Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-124/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-48/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-48/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 25043.75 (iyirmi beş min qırx üç manat 75 qəpik) manat məbləğində əsas borcun, 500 (beş yüz) manat məbləğində dəbbə pulunun, ümumilikdə 25543.75 (iyirmi beş min beş yüz qırx üç manat 75 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının iddiaçıya aid edilməsi, 25 manatının isə Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Eksperiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən İddiaçı və Cavabdeh apellyasiya şikayətləri vermişdirlər. İŞİN HALLARİ: İddiaçı cavabdehdən 25.02.2020-ci il tarixli müqavilə üzrə yaranmış 27106 manat məbləğində əsas borc məbləğinin, müqavilə üzrə hesablanmış 2171 manat məbləğində dəbbə pulunun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1355 manat məbləğində pulun, 31 manat məbləğində dövlət rüsumunun, cəmi 30663 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə İddiaçı MMC arasında alğı-satqı münasibətləri mövcud olmuş və tərəflər arasında həmin alğı-satqı münasibətlərinə dair 25.02.2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “satıcı” “alıcı”ya müxtəlif çeşidli malları satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilədə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcı məhsulları qaimə-faktura əsasında qəbul etdiyi gündən 30 (otuz) təqvim günü ərzində nağd və ya bank köçürmə yolu ilə tam ödəməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, müqavilənin 2-ci bəndinin tələbləri pozulmuş, malların dəyəri hazırki vaxta qədər ödənilməmişdir. Belə ki, 03.03.2020-ci il tarixli elektron qaiməfakturasından görünür ki, Cavabdeh 25043.75 manat dəyərində məhsulları İddiaçı MMCdən təhvil almışdır. Bundan başqa müqavilə üzrə tərtib edilmiş 26.03.2020-ci il tarixli elektron qaimə-fakturasından görünür ki, Cavabdeh İlqar oğlu 2062.50 manat dəyərində məhsulları İddiaçı MMC-dən təhvil almışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh malları təhvil aldığı gündən 30 gün müddətində malların dəyərini ödəməli olduğu halda hazırkı vaxta qədər ödəməmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 25.02.2020–ci il tarixli müqavilə üzrə cəmi 27106.25 manat məbləğində ödənilməmiş borcu vardır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş, mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh öz öhdəliyini icra etməmiş, malların dəyərini hal-hazıra qədər iddiaçıya ödəməmişdir. Cavabdehə dəfələrlə müraciət edərək borcun ödənilməsini xahiş edilsə də borc ödənilməmişdir. Son olaraq cavabdehə 28.05.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək 5 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, lakin müraciət cavabsız qalmış, ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.4-cü bəndinə əsasən əgər “alıcı” ödəməni razılaşmada müəyyən olunmuş vaxt ərzində yerinə yetirməzsə, o zaman, o “satıcı”ya hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 0.1%-i həcmində kompensasiya ödəməlidir. Cavabdeh 03.03.2020-ci il tarixli qaimə üzrə malların dəyərini ödəməyi 83 gün, 26.03.2020-ci il tarixli qaimə üzrə malların dəyərini ödəməyi isə 47 gün müddətində gecikdirmişdir. Ona görə də, 03.03.2020-ci il tarixli qaimə üzrə 25043.75 manat məbləğində borca görə hesablanmış 2075 manat, 26.03.2020-ci il tarixli qaimə üzrə 2062.50 manat məbləğində borca görə hesablanmış 96 manat məbləğində dəbbə pulu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməməklə və iddiaçıya məxsus pul vəsaitini özündə əsassız saxlamaqla iddiaçını gəlirdən məhrum etmişdir. Ona görə də, əldən çıxmış fayda kimi öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1355 manat pul (27106 x 5%) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin qismən, iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edir ki, 26.03.2020-ci il tarixli elektron qaimə-fakturada 2062.50 manat dəyərində olan məhsulların qəbul edilməsi barədə cavabdehin imzası yoxdur və ona görə də, həmin malların cavabdehə təhvil verilməsi təsdiq olunmur. Həmin mallar cavabdehə təhvil verilmiş və cavabdeh həmin malları qəbul etmişdir. Mallar təhvil verilmədiyi halda həmin mala dair elektron-qaimə tərtib edilməz və satılmış mallara görə ƏDV ödənilməzdi. Cavabdehin iddiaçı qarşısında həm də 2062.50 manat dəyərində öhdəliyi olub və həmin öhdəliyi də yerinə yetirməyə borcludur. Digər tərəfdən məhkəmə qeyd edir ki, öhdəliyin gecikdiriməsi nəticəsində əldən çıxmış faydanın tutulması hissəsində sübuta yetirilmədiyinə görə tələb həmin hissədə təmin edilə bilməz. Məhkəmə bu halı qeyd edərkən AR MM-nin 445-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddənin məzmununda yalnız borclunun pul məbləğini ödəməsini gecikdirməsi şərti irəli sürülür. İş materiallarından da aydın olur ki, borclu ödənişi kifayət qədər gecikdirib. Belə ki, tərəflər arasında imzalanmış 25.02.2020-ci il tarixli alğı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı məhsulları qaimə-faktura əsasında qəbul etdiyi gündən 30 təqvim günü ərzində nağd və ya bank köçürmə yolu ilə tam ödəməlidir. Qaimə faktura əsasında mallar cavabdeh tərəfindən 03.03.2020-ci il tarixində qəbul edilib və həmin pulu cavabdeh 03.04.2020-ci il tarixinə qədər ödəməli idi. Lakin cavabdeh hal-hazıra qədər həmin pulu ödəməyib. Göründüyü kimi, borclunun öhdəliyini gecikdirməsi işin mübahisəsiz halıdır. Ona görə də, iddia tələbi həmin hissədə də təmin edilməli idi. Məhkəmə iddia tələbini dəbbə pulunun tutulması hissəsində azaldaraq 500 manat məbləğində qət etmişdir. Halbuki, tələb etdikləri məbləğ tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən hesablanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən əgər “Alıcı” ödəməni razılaşmada müəyyən olunmuş vaxt ərzində yerinə yetirməzsə, o zaman, o “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 0.1%-i həcmində kompensasiya ödəməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdeh 03.03.2020-ci il tarixli qaimə üzrə malların dəyərini ödəməyi 83 gün, 26.03.2020-ci il tarixli qaimə üzrə malların dəyərini ödəməyi isə 47 gün müddətində gecikdirmişdir. Ona görə də, 03.03.2020-ci il tarixli qaimə üzrə 25043.75 manat məbləğində borca görə hesablanmış 2075 manat, 26.03.2020-ci il tarixli qaimə üzrə 2062.50 manat məbləğində borca görə hesablanmış 96 manat məbləğində dəbbə pulu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələblərinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam nəzərə almamış və nəticədə iddia tələbini tam təmin etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsinə, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, əvvəlcə iddiaçının rəsmi işçisi olmaqla, onların mallarını satıb pullarını vermişdir. Sonra iddiaçı bildirmişdir ki, iş münasibətlərini dəyişib, müqavilə şərtləri ilə davam etdirəcəklər. O, da razılaşmış, bu məqsədlə aralarında müqavilə imzalanmışdır, elə həmin gün elektron qaiməyə imza etmiş və orada malların sayı və dəyəri göstərilmişdir. Malın həcmindən görmüşdür ki, bu malların həcmi 20 tonluq yük maşını həcmindədir. İddiaçıya bildirmişdir ki, o, “Jiquli” markalı avtomaşınla onların mallarını az həcmdə götürüb satır, bu qədər malı birdəfəlik götürə bilməz, həm də bunları saxlamağa anbar da yoxdur. İddiaçı bildirmişdir ki, bunu ümumi həcm olaraq göstərmişdirlər, həmin malları xırda partiyalarla qaimələrlə anbardan götürəcək, götürdüyü malları satıb pulunu verdikdən sonra yeni partiya mal götürəcək. Belə razılığa gəlmişdirlər. Bundan bir neçə gün sonra aralarında münasibətlər pozulmüş, ona daha mal verməyəcəklərini bildirmişdirlər və əlaqələrinə son qoyulmuşdur. Bir müddət sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə işin bütün hallarını tam və obyektiv, hərtərəfli araşdırmaq üçün bütün tədbirləri görməmiş, prosesual tələblərə əməl etməmiş, sübut olunmayan halı sübut olunmuş kimi qiymətləndirmiş və bu əsasla da maddi normalara istinad edərək iddianı təmin etmişdir ki, bu halda da hazırkı qətnaməni qanuni və əsaslı hesab etmək olmaz və belə bir qətnamə ləğv edilməli və iddia tam olaraq rədd edilməlidir. Məhkəmə baxışı zamanı vəsatəti əsasında keçirilmiş ekspert rəyi üzrə rəy vermiş eksperti dindirmək üçün vəkili vəsatət vermiş, lakin məhkəmə bu qanuni və haqlı vəsatəti təmin etməkdən imtina etmişdir. Bununla da onun prosesual hüquqlarını pozmuş, prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərmək əvəzinə bunun qarşısını almışdır. Həmin ekspert rəyi ilə razı deyil və ekspert rəyi əsassız və qərəzli verilib, bununla əlaqədar ekspert rəyini aydınlaşdırmaq üçün ekspertin dindirilməsi və alınmış cavablar əsasında təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilməli idi. Lakin məhkəmə prosessual qaydada nəzərdə tutulmuş vəsatətini təmin etməməklə, hüquqlarını pozmuşdur. Ona görə də, apellyasiya baxışı zamanı bu prosessual pozuntu aradan qaldırılmalı, ekspert məhkəməyə dəvət edilərək verdiyi rəy üzrə dindirilməli, şübhəli məqamlara aydınlıq gətirilməli və yalnız bundan sonra təkrar ekspertiza keçirilməsi məsələsi həll edilərək qanuni qətnamə qəbul edilməlidir. Bundan əlavə, məhkəmənin yalnız ekspert rəyinə əsasən malların tərəfindən alınması nəticəsinə gələrək iddianı təmin etməsi qanunsuz olmuşdur. Belə ki, AR MPM-nin 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Lakin, işə baxan məhkəmə hazırkı prosesual normaya tam riayət etməmişdir. Bu hal isə qəbul edilmiş istənilən məhkəmə qərarının nəticələrinə şübhə ilə yanaşmağa və onları etibarsız hesab etməyə əsas verir. Çünki hansısa sənədə imza etmək, hələ həmin malların həqiqətən də onun tərəfindən alınmasını tam sübut edən əsas deyildir. O, bildirmişdir ki, həmin imza onun deyil, o, yalnız elektron qaiməyə imza etmişdir, iddiaçının istinad etdiyi təhvil-təslim aktına imza etməmişdir. Hətta həmin sənəddəki imzanın ona məxsus olması da həmin malların onun tərəfindən alınmasını qəti olaraq təsdiq edə bilməz. Belə ki, iddiaçının malları öz anbarında deyil, loqistik mərkəzin anbarında olmuş, həmin malları iddiaçının təqdim etdiyi aktlarla deyil, həmin loqistik mərkəzin özü tərəfindən verilən qrinkodlu qaimələrlə almışdır. Ona görə də, məhkəmə baxışı zamanı vəkili vəsatət verərək həmin mərkəzdən rəsmi sorğusuna cavab alınana qədər məhkəmə baxışının təxirə salınmasını xahiş etmiş, məhkəmə bu haqlı vəsatəti də təmin etməmişdir. Həmin vəsatət onunla əsaslandırmışdır ki, həmin loqistik mərkəzdən alınacaq cavab əsasında məlum olacaqdır ki, həmin iddia edilən tarixdə ümumiyyətlə iddiaçının anbarda aktda göstərilən həcmdə malı olmamış, həmin tarixə onun adına aktda göstərilən çeşiddə, həcmdə və dəyərdə mal buraxılmamışdır. İş üçün bu qədər əhəmiyyətli olan faktın müəyyən edilməsi və işin tam, hərtrəfli, obyektiv araşdırılması üçün onlara şərait yaratmalı olan məhkəmə bunu etmədən qətnamə qəbul etmişdir ki, bu hal məhkəmənin işin qanuni həllində maraqlı olmamasını, prosesual normalara tam əməl etmək fikrində olmamasını təsdiq edir. Hansı ki, məhkəmə obyektiv həqiqətin əldə edilməsi üçün bütün hərəkətləri etməyə borcludur. Əgər bu fakt araşdırılsaydı, iddianın qanunsuz və yalan olması tam sübuta yetəcəkdi. İddianın yalan və əsassız olması barədə isə işdə kifayət qədər sübutlar və hallar mövcud olmuşdur. Belə ki, iddiaçı iddiasında malın ona verilməsini əsaslandırmaq üçün iki sənədə - elektron qaiməyə və akta istinad etmişdir. Hər iki sənədin tarixi eynidir. Əgər elektron qaimə varsa, akta, akt varsa, elektron qaiməyə ehtiyac olmamışdır. İş sənədlərindən və iddiaçının nümayəndəsinin izahatlarından da aydın olur ki, guya əvvəlcə elektron qaimə tərtib edilərək imzalanmış, sonra isə mallar anbardan ona təhvil verilərək təhvil-təslim aktı tərtib edilmişdir. Bu hər iki sənəd saxta olmaqla, ona mal verilməsini sübut etmir və işin hallarının onun izahatında və hazırkı şikayətdə göstərdiyi kimi olmasını təsdiq edir. Çünki işin hallarından təsdiq edilmişdir ki, iddiaçının malları loqistik mərkəzin anbarında yerləşmiş, həmin mallar iddiaçının sifarişi əsasında buraxılmış, mallar buraxılarkən loqistik mərkəzin anbarından ona qrin-kodlu qaimə verilmiş və komputerdə qeyd edilmişdir, amma iddiaçı məhkəmə malın verilməsini təsdiq edən həmin sənədi təqdim edə bilməmiş, əvəzinə, formal olaraq tərtib edilmiş elektron qaimə və aktı təqdim etmişdir ki, həmin sənədlərin saxta olması tam aydın görünmüşdür. Belə ki, malın akt vasitəsilə ona verilməsini sübut etmək üçün iddiaçının nümayəndəsi məhkəməyə həmin aktın ilk nüsxəsini təqdim etmiş, həmin aktın surəti də onda olmuşdur. Əslində, həmin aktın əsli onda olmalı idi. Hər iki nüsxənin iddiaçıda olması sübut edir ki, bu akt formal olaraq tərtib edilmişdir və buna görə də hər iki nüsxə iddiaçıdadır. Bundan əlavə, iddiaçı göstərmişdir ki, elektron qaimə tərtib edilərək imzalanmış, sonra da mal anbardan verilərək akt tərtib edilmiş və guya onun tərəfindən mal qəbul edilərək imza edilmişdir. O, isə həmin aktı imzalamadığını etiraf etmir. Bu zaman məhkəmə yalnız imzanın ona məxsus olması barədə ekspert rəyinə əsaslanaraq iddianı təmin etmişdir. Hansı ki, bu ziddiyyətlərin araşdırılması üçün onun izahatında göstərdiyi hallar üzrə tədqiqat və araşdırma aparılmalı, həqiqətən də iddiaçının mallarının saxlandığı anbardan bu malların buraxılıbburaxılmaması faktı müəyyən edilməli və yalnız bundan sonra qətnamə qəbul edilməli idi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 567, 627.1, 637.1, 637.2, 427.2, 442ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan İddiaçı (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında 25.02.2020-ci il tarixli 0025/02-20 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya müxtəlif çeşidli malları satır, “Alıcı” isə həmin malı qəbul edir və müqavilədə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərindən irəli gələn alğı-satqı obyekti-malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri tərəflər arasında tərtib və təsdiq edilmiş elektron qaimə ilə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı məhsulları qaimə-faktura əsasında qəbul etdiyi gündən 30 (otuz) təqvim günü ərzində nağd və ya bank köçürmə yolu ilə tam ödəməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin 2.3-cü bəndində göstərilən hesab fakturalar alıcı tərəfindən 30 (otuz) təqvim günü ərzində ödənilmədiyi halda, hər bir gecikmə gününə görə alıcı müvafiq hesab-faktura əsasında ödənilməli olan məbləğin 0,1 faizi qədərində cərimə ödəyir. Cərimənin ümumi dəyəri təhvil verilmiş məhsulun ümumi dəyərinin 20 faizindən çox ola bilməz. Həmin müqavilənin 3.1-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək və müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi “Alıcı”dan tələb etmək “Satıcı”nın hüqüqlarıdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən malı müqavilənin müəyyən edilmiş şərtlərlə və müddətdə “Alıcı”ya təhvil vermək və “Alıcı”ya tərəflərin razılaşdırdıqları çeşidə malları təhvil vermək “Satıcı”nın vəzifələridir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək “Alıcı”nın vəzifəsidir. İş materiallarında olan 03.03.2020-ci il tarixli (seriya EBAH №159596) elektron qaimədə cavabdeh iddiaçıdan 4 adda yekun məbləği 25043,75 manat təşkil edən malları təhvil alması barədə imza etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında həmin elektron qaiməni imzaladığını etiraf etmişdir. İddiaçının təqdim etdiyi 03 mart 2020ci il tarixli HXF seriyalı 057021 nömrəli “Malların təhvil-qəbul aktı”nda 03.03.2020-ci il tarixli (seriya EBAH №159596) elektron qaimədə göstərilən yekun məbləği 25043,75 manat təşkil edən malların İddiaçı MMC-nin direktoru tərəfindən təhvil verildiyi, Cavabdeh tərəfindən təhvil alındığı göstərilir. Cavabdeh qeyd edilən təhvil-qəbul aktını imzalamadığını və həmin aktdakı imzanın ona məxsus olmadığını bildirdiyindən, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. 12.04.2021-ci il tarixli 4/2021 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 31-ci vərəqində olan 03.03.2020-ci il tarixli HXF seriyalı 057021 saylı “Malların təhvil-qəbul aktı”nın aşağı hissəsində “Təhvil aldım” qrafasında “Cavabdeh” yazılarının qarşısında olan imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Eyni zamanda ekspertizaya təqdim edilmiş, işin 27-30-cu vərəqlərində olan 25 fevral 2020-ci il tarixli 0025/02-20 saylı “Alğı-satqı müqavilə”sinin 1-3-cü vərəqlərinin aşağı sağ künclərində olan imzalar və 4-cü vərəqində “Alıcı” qrafasında olan imza, işin 31-ci vərəqində olan 03 mart 2020-ci il tarixli HXF seriyalı 057021 saylı “Malların təhvil-qəbul aktı”nın aşağı hissəsində “Təhvil aldım” qrafasında “Cavabdeh” yazılarının qarşısında olan imza öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Hazırkı mübahisəyə münasibətdə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yaranması ilk olaraq iddiaçı tərəfindən satış predmeti olan əşyaların cavabdehə verilməsinin sübuta yetirilməsindən ibarətdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh təhvil-təslim aktındakı imzanın ona məxsus olmadığını mübahisələndirsə də, istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, ekspert rəyindən görünür ki, malların təhvil alınması barədə 03.03.2020-ci il tarixli “Malların təhvil-qəbul aktı”ndakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək malı cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. İddiaçının apellyasiya şikayətinin 26.03.2020-ci il tarixli elektron qaimə-faktura ilə dəyəri 2062.50 manat olan məhsulları da cavabdehə təhvil verilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 5-ci bəndinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. İş materiallarından (səh. 24-26) görünür ki, iddiaçı malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında məhkəməyə 2 ədəd elektron qaimə təqdim etmişdir. 25043,75 manat tələbin əsasını təşkil edən qaimə müəssisənin rəhbərinin, təhvil verənin və təhvil alanın imzaları ilə təsdiq edilmişdir. 2062.5 manat tələbin əsasını təşkil edən 26.03.2020-ci il tarixli qaimə isə müəssisənin rəhbəri tərəfindən imza və möhürlə təsdiq edilsə də, cavabdeh tərəfindən imzalanmamışdır. Bundan başqa, iddiaçı həmin tələbini təsdiq edən digər sübutlarını məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Öhdəliyin gecikdirilməsi nəticəsində əldən çıxmış faydanın tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilməmiş, iddiaçı bu tələbinin əsaslılığını təsdiq edəcək sübut təqdim etməmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilənin 2.3-cü bəndində göstərilən hesab fakturalar alıcı tərəfindən 30 (otuz) təqvim günü ərzində ödənilmədiyi halda, hər bir gecikmə gününə görə alıcı müvafiq hesab-faktura əsasında ödənilməli olan məbləğin 0,1 faizi qədərində cərimə ödəyir. Cərimənin ümumi dəyəri təhvil verilmiş məhsulun ümumi dəyrinin 20 faizindən çox ola bilməz. Mülki Məcəllənin 445.7-ci maddəsində isə göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur... Dəbbə pulunun tutulması hissəsində iddia tələbinin tam təmin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulunun azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-48/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-124/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-124/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver