Məhkəmə qərarları › İş №2-2(105)-124/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-124/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-124/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Türkiyə Respublikasının “X4 və Yumurta Ürünleri Sanayi X3”nin cavabdeh "xxxx" Açılq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı Türkiyə Respublikasının “X4 və Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirkəti”nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Türkiyə Respublikasının “X4 və Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirkəti”nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e- 2-2(119)-1057/2025 nömrəli qətnaməsindən iddiaçı Türkiyə Respublikasının “X4 və Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. “X4 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi ilə "xxxx" ASC arasında bağlanmış 29 mart 2021-ci il tarixli 29032021-1 nömrəli broyler inkubasiya yumurtası müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) hər bir göndəriş üzrə 306000 ədəd ROSS 308 broyler inkubasiya yumurtası müqavilədə göstərilən qiymət, tarix və ödəniş şərtləri əsasında çatdırılır. Müqavilənin 4-cü bəndinə əsasən, malların çatdırılma yeri “CİF Bakı/Azərbaycan”dır. Müqavilənin 5-ci bəndinə əsasən, 2-ci göndərişdən sonra ilk göndərişin qalığı ödənilməlidir.

2. “X5” adlanan xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 və xx.xx.2025- xx.xx.2025-ci illəri əhatə edən sənədlərə əsasən, cavabdehin iddiaçıya qalıq borcu 59086,1 ABŞ dolları məbləğində təşkil edir.

3. 02 aprel 2021-ci il tarixli İHC**********083 nömrəli invoys sənədi üzrə 114750 ABŞ dolları məbləğində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

4. 15 yanvar 2021-ci il tarixli köçürmə ərizəsi üzrə 71539,2 ABŞ dolları, 29 yanvar 2021-ci il tarixli köçürmə ərizəsi üzrə 50000 ABŞ dolları, 19 fevral 2021- ci il tarixli köçürmə ərizəsi üzrə 50000 ABŞ dolları, 05 mart 2021-ci il tarixli köçürmə ərizələri üzrə 12229,6 və 14281,6 ABŞ dolları, 01 aprel 2021-ci il tarixli köçürmə ərizəsi üzrə 114750 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür.

5. İş materiallarında olan vergi şəhadətnaməsi, 29 mart 2024-cü il tarixli fəaliyyət haqqında arayış sənədləri ilə hazırkı iş üzrə iddiaçı Türkiyə Respublikasının “X4 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirkətinin Türkiyə Respublikasında qeydiyyata alındığı və fəaliyyət göstərdiyi təsdiq olunur. İş materiallarına həmçinin gömrük bəyannamələri əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 59086,1 (əlli doqquz min səksən altı ABŞ dolları, on sent) ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 mart 2021-ci il tarixli müqavilə münasibətləri ilə əlaqədar olaraq 02 aprel 2021-ci il tarixdə cavabdehə İHC**********083 nömrəli hesab-faktura üzrə cəmi 114750 ABŞ dolları dəyərində broyler inkubasiya yumurtaları göndərilərək təhvil verilmişdir. Həmin əməliyyatdan sonra şirkətlər arasındakı əvvəlki hesab-fakturalar da nəzərə alınmaqla cavabdehin iddiaçıya qalıq borcunun məbləği 59086,1 ABŞ dolları təşkil etmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli. e-2-2(119)-1057/2025 nömrəli qərardadı ilə iddiaçı Türkiyə Respublikasının “X4 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi 02 iyul 2025-ci il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsini 2025-ci ilin iyun ayında məhkəməyə təqdim etmişdir. Tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqı-satqısı barədə müqavilə bağlanılmış və həmin müqavilədən yaranan münasibətlər 2020-ci il və 01 aprel 2021-ci ili təşkil aid olmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, 01 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən 114750 ABŞ dolları dəyərində damazlıq broyler inkubasiya yumurtalarının alınması məqsədilə əvvəlcədən avans ödənişi olaraq iddiaçıya göndərilərək bank hesabına pul ödəmişdir. Bank ödəniş sənədlərinə əsasən hüquqi şəxslər arasında olan kommersiya münasibətləri üzrə son ödəmələr 01 aprel 2021-ci il tarixini əhatə edir, ödəniş isə 114750 ABŞ dolları məbləğində təşkil etmişdir. İddiaçıya edilən son ödəniş tarixindən 4 ildən artıq vaxt keçmişdir. İddiaçı tərəf özü borcun yaranma vaxtını və tarixini müəyyən edə bilmir və borcun hansı gömrük və göndəriş sənədləri əsasında yaranması barədə sənədləri iş materiallarına əlavə etməmişdir. 01 aprel 2021-ci il tarixindən əvvəlki vaxtlara görə iddiaçının məhkəməyə təqdim etdiyi cədvəl üzrə cavabdeh tərəfindən ödənilən bank ödəniş və gömrük sənədlərinin surəti hazırkı ərizəyə əlavə edilmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək bildirmişdir ki, tərəflər arasında olan 01 yanvar 2021ci il tarixli hesablaşmalara əsasən cavabdehin iddiaçıya təxminən 151000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin ilin yanvar-aprel aylarında əlavə olaraq iddiaçı tərəfindən cavabdehə 310000 ABŞ dolları məbləğində mallar göndərilmiş, cavabdeh tərəfindən isə cəmi 400000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 02 aprel 2021-ci il tarixli hesab-faktura üzrə 114750 ABŞ dolları məbləğində broyler inkubasiya yumurtaları cavabdeh şirkətə göndərilmişdir. Daha sonra malların göndərilməsi və ödənişlərin edilməsi tarixlərində gecikmə halları müşahidə olunmağa başlamışdır. Bu fərq hazırda iddia tələbini təşkil edən 59086 ABŞ dolları məbləğini özündə ehtiva edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 01 aprel 2021-ci il tarixində 114750 ABŞ dolları məbləğində edilmişdir. Ötən müddət ərzində borcun ödənilməsi ilə bağlı tərəflər arasında şifahi danışıqlar olmuş, lakın aidiyyəti üzrə rəsmi müraciət edilməmişdir. İddiaçının nümayəndəsi göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsini 2025-ci ilin iyun ayında məhkəməyə təqdim etmişdir. Tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqı-satqısı barədə müqavilə bağlanılmış və həmin müqavilədən yaranan münasibətlər 2020-ci il və 01 aprel 2021-ci ilə aid olmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, 01 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən 114750 ABŞ dolları dəyərində damazlıq broyler inkubasiya yumurtalarının alınması məqsədilə əvvəlcədən avans ödənişi olaraq iddiaçıya göndərilərək bank hesabına pul ödəmişdir. Bank ödəniş sənədlərinə əsasən hüquqi şəxslər arasında olan kommersiya münasibətləri üzrə son ödəmələr 01 aprel 2021-ci il tarixini əhatə edir, ödəniş isə 114750 ABŞ dolları məbləğində təşkil etmişdir. İddiaçıya edilən son ödəniş tarixindən 4 ildən artıq vaxt keçmişdir. İddiaçı tərəf özü borcun yaranma vaxtını və tarixini müəyyən edə bilmir və borcun hansı gömrük və göndəriş sənədləri əsasında yaranması barədə sənədləri iş materiallarına əlavə etməmişdir. 01 aprel 2021-ci il tarixindən əvvəlki vaxtlara görə iddiaçının məhkəməyə təqdim etdiyi cədvəl üzrə cavabdeh tərəfindən ödənilən bank ödəniş və gömrük sənədlərinin surəti hazırkı ərizəyə əlavə edilmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2-2(119)- 1057/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən, yəni həmin müddət ötürülmüş olduğundan iddia təmin edilməməlidir.

12. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamənin qəbul edilməsi üçün hüquqi əsas kimi iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsinə və mübahisənin həlli ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin verdiyi ərizəyə istinad etmişdir. Normaya əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında ödənişin xx.xx.2022-ci il tarixdə həyata keçiriləcəyinə dair şifahi razılaşma olduğu üçün iddiaçı öz hüquqlarının pozulduğunu həmin vaxtdan bilmişdir. Beləliklə, 3 illik iddia müddətinin başlanması həmin vaxtdan hesablanmalıdır. Həmin normaya əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək iddiaçıya yaranmış borcu ödəyəcəyini bildirsə də borcu ödəməmişdir. Normaya əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin normaya əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Məhkəmə prosesi iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.3. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli qərarı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli qərarının tələblərinə uyğun olaraq düzgün müəyyən etmişdir ki, xarici elementli hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətə malikdir. İş üzrə tərəflər, habelə apellyasiya şikayəti verən iddiaçı da bu halı hazırda mübahisələndirmirlər.

22. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında 29 mart 2021-ci il tarixli müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı olan iddiaçı alıcı cavabdehi həmin müqavilənin predmeti olan mallarla təmin etməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının tələbinə əsasən cavabdehin ona olan borcunun məbləği hazırda 59086,1 ABŞ dolları məbləğində təşkil edir. Cavabdehin nümayəndəsi həmin pulu ödədiyini qeyd etməklə yanaşı, iddia müddətinin ötdüyünü göstərməklə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir.

23. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəfindən sonuncu dəfə 01 aprel 2021-ci il tarixində ödəniş edildiyini bildirmişdir. Cavabdehin təqdim etdiyi köçürmə sənədlərinə əsasən də iddiaçıya sonuncu ödənişin 01 aprel 2021-ci il tarixində aparıldığı müəyyən olunur. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - 03 iyun 2025-ci il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçının 01 aprel 2021-ci il tarixindən başlayaraq 3 il müddətində ödənişləri tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsi izahatında borcun ödənilməsi ilə bağlı tərəflər arasında şifahi danışıqların olduğunu, razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək iddiaçıya yaranmış borcu ödəyəcəyini bildirdiyini qeyd etsə də bununla bağlı təsdiqedici sübutlar təqdim etməmiş, cavabdeh isə belə bir halın mövcudluğunu qəbul etməmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

26. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

27. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında tələb olunan borcun ödənilməsini təsdiq edən sübutlar təqdim etməsə də iddia müddətinin tətbiqi barədə ərizə iddianın təmin edilməməsi üçün əsas kimi qəbul olunmaldır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-2-2(119)-1057/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar