Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-12/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən 155000 (yüz əlli beş min) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2018-ci il tarixində "X2" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 47 nömrəli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Daha sonra, eyni tərəflər arasında müqaviləyə əlavə kimi 08 oktyabr 2018ci il və 11 oktyabr 2018-ci il tarixli Qiymətlərin razılaşdırma protokolları imzalanmışdır. Həmin protokollara əsasən, cavabdeh iddiaçıdan 102000 kq Polypropylene Resin PPR Topilene R200P (X GRADE) və Polypropylene Resin PPR Topilene R200P sifariş vermiş və onun əvəzinə iddiaçıya 139740 (yüz otuz doqquz min yeddi yüz qırx) ABŞ Dolları və 143820 (yüz qırx üç min səkkiz yüz iyirmi) ABŞ Dolları, ümumilikdə isə 283560 (iki yüz səksən üç min beş yüz altmış) ABŞ Dolları dəyəri ödəməyə öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli 04, 05 və 06 saylı Təhvil-təslim aktlarına əsasən, həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Mallar müqavilə şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, cavabdeh ödənişin yalnız bir hissəsini icra edib, qalan hissəni isə indiyə qədər ödəməyib. İddiaçı cavabdehə xx.xx.2018-ci il və xx.xx.2018ci il tarixlərdə 56 və 78 saylı hesab-faktura göndərmişdir. Ərizəyə əlavə edilmiş hesabdan çıxarışlara əsasən, cavabdeh iddiaçıya müxtəlif tarixlərdə 19586 (on doqquz min beş yüz səksən altı) ABŞ Dolları, 13974 (on üç min doqquz yüz yetmiş dörd) ABŞ Dolları, 15000 (on beş min) ABŞ Dolları, 50000 (əlli min) ABŞ Dolları və üç dəfə 10000 (on min) ABŞ Dolları pul ödəmişdir. İddiaçı Müqavilə üzrə üzləşmə aktı tərtib etmiş, həmin üzləşmə aktına əsasən cavabdehin cəmi 155000 (yüz əlli beş min) ABŞ Dolları borcu olduğu müəyyən edilmişdir. Həmin üzləşmə aktı cavabdehin ünvananına göndərilməsinə baxmayaraq, həmin aktın imzalanmasından cürbəcür bəhanələrlə boyun qaçırmışdır. Hər bir halda, Müqavilənin 4.2-ci maddəsinə əsasən, Qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra mallar qəbul edilmiş hesab edilir və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışına əsasən, 20 sentyabr 2018-ci il tarixli 47 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə cavabdehin 155000 (yüz əlli beş min) ABŞ Dolları borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə cavabdehə 12 aprel 2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınımaqdadır. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(119)- 659/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 155000 (yüz əlli beş min) ABŞ dolları və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və borc məbləğinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. apellyasiya şikayətinin dəlilləri: Tərəflər arasında 20 sentyabr 2018-ci il tarixli, 47 nömrəli alğı-satqı müqaviləsinin imzalanması doğru olsa da, iddia tələbində qeyd edilən məbləğdə malın verilməsi həqiqəti əks etdirmir. Belə ki, iş materiallarına daxil edilmiş təhvil-təslim aktlarında bəziləri ölkə xaricində tərtib edilmiş və imzalanmış olaraq görünsə də, həmin təhvil-təslim aktları imzalanan dövrlərdə cavabdeh şirkətin İdarə Heyətinin sədri həmin ölkələrdə olmamışdır. Dolayısıyla həmin təhvil-təslim aktları hüquqi baxımdan heç bir önəmə sahib deyildir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verilsə də, naməlum səbəblərə görə vəsatət təmin edilməmişdir ki, bununla da hal-hazırda mövcud olan borcun məbləği müəyyən edilməmişdir. Satıcı tərəfindən alğı-satqı müqaviləsində nəzərdə tutulmuş mallar alıcıya təhvil verilməmiş, satıcı tərəfindən alğı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilməmişdir. tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “satıcı” "xxxx" MMC ilə “alıcı” "X2" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 47 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin Əlavələrində göstərilmiş malların alıcıya satılmasını, alıcı isə həmin malların dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı malların dəyərinin alınması və Alıcı tərəfindən müqavilə ilə onun üzərinə qoyulmuş digər öhdəliklərin icra edilməsini tələb etmək hüqununa malikdir. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş qaydada malların dəyərini satıcıya ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən qaimə faktura tərtib olunduqdan və imzalandıqdan sonra mallar qəbul edilmiş sayılır və bundan sonra alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə müəyyən olunan öhdəliklərinin icrasına görə məsuliyyət daşıyırlar. "xxxx" MMC ilə "X2" MMC arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli Qiymətlərin razılaşdırma protokollarından görünür ki, cavabdeh iddiaçıdan 102000 kq Polypropylene Resin PPR Topilene R200P (X GRADE) və Polypropylene Resin PPR Topilene R200P almış və iddiaçıya xx.xx.2018-ci il tarixli protokola əsasən 139740 (yüz otuz doqquz min yeddi yüz qırx) ABŞ Dolları, xx.xx.2018-ci il tarixli protokola əsasən isə 143820 (yüz qırx üç min səkkiz yüz iyirmi) ABŞ Dolları dəyərində malları almaqla malların dəyərinin 10%-ni mallar təhvil verildikdə, 90%-ni isə mallar təhvil verildikdən sonra 60 (altmış) gün müddətində satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 78 nömrəli və xx.xx.2018-ci il tarixli 56 nömrəli hesab-fakturalarından görünür ki, müvafiq olaraq 143820 (yüz qırx üç min səkkiz yüz iyirmi) ABŞ Dolları və 139740 (yüz otuz doqquz min yeddi yüz qırx) ABŞ Dolları məbləğində olan mallar cavabdeh "X2" MMC-yə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 04 nömrəli, xx.xx.2018-ci il tarixli 05 nömrəli və xx.xx.2018-ci il tarixli 06 nömrəli Təhvil-təslim aktlarına əsasən, 143820 ABŞ Dolları, 104805 ABŞ Dolları və 34935 ABŞ Dolları dəyərində olan mallar cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "X2" MMC tərəfindən müqavilə üzrə müxtəlif tarixlərdə cəmi 114586 ABŞ Dolları və 13974 ABŞ Dolları məbləğində ödəniş edilmiş, ümumilikdə 155000 ABŞ Dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdeh "X2" MMC-yə müvafiq mallar satılmış, lakin cavabdeh həmin malların dəyərini tam ödəməyərək, 155000 (yüz əlli beş min) ABŞ dolları borclu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə 28 iyun 2022-ci il tarixli 9/1351 №-li Ekspert Rəyi daxil olmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, "X2" MMC tərəfindən xx.xx.2018-ci il tarixli 47 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə təhvil alınmış 283.560,00 ABŞ dolları dəyərində məhsullara görə İddiaçı MMC-yə 128.560,00 ABŞ dolları ödəniş edilmişdir. Beləliklə, təqdim edilmiş iş materiallarından göründüyü kimi, cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan borcu 155.000,00 ABŞ dolları məbləğində müəyyən edilir Beləliklə, məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh malların alqı-satqısına dair müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən, satıcı müqavilənin Əlavələrində göstərilmiş malların alıcıya satılmasını, alıcı isə həmin malların dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, 155000 ABŞ Dolları borcu müqavilə ilə müəyyən edilən müddətdə ödəməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin borcun həmin məbləğdə olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh həmin borcun olmamasını, müqavilə üzrə öhdəliyin tam icra edilməsi barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmiş, ekspert rəyi ilə isə borcun 155000 ABŞ Dolları məbləğində olması bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul cavabdeh "X2" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, e-2-2(119)-659/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul cavabdeh "X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-12/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-12/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver