Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-129/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "İddiaçı" ŞTİ-nin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1104/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair qərardad Açar sözlər: apellyasiyanın mümkünlük əsasları, qətnamədən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədov Zahid Tahir oğlu (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı”İddiaçı ŞTİ-nin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ”İddiaçı ŞTİ-nin (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1104/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 5000 (beş min) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 460 (dörd yüz altmış) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borcun, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 1500 (min beş yüz) manat məbləğində xidmət haqqının və 459,15 (dörd yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.
Cavabdehin apellyasiya şikayəti və onun dəlilləri
4. Cavabdeh tərəfindən elektron kabinet vasitəsilə Mülki-Prosessual Məcəlləyə Əlavə 2-də müəyyən edilmiş forma şəklində edilmiş apellyasiya şikayətində şikayət verən şəxsin ünvanı, rəsmi qeydə alındığı ünvan, yazışmaların aparılmasının istənildiyi digər ünvan, elektron poçt ünvanı, mobil telefon nömrəsi göstərilməmişdir.
5. Şikayətin maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi barədə dəlillər hissəsində isə aşağıdakılar göstərilmişdir: “İddiaçı tələb edilən model və xüsusiyyət əşya vermək öhdəliyini icra etməmişdir.”; “İddiaçı tərəf müqavilə şərtləndirilmiş əşyanı cavabdehə təhvil verməmişdir. İddiaçı tərəf müqavilə şərtləndirilmiş əşyanı cavabdehə təhvil verməmişdir”; “İddiaçı tərəf zəruri keyfiyyətdə, yəni alğı-satqı müqaviləsinin şərtlərinə uyğun olan və cavabdehin tələbatını qarşılayan əşya verməmişdir. Beləliklə, cavabdeh aldadılmışdır. Məhkəmə bu xüsusata əhəmiyyət vermədən qərəzli qətnamə qəbul etmişdir”.
6. Şikayətin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri qismində isə qətnamənin qanuni və əsaslı olmadığı, məhkəmənin işin bütün hallarını araşdırmadığı, cavabdeh tərəfə özünü müdafiə etmək üçün şərait yaratmadığı, ədalətsiz və qanunsuz qətnamə qəbul etdiyi göstərilmişdir.
7. Cavabdeh şikayətində daha sonra məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər kimi göstərir: “məhkəmə işin butun hallarını araşdırmamışdır. İddiaçı müqavilə şərtlərini pozmuş və müqavilə üzrə razılaşdırılmış keyfiyyətdə mal göndərməmişdir”. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər qismində göstərilir: “İddiaçı tərəf müqavilə üzrə razılaşdırılmış keyfiyyətdə mal göndərdiyi barədə sübutlar təqdim etməmişdir. Məhkəmə bu xüsusu nəzərə almayaraq qeyri-obyektiv qətnamə qəbul etmişdir.” Şikayətin birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər bölməsində cavabdeh göstərir ki, “birinci instansiya məhkəməsi məhkəmənin yeri və vaxtı barəsində cavabdeh tərəfə düzgün məlumat vermədiyinə görə, cavabdeh tərəf özünün haqlı mövqeyini sübut edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin yanıldılması nəticəsində, onun müdafiə mövqeyi məhkəmədə səsləndirilməmiş, konstitusiya ilə təsbit edilmiş müdafiə hüququ kobud pozulmuşdur.” 8.Apellyasiya şikayətinə hər hansı əlavə sübut, sənəd əlavə edilməmiş, vəsatət təqdim olunmamışdır.
Apellyasiya instansiyasında apellyasiyanın mümkünlüyü ilə bağlı iclas
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətdə əsassız və reallığı əks etdirməyən məlumatların qeyd edildiyini, cavabdeh tərəfin məhkəmədə iştirakı və etirazlarını məhkəməyə bildirmək üçün lazımi şərait yaradıldığını, cavabdeh tərəfin məhkəmə iclaslarında iştirak etmədiyini və iddiaya öz etiraz və mülahizəsini təqdim etmədiyini, hazırki apellyasiya şikayətinin verilməsində məqsədin əslində cavabdehin öhdəliyin icrasını və iddia tələbində göstərilən məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini yubatmaq və bununla da iddiaçının pulunu özündə saxlamaqla iddiaçıya zərər vurmaq olduğunu bildirmiş, apellyasiya şikayətinin mümkün hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəblərdən gəlmədiyi barədə hər-hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.
Maddə 174. Məhkəmə iclasına sədrlik edən ... 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; ... 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. ... Maddə 365. Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
13. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bir sıra mühüm qaydalar, məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 363.1.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydadır. Həmin normaya əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır.
14. MPM-nin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan məzmun tələbləri nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində digər məlumatlarla yanaşı, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar əksini tapmalıdır.
15. Hazırki işin materiallarından görünür ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə hüquqi şəxsin ünvanı, şikayəti hüquqi şəxsin adından imzalayan nümayəndənin adı, telefon nömrəsi, elektron poçt ünvanı göstərilməmiş, şikayəti imzalayan şəxsin buna dair səlahiyyətlərini təsdiq edən sənədlər, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və halları təsdiq edən sübutlar da şikayətə əlavə olunmamışdır. Yuxarıda qeyd edilən məzmunda olan apellyasiya şikayəti MPM-nin “Apellyasiya şikayətinin məzmunu” adlanan 361-ci maddəsinin tələblərinə və Məcəllə ilə müəyyən edilmiş formaya uyğun gəlməsə də, qeyd edilən məlumatların “Elektron məhkəmə” informasiya sistemindən əldə edilməsi mümkün olduğundan apellyasiya şikayəti həmin əsaslarla formal olaraq qeyri-mümkün hesab edilməmişdir.
16. Əksinə, məhkəmə kollegiyası cavabdehin “yanıldılma nəticəsində müdafiə mövqeyini məhkəmədə səsləndirilməməsi” və “konstitusiya ilə təsbit edilmiş müdafiə hüququnun kobud pozulması” barədə dəlillərini nəzərə alaraq apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə, çəkişmə prinsipinə uyğun olaraq müzakirə etməyi zəruri hesab etmiş, bu barədə şifahi məhkəmə iclası təyin olunaraq cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə bildiriş göndərilmiş, habelə cavabdehin qanuni təmsilçisi (direktoru) olan X3 “Elektron məhkəmə” informasiya sistemində aşkar edilmiş mobil telefon nömrələrinə məhkəmə iclasının vaxtı və yeri barədə SMS göndərilmişdir.
17. Cavabdehə göndərilmiş bildirişdə apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu baxımından onun mümkünlüyünə dair münasibətini, habelə etiraz və ya izahatlarını, əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla ona əlavə edilmiş sənədləri təqdim etmək imkanı barədə məlumat verilməsinə baxmayaraq hər-hansı sənəd və sübut təqdim olunmamışdır.
18. Kollegiya qeyd edir ki, MPM-nin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı onun formasını müəyyənləşdirən Əlavə 2-də də şikayətlə bağlı mühüm tələblər öz əksini tapmışdır. Belə ki, apellyasiya şikayətində ayrı-ayrılıqda hər bir maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, ən mühümü isə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir (11-ci hissə).
19. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətində isə yuxarıda qeyd edilən tələblərə əməl olunmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı izah deyil, sadəcə bir neçə cümlədən ibarət bəyanatlar əks olunmuş, apellyasiya baxışı zamanı buna şərait yaradılsa da, birinci instansiya məhkəməsinə təqdim edilməmiş hərhansı yeni sübutlar da təqdim olunmamışdır.
20. Qeyd olunmalıdır ki, ümumiyyətlə cavabdeh hazırkı iş üzrə hazırlıq və baxış iclaslarının vaxtı və yeri barədə elektron kabinet və SMS vasitəsi ilə lazımi qaydada məlumatlandırılsa da, heç bir məhkəmə iclasında iştirak etməmiş, iddiaçının dəlillərinə dair heç bir sübut təqdim etməmişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemində cavabdehin tərəf olduğu digər işlərə dair məlumatlardan görünür ki, Cavabdeh MMC istər iddiaçı, istərsə də cavabdeh kimi digər işlərdə tərəf qismində elektron kabinet vasitəsi ilə iştirak etmiş, hətta hazırkı işin birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə digər bir kommersiya mübahisəsi üzrə də cavabdeh qismində vəkil vasitəsi ilə təmsil olunmuş, hazırkı iş üzrə apellyasiya şikayəti də elektron kabinet vasitəsi ilə, şikayət müddətinin başa çatmasına 3 gün qalmış təqdim olunmuşdur. İşin qeyd edilən halı da məhkəmə kollegiyasının iddiaçının nümayəndəsinin izahatında cavabdehin hazırkı iş üzrə davranışına dair göstərdiyi halların doğru olması, cavabdehin prosessual hüquqlardan vicdanla istifadə etməməsi qənaətinə gəlməsinə əsas verir. Kollegiya MPM-nin 174.5-ci maddəsinə istinadən qeyd edir ki, cavabdehin prosessual hüquqlardan sui-istifadə xarakteri daşıyan belə davranışı onun cərimə olunması ilə də nəticələnə bilər.
21. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən və onun mümkünlüyü ilə bağlı cavabdeh tərəfindən hərhansı əlavə sübut təqdim olunmadığından hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də o qeyri-mümkün hesab olunaraq qəbul olunmamış hesab edilməli, apellyasiya şikayəti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə MPM-nin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir.
23. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı “İddiaçı ŞTİ-nin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, e- 2-2(119)-1104/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.