Məhkəmə qərarları › İş №2-2(105)-140/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-140/2023

26.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-140/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı kommersiya işi üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Ərizəçinin nümayəndəsi X2, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2- 2(119)-1022/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 05 iyul 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 55556,63 (əlli beş min beş yüz əlli altı manat 63 qəpik) manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna olan 34274,35 (otuz dörd min iki yüz yetmiş dörd manat 35 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - 28 avqust 1954-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Maraqlı şəxs 07 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsasət təqdim edərək bildirmişdir ki, ”X7” MMC-yə hesablanmış borc məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2-1(105)- 152/2022 nömrəli qərarı ilə silinmiş, həmin məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün 01 iyun 2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə göndərilsə də, məhkəmə qərarı vergi orqanı tərəfindən icra olunmamışdır.

3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi 18 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 iyul 2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan borcu 27296,56 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Sumqayıt Kommersiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2-2(119)- 1022/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) ərizənin təmin edilməsi, 05 iyul 2023-cü il tarixinə hesablanmış 27296,56 (iyirmi yeddi min iki yüz doxsan altı manat 56 qəpik) manat məbləğində borcun Dövlət Sosial Müdafiə Fonduna ödənilədək vergi ödəyicisi “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri - 28 avqust 1954-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1 və 23.1.15-3-cü maddələri, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci madəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5.1, 355-7.4, 14.2, 88, 217.4, 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358- 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

6. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2-2(119)-1022/2023 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən “X7” MMC-yə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 24.439,33 manat borc məbləği və həmin borca görə hesablanmış faizlər Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-793/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə silinmişdir. Qeyd edilən qərar Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-546/2023 saylı qərarı ilə qüvvəsində saxlanmışdır. Lakin vergi orqanı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə Maraqlı şəxs ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin vergi orqanının "X7" MMC-yə təqdim etdiyi borc barədə arayışdan da görünür ki, MMCnin xx.xx.2023-cü il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə 13400,98 manat əsas borcu, 22387,63 manat faiz borcu mövcuddur. Ali Məhkəmənin qərarının qanununi qüvvəyə xx.xx.2023-cü il tarixdə mindiyini nəzərə alsaq və vergi orqanı məhkəmə qərarını icra etdikdən sonra, yəni 24439,33 manat əsas borcu və həmin borca hesablanmış faizləri sildikdən sonra vergi orqanının MMC-yə borcu yaranacaqdır. Bu səbəbdən də hesab edir ki, vergi orqanının ərizəsi qanunsuz və əsassızdır. Vergi orqanının təqdim etdiyi borc barədə arayışdan görünür ki, yaranmış borc köhnə dövrə aiddir və həmin dövrdə yaranmış borcdur. Lakin yuxarıda qeyd etdiyi məhkəmə qərarı ilə isə köhnə dövrə aid olan borclar və həmin borclara görə hesablanmış faizlər silinmişdir. Yəni vergi orqanı məhkəmə qərarı ilə silinmiş borcları ödəməyə məcbur etmək istəyir və bununla da Konstitusiyanın tələblərini kobud şəkildə pozur. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmənin qətnaməsindən də görünür ki, məhkəmə sadəcə vergi orqanının ərizəsində göstərdiyi məbləğdə borcun olmasına istinad etmişdir. Yəni məhkəmə ümumiyyətlə o borcun haradan yaranması, həmçinin borcun mövcud olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamışdır. Göründüyü kimi məhkəmə qətnaməsində sadəcə vergi borcunun olması qeyd edilir. Həmin borcun ümumiyyətlə hansı hissəsinin əsas hansı hissəsinin faiz borcu olması göstərilmir. Məhkəmə isə bunu dəqiqləşdirməyə belə ehtiyac görmür. Nəticədə heç bir qanuni əsasa dayanmayan və heç bir mötəbər sübutla təsdiq edilməyən məlumatlar əsasında vətəndaş üçün məhrumiyyətlə nəticələnən qərar qəbul etmişdir. Qeyd edildiyi kimi məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uyğunluq təşkil etməmiş, məhkəmə sadəcə vergi orqanının heç bir hüquqi əsasa söykənməyən məlumatları əsasında qətnamə qəbul etmişdir. Halbuki məhkəmə təqdim edilmiş sübutların araşdırılması üçün zəruri olan prosessual hərəkətləri etmək öhdəliyini daşıyır. Birinci insatansiya məhkəməsində zəruri sübutlar təqdim edilmiş lakin məhkəmə tərəfindən onlara hüquqi qiymət verilməmişdir. Həmçinin məhkəmə sübutların əldə edilməsi üçün zəruri olan prosesual hərəkətləri icra etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

10. Ərizəçinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, maraqlı şəxsin mübahisələndirdiyi məhkəmə qərarı icra edilmiş, məhkəmə qərarı ilə nəzərdə tutulmuş əsas vergi borcu və sığorta haqları üzrə verci borcu silinmişdir. Həmin silinmədən sonra sığorta haqları üzrə borcu məbləği 27296,56 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixə isə borcun məbləği 33881,96 manat (21.646,09 manat+ 12.235,87 manat) təşkil edir və həmin borcun ödənilməsi təmin edilməmişdr. Odur ki, ərizəni əsaslı hesab edir. Apellyasiya baxışının hədləri

11. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Maraqlı şəxs verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

16. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, məcburi dövlət ödənişi üzrə öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə 28 avqust 1954-cü il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 27296,56 manat məbləğində borcu vardır.

18. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti məcburi dövlət ödənişi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

21. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

22. Göründüyü kimi apellyator şikayətin dəlili olaraq yaranmış borcun köhnə dövrə aid olduğun, məhkəmə qərarı ilə isə köhnə dövrə aid olan borcların, yəni “X7” MMCyə hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə 24.439,33 manat borcun qüvvədə olan məhkəmə qərarlarına əsasən silindiyini, lakin məhkəmə qərarının ərizəçi tərəfindən icra edilmədiyini, məhkəmə qərarı icra ediləcəyi halda, yəni 24439,33 manat əsas borcu və həmin borca hesablanmış faizləri sildikdən sonra borcu qalmayacağını, bu səbəbdən vergi orqanının ərizəsinin qanunsuz və əsassız olduğunu, məhkəmə tərəfindən işin faktiki hallarının tam şəkildə araşdırılmadığını, düzgün hüquqi qiymət verilmədiyini göstərmişdir.

23. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir.

24. Belə ki, şikayətin dəlilləri üzrə kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X7” MMC cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “X7 MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyi və 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.

25. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-793/2020 nömrəli Qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “X7” MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borc və həmin borca hesablanmış faizlərin silinməsi qərara alınmışdır.

26. Həmin qərarın məzmunundan görünür ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış “X7” MMC-nin xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ümumi borcdan 24.439,33 manat borcun silinməsi mübahisə predmeti olmuşdur.

27. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-793/2020 nömrəli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2-1(105)-90/2022 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2023-cü il tarixli Qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli, 2-1(105)-90/2022 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

29. Həmçinin məhkəməyə təqdim edilmiş, Məhkəmə qərarının icrası haqqında Xidməti Məktubdan görünür ki, məhkəmə qərarının icrası ilə bağlı Hüquq Şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli **********148900 nömrəli xidməti məktubun icrası ilə əlaqədar olaraq iddiaçı "X7" MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 24439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi Vergiər İdarəsi tərəfindən təmin edilmişdir.

30. Ərizəçinin nümayəndəsi X3 tərəfindən məhkəmə iclasında təqdim edilmiş "X7" MMC (VÖEN **********) sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsindən görünür ki, MMC-nin hesabında xx.xx.2023-cü il tarixdə borcdan 24439,33 manat azalma qeydə alınmış, xx.xx.2023-cü il tarixə 21646.09 manat əsas, 12235.87 manat faiz qalıq borc vardır.

31. İş üzrə araşdırılmış sübutlardan göründüyü kimi maraqlı şəxsin mübahisələndirdiyi borc məbləği 2017-ci ilədək olan dövrü əhatə etməklə, həmin borcun silinməsi ərizəçi tərəfindən təmin edilmiş, məhkəmə qərarı icra edilmişdir. Şəxsi hesab vərəqəsi üzrə məlumatlarla müəyyən edilir ki, məhkəmə qərarı icra edildikdən sonra MMCnin qalıq borcu qalmış, həmin borcun ödənilməsi hazırki tarixədək təmin edilməmişdir.

32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2-2(119)- 1022/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar