Məhkəmə qərarları › İş №2-2(105)-135/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-135/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-135/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-342/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17056 manat əsas borc, 5772,44 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-342/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardaddan İddiaçı ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən cəmiyyətin lizinq portfeli üzrə hüquq və öhdəliklərinin 6 ay müddətində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, lizinq portfelinin aidiyyəti üzrə ötürülməsinin təhvil-təslimi başa çatdıqdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə tərəf kimi çıxış edə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020- ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Yəni, hazırkı məhkəmə baxış iclasında baxılan iddia ərizəsini vermiş hüquqi şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və hal-hazırda “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəlikləri yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış (Fərmanın 1-ci bəndi) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. (Fərmanın 2.2-ci bəndi) Göründüyü kimi, Fərmanla kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Lakin Fərmanın 3.1-ci bəndi ilə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər görülməsi; Fərmanın 4.1-ci bəndi ilə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması və Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi müəyyən olunmuşdur. Mövcud Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün artıq qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Agentliyə ötürülməsi təmin edilənədək işə İddiaçı ASC-nin iştirakı ilə baxılması davam etdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-342/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-342/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar