Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-121/2021 06.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Rəşadət Əhməd oğlu Ağayevdən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə iddiaçı tərəfindən verilmiş “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında iddiaçının ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-830/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 05 may 2020-ci il tarixli CM 050520/17 saylı “malların alqı-satqısı haqqında” müqaviləsinə əsasən 75427 (yetmiş beş min dörd yüz iyirmi yeddi) manat borcun və həmin pulun 18 % X1 görə 13576 (on üç min beş yüz yetmiş altı) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-yə (VÖEN **********) məxsus "xxxx" QSC-nin Xətai Filialında olan AZ93ACAB******************** nömrəli və "xxxx" ASC-nin “Bridge Plaza” şöbəsində olan AZ71PAHA40060AZNHC********** nömrəli bank hesabları üzərinə iddia tələbi həddində (89003 manat) həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri kimi Cavabdehnə (VÖEN **********) məxsus "xxxx" QSC-nin Xətai Filialında olan AZ93ACAB******************** nömrəli və "xxxx" ASC-nin “Bridge Plaza” şöbəsində olan AZ71PAHA40060AZNHC********** nömrəli bank hesablarının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, iddia tələbi həddində - 89003 (səksən doqquz min üç) manat həcmində həbs qoyulması qərara alınmışdır. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan cavabdeh "Alltech Enginering” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın icra edilməsi cavabdehin istehsal fəaliyyətinə birbaşa təsir etməklə yanaşı, onun bank əməliyyatlarını dayandırmasına gətirib çıxaracaqdır. Bu da öz növbəsində şirkətin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq və digər müqavilə öhdəliklərini yerinə yetirməsinə ciddi maneələr törədəcəkdir. Həmçinin köçürmənin ödənilməsi haqqında bildirişdən (şikayətə əlavə edilir) görünür ki, 21.06.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 13576 manat məbləğində pul vəsaiti ödənilmişdir və ödənilməkdə davam edəcəkdir. Lakin bank hesabının üzərində həbsin olması bu ödənişlərin həyata keçirilməsinə mane olur. Belə ki, həbs qoyulan hesabdan ödəniş etmək üçün həbs məbləği həcmində hesaba pul vəsaiti mədaxil edilməli, daha sonra hər hansı ödəniş həyata keçirilməlidir. Buna görə də bank hesabında həbsin olması tərəflər arasında ödənişlərin həyata keçirilməməsinə gətirib çıxarır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-830/2021 saylı 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, iddianın təmin tədbiri haqqında ərizəni və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 75427 (yetmiş beş min dörd yüz iyirmi yeddi) manat və 18 % X1 görə 13576 (on üç min beş yüz yetmiş altı) manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli e-2-2(119)-830/2021 saylı qərardadı ilə cavabdehin bank hesablarının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, iddia tələbi həddində - 89003 (səksən doqquz min üç) manat həcmində həbs qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında qeyd olunur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Göründüyü kimi, məhkəmə Konstitsiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan meyarlar baxımından iddiaçının ərizəsinə hüquqi qiymət vermişdir. Məhkəmə cavabdehin konstitusion vəzifələri nəzərə alınmaqla, onun bank hesablarındakı pul üzərinə həbsin qoyulmasını - “əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, icra edilməsi ilə şərtləndirmişdir. Məhkəmənin bu mövqeyini kollegiya əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-830/2021 saylı 16 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-121/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-121/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver