Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-137/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2021/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2021/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır (hakim İslam Əliyev). İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2021/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunan iddia ərizəsi və ona əlavə olunan sənədlərə MPM-nin 10-1-ci maddəsinin tələblərinə riayət edilməsini təsdiq edən sənədlər əlavə edilmişdir. Belə ki, cavabdeh tərəfə müvafiq sənədlərin həm poçt vasitəsilə Cavabdeh hüquqi ünvanına göndərilməsi barədə poçt qəbzi, eləcə də Dövlət Vergi Xidmətinin fiziki və hüquqi şəxslərin istifadəsinə təqdim etdiyi “Onlayn kargüzarlıq” vasitəsilə hüquqi şəxsin şəxsi kabinetində yerləşdirilməsini təsdiq edən sənəd məhkəməyə göndərilmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən Cavabdeh direktoru Tufan Qafarovla iddia ərizəsində qeyd olunan mobil telefonuna zəng olunaraq məlumat verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 2021/2024-018 saylı qərardadında iddia ərizəsinin geri qaytarılması üçün digər bir hal kimi qeyd olunmuşdur ki, iddia ərizəsində Cavabdeh ünvanı haqqında məlumat göstərilməmişdir. Bununla bağlı qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Məhkəməyə təqdim olunan sənədlərdə eyni zamanda, ASAN imza ilə imzalanmış iddia ərizəsi təqdim olunmuşdur. Məhkəməyə təqdim olunmuş iddia ərizəsində Cavabdeh ünvanı və digər məlumatları qeyd edilməklə, hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış da sənədlərə əlavə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2021/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(119)-2021/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2021/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İslam Əliyev). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədin məhkəməyə təqdim olunmadığından iddia ərizəsini geri qaytarmış və mövqeyini MPM-in 10-1.1-ci, 150.1.4-cü, 150.2-ci və 152.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Belə ki, MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, hüquqi ünvanına göndərilməsi barədə poçt qəbzi, eləcə də Dövlət Vergi Xidmətinin fiziki və hüquqi şəxslərin istifadəsinə təqdim etdiyi “Onlayn kargüzarlıq” vasitəsilə hüquqi şəxsin şəxsi kabinetində yerləşdirilməsini təsdiq edən sənəd iddia ərizəsinin surətinin cavabdehə təqdim edilməsi barədə sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsindən göründüyü kimi kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin) və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Ona görə də iddia ərizəsinin cavabdehin hüquqi ünvanına göndərilməsi həmin sənədlərin rəsmi qaydada çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmş məlumatlara əsasən də müəyyən edilir ki, cavabdehin elektron kabineti var və iddiaçının iddia ərizəsini həmin elektron kabinetə göndərmək imkanı olsa da, ondan istifadə etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-2(119)- 2021/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-137/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-137/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver