Məhkəmə qərarları › İş №2-2(105)-123/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-123/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-123/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-639/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6237 manat əsas borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-639/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən cəmiyyətin lizinq portfeli üzrə hüquq və öhdəliklərinin 6 ay müddətində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, lizinq portfelinin aidiyyəti üzrə ötürülməsinin təhvil-təslimi başa çatdıqdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə tərəf kimi çıxış edə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl iddia ərizəsini imzalamış nümayəndə Vəkil müvafiq etibarnamə ilə iddia ərizəsini imzalamaq səlahiyyətini vermiş İddiaçı ASC-nin adı dəyişdirilərək “xxxxxxxxxx” ASC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli Fərmanına əsasən isə “xxxxxxxxxx” ASC-nin qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəlikləri nəzərdə tutulmamışdır. Beləliklə də, hazırkı iş üzrə iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə, hazırkı iş üzrə cavabdehə mübahisənin məhkəməyə qədər həllinə dair xx.xx.2020-ci il tarixli ASC/P-905 saylı pretenziya məktubu cavabdehin qeydiyyatda olduğu və hazırkı iddia ərizəsində də onun ünvanı kimi qeyd edilmiş Qobustan rayonu,Bədəlli kəndinə deyil, Cəlilabad rayonu, M.F.Axundov küçəsi ev 81 ünvanına göndərilmiş və poçt orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Həmçinin, iş üzrə cavadehin qanunla müəyyən olunmuş qaydada fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fiziki şəxs olması barədə hər hansı sənəd də iddia ərizəsinə əlavə olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini iki əsasla geri qaytarmışdır: 1) iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması; 2) mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməməsi. Məhkəmə kollegiyası, qərardadın iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsası ilə qaytarılması hissəsində razı olmasa da, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməməsi əsası ilə qaytarılması hissəsində razılaşır. İddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış (Fərmanın 1-ci bəndi) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. (Fərmanın 2.2-ci bəndi) Göründüyü kimi, Fərmanla kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Lakin Fərmanın 3.1-ci bəndi ilə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər görülməsi; Fərmanın 4.1-ci bəndi ilə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması və Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Agentliyə ötürülməsi təmin edilənədək işə İddiaçı ASC-nin iştirakı ilə baxılması davam etdirilməli olduğundan, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarılması əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsinə dair xx.xx.2020-ci il tarixli pretenziya məktubunu iddia ərizəsinə əlavə etsə də, məktuba əlavə edilmiş zərfin surətindən və poçt göndərişinin xəbərnaməsindən görünür ki, pretenziya məktubu cavabdehin qeydiyyatda olduğu və iddia ərizəsində onun ünvanı kimi qeyd edilmiş Qobustan rayonu, Bədəlli kəndinə deyil, Cəlilabad rayonu, M.F.Axundov küçəsi ev 81 ünvanına göndərilmiş və poçt orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Beləliklə, hazırkı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması qaydasına riayət olunması təqdim edilmiş sənədlərlə müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki,iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədiyindən şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-639/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-639/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar