Məhkəmə qərarları › İş №2-2(105)-12/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-12/2025

10.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-12/2025 10.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X6rşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-1762/2024 nömrəli qətnaməsindən maraqlı şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında maraqlı şəxs X6rşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 23 sentyabr 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 65797,74 (altmış beş min yeddi yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 11709,07 (on bir min yeddi yüz doqquz manat yeddi qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 1160,83 (min yüz altmış manat səksən üç qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 526,38 (beş yüz iyirmi altı manat otuz səkkiz qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1984-cü il təvəllüdlü X8 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1762/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, 23 sentyabr 2024-cü il tarixinə hesablanmış 65797,74 (altmış beş min yeddi yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 11709,07 (on bir min yeddi yüz doqquz manat yeddi qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna, 1160,83 (min yüz altmış manat səksən üç qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna və 526,38 (beş yüz iyirmi altı manat otuz səkkiz qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri – xx xxxxxx 1984-cü il təvəllüdlü X8 (Fin xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1762/2024 nömrəli qətnaməsindən maraqlı şəxs X10 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Vergi Xidməti tərəfindən tərtib edilmiş ərizə və həmin ərizədə qeyd edilmiş məqamlar əsassızdır. İş üzrə maraqlı şəxs Ömer Faruk 20 ildən çox müddətdir ki sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidir, Azərbaycan Respublikası ərazisində şəxsi mülkyyəti, avtomobilləri və sair əmlakları mövcuddur. Tərəfin şəxsi mülkiyyətində olan əmlaklarına məhkəmə qərarı əsasında həbs qoyulmuş, əmlaklar siyahıya alınmışdır. Ömər Faruk hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur, ərizədə qeyd olunanların əksinə Azərbaycan Respublikasından daimi əsaslı kənara çıxması onun sahibkarlıq fəaliyyətinə zərər gətirmiş olar, davam edən məhkəmə icraatlarında onun dəyəri milyonlarla qiymətləndirilən əmlakları mübahisələndirilir və Ömər Farukun həbsdə olan əmlakı onun AR sərhədlərini daimi tərk etməməsi üçün əsas qaranti təşkil edir. Vergi Xidmətinin hesanladığı məbləğlər Ömər Farukun həbsdə olan əmlaklarının heç 0.1 fazini təşkil etmir. Ömer Farukun sahibkarlıq fəaliyyəti ilə məşğul olması və mütəmadi olaraq xarici dövlətlərə sayahət etməsi onun dövlət qarşısında öhdəliklərini icra etməsi üçün vacib bir meyardır və hesab edir ki, ərizə üzrə iddia təmin edilərsə tərəf ödəmə qabiliyyətini itirmiş olacaqdır. Lakin iddia tələbinin rədd edilməsi Ömer Farukun öz öhdəliklərini tam şəkildə, vaxtında icra etməsi üçün şərait yaradacaqdır. Bundan əlavə 18 oktyabr 2024-cü il tarixə, saat 16:00 təyin edilmiş məhkəmə iclasına iş üzrə Vəkil saat 16:10-da gəlmişdir. Məhkəməyə öncədən xəbərdarlıq edilmiş və Bakıdan Sumqayıta olan yol, tıxacda qalma müddəti nəzərə alınması xahiş edilmişdir. Lakin Sumqayıt Kommersiya Məhkəməsi 10 dəqiqə içində vəkilin iştirakı olmadan işə baxmış, tərəflərin izahatını almış, müşavirəyə getmiş və iş üzrə yekun məhkəmə aktını elan etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi işin faktiki hallarını araşdırmamışdır və bunun nəticəsində əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamənin ləğv edilməsi zərurəti yaranmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1984-cü il təvəllüdlü X8 icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 sentyabr 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 65797,74 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 11709,07 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 1160,83 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 526,38 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilən sübutlara qiymət verərək vergi ödəyicisi olan hüquqi şəxs X8 vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsini əsaslı hesab etmiş və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Qanunvericiliyə əsasən, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəçinin hüququ olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə borcu yarandığı üçün onun icra orqanının rəhbəri X8 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Buna görə də maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərində qeyd edilən ərizənin təmin edilməsi onun sahibkarlıq fəaliyyətinin məhudlaşdırılması ilə nəticələnməsi əsaslı deyildir. Belə ki, işin hallarına əsasən də müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qarşısında öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilən dəlillər isə onun öhdəliklərini yerinə yetirməməsi üçün istisna hesab edilmir. Bundan əlavə maraqlı şəxsin nümayəndəsi və vəkilinin məhkəmə prosesində iştirakının təmin edilməməsinə dair dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs bununla bağlı hər hansı mötəbər dəlilini məhkəməyə təqdim etməmiş, MPM-in 355-7.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxsin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından məhkəmə işə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1762/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar