Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-126/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: şikayətin qeyri-mümkün hesab edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-1052/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)- 1052/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.1.6 və 152.1.6-1-ci maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır.
3. İddiaçı "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-1052/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmiş və həmin şikayətini onunla əsaslandırılmışdır ki, Mediasiya Şurasının tələbinə əsasən Bakı şəhərində yerləşən mediasiya təşkilatında fəaliyyət göstərən mediatorlar Bakı, Abşeron rayonu ərazisində qeydiyyatda olan şəxslərin mübahisələrinə baxa bilər. Yəni belə bir istisna hal göstərilməmişdir ki, Bakı 8 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediatorun (kommersiya işlərində) Abşeron rayon qeydiyyatında olan şəxsin işinə baxa bilməz. Hazırki, iş üzrə cavabadeh Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. Eyni zamanda Mediasiya Şurasının rəsmi internet səhifəsində bu məlumatlar dərc edilmişdir və orada istisna hallar göstərilməmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli e-2-2(119)- 1052/2023 nömrəli qərardadı ilə iddiaçı "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)-1052/2023 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
5. İddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asan imzada texniki qüsur olduğu üçün onların xahişi əsasında məhkəmə qərardadından verilmiş şikayəti mediator X6 imzalamışdır. Şikayətin icraata qəbul edilərək baxılmasını məhkəmə kollegiyasından xahiş etdi.
6. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.4 Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir.
9. Belə ki, iş üzrə sənədlərdən görünür ki, mübahisələndirilən məhkəmə qərardadından verilmiş şikayət elektron kabinet vasitəsi ilə göndərilməklə X6 tərəfindən imzalanmış, sonuncunun məhkəmə aktından şikayət vermək səlahiyyətini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir.
10. Eləcə də kollegiya araşdırması zamanı iddiaçının nümayəndəsi izahat verərək şikayətin iddiaçıya aidiyyəti olmayan, mediator Aqşin Məmmədli tərəfindən imzalandığını göstərdi.
11. 04.09.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ona nöqsanların aradan qaldırılması üçün bir gün vaxt verilməsini xahiş etməsinə baxmayaraq, qeyd olunan nöqsanı aradan qaldırmamışdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən şikayətin imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına əhəmiyyət verməmiş, şikayəti geri qaytarmalı olduğu halda mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
13. MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
14. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti, şikayəti imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından qeyrimümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldi:
Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli e-2-2(119)- 1052/2023 nömrəli qərardadından iddiaçı "Aypara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkikollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.