Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-120/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: XXX, X1 və X2 oğlundan ibarət tərkibdə, xxxxxxxx katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-806/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli Alğı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı hazırkı Müqavilənin 2-ci bəndində göstərilən və bundan sonra “Mal” adlandırılacaq müvafiq sement növlərini Alıcıya satır, Alıcı isə Malı alır və dəyərini Satıcıya ödəyir (1.1-ci bənd).
2. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın növü və qiyməti Satıcı ilə Alıcı arasında razılaşdırılmış formada bu Müqaviləyə edilən Əlavə(lər) ilə müəyyən olunur.
3. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Alıcı tərəfindən alınacaq hər Malın dəyəri vergilər daxil olmaqla Satıcının Bank hesabına avans şəklində köçürmə yolu ilə həyata keçirilir.
4. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Alıcı tərəfindən alınacaq hər Malın dəyəri vergilər daxil olmaqla, razılaşdırılmış kredit limiti çərçivəsində və qaydada sonradan ödəmə şərtilə, Satıcının Bank hesabına Mal Alıcıya təhvil verildikdən sonra köçürmə yolu ilə həyata keçirilə bilər.
5. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən, Satıcıdan əldə etdiyi malın dəyərini vaxtında ödəmək – Alıcının öhdəliyidir.
6. Həmin Müqavilənin 7.6-cı bəndinə əsasən, ödənişin bu Müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1% həcmində cərimə və cərimənin məbləği - müqavilənin ümümi dəyərindən 5% artıq olmamaq şərti ilə yaranan müvafiq xərcləri ödəmək – Alıcının öhdəliyidir.
7. Həmin Müqavilənin 11.1-ci bəndinə əsasən, bu Müqavilə 24 oktyabr 2023-cü il tarixində qüvvəyə minir və 31 dekabr 2023-cü il tarixinədək qüvvədədir.
8. 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli Alğı-Satqı Müqaviləsi üzrə imzalanmış 24 oktyabr 2023-cü il tarixli Əlavə 1-dən görünür ki, məlum alğı-satqı müqaviləsi əsasında satılan malların adları və s. şərtlər tərəflər arasında razılaşdırılmışdır.
9. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli Alğı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə müxtəlif adda tikinti malları satılmış və bununla əlaqədar satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə 28 oktyabr 2023-cü il tarixli EBDR 509660 nömrəli Elektron Qaimə üzrə cəmi 4592,32 manat dəyərində, 28 oktyabr 2023-cü il tarixli EBDR 517364 nömrəli Elektron Qaimə üzrə cəmi 3457,87 manat dəyərində, 28 oktyabr 2023-cü il tarixli EBDR 523442 nömrəli Elektron Qaimə üzrə cəmi 4639,05 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 628026 nömrəli Elektron Qaimə üzrə cəmi 3502 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 632133 nömrəli Elektron Qaimə üzrə cəmi 4581,94 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 644267 nömrəli Elektron Qaimə üzrə cəmi 4607,9 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 654869 nömrəli Elektron Qaimə üzrə cəmi 4298,98 manat dəyərində, 31 oktyabr 2023-cü il tarixli EBDR 759994 nömrəli Elektron Qaimə üzrə cəmi 3509,79 manat dəyərində, 01 noyabr 2023-cü il tarixli EBDR 798429 nömrəli Elektron Qaimə üzrə cəmi 4418,39 manat dəyərində və 01 noyabr 2023-cü il tarixli EBDR 830007 nömrəli Elektron Qaimə üzrə cəmi 4659,82 manat dəyərində olmaqla, ümumilikdə cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat dəyərində müxtəlif tikinti mallarının satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan Elektron qaimə-fakturalar təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir).
10. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC tərəfindən imzalanıb-möhürlənmiş 09 yanvar 2024-cü il tarixli Üzləşmə Aktından görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 35820,4 manat malın dəyəri və 6447,66 manat ƏDV olmaqla, cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat dəyərində müxtəlif tikinti malları satılmış, həmin məbləğdən 3168,78 manat məbləğində ödəniş həyata keçirilmiş və ona görə də, alıcı Cavabdeh MMC-nin 09 yanvar 2024-cü il tarixinə satıcı İddiaçı MMC-yə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır.
11. İddiaçı tərəfin təqdim etdiyi 28 mart 2024-cü il tarixli 08 nömrəli Maliyyə Arayışında göstərilir ki, alıcı "xxxx" MMC ümumi dəyəri ƏDV daxil cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat təşkil edən sement materialı (bundan sonra “Mal” adlanacaq) almışdır. Alıcı tərəfindən müqavilə üzrə alınmış mala münasibətdə, bu Arayışın imzalandığı tarixədək ƏDV daxil 3168,78 manat ödəniş həyata keçirilmişdir. Alınmış mala dair son ödəmə 07 noyabr 2023-cü il tarixində olmuşdur. Alıcı "xxxx" MMC-nin 28 mart 2024-cü il tarixinə satıcı İddiaçı MMC-yə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində borcu vardır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT
12. İddiaçı MMC 26 aprel 2024- cü ildə Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ƏDV daxil cəmi 39099,28 manat məbləğində əsas borcun, 1954,96 manat məbləğində cərimənin və 213,16 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında malların alğı-satqısına dair 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin Müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə sement məhsullarını/malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilənin şərtləri pozmuş və aldığı sementin pulunu müvafiq qaydada ödəməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməli olduğu halda, bu günə kimi onun iddiaçıya 39099,28 manat (ƏDV daxil) borcu qalmışdır. Cavabdehin iddiaçıya olan borcu tərəflər arasında imzalanmış üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun 2 (iki) təqvim günü ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab olunur ki, müqavilə üzrə yaranmış borc, habelə borc məbləğində uyğun hesablanmış cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı müqavilənin 2-ci bəndində göstərilən müvafiq sement növlərini alıcıya satır, alıcı isə malı alır və dəyərini satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə görə, malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmış formada bu müqaviləyə edilən əlavə(lər) ilə müəyyən olunur. Həmçinin, müqavilənin 7.6-cı bəndinə görə, ödənişin bu müqavilə üzrə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1 % həcmində cərimənin (cərimənin məbləği müqavilənin ümumi dəyərindən 5% artıq olmamaq şərtilə) tələb edilməsi Alıcının hüququna aid edilmişdir. Müqavilə üzrə sonuncu ödənişin 07 noyabr 2023-cü il tarixdə həyata keçirildiyi nəzərə alınaraq, borcun ödənişi 167 gün gecikdirilmişdir. Bu halda cərimə məbləği 6528,03 manat təşkil edir (39099,28 x 0,1 % = 39,09 manat (1 gün üzrə cərimə) x 167 (gecikdirilən günlərin sayı). Lakin müqavilənin tələbi (cərimə ödənilməyən məbləğin 5%-dən artıq olmamalıdır) baxımından cərimə 1954,96 manat məbləğində hesablanaraq tələb olunur.
14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-806/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdehndən 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və 213,16 (iki yüz on üç manat 16 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39812,44 (otuz doqquz min səkkiz yüz on iki manat 44 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsi əsasında satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə müxtəlif adda tikinti malları satılmış və bununla əlaqədar satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMCyə 28 oktyabr 2023-cü il tarixli EBDR 509660 nömrəli Elektron Qaimə üzrə cəmi 4592,32 manat dəyərində, 28 oktyabr 2023-cü il tarixli EBDR 517364 nömrəli Elektron Qaimə üzrə cəmi 3457,87 manat dəyərində, 28 oktyabr 2023-cü il tarixli EBDR 523442 nömrəli Elektron Qaimə üzrə cəmi 4639,05 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 628026 nömrəli Elektron Qaimə üzrə cəmi 3502 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 632133 nömrəli Elektron Qaimə üzrə cəmi 4581,94 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 644267 nömrəli Elektron Qaimə üzrə cəmi 4607,9 manat dəyərində, 30 oktyabr 2023-cü il tarixli EBDR 654869 nömrəli Elektron Qaimə üzrə cəmi 4298,98 manat dəyərində, 31 oktyabr 2023-cü il tarixli EBDR 759994 nömrəli Elektron Qaimə üzrə cəmi 3509,79 manat dəyərində, 01 noyabr 2023-cü il tarixli EBDR 798429 nömrəli Elektron Qaimə üzrə cəmi 4418,39 manat dəyərində və 01 noyabr 2023-cü il tarixli EBDR 830007 nömrəli Elektron Qaimə üzrə cəmi 4659,82 manat dəyərində olmaqla, ümumilikdə cəmi 42268,06 (qırx iki min iki yüz altmış səkkiz manat 06 qəpik) manat dəyərində müxtəlif tikinti mallarının satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş yuxarıda qeyd olunan Elektron qaimə-fakturalar təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC tərəfindən imzalanıb-möhürlənmiş 09 yanvar 2024-cü il tarixli üzləşmə aktından görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə 35820,4 manat malın dəyəri və 6447,66 manat ƏDV olmaqla, cəmi 42268,06 manat dəyərində müxtəlif tikinti malları satılmış, həmin məbləğdən 3168,78 manat məbləğində ödəniş həyata keçirilmiş və ona görə də, alıcı Cavabdeh MMC-nin 09 yanvar 2024-cü il tarixinə satıcı İddiaçı MMC-yə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. İddiaçı tərəfin təqdim etdiyi 28 mart 2024-cü il tarixli 08 nömrəli Maliyyə Arayışında göstərilir ki, alıcı "xxxx" MMC ümumi dəyəri ƏDV daxil cəmi 42268,06 manat təşkil edən sement materialı (bundan sonra “Mal” adlanacaq) almışdır. Alıcı tərəfindən müqavilə üzrə alınmış mala münasibətdə, bu arayışın imzalandığı tarixədək ƏDV daxil 3168,78 manat ödəniş həyata keçirilmişdir. Alınmış mala dair son ödəmə 07 noyabr 2023-cü il tarixində olmuşdur. Alıcı "xxxx" MMC-nin 28 mart 2024-cü il tarixinə satıcı İddiaçı MMC-yə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 manat məbləğində borcu vardır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iddianın cavabdehdən “1954,96 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 500 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 567, 427, 600.4, 385.1, 425.1, 425.2, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddələri ilə əsaslandırmışdır.
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri:
18. İşin konkret halları ilə müəyyən olunur ki, 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsi üzrə almış olduğu mallara görə borc alıcı Cavabdeh MMC tərəfindən satıcı İddiaçı MMC-yə ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qərarında göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Ona görə də həmin qanunsuz və əsassız qərar apellyasiya instansiyasında ləğv olunmalı və mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qərar qəbul edilməlidir. Tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsi əsasında satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə müxtəlif adda tikinti malları satılmış və bununla əlaqədar satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə tikinti materialı olan sement satmışdır. Qeyd edilən dövrdə Cavabdeh MMC-nin "xxxx" ASC və SİKO MMC-yə borcları olduğundan Cavabdeh MMC öz borcunu İddiaçı MMC-yə köçürmə yolu ilə edə bilməmiş, bu səbəbdən nağd ödəmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən 3169 manat civarında mal göndərilmiş, həmin malın pulu da ödənilmişdir. Məhkəmədə iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə ödənilməmiş 39099,28 (otuz doqquz min doxsan doqquz manat 28 qəpik) manat məbləğində əsas borcun yaranmasına səbəb olan malın göndərilməsi sübut olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
23. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri onunla bağlıdır ki, İddiaçı MMC tərəfindən 3169 manat civarında mal göndərilmiş, həmin malın pulu nağd şəkildə ödəmişdir, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə ödənilməmiş 39099,28 manat məbləğində əsas borcun yaranmasına səbəb olan malın göndərilməsi sübut olunmamışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən, alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla, razılaşdırılmış kredit limiti çərçivəsində və qaydada sonradan ödəmə şərtilə, satıcının bank hesabına mal alıcıya təhvil verildikdən sonra köçürmə yolu ilə həyata keçirilə bilərdi. Cavabdeh isə müqavilənin müvafiq şərtinə zidd olaraq nağd qaydada ödəniş həyata keçirdiyini bildirir. Həmçinin, cavabdeh 3169 manat dəyərində malların göndərildiyini, müvafiq ödənişin edildiyini və iddiaçı MMC tərəfindən 39099,28 manat məbləğində əsas borcun yaranmasına səbəb olan malın göndərilmədiyini bildirsə də, 09 yanvar 2024-cü il tarixli üzləşmə aktında alıcı Cavabdeh MMC-nin 09 yanvar 2024-cü il tarixinə satıcı İddiaçı MMC-yə 35820,4 manat əsas və 3278,88 manat ƏDV olmaqla, ümumilikdə cəmi 39099,28 manat məbləğində ödənilməmiş qalıq borcu olduğunu təsdiq etmişdir.
28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan iddiaçı-satıcı tərəfindən cavabdeh-alıcıya göndərilmiş elektron qaimə-fakturalara cavabdehin hər hansı pretenziyasının olması, geri qaytarılması halı da mövcud deyildir. Odur ki, sözügedən elekton qaimə-fakturalar cavabdeh tərəfindən qəbul edilmiş hesab olunur.
29. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini nəzərə alaraq cərimə məbləğini azaldaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində cərimə tutulmasını qət etməkdə də haqlı olmuşdur.
30. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Həmçinin nəzərə alınmalıdır ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı).
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə müvafiq olaraq qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı məhkəmələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməlidirlər.
32. 24 oktyabr 2023-cü il tarixli AQSZ S 035/1023 nömrəli alğı-satqı müqaviləsinin 3.2-ci bəndində alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla, razılaşdırılmış kredit limiti çərçivəsində və qaydada sonradan ödəmə şərtilə, satıcının bank hesabına mal alıcıya təhvil verildikdən sonra köçürmə yolu ilə həyata keçirilə bilməsinə dair razılığa gəlmişlər.
33. Məhkəmə kollegiyası hesab edir ki, satıcı (iddiaçı) tərəfindən müqavilə üzrə verilməli olan malın təhvil verilməsi işdə olan sənədlərlə mübahisə doğurmadığından, cavabdeh pulun nağd qaydada ödənildiyini iddia edirsə, sübutetmə yükü də, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bununla bağlı heç bir sübut təqdim olunmamışdır.
34. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
36. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-806/2024 nömrəli, 09 avqust 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.