlayanda sonrakı dövrdə dövriyyəni artırmaq və firmanın reklamını gücləndirmək məqsədilə firmanın nümayəndəsi Zəhra xanımla razılaşdığı kimi, məhsulların bazarda tanınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişlər. Zəhra xanımın razılığı ilə məhsulların üzərinə nəm salfetkaları hədiyyə kimi, bundan başqa 10 qutu alan müştəriyə 1 qutu da hədiyyə kimi verilməklə müştəri cəlb etməyi təşkil etmiş, bu məqsədlə 20.000 manat əlavə xərc çəkməli olmuşdur. Apardığı kampaniyalarla əlaqədar Firmaya məlumat vermiş, onların razılığı ilə işləri davam etdirmiş və bu barədə şəxsən Zəhra xanıma məlumat vermişdir. Gördüyü işlər fayda vermiş, məhsulu bazara yerləşdirmiş və tanıtmışdır. Yenə Zəhra xanımın məlumatı olmaqla malın satışı üçün bazarda anbar icarəyə götürmüşdür. Eyni zamanda 1 nəfər anbarda işləməyə işçi, bir nəfər sürücü və bir nəfər satıcı işlətməli olmuşdur. Bu məqsədlə anbar işçisinə ayda 400 manat, satıcıya 800 manat əmək haqqı, anbarın icarəsinə ayda 1800 manat, sürücüyə isə ayda 400 manat ödəmişdir. Qeyd etdiyi əməliyyatlar firmanın nümayəndəsi Zəhra xanımın razılığı ilə icra edilmişdir. Lakin firma onu Azərbaycan üzrə nümayəndəsi kimi tanıdığını vəd etsə də, sonradan aydın olmuşdur ki, fırma başqa şəxslə əlaqəyə girərək onu pis vəziyyətə salaraq çəkdiyi əziyyətləri və xərcləri nəzərə almadan qeyd olunan miqdarda ziyana salmışdır. Qeyd olunan səbəbdən də firmaya olan borcu ödəyə bilməmişdir. Beləliklə, ona firma rəhbərliyinin hərəkətləri nəticəsində malların bazara yerləşdirilməsi məqsədi ilə hədiyyələrə çəkilmiş xərclər 20000 (iyirmi min) manat, anbar üçün xərclənmiş icarə haqqı 1800x14 ay=25200 manat, anbar işçisinə verilmiş əmək haqqı 400 x 14 ay=5600 manat, satıcı üçün 800 x 14 ay=11200 manat, sürücü üçün 400 x 14=5600 manat olmaqla cəmi 67.600 manat miqdarda ziyan vurulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)-86/2019 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia üzrə tələbin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddia üzrə qətnamənin əsaslandırıcı hissəsində qeyd olunan halları məhkəmədə təsdiq etmiş, yenə də etiraf edir. Məhkəmə bu halları qəbul etməkdə haqlıdır. Lakin məhkəmə işin təşkili ilə əlaqədar Şirkət rəhbərlərinin razılığı ilə aparılmış işləri və bu işlərin təşkili ilə bağlı çəkilmiş xərcləri nəzərə almadan birtərəfli qətnamə qəbul etməklə ilk iddia üzrə cavabdehin göstərdiyi faktları ətraflı araşdırmadan, qarşlıqlı iddia üzrə ilk iddiaçı təşkilatın qarşılıqlı iddiada göstərilmiş əməkdaşlarını dindirmədən əsassız qətnamə qəbul etmişdir. Hansı ki, həmin şəxslərin məhkəməyə dəvət edilməsi məhkəmədən xahiş edilmiş, lakin məhkəmə vəsatəti təmin etmədən əsassız qərar qəbul etmişdir. Məhkəmə ilk iddiaya münasibətində AR MM-nin 385.1, 386.1, 442, 448.1, 443.1, 443.4, 445.1, 445.7-ci maddələrini birtərəfli qaydada tətbiq etmiş, lakin həmin maddələrin eyni ilə qarşılıqlı iddiaya münasibətdə pozulmasını nəzərə almamışdır. Belə ki, Cavabdeh dəymiş zərər də eyni qaydada ilk iddiaçı tərəfindən razılaşdırılmış öhdəliklərin yerinə yetirilməməsi ucbatından yaranmışdır. Məlum həqiqətdir ki, iddiaçı şirkətin göndərdiyi mal harasa yerləşdirilməli, bazarda yayılmalı və tanıdılmalı idi. Bu, işlərin görülməsi üçün qarşılıqlı iddiada göstərilmiş işçi qüvvəsinə və digər xərclərə ehtiyac olmasını birmənalı şəkildə təsdiq edir. Bundan başqa, Şirkər sahibi Sərxanla firmanın mallarının Azərbaycanda təmsil olunmasını və bu işdə lazımi dəstək alacağı barədə Cavabdeh verdiyi vədi pozaraq, üçüncü şəxslə əlaqə yaradaraq Cavabdeh fəaliyyətinə maneə yaratmaqla Cavabdeh yuxarıda qeyd olunmuş miqdarda zərərə salması halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda AR MPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, ilk iddia üzrə cavabdeh Bərdə rayonu Saatlı kəndində rəsmi qeydiyyatdadır. Bu halı təsdiq edən müvafiq sənədlər mülki işdə var. Lakin mülki işə X4 məhkəməsində baxılmalı olduğu halda, qanunun bu tələbi pozularaq qətnamə qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh özü borcunu etiraf edir. Cavabdehin reklam işlərinə xərclər çəkilməsi ilə bağlı dəlilləri əsassızdır. Çünki tərəflər arasında bağlanmış müqavilədə reklamla bağlı heç bir şərt nəzərdə tutulmamışdır, aiddiyyət qaydalarına riayət olunması ilə bağlı isə cavabdeh bu məsələni artıq mübahisələndirmiş və işə X2 Məhkəməsində baxılmalı olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: «X8 X7 LTD.ŞTİ» Şirkəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 03 saylı “Tədarük müqaviləsi”ndən görünür ki, «X8 X7 LTD.ŞTİ» Şirkəti məhsulu (məişət üçün yuyucu vasitələr, yuyucu tozlar və s.) razılaşdırılmış partiyalarla yükləyib alıcıya göndərməyi, Cavabdeh isə malı qəbul edərək hər partiyanın dəyərinin 50 faizini əvvəlcədən, malın dəyərinin qalan hissəsini isə mal alınandan sonra ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.2.11-ci bəndinə əsasən pul öhdəlikləri alıcı tərəfindən icra edilmədiyi və ya vaxtında icra edilmədiyi təqdirdə, tədarükçü alıcıdan icra edilməmiş pul öhdəliyi üçün (təhvil verilmiş, lakin dəyəri ödənilməyən mallar üçün ödənilməli məbləğ) öhdəliyin hər icra edilmədiyi gün üçün ödənilməli məbləğin 0,001 %-i məbləğində cərimə tələb edə bilər. xx xxxxxxx 2018-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli Xəbərdarlıq məktublarından görünür ki, «X8 X7 LTD.ŞTİ» Şirkəti tərəfindən Cavabdeh 20699,01 ABŞ dolları əsas borcun, 1552,5 ABŞ dolları faiz borcunun, 111,78 ABŞ dolları məbləğində cərimənin, cəmi 22363,29 ABŞ dolları məbləğində borcun ödənilməsi tələb edilmişdir. xx xxxxxx 2017-ci il tarixli A seriyalı, 75197 saylı, xx xxxx 2017-ci il tarixli A seriyalı 75204 saylı və xx xxxxx 2017-ci il tarixli A seriyalı 75218 saylı fakturaların və gömrük bəyannamələrinin surətlərindən görünür ki, «X8 X7 LTD.ŞTİ» Şirkəti tərəfindən Cavabdeh müvafiq olaraq 9094,50 ABŞ dolları, 9380 ABŞ dolları, 8724,51 ABŞ dolları məbləğində mal göndərilmişdir. Cari hesab estresinin surətindən görünür ki, «X8 X7 LTD.ŞTİ» Şirkəti tərəfindən Cavabdeh 9094,50 ABŞ dolları, 9380 ABŞ dolları, 8724,51 ABŞ dolları, cəmi 27199,01 ABŞ dolları məbləğində mal göndərilmiş, Cavabdeh tərəfindən «X8 X7 LTD.ŞTİ» Şirkətinə 6500 ABŞ dolları pul ödənilmiş, qalan borc 20699,01 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 03 saylı “Tədarük müqaviləsi”nə əsasən tələb olunan 20699,01 ABŞ dolları məbləğində borc iş materialları və tərəflərin nümayəndələri və vəkillərinin izahatları ilə təsdiq olunduğundan Cavabdeh tutularaq «X8 X7 LTD.ŞTİ» Şirkətinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, «X8 X7 LTD.ŞTİ» Şirkəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 03 saylı “Tədarük müqaviləsi”nə əsasən «X8 X7 LTD.ŞTİ» Şirkəti məhsulu (məişət üçün yuyucu vasitələr, yuyucu tozlar və s.) razılaşdırılmış partiyalarla yükləyib alıcıya göndərməli, Cavabdeh isə malı qəbul edərək hər partiyanın dəyərinin 50 faizini əvvəlcədən, malın dəyərinin qalan hissəsini isə mal alınandan sonra ödəməyi öhdələrinə götürmüşlər. «X8 X7 LTD.ŞTİ» Şirkəti tərəfindən Cavabdeh 9094,50 ABŞ dolları, 9380 ABŞ dolları 8724,51 ABŞ dolları, cəmi 27199,01 ABŞ dolları məbləğində mal göndərilmiş, Cavabdeh tərəfindən «X8 X7 LTD.ŞTİ» Şirkətinə 6500 ABŞ dolları pul ödənilmiş, qalan borc 20699,01 ABŞ dolları təşkil edir. Cavabdeh apelyasiya şikayətində bir neçə əsasla qətnamənin ləğvi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Reklam işlərinin cavabdeh tərəfindən həyata keçirilməsi, iddiaçı şirkətin göndərdiyi malın yerləşdirilməsi, bazarda yayılması və tanıdılması, işlərin görülməsi üçün qarşılıqlı iddiada göstərilmiş işçi qüvvəsinə və digər xərclərə ehtiyac olması barədə cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin göstərilənlərlə bağlı müqavilə öhdəlikləri olmamışdır. Kollegiya apelyasiya şikayətinin AR MM-nin maddələrinin birtərəfli qaydada tətbiq edilməsi, həmin maddələrin eyni ilə qarşılıqlı iddiaya münasibətdə pozulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən tədarükçü məhsulu alıcıya göndərməyi, Cavabdeh isə malı qəbul edərək hər partiyanın dəyərinin 50 faizini əvvəlcədən, malın dəyərinin qalan hissəsini isə mal alınandan sonra ödəməyi öhdələrinə götürmüşlər. Qeyd edilən müqavilə ilə tərəflərin öhdəlikləri sırasında cavabdehin qeyd etdiyi- “reklam işlərinin cavabdeh tərəfindən həyata keçirilməsi, iddiaçı şirkətin göndərdiyi malın yerləşdirilməsi, bazarda yayılması və tanıdılması, işlərin görülməsi üçün işçi qüvvəsi və digər xərclər” adlı heç bir öhdəlik olmamış və bu səbəbdən ilkin iddia üzrə iddiaçının heç bir məsuliyyətinə səbəb ola bilməz. İş materallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh vəsatət təqdim edərək, işin aidiyyəti üzrə X4 Məhkəməsinə göndərilməsini xahiş etmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iddiaçı tərəfindən həmin qərardaddan şikayət verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilərək işə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində baxılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aidiyyət qaydalarının pozulması ilə bağlı cavabdehin dəlili əsassızdır və bununla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Bundan başqa cavabdeh həm qarşılıqlı iddia ərizəsində, həm də apelyasiya şikayətində borcunun olmasını özü də etiraf edir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-2(085)-86/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Nazim Nəsibov Aqil Abbasov
Məhkəmə qərarları › İş №2-2(105)-12/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-12/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver