Məhkəmə qərarları › İş №2-2(105)-125/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-125/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-125/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-90/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-90/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh (VÖEN **********) 50400 (əlli min dörd yüz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 50430 (əlli min dörd yüz otuz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50400 (əlli min dörd yüz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə fərdi sahibkar Cavabdeh arasında 26 sentyabr 2018-ci il tarixli 002-26/09/2018 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə “Satıcı” (Cavabdeh) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları “Alıcı”ya ("xxxx" QSC) satır və alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. İddiaçı (alıcı) müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, lazımi qaydada və tam olaraq icra etsə də, cavabdeh (satıcı) tərəfindən müqavilənin şərtləri ciddi şəkildə pozularaq, indiyədək icra edilməmişdir. Belə ki, tərəflər arasında 12 dekabr 2018-ci il tarixində müqaviləyə 2 nömrəli əlavə imzalanmışdır. Qeyd edilən əlavəyə görə cavabdeh tərəfindən iddiaçıya 50400 (əlli min dörd yüz) manatlıq mallar satılmalı, iddiaçı tərəfindən isə malların dəyəri ödənilməli idi. İddiaçı tərəfindən 2 nömrəli əlavədə göstərilən malların dəyəri 14 dekabr 2018-ci il və 29 mart 2019-cu il tarixlərində tam olaraq cavabdehə ödənilsə də, sonuncu tərəfindən əlavədəki mallar bugünədək iddiaçıya təhvil verilməmişdir. Halbuki, müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində satıcı malları qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür. Həmçinin müqavilənin 2.2-ci maddəsinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir. Dəfələrlə haqqında bəhs edilən malların təhvil verilməsi ilə əlaqədar cavabdehlə danışıqlar aparılsa da, faydasız olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı "xxxx" QSC-nin rəhbəri ilə Cavabdeh arasında uzun illər köklü münasibətə dayanan əməkdaşlıqları, həmçinin ticari fəaliyyətdən əlavə yoldaşlıq münasibətləri mövcud olmuş, çətin vəziyyətlərdə bir-birlərinə hər zaman dəstək olmuşlar. Belə ki, 26.09.2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 002-26/09/2018 saylı alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı, yəni Cavabdeh sözügedən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “qiymətlərin razılaşdırma protokolu”nda göstərilən malları alıcıya, yəni hazırki iş üzrə iddiaçı "xxxx" QSC-yə təhvil verməyi, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan yaxın münasibətindən dolayı, cavabdeh haqlı olaraq iddiaçıya güvənmiş və təhvil-təslim aktı tərtib etməmişdir. Bununla birlikdə, hər iki tərəf üzərlərinə düşən öhdəliyi lazımi qaydada icra etsələr də, iddiaçı üzərindən 3 ilə yaxın bir müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən sözügedən müqavilə ilə razılaşdırılmış malların təhvil verilmədiyini əks etdirən absurd və heç bir hüquqi əsasa söykənməyən iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, sözügedən məhkəmə isə işin hallarını tam və hərtərəfli araşdırmadan, təktərəfli mövqe tutaraq iddia tələbini təmin etmişdir. İddiaçının belə bir əsassız iddiasının altında yatan əsl səbəb cavabdehlə aralarında uzun müddətdir mövcud olan yoldaşlıq münasibətinin pozulmasıdır. Belə ki, məlum olduğu kimi sözügedən alğı-satqı müqaviləsinin üzərindən 3 ilə yaxın bir müddət keçmişdir. Əgər cavabdeh tərəfindən həmin mallar iddiaçıya təhvil verilməyibsə, nə üçün bu müddət ərzində iddiaçı öz “haqqını” məhkəmə qaydasında tələb etməyib? Və ya 50.400 (əlli min dörd yüz) manat dəyərində olan malların təhvil verilməsi üçün hər hansı gözlə görüləcək və əhəmiyyətli addım atmayıb? Buradan belə nəticəyə gəlinir ki, iddiaçı yalnız şəxsi motivləri ilə hərəkət edərək cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş malların təhvil verdiyi halda guya təhvil verilmədiyini irəli sürüb cavabdehin qanunla qorunan hüquq və mənafelərini kobud şəkildə pozmuşdur. Cavabdehin sözügedən alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş malları təhvil verdiyinə dair mühüm əhəmiyyətli sübutlar mövcuddur. Belə ki, malların anbara daxil olduğunu təsdiq edən dəftərdə həmin malların miqdarı və anbara daxil olma tarixi dəqiqliklə əks olunmuşdur. Həmçinin cavabdeh və iddiaçı "xxxx" QSC-nin rəhbərinin arasında keçən whatsapp yazışmaları cavabdehin həmin malları təhvil verdiyini bir daha təsdiq edir. Bundan əlavə sözügedən malların Dövlət Gömrük Komitəsindən daxil olduğunu sübut edən hesab fakturaların verilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdir. Qeyd edək ki, cavabdeh yaxın dost münasibəti və malların təslimindən uzun müddət keçməsinə görə malların Dövlət Gömrük Komitəsindən daxil olduğunu təsdiq edən hesab faktura sənədləri əlində saxlamamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 26 sentyabr 2018-ci il tarixli 002- 26/09/2018 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, “Satıcı” hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı”ya ödəyir. İş materiallarında olan 26 sentyabr 2018-ci il tarixli 002-26/09/2018 nömrəli müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 12 dekabr 2018-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 2) görünür ki, həmin protokola əsasən 26 sentyabr 2018-ci il tarixli 002-26/09/2018 nömrəli müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə cəmi 50400 (əlli min dörd yüz) manat dəyərində 560 (beş yüz altmış) ədəd “Kobra Led” lampasının satılması barədə razılığa gəlinmişdir. İş materiallarından müəyyən olunur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bank hesabından Cavabdeh bank hesabına 14 dekabr 2018-ci ildə 10000 (on min) manat və 29 mart 2019-cu ildə isə 40400 (qırx min dörd yüz) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 569.1, 575.1, 599.3, 385.1, 425.1, 427.3, 445.1 və 448-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının isə öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud əşya alıcıya verildikdən müəyyən müddət sonra aparılmalıdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (Mülki Məcəllənin 404.2.-ci maddəsi) İş materiallarında olan 29.11.2018-ci il tarixli 956376 nömrəli elektron qaimədən görünür ki, 50400 manat dəyərində 560 ədəd “led çöl lampası” cavabdeh tərəfindən hüquqi şəxs olan iddiaçıya təqdim edilmişdir. (səh.34) İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən alınan mallara görə pul vəsaiti 14.12.2018-ci il və 29.03.2019-cu il tarixlərdə ödənilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yuxarıda adı çəkilən elektron qaimə-faktura proqram təminatı tərəfindən silinməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə işin bu hallarına qiymət verilməmişdir. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 5-ci bəndinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Həmin qərarla təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-fakturanın təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 50400 manat məbləğində mal verməsi iş materiallarında olan elektron qaimə ilə təsdiqini tapdığından, öhdəliyin icra edilməməsinə əsaslanan mövcud iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(119)-90/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 50400 (əlli min dörd yüz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(119)-90/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 50400 (əlli min dörd yüz) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar