Məhkəmə qərarları › İş №2-2(105)-134/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-134/2023

16.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-134/2023 16.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-981/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Vergi ödəyicisi "Çinar" X1 ərizədə qeyd olunan 25 iyun 2023-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 1982,04 (min doqquz yüz səksən iki manat 04 qəpik) manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna olan 2937,49 (iki min doqquz yüz otuz yeddi manat 49 qəpik) manat məbləğində borcunun olması mübahisə predmeti olmamış və ərizəyə əlavə edilmiş sənədlərlə həmin borcun mövcudluğu öz təsdiqini tapmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "Çinar" X1 (VÖEN **********) 25 iyun 2023-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə olan 1982,04 (min doqquz yüz səksən iki manat 04 qəpik) manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna olan 2937,49 (iki min doqquz yüz otuz yeddi manat 49 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-981/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) ərizənin təmin edilməsi, 25 iyun 2023-cü il tarixinə hesablanmış 1982,04 (min doqquz yüz səksən iki manat 04 qəpik) manat məbləğində vergi borcunun Dövlət Büdcəsinə və 2937,49 (iki min doqquz yüz otuz yeddi manat 49 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək vergi ödəyicisi "Çinar" X1 icra orqanının rəhbəri - xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs (ünvan: Zəngilan rayonu, Hacallı kəndi) icra orqanının rəhbəri olduğu hüquqi şəxs "Çinar" X1 (VÖEN **********) Dövlət Büdcəsinə 1982,04 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 2937,49 manat məbləğində borcu vardır.

5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, Miqrasiya Məcəlləsinin 9.3.6-1, Mülki-Prosessual Məcəllənin 305.1.12, 355-5.1, 355-7.4, 14.2, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

6. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, vergi orqanının ərizəsi təmin edilməməklə, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Çinar” X1 (STB) (VÖEN:**********) əvvəlki təsisçisi və direktoru X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, qanun üzrə vərəsəliklə bağlı aidiyyəti üzrə notariat kontoruna müraciət olunmuş və Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən mərhumun həyat yoldaşı X2 qanun üzrə vərəsə olmasına dair xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında müəssisəyə təsisçi və direktor dəyişikliyi ilə bağlı xx.xx.2023-cü il tarixli **********072200 saylı hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan günədək müəssisənin fəaliyyəti olmamış və asan imzanın əldə olunması mümkün olmamışdır. Bundan sonra yeni asan imza alınmaqla müəssisənin fəaliyyətinin bərpa olunmasına cəhd olunsa da, əvvəllər hesablanmış və vergi qanunvericiliyinin tələblərinə əsasən silinməli olan ümidsiz borcların mövcudluğu müəssisənin bank hesablarının aktiv olunması və fəaliyyətinin bərpa olunmasına maneələr yaratmışdır. Bununla əlaqədar, ümidsiz vergi borclarının silinməsi üçün dəfələrlə vergi orqanına müraciətlər olunsa da, vergi orqanı tərəfindən şikayətlərə baxılmamışdır. “Çinar” STB-nin fəaliyyəti xx.xx.2017-ci il tarixli **********188200 saylı kargüzarlıq nömrəli məktubla xx.xx.2017 ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi dayandırılmışdır. Müəssisənin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə müəssisəyə, yəni ümidsiz borc olaraq silinməli olan dövrə görə, ümumilikdə 3713,81 manat (2698.07 manat əsas borc, 1015,74 manat faiz borcu) hesablanmışdır. Həmin vergilər və faizlər Vergi Məcəlləsinin tələblərinə əsasən ümidsiz borc kimi silinməli olduğu halda, vergi orqanı tərəfindən həmin borcların silinməsi təmin olunmamışdır. Qeyd olunanlara əsasən ümidsiz borcların silinməsi ilə bağlı vergi orqanına dəfərlərlə müraciətlər edilsə də, həmin müraciətlərə baxılmamış və ümidsiz borcların silinməsi təmin olunmamışdır. Vergi orqanı tərəfindən ümidsiz borcların silinməsi təmin olsa, müəssisənin şəxsi hesab vərəqəsindəki vergi borcu məbləği də silinəcək və bununla da müəssisənin fəaliyyəti bərpa olunacaqdır. Çünki, vergi borcu olduğu müddətdə müəssisənin bank hesablarının aktivləşdirilməsi qeyri-mümkündür. Bu da, müqavilələrin bağlanması, obyekt-qeydiyyat kodunun alınması, zəruri dövlət ödənişlərinin həyata keçirilməsində maneələrə səbəb olur. Bundan başqa, şəxsi hesab vərəqəsindən görünür ki, müəssisənin fəaliyyətinin olmadığı dövrdə xx.xx.2019-cu il tarixdə xx.xx.2018-ci il tarixə, ümumilikdə 2937,49 manat (2343,04 manat əsas, 594,45 manat penya) sosial sığorta və işsizlikdən sığorta haqları hesablanmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli N-1042-VQ saylı Qanuna əsasən xx.xx.2018-ci il tarixədək olan borclar silinmişdir. Lakin, buna baxmayaraq, müəssisənin şəxsi hesab vərəqəsində məcburi dövlət sosial sığorta haqqları ilə bağlı borc hələ də qalmaqdadır. Müəssisə xx.xx.2017-ci il tarixli **********188200 saylı kargüzarlıq nömrəli məktubla xx.xx.2017 ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi fəaliyyətini dayandırdığı halda, bundan başqa, xx.xx.2018-ci il tarixədək olan məcburi dövlət sosial sığorta haqları silinməli olduğu halda, necə ola bilər ki müəssisənin xx.xx.2018-ci il tarixə borcu qalsın?! Bu tamamilə absurddur. Lakin, buna baxmayaraq, məhkəmə tərəfindən qeyd olunan xüsusatların araşdırılmasından imtina edilmiş, yəni ərizəçinin ərizədə qeyd etdiyi borcların əsaslı olub-olmaması müəyyənləşdirilmədən ərizə təmin olunmuşdur. Qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixdə müəssisəyə hesablanmış borcların silinməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuş, hazırda e-2-1(118)- 4576/2023 saylı iş hakim Leyla Mirzəyevanın icraatındadır və xx.xx.2023-cü il tarixə iş üzrə hazırlıq icraatı təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə prosesində iştirak edən zaman hesablanmış vergi borcunun əsassız olması və silinməli olması barədə məhkəməyə bildirilsə də, məhkəmə qeyd olunan xüsusatları araşdırmaqdan imtina etmişdir. Bundan başqa, həmin proses zamanı məhkəmə prosesin xx.xx.2023-cü il tarixə təxirə salması barədə bildirmişdir. Bu proses zamanı video çəkilişdə öz əksini tapmışdır. Lakin, sonradan proses xx.xx.2023-cü il tarixdə keçirilmişdir. O isə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə şəxsi işlərilə əlaqədar ölkə hüdudlarından kənarda olduğundan prosesin müddətinin dəyişdirilməsindən məlumatı olmamış, bu barədə sms məlumat verilməmişdir. Məlumatı olsa idi, xx.xx.2023-cü il tarixdə prosesdə iştirak edərək, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməyi barədə məhkəməyə məlumat verərdi. Lakin, bu hüququ pozulmuşdur. Bundan başqa, qətanmədən də göründüyü kimi, Zəngilan rayonu, Hacallı kəndində daimi qeydiyyatda olsa da, hazırda ünvan 2 ünvanında yaşayır. Bu barədə məhkəməyə də məlumat vermişdir. Hətta bu barədə vergi orqanının da məlumatı vardır. Lakin, buna baxmayaraq, aidiyyət normaları pozularaq, vergi orqanı tərəfindən ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş və yekun qərar qəbul olunmuşdur. Ərizə yaşayış ünvanı üzrə, yəni Bakı Kommersiya Məhkəməsinə verilməli idi. Lakin, bu qayda üzrə də tələblər pozulmuşdur. Göründüyü kimi, hazırki qətnamə istər maddi norma baxımından, istərsə də prosessual norma baxımdan hüquq pozuntuları olmaqla qəbul olunmuş və hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunmasını xahiş etdi.

10. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Maddə 24.0.2-1. Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Maddə 77.1. vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305.1.12. Məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs (ünvan: Zəngilan rayonu, Hacallı kəndi) icra orqanının rəhbəri olduğu hüquqi şəxs "Çinar" X1 (VÖEN **********) Dövlət Büdcəsinə 1982,04 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 2937,49 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, şikayətin dəlillərindən də göründüyü kimi, maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxsin borcunun olduğunu bildirmişdir. Həmin borcun olub-olmaması mübahisə predmeti deyildir. Maraqlı şəxs həmin borcların ümidsiz borclar olduğunu bildirmiş, həmin borcların müəssisənin bank hesablarının aktiv olunması və fəaliyyətinin bərpa olunmasına maneələr yaratdığını bildirmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, həmin borclar hüquqi şəxsin borclarıdır və həmin borcların olduğunu maraqlı şəxs də mübahisələndirmir, apellyasiya şikayətinin istinad olunan dəlili-həmin borcun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi qətnamənin ləğvi üçün əsas deyildir.

20. Apellyasiya şikayətinin digər bir dəlili işin ərazi aidiyyəti ilə bağlıdır. İş materiallarından görünür ki, ərizədə maraqlı şəxsin ünvanı “Zəngilan rayonu, Hacallı kəndi” kimi göstərilmişdir. Ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş vergi ödəyicisi olan hüquqi şəxs haqqında məlumatda, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində, bildirişlərdə və digər bütün sənədlərdə maraqlı şəxsin ünvanı “Sumqayıt şəhəri, 9 mkr, ev 29/26, m 20” kimi qeyd olunmuşdur. Maraqlı şəxs Bakı şəhərində yaşadığını bildirsə də, iş materiallarında bunu təsdiqləyəcək sübut yoxdur.

21. Şikayətin son dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli iclasda iştirak etmiş, məhkəmə iclasının 28 avqust 2023-cü il tarixə təxirə salınması barədə məhkəmə bildirişinin kötüyünə imza etmişdir. Bu səbəbdən onun iclasın vaxtı ilə bağlı məlumatlı olmaması barədə dəlilləri kollegiya əsassız hesab edir.

22. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-981/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar