Məhkəmə qərarları › İş №2-2(105)-140/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-140/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-140/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı pulun ödənilməsi və müqavilənn ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, e-2-2(119)-558/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, 29.03.2019 tarixli LM№343/03-2019 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında 23.10.2019-cı il tarixli LM №343/03-2019-01 saylı Razılaşma müqaviləsi üzrə "xxxx" QSC-yə olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə cəmi 92161,37 AZN məbləğində borc, gecikmə cərimələri üzrə 15842 AZN, faiz/mükafat üzrə 24914.12 AZN, əsas məbləğ üzrə 45241.25 AZN pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, 29.03.2019 tarixli LM№343/032019 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında 23.10.2019 tarixli LM№343/03-2019- 01 saylı Razılaşma müqaviləsi ləğv edilməklə lizinq obyektlərinin – 04 ədəd “PAZ 320435 04 Vector Next” markalı vaqon 19+1 yerli avtobusun (qeydiyyat nişanı: 99JB203; ban №X1M3204NSK0003217; qeydiyyat nişanı: 99JB205; ban№X1M3204NSK0003226; qeydiyyat nişanı: 99JU201; Ban№X1M3204NSK0000291; qeydiyyat nişanı:99JU207; Ban№X1M3204NSK0000697; Mühərrik№534230K0087324) Cavabdeh1 tərəfindən "xxxx" QSC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC və Cavabdeh1 arasında bağlanmış 29.03.2019 tarixli LM№343/03-2019 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında 23.10.2019 tarixli LM№343/03-201901 saylı əlavəyə (bundan sonra – “Lizinq müqaviləsi”) əsasən Cavabdeh1 öhdəliklərini lazımi qaydada icra etmir. Belə ki, lizinq müqaviləsi üzrə lizinq obyekti – 04 ədəd “PAZ 320435 04 Vector Next” markalı vaqon 19+1 yerli avtobus Cavabdeh1 istifadəsindədir. Lakin, o qeyd edilən lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq ödənişlərini həyata keçirmir. İddia ərizəsinə ödənişlərin tarixi və məbləğini əks etdirən cədvəl daxil edilmiş, cəmi 170573 AZN ödənildiyi, onun 7314 AZN gecikmə üzrə cərimələrə, 3370 AZN komissiya üzrə, 25311 AZN sığorta üzrə, 72910,44 AZN faiz/mükafat üzrə, 61666.58 AZN əsas məbləğ üzrə borclara silindiyi göstərilmişdir. 06 aprel 2021-ci il tarixə qədər lizinq obyektindən istifadə üzrə lizinq ödənişləri üzrə cəmi qalıq borc 92161,37 AZN-dir ki, bunun da 15842 AZN gecikmə cərimələri, 6164 AZN sığorta üzrə, 24914,12 AZN faiz/mükafat üzrə, 45241,25 AZN əsas məbləğ üzrə borcdur. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 29.03.2019-cu il tarixli ZM№343/03- 2019 saylı, №343 zaminlik müqaviləsinə və 23.10.2019-cu il tarixli ZM№343/03-2019-01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 lizinq müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə lizinq alanın öhdəliklərinin tam icrasına görə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə "xxxx" QSC qarşısında məsuliyyət daşıyır. Lizinq müqaviləsi üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən lizinq işi üzrə lizinq alana və zaminə şifahi və yazılı “Pretenziya və əqdlərin ləğv edilməsinə dair təklif” məktub göndərilməklə onlara lizinq müqavilələri ilə üzərinə götürdüyü öhdəliklər xatırladılmış və lizinq müqaviləsi üzrə mövcud borcun üç gün ərzində ödənilməsi və lizinq obyektinin qaytarılması tələb edilmişdir. Lakin, cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş və bununla da nə lizinq obyektini qaytarmış, nə də lizinq ödənişlərini ödəməkdə davam etmişlər. Sumqayıt Kommersiya Məhkəməsinin 29.06.2021-ci il tarixli e-2-2(119)-558/2021 nömrəli qərardadı ilə iş üzrə Cavabdeh2 öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyindən iddia tələbinin Cavabdeh2 aid olan hissəsində iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, e-2-2(119)-558/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 əsas məbləğ üzrə 45241,25 manat, faiz (mükafat) üzrə 24914.12 manat, sığorta üzrə 6164 manat, gecikmə cərimələri üzrə 5000 manat, cəmi 81319,37 (səksən bir min üç yüz on doqquz manat 37 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 29.03.2019-cu il tarixli LM№343/03-2019 saylı daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında 23.10.2019-cu il tarixli LM№343/03-2019- 01 saylı Razılaşma müqaviləsinin ləğv edilməsi, lizinq obyektləri olan 04 ədəd “PAZ 320435 04 Vector Next” markalı vaqon 19+1 yerli avtobus (qeydiyyat nişanı: 99JB203; ban №X1M3204NSK0003217; qeydiyyat nişanı: 99JB205; ban №X1M3204NSK0003226; (qeydiyyat nişanı: 99JU201; ban №X1M3204NSK0000291; qeydiyyat nişanı: 99JU207; ban №X1M3204NSK0000697; mühərrik №534230K0087324) Cavabdeh1 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılması, iş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən lizinq alan lizinq verənin hesablaşma hesabına 73661 manat və 62.989 manat cəmi 136.650 manat avans ödəmişdir. Həmin müqavilənin şərtlərinə görə Lizinq verən tərəfindən Lizinq alandan avans qismində alınmış pul məbləği əlavə №D ("Lizinq ödənişlərinin qrafikinə") uyğun olaraq lizinq obyektinin dəyərinin qismən ödənilməsi üçün istifadə edilir. Avans məbləğinin tərkibində lizinq obyektinin dəyərinin bir hissəsi, lizinq verənini mükafatı, servis haqqı və sair xərclar ola bilər. Beləliklə, cavabdehlər tərəfindən lizinq obyektinin dəyəri qismən ödənilmişdir, yəni bir avtobusun dəyəri tam ödənilmişdir. Bundan başqa iddiaçı "xxxx" QSC-yə lizinq verənin mükafatı qismində külli miqdarda vəsait ödəmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ədalətsiz və qeyri-obyektivdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli e-2-2(119)-558/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “lizinq verən” "xxxx" QSC ilə “lizinq alan” Cavabdeh1 (VÖEN:**********) arasında 29.03.2019-cu il tarixli, LM №343/03-2019 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınacaq əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №Ada (Spesifikasiya) göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №D-yə (lizinq ödənişlərinin qrafiki) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə ilə nəzərdə tutulan pul öhdəliklərinin icrası ilə bağlı lizinq alanla lizinq verən arasında hesablaşmaların miqdarı və ödənilmə dövriliyi Əlavə №D-yə (lizinq ödənişlərinin qrafiki) müvafiq olaraq müəyyən edilmiş avans və lizinq ödənişləri formasında həyata keçirilir. Həmin müqavilənin 12.3-cü bəndinə əsasən hesablaşma hesabına lizinq alandan növbəti lizinq ödənişləri daxil olduqda, lizinq verən onları ilk növbədə müqaviləyə müvafiq olaraq hesablanmış dəbbə pulu və/və ya cərimə üzrə borcun, qalan məbləği isə növbəti lizinq ödənişinin ödənilməsinə yönəldə bilər. Lizinq ödənişlərinin və ya avansın silinməsi növbəliyi - hesablanmış dəbbə, cərimə pullarının silinməsi, servis haqlarının, obyektin əldə edilməsi və saxlanması ilə bağlı digər əlavə xərclərin silinməsi, sığorta haqlarının silinməsi (əgər nəzərdə tutulubsa), lizinq verənin mükafatının silinməsi kimidir. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən lizinq verən hesabına daxil olmuş vəsaitlərin yönəldilməsi üzrə lizinq alanın ilk yazılı müraciəti ilə ona arayış verə bilər. Həmin müqavilənin 13.1.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən 01( bir) gün ərizində lizinq alan lizinq verənin hesablaşma hesabına 73661(yetmiş üç min altı yüz altmış bir) manat avans ödəməlidir. Tərəflər razılaşırlar ki, xidmət haqqının qeyd olunan ilkin məbləği lizinq obyektinin lizinq alan tərəfindən təhvil alınması gününə qədər baş verə biləcək əlavə xərclərdən (gömrük, bank xərci, yol haqqı və s.) asılı olaraq dəyişə bilər və xidmət haqqının yekun məbləği bu müqaviləyə əlavə olunacaq əlavə №Ddə ("Lizinq ödənişlərinin qrafikinə") qeyd olunacaqdır. Lizinq alan razılaşır və qəbul edir ki, xidmət haqqının ilkin və yekun məbləği arasında ola biləcək fərqi lizinq obyektini təhvil alan gündən gec olmayaraq lizinq verənə ödəyəcəkdir. Tərəflər razılaşırlar ki, lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması məqsədilə ödəniləcək sığorta və xidmət haqqının məbləği və ödəmə müddəti bu müqaviləyə ediləcək əlavə №D ("Lizinq ödənişlərinin qrafiki") əsasən müəyyən olunacaq və lizinq alan tərəfindən lizinq verənin hesablaşma hesabına ödəniləcəkdir. Tərəflər razılaşırlar ki, Lizinq verən tərəfindən Lizinq alandan avans qismində alınmış pul məbləği əlavə №D ("Lizinq ödənişlərinin qrafikinə") uyğun olaraq lizinq obyektinin dəyərinin qismən ödənilməsi üçün istifadə edilir. Avans məbləğinin tərkibində lizinq obyektinin dəyərinin bir hissəsi, lizinq verənin mükafatı, servis haqqı və sair xərclar ola bilər. Həmin müqavilənin 17.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ var. Həmin müqavilənin 17.3-cü bəndinə əsasən lizinq obyektinin bu Müqavilənin 17.1 və 17.2.-ci maddələrində göstərilən əsaslarla geri alınması lizinq alanı bu Müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun (penya, cərimə) ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və (və ya) digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır. Tərəflər arasında bağlanılmış 23.10.2019-cü il tarixli LM №343/03-2019-01 saylı daxili maliyyə lizinqi müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında 23.10.2019-cu il tarixli LM №343/03-2019-01 nömrəli razılaşmaya əsasən 29.03.2019-cu il tarixli №343/032019 saylı daxili maliyyə lizinqi müqaviləsində dəyişiklik edilmişdir. Həmin razılaşmaya əsasən müqavilənin 3-cü maddəsinə 3.1a bəndi əlavə edilmiş, həmin bəndə görə lizinq obyektinə münasibətdə lizinq müddəti 36 (otuz altı) ay təşkil edir. Bununla yanaşı həmin razılaşmaya əsasən müqavilənin 13-cü maddəsinə 13.1.1.a bəndi əlavə edilmiş, həmin bəndə görə müqavilə imzalandığı gündən 2 (iki) gün ərzində lizinq alan lizinq verənin hesablaşma hesabına 62,989 (altmış iki min doqquz yüz saksən doqquz) manat avans ödəməlidir. Tərəflər razılaşırlar ki, lizinq obyektinin lizinq müddəti ərzində sığortalanması məqsədilə ödəniləcək sığorta haqqı və xidmət haqqının məbləği və ödəmə müddəti müqaviləyə ediləcək Əlavə №D ("Lizinq ödənişlərinin qrafiki") əsasən müəyyən olunacaq və lizinq alan tərəfindən lizinq verənin hesablaşma hesabına ödəniləcəkdir. Tərəflər razılaşırlar ki, lizinq verən tərəfindən lizinq alandan avans qismində alınmış pul məbləği Əlavə №D (“Lizinq ödənişlərinin qrafikinə") uyğun olaraq lizinq obyektinin dəyərinin qismən ödənilməsi üçün istifadə edilir. Avans məbləğinin tərkibində lizinq obyektinin dəyərinin bir hissəsi, lizinq verənin mükafatı, servis haqqı və sair xərclər ola bilər. İş materiallarında olan 29.03.2019-cu il tarixli LM №343/03-2019 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin A nömrəli əlavəsinə əsasən müqavilənin predmetini təşkil edən ümumi dəyəri 245,534 manat olan 2 ədəd “PAZ Vector Next 7.6m” avtobusu “lizinq verən” "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “lizinq alan” Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən imzalanmış 28.12.2019-cu il tarixli 3434- 01 nömrəli lizinq obyektinin qəbul protokolundan görünür ki, 23.10.2019-cü il tarixli LM №343/03-2019-01 saylı müqavilədə göstərilən lizinq obyekti- 02 ədəd “PAZ 320435-04 VECTOR NEXT” markalı şassi №X1M3204NSK0003217, mühərrik №K0104290, şassi №X1M3204NSK0003226, mühərrik №K0104409 olan 90YB203 və 90YB205 qeydiyyat nişanlı avtobuslar 28.12.2019-cu il tarixdə lizinq alan Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 23.10.2019-cü il tarixli LM №343/03-2019-01 saylı lizinq müqaviləsinə əlavədən görünür ki, lizinq alanın (cavabdehin) Cavabdeh1 "xxxx" QSC-yə olan borcunun 19.05.2020-ci il tarixli müvafiq ödəniş qrafiklərinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini cavabdeh (liziq alan) Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 06.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 tərəfindən müxtəlif tarixlərdə cəmi 170573 manat ödəniş edilmiş, 06.04.2021-ci il tarixə qədər lizinq obyektindən istifadə üzrə, lizinq ödənişləri üzrə cəmi 92161.37 manat borcu qalmışdır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş 16.06.2021ci il tarixli maliyyə arayışında da, cavabdehin müqavilənin müvafiq şərtinə əsasən 2019-cu ilin mart və oktyabr aylarında ödədiyi avans məbləğlər də daxil olmaqla bütün ödənişlər nəzərə alınmaqla lizinq ödənişləri üzrə cəmi 92161.37 manat borcu qaldığı, bu borcun 15842 AZN gecikmə cərimələri, 6164 AZN sığorta üzrə, 24914,12 AZN faiz/mükafat üzrə, 45241,25 AZN əsas məbləğ üzrə borc olduğu göstərilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, gecikmə üzrə cərimələr müqavilədə hər gün üçün qalıq məbləğə 0.2% nəzərdə tutulsa da lizinq verən tərəfindən güzəşt edilərək az hesablanmışdır. Arayışda həmçinin göstərilir ki, lizinq verən "xxxx" QSC lizinq əməliyyatlarını həyata keçirmək üçün yerli banklardan faizlə kredit götürür və lizinq alanın lizinq ödənişlərini ödəməməsinə baxmayaraq həmin kreditlər üzrə faizlər, gecikmə üzrə cərimələr və əsas məbləğ kreditor banklara lizinq verən tərəfindən ödənilir. Qeyd edilən maliyyə arayışlarından görünür ki, cavabdeh (liziq alan) Cavabdeh1 tərəfindən 2021-ci ilin yanvar ayından ödəniş edilmir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, o cümlədən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq lizinq obyektindən istifadə üçün haqqı ödəməmişdir. Bu səbəbdən iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin şərh olunan halları ilə razılaşır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1 və 748-10.2-ci maddələrinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin “Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri” adlanan 748-1ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12 və 748-1.12.4). Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Cavabdehin apelyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, cavabdehlər tərəfindən lizinq obyektinin dəyəri qismən ödənilmişdir, yəni bir avtobusun dəyəri tam ödənilmişdir. Bir avtobus cavabdehə verilməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtləri və Mülki Məcəllənin sadalanan normalarının tələbləri baxımından qeyd edilən dəlil əsassızdır və təmin edilə bilməz. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üçün tənasübsüz yüksək olan məbləği azaltmaqla yanaşı iddiaçı "xxxx" QSC-nin lizinq əməliyyatlarını həyata keçirmək üçün banklardan kreditlər alması barədə dəlillərini də nəzərə almaqla birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli e-2-2(119)- 558/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli e-2-2(119)- 558/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar