Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-12/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1000/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 23 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən icra edilməmiş öhdəliyə görə 18226,59 (on səkkiz min iki yüz iyirmi altı manat 59 qəpik) manat məbləğində əsas borc, 13950 (on üç min doqquz yüz əlli) manat məbləğində cərimə və 200 (iki yüz) manat dövlət rüsumu olmaqla, cəmi 32376,59 (otuz iki min üç yüz yetmiş altı manat 59 qəpik) manat pulun alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında 16 mart 2018-ci il tarixində “hüq 140” nömrəli “qara metal qırıntısının” alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 46500 (qırx altı min beş yüz) manat təşkil edən malları (300 ton qara metalı) Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə uyğun olaraq mallar Alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Belə ki, 2018-ci ilin mart ayından 2020-ci ilin iyun ayınadək Satıcı "xxxx" QSC tərəfindən 117,59 ton metal təhvil-təslim aktları əsasında Alıcı Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin 2.4.1-ci bəndinə uyğun olaraq təhvil verilən malı Satıcıdan qəbul edib, əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək Alıcının vəzifəsi olmuşdur. Lakin Cavabdeh MMC təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə onun 18226,59 (on səkkiz min iki yüz iyirmi altı manat 59 qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Alıcı Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 13950 (on üç min doqquz yüz əlli) manat əlavə olaraq penya hesablanmışdır. Göründüyü kimi, iddiaçı "xxxx" QSC müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri natamam icra etmiş, bununla da "xxxx" QSCnin hüquqları kobud şəkildə pozulmuş və hal-hazırda da pozulmaqda davam edir. Tələbin icrası üçün cavabdehə 13 iyul 2020-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir və öz mövqeyini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 16 mart 2018-ci il tarixli “qara metal qırıntısının” alqı-satqısı müqaviləsi üzrə Alıcıya yalnız 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktında və 19 may 2018-ci il tarixli təhvil-təslim aktında nəzərdə tutulan mallar verilmişdir. Alıcı Cavabdeh MMC 19 may 2018-ci il tarixli təhvil-təslim aktı ilə verilmiş malın tam dəyərini, yəni həm ƏDV məbləğini, həm də malın qiymətini Satıcı tərəfə ödəmişdir. Lakin, 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktı ilə alınmış malın öz dəyəri ödənilmiş olsa da, həmin Akt üzrə hesablanmış 1282,73 manat məbləğində ƏDV borcu ödənməmişdir. Həmin ƏDV məbləğinin ödənilməli olmasını cavabdeh tərəf qəbul etsə də, cavabdeh MMC-nin fəaliyyətində yaranmış çətinliklərə görə həmin borcun hal-hazıradək ödənilməsi mümkün olmamışdır və çətinliklər aradan qalxan kimi, yəni Cavabdeh MMC-nin hesabı üzərinə qoyulmuş “sərəncam” götürülən kimi həmin ƏDV borcu ödəniləcəkdir. Lakin, digər təhviltəslim aktlarında nəzərdə tutulan mallar faktiki olaraq cavabdeh tərəfə təqdim edilmədiyindən, verilmiş elektron qaimə də düzəliş edilməsi üçün geri qaytarılmışdır. Almadığı mallara görə, o cümlədən də 29 iyun 2018-ci il tarixli təhvil-təslim aktına əsasən hesablanmış borc üzrə Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməyəcəkdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək işin icraatına xitam verməklə iddianın rədd olunmasını xahiş etmiş və ərizə - Azərbaycan Dəmir Yollan QSC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsində göstərilən faktların yalan və əsassız olması, tərəflər arasında alqı-satqı prosesinin 2018-ci ilin mart ayından həmin ilin iyul aylarında aparılması, iddia ərizəsində göstərilən 117,59 ton metalın miqdarının və 18226,59 manat malın dəyərinin və məbləğinin tərəflər arasında olan sənədlərə əsaslanmadan yalan göstərilməsi, əslində isə “Bisera LTD MMC-yə 2018-ci ilin may ayında 54,25 ton, iyun ayında isə 50,20 ton olmaqla, cəmi 104,45 ton x 131,36 manat = 13720,55 manat dəyərində metal verilməsi, alınan malın dəyərinin və 1186,97 manat ƏDV-nin 2018-ci ildə nağdsız qaydada QSC-nin bank hesabına ödənilməsi, 1282,73 manat ƏDV borcunun isə ödənilməməsi, Cavabdeh MMC 17 iyul 2018-ci il tarixdə göndərilən EKKA 635831 saylı elektron qaimədə göstərilən metalı almadığı üçün bir neçə dəfə qaimənin geri qaytarılması və bu haqda "xxxx" QSC-nə rəsmi elektron məktub göndərilməsi, lakin 2019-cu ildən bu günə kimi həmin məktuba heç bir cavab verilməməsi ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-2(119)- 1000/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 10001,75 (on min bir manat 75 qəpik) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 10601,75 (on min altı yüz bir manat 75 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 121,20 (yüz iyirmi bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı tərəfindən iddia tələbinin əsası kimi göstərilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübutlara lazımi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü maddəsinə uyğun olaraq, mal Alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etdiyinin təsdiqidir. Lakin məhkəmə xx.xx.2018-ci il tarixli aktı cavabdehin nümayəndəsinin imzası olmadığı üçün etibarsız hesab etmişdir. Qara metalın təhvili zamanı iş yükünün ağır və intensiv olması nəticəsində cavabdehin nümayəndəsinin aktı imzalamaması nəzərdən yayınmışdır. Lakin digər aktlarda olduğu kimi xx.xx.2018-ci il tarixində tərtib edilmiş akt əsasında da aktda qeyd edilən 52,85 ton metal Cavabdeh MMC-yə tam təhvil verilmişdir. Məhkəmə sübutların qiymətləndirilməsi zamanı texniki qaydalara əməl edilib-edilmədiyini diqqətə almağına baxmayaraq, müqavilənin əsası olan tərəflərin niyyətini, bu aktın tərtib edilməsindən əvvəl tərəflər arasında formalaşmış işgüzar münasibəti, ən əsası satıcı qismində çıxış edən iddiaçının bu vaxta qədər üzərinə düşən bütün öhdəliklərini tam şəkildə yerinə yetirdiyini nəzərə almamışdır. Bundan əlavə, cavabdeh qeyd edir ki, xx.xx.2018-ci il tarixli akt üzrə cavabdehə təqdim edilən xx.xx.2018-ci il tarixli EAAL seriyalı 933082 nömrəli elektron qaimənin Cavabdeh MMC tərəfindən təsdiqlənməməsinin və düzəliş üçün geri qaytarılmasının səbəbi metalın təhvil verilməməsi olmuşdur. Lakin birmənalı olaraq elektron qaimənin təsdiq edilməməsinin səbəbi cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli EAAK 635831 nömrəli elektron qaimə üzrə ödənişin edilmədiyi kimi, avqust ayı üzrə də təhvil verilən malın dəyərinin ödənilməsindən yayınmaq olmuşdur. Məhkəmə isə xx.xx.2018-ci il tarixli akt üzrə malın təhvil verilmədiyi əsaslarından biri kimi cavabdehin yuxarıda qeyd edilən elektron qaiməni təsdiq etməməsini göstərmişdir. Lakin bu zaman cavabdehin elektron qaiməni təsdiq etməməsinin əsas səbəbi olan malın dəyərini ödəməkdən yayınma niyyətinin olmasını nəzərə almamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı "xxxx" QSC (VÖEN **********) ilə alıcı Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, “Satıcı” bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş təkər cütlərindən ibarət olan material qiymətlisini (bundan sonra “Mal” adlanacaq) Alıcının mülkiyyətinə (təhvil) verməyi, Alıcı isə malı qəbul edib, bu Müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini Satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə təhvil verilən “mal” aşağıdakılardan ibarətdir: - 300 (üç yüz) ton təkər cütləri oxla. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, X2 stansiyasının Yük həyətində elektron tərəzidə çəkildikdən sonra təhvil verilməsi, material elektron tərəzidə çəkildikdən sonra DÜİST 278786-ya (markalara və kateqoriyaya) əsasən 3%-dək itki nəzərə alınmaqla, sənədləşmə aparılması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, mal Alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir. Həmin Müqavilələrin 2.1.1-ci bəndinə əsasən, Satıcının Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə pul məbləğinin (qiymətin) Alıcı tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən, Alıcının təhvil verilən (satın alınan) malı Satıcıdan qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək vəzifəsi vardır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 (bir) tonunun qiyməti bu Müqavilənin 1 №-li əlavəsində (spesifikasiyada) göstərilmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, bu Müqavilənin 3.1.-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında Satıcıdan təhvil alınmamışdan əvvəl təqdim edilmiş hesaba uyğun şəkildə Alıcı tərəfindən köçürmə yolu ilə Satıcının bank hesabına ödənilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə Tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və Tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan huquqı qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyildir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilənin 5.2-ci bəndi istisna olmaqla bütün digər hallarda tərəflər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə, habelə öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və bu Müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən, hər bir tərəf onun olduğu yer və ya hüquqi/poçt ünvanı, bank rekvizitlərı, telefon, faks nömrələri dəyişildiyi təqdirdə, həmin dəyişikliklərin baş verdiyi tarixdən 10 (on) iş günü ərzində bu barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmaq öhdəliyini daşıyır. İş materiallarında olan 16 aprel 2018-ci il tarixli təhvil-təslim Aktından görünür ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 54,250 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir). İş materiallarında olan 19 may 2018-ci il tarixli təhvil-təslim Aktı ilə görünür ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 50,200 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır). İş materiallarında olan 29 iyun 2018-ci il tarixli təhvil-təslim Aktı ilə görünür ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 56,250 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır). İş materiallarında olan 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktında göstərilir ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 52,850 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir, lakin həmin Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarından görünür ki, təqdim edən - satıcı "xxxx" QSC tərəfindən alıcı Cavabdeh MMC-yə 7126,28 manat malın dəyəri və 1282,73 manat ƏDV olmaqla, cəmi 8409,01 (səkkiz min dörd yüz doqquz manat 01 qəpik) manat dəyərində 54,250 ton metalın (təkər cütləri oxla) satılması barədə "aprel ayı üçün" qeydi yazılmış 10 may 2018ci il tarixli EAAJ seriyalı 035526 nömrəli Elektron Qaimə, 6594,27 manat malın dəyəri və 1186,96 manat ƏDV olmaqla, cəmi 7781,24 (yeddi min yeddi yüz səksən bir manat 24 qəpik) manat dəyərində 50,200 ton metalın (təkər cütləri oxla) satılması barədə "may ayı üçün" qeydi yazılmış 05 iyun 2018-ci il tarixli EAAJ seriyalı 649428 nömrəli Elektron Qaimə və 7389 manat malın dəyəri və 1330,02 manat ƏDV olmaqla, cəmi 8719,02 (səkkiz min yeddi yüz on doqquz manat 02 qəpik) manat dəyərində 56,250 ton metalın (təkər cütləri oxla) satılması barədə "iyun ayı üçün" qeydi yazılmış 17 iyul 2018-ci il tarixli EAAK seriyalı 635831 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "xxxx" QSC-yə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən 29 sentyabr 2022-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş “cəmi 8409,01 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilən 10 may 2018-ci il tarixli EAAJ seriyalı 035526 nömrəli, “cəmi 7781,24 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilən 05 iyun 2018-ci il tarixli EAAJ seriyalı 649428 nömrəli və “cəmi 8719,02 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilən 17 iyul 2018-ci il tarixli EAAK seriyalı 635831 nömrəli Elektron Qaimələr təsdiqlənsələr də, “cəmi 8192 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə təsdiqlənməyərək, düzəlişə qaytarılmışdır. Lakin, həmin sonuncu X1 tərəfindən düzəliş edilərək yenidən Alıcıya göndərilməsi barədə məlumat və qeyd yoxdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş 23 iyul 2018-ci il tarixli HT seriyalı 724300 nömrəli, “iyun ayı üçün” qeydli elektron vergi hesab-fakturasından görünür ki, təqdim edən "xxxx" QSC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil cəmi 8719,02 (səkkiz min yeddi yüz on doqquz manat 02 qəpik) manat dəyərində 56,25 ton mal göndərilsə də, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 21 iyul 2019-cu ildə məktubla müraciət edilərək, 23 iyul 2018-ci il tarixli HT seriyalı 724300 nömrəli vergi hesab-fakturası üzrə göstərilən malları almadıqlarından, həmin vergi hesabfakturasının və elektron qaimənin ləğv edilməsi xahiş olunmuşdur. Lakin, iş materiallarında olan (yuxarda qeyd olunan) 29 sentyabr 2022-ci il tarixli elektron vergi kabinetindən Çıxarış məlumatları ilə müəyyən edilir ki, düzəliş üçün “cəmi 8719,02 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilmiş 17 iyul 2018-ci il tarixli EAAK seriyalı 635831 nömrəli Elektron Qaimə deyil, “cəmi 8192 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə qaytarılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki 01 yanvar 2018-ci ildən 22 may 2020-ci il dövrünü əhatə edən hesab üzrə Çıxarışından görünür ki, 16 mart 2018-ci il tarixli 140 nömrəli Müqavilə üzrə “qara metalın” dəyərinin ödənilməsi ilə əlaqədar Cavabdeh MMC tərəfindən "xxxx" QSC-nin hesabına 13 aprel 2018-ci il tarixdə 7093,44 (yeddi min doxsan üç manat 44 qəpik) manat məbləğində və 13 iyun 2018-ci il tarixdə isə 6594,27 (altı min beş yüz doxsan dörd manat 27 qəpik) manat məbləğində ödənişlər olunmuşdur. İş materiallarında olan Cavabdeh “ƏDV subuçot” hesabından Çıxarışdan görünür ki, Cavabdeh hesabından "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “ƏDV sub-uçot” hesabına 12 iyun 2018-ci il tarixdə 1186,97 (min yüz səksən altı manat 97 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 16 mart 2018-ci il tarixli “hüq 140” nömrəli Alqı-satqı Müqaviləsi üzrə Satıcı tərəfindən Alıcıya 54,250 ton, 50,200 ton və 56,250 ton malın satılması və satılan malların təhvil alınması barədə müvafiq olaraq Alıcı (malları təhvil alan) qismində Cavabdeh MMC-nin də nümayəndəsi tərəfindən imzalanaraq təsdiq olunmuş 16 aprel 2018-ci il tarixli, 19 may 2018-ci il tarixli və 29 iyun 2018-ci il tarixli təhvil-təslim Aktları mövcud olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 52,850 ton malın satılması barədə tərtib edilən 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı Alıcı (malları təhvil alan) qismində Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmamış və bununla da, həmin Aktla qeyd olunan miqdarda malın sonuncuya təqdim olunması təsdiq olunmur. Eyni zamanda, müəyyən olunur ki, Alıcı tərəfindən imzalanmayan 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında təqdim edilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə alıcı Cavabdeh MMC tərəfindən təsdiqlənməyərək, düzəliş edilməsi üçün qaytarılmış olsa da, həmin Elektron Qaimənin düzəliş edilərək Alıcıya geri qaytarılması və bununla da, 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı üzrə Alıcı tərəfə müvafiq qaydada Elektron Qaimə təqdim edilməsi təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırmasının predmetini təşkli edən yuxarıdakı sənədlərlə müəyyən olunur ki, 16 aprel 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilən ƏDV daxil cəmi 8409,01 manat dəyərində mallara görə təqdim edilmiş 10 may 2018-ci il tarixli EAAJ 035526 nömrəli Elektron Qaimə üzrə Cavabdeh MMC-nin cəmi 1282,73 manat məbləğində ödənilməmiş borcu (ƏDV borcu) qalmış və bu hal birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin etirafı ilə yanaşı, iş materialları ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, 29 iyun 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilən ƏDV daxil cəmi 8719,02 manat dəyərində mallara görə təqdim edilmiş 17 iyul 2018-ci il tarixli EAAK 635831 nömrəli Elektron Qaimə üzrə cavabdehin cəmi 8719,02 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Lakin, 19 may 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilən mallara görə təqdim olunmuş 05 iyun 2018-ci il tarixli EAAJ 649428 nömrəli Elektron Qaimə üzrə cavabdehin heç bir borcu qalmamış (birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi də həmin elektron qaimə üzrə cavabdehin borcunun olmadığını təsdiq etmişdir), 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı isə cavabdehin (Alıcının - malı təhvil almalı olan Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmamış və həmin Akt üzrə müvafiq qaydada verilmiş və təsdiq olunmuş Elektron Qaimə mövcud deyildir. Birinci instansiya məhkəməsi də işin müvafiq hallarına qiymət verərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə xx.xx.2018-ci il tarixli akt üzrə malın təhvil verilmədiyi əsaslarından biri kimi cavabdehin müvafiq elektron qaiməni təsdiq etməməsini göstərmişdir. Lakin bu zaman cavabdehin elektron qaiməni təsdiq etməməsinin əsas səbəbi olan malın dəyərini ödəməkdən yayınma niyyətinin olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının hazırki dəlili tədqiq olunan sübutlar və işin konkret halları ilə təsdiq olunmamışdır. Kollegiya qeyd edir ki, 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında təqdim edilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə alıcı Cavabdeh MMC tərəfindən təsdiqlənməmiş və düzəliş edilməsi üçün qaytarılsa da, həmin Elektron Qaimənin düzəliş edilərək Alıcıya geri qaytarılması və 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı üzrə Alıcı tərəfə müvafiq qaydada Elektron Qaimə təqdim edilməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1000/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-12/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-12/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver